Gedək biz olmayan yerə
İlin son şeiri.
Gedirik, İlahi, bu dünyanı biz
Allahsız, şairsiz qoyub gedirik...
Ramiz Rövşən
Yüz
illərin yorğunuyuq,
min illərin
üzgünü;
Eyni
sözün vurğunuyuq,
eyni dilin
susqunu!
Göylər
Allahdan yorulub,
Allah
göydən bezən kimi,
Ürək
vurmaqdan yorulub,
ayaq heydən
düşən kimi -
biz də
bezdik bu dünyadan, yorulduq!
Bıçaq
kimi gözümüzə dirənib -
gözdən
düşüb, cılızlaşıb hər şeyi;
Söz qələmə,
qələm sözə dirənib -
düyün
düşüb, qəlizləşib hər şeyi.
İyrənirik
çiy sözdən, qəlp kəlmədən -
kəlmə
kəsib, söz tutmağa həvəs yox;
Qulağımız
dəng olub hər nəğmədən,
hər qəzələ
səs qatmağa nəfəs yox!
Səsimizi
qısıb gedək,
gedək
səs olmayan yerə;
Susub gedək
-
nəğmə-qəzəl,
şeir-söz olmayan yerə...
Bunun
yayı o yay deyil,
Bunun
qışı o qış deyil;
Bu
dünya bizə tay deyil,
Bu
dünya bizə tuş deyil!
Su deyincə
- suyu axıb yoruldu,
daş
deyincə - dağı-daşı töküldü;
Gözlərimiz
baxıb-baxıb yoruldu,
dizlərimiz
ağırlaşdı, büküldü...
Qəfəs
də yox bu dünyada biz sığan -
qarmaqları,
tilovları boşalıb;
Zindanına
sığışmırıq biz daha -
çarmıxları,
buxovları boşalıb!
Hər dərdinə
şərik çıxıb,
hər
şərindən keçmişik;
Məhbəsindən
girib-çıxıb,
məhşərindən
keçmişik!
Dərdi
dərdə calamaqdan usandıq -
indən
belə nə dərd versə, almayaq;
Yalquzaqtək
ulamaqdan usandıq -
bir qurd
kimi qiyamətə qalmayaq!
Nə
itimiz-köpəyimiz azıbdı -
bu
dünyada nə bitmişik, qalmışıq?!
Mismarlanmış
əlimizdən qan sızır,
ovucları
deşik-deşik qalmışıq!
Nə
işıq düşən tərəfə,
nə it
hürüşən tərəfə;
səssiz-küysüz,
səs-səmirsiz -
gedək
bir tikə səs-səmir,
səmir-səs olmayan yerə...
Hələ
bircə başdaşı da
adımızı
tanımır -
əlindən
su içdiyimiz adam bizi tanımır;
Tanımır
bizi doğmalar,
özgələr
tanımır bizi -
dünən
baxıb keçdiyimiz güzgülər tanımır bizi!
Duyan
kimdi, bilən kimdi
Tanrı
yazan səbrimizi?!
Duamızı
qılan kimdi -
Kimdi qazan
qəbrimizi?!
Bu
divarın o üzünü
görən
kimdi, hörən kimdi?!
Allah
baxır gizli-gizli -
ölən
kimdi, qalan kimdi?!
Ölən
bizi basdıran yox -
qalan bizə
kim ağlayar;
Doğru
bizə yas tutan yox -
yalan bizə
kim ağlayar?!
Keçək
dərədən sel kimi,
uçaq
təpədən yel kimi;
hasardan-divardan
aşıb -
çıxıb
gedək dərə-təpə,
duman-sis olmayan yerə!
Doğru
nədir, yalan nədir -
bəlkə
yalan, doğrudan da bizik, biz;
Dəyirman
öz işindədir -
çaxçax
olub, baş ağrıdan bizik, biz?!
Çərtdiyimiz
qələmlərin ucunu
daşa
çaxıb, daşımızı qırdılar;
Çəkdiyimiz
hər ağrını-acını
başa
qaxıb, başımızı yardılar!
Kitab-kitab
sözümüzə
od vuraq -
kül
olmayan bir sözümüz qalmasın;
Hər külünü
küləklərə
sovduraq -
bir izimiz,
bir tozumuz qalmasın!
İzsiz-tozsuz
itib gedək,
sözsüz-sovsuz
çıxıb gedək,
külək
kimi bir kimsəyə görünmədən,
su kimi lal
axıb gedək;
bu
dünya toz içindədir -
gedək toz olmayan yerə!
Bir kimsə
tutmasın xəbər -
duyuq
düşüb, züy tutan da olmasın;
Yolumuza
çiçək səpən,
arxamızca
su atan da olmasın!
Ağzımıza
su alıb
bir kəlmə
də danışmayaq;
Susub
qalıb
heç
Allahın sirrini də açmayaq!
Cınqırımız
çıxmasın -
söz
çıxmasın dilimizin ucundan;
Əlimizə
kəsək yığıb,
daş
götürüb çıxıb gedək,
baş
götürüb çıxıb gedək -
əli
şeytan ətəyində,
dili Allaha
and içən
yığın-yığın
allahsızın içindən!
Lap
tüpürüb çıxıb gedək -
gedək
bir Allah bəndəsi,
bir ins-cins olmayan yerə!
Lap hər
dərddən yaman olsun,
lap hər
qəmdən acı olsun;
Anan - mənim
anam olsun,
bacım
- sənin bacın olsun!
Qoy uyusun
hamı dərin yuxuda,
lap
olmasın yuxuları çin də heç;
Üç
balanı sən qoy şirin yuxuda,
cüt
balamı oyatmayım mən də heç!
Gözüyaşlı
çıxıb gedək,
başıdaşlı
çıxıb gedək -
çıxıb
gedək arvad-uşaq,
oğul-qız olmayan yerə...
Çaşa-çaşa
gəldim yolu -
azdım,
yoluna çıxdım;
Dilim lal,
ürəyim dolu -
susdum,
yalana çıxdım!
Yol sən
idin - səndən keçdim,
Yola
döndüm - buyur, keç;
Tək sən
idin - səni seçdim,
Ayrı
kim var - ayır, seç!
Əyrisindən
düzünü seç,
ayrısından
özünü;
Buyur, məndən
özünü seç -
ayır məndən
özünü!
Ayrı
sözlərdən söz tutub,
handa bir
sözə çıxdıq;
Ayrı
yollara üz tutub -
sonda
üz-üzə çıxdıq!
Ayrı-ayrı,
tək-tək gedək
eyni yolu
sonacan;
Dayanım
- gəl mənə qədər,
dayan - gəlim
sənəcən!!!
Və beləcə
-
gah sən
mənə,
gah mən
sənə gələ-gələ,
Sənli-mənli,
mənli-sənli
-
gedək
biz olmayan yerə...
P.S.
Qaranlıqdı
sağ-solumuz -
yer-göy
zülmət içində;
Qaranlıqdı
son yolumuz -
hər
şey zülmət içində...
Nə baxırsan
yazıq-yazıq,
bir
yalquzaq gözüylə?!
Tərpən
gedək, yol uzaqdı,
mən də
gəlim izinlə!
Birdəfəlik
köçüb gedək,
yeri-göyü
ölçüb gedək,
üstümüzdən
çırpa-çırpa ulduzları
bu gecədən,
qaranlıqdan
keçib gedək -
gedək
üzü dan yerinə...
Bələk
nədi,
kəfən
nədi -
bu
dünyanın son ucunda
ağaracaq
ürəyimiz bir cüt qoşa varaq kimi!
Orda
yanbayan durarıq,
qaranlıqda
çaxmaq çəkib yandırarıq -
sən
özünü çıraq kimi,
mən
özümü şam yerinə...
Mahir N.Qarayev
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.24.