Qayış
Hekayə
İlk dəfə
səkkiz yaşımda atamın qayışının
dadını bildim. Balaca qardaşıma əl
qaldırdığıma görə belim uzunu ikisini çəkmişdi.
Qıpqırmızı qoşa izlər güzgüdən
gözümə girirdi. Elə bil kürəyimdən yük
maşını keçmişdi.
Ailəmizdə
atamın qayışla döymədiyi adam
qalmamışdı. Onun qayışı ən çox
anamın üstünə açılırdı.
Güclü külək tövləmizin üstünü
uçuranda, sel gəlib dərədəki
bostanımızı aparanda, hətta inəyimiz xəstələnəndə
də atam gəlib anamı döyürdü. Şuşa
işğal olunanda atam axşama qədər anamdan əl
çəkmədi. Bütün hirsini ondan çıxdı.
Evdə atamın hirslənməsi bir-birinə müharibə
elan etmədən hücuma keçən ölkələrin
savaşına oxşayırdı. Hirslənib əlini
qayışına atanda qaçıb canını
qutarmalıydın. Allaha yalvarırdıq ki, atam əsəbiləşib
əlini belinə atmasın. Elə bil belindən qayış
yox, tapança çıxarırdı.
Axşamçağının
qara səriniydi. Həyətimizə"Qaz-53"
maşını gəldi. Atam evdə yoxuydu. İki orta
yaşlı kişi üç-dörd dəmir
parçasını maşından yerə atıb getdilər.
Heç salam da vermədilər. Atam evə gələn kimi
anamı döyməyə başladı ki, niyə gələn
kişilər dəmirlərin birini maşında
saxlayıblar. Anam acıq eləyib dayım gilə getdi.
Üç
gün keçmişdi. Özümü kimsəsiz hiss edirdim.
Anam üçün çox darıxırdım.
Çırtma vursaydılar, üzümdən qan damardı.
Bir parça dəmirə görə ailəmizdə aləm
qarışmışdı. Dəmir yumşalardı, atam yox.
Qaşları düyünlü yatıb düyünlü də
qalxırdı.
Evimizdə
heç kimin bədənindən qayış izi əskik
olmurdu. "Şirin" ətimizdə qayışın
toqqası dörd yolayrıcına oxşayırdı.
Böyük bacım gəlin köçəndə
qayış izlərini də kürəyində cehiz
apardı. Qardaşım əsgərliyə gedəndə bədənində
ilan döyməsinə oxşayan izlər var idi.
Atam
yatanda qayışı mənə baxırdı. Mən
yatanda yuxuda atamın qayışını
görürdüm. Bircə günümüz də
qayışsız keçmirdi.
Anamın
üstünə hirslənəndə atam
qayışını belindən elə açırdı ki,
elə bil hansısa cəngavər qılıncını
sıyırırdı.
Səhər
anamın səsinə oyandım. Atamın beli qurumuşdu.
Yataqdan qalxa bilmirdi. Qonşuluqda yaşayan
sınıqçı arvad gəlib baxdı, ancaq heç nə
başa düşmədi. Deyəsən, atamı bizim
qarğışımız tutmuşdu. Nə illah eləyirdisə,
ayağa qalxa bilmirdi. Hamımız sevinirdik.
Bir həftə
sonra həkimlər atama ölüm diaqnozu qoydular. Hər
gün bir az əriyirdi. Arıqlayıb qayışı kimi
olmuşdu. Bədənimizdə qayış izləri yox
olduqca atam da yoxa çıxırdı.
Həyətimizə
dizəcən qar yağmışdı. Anam atamın
qayışını əlində tutub yalvarırdı ki,
qalx, bununla döy məni. Ancaq atam nəfəs almırdı.
Anam onun qayışı ilə özünü döymək
istəyirdi, qonşular qoymadı. Sonra qayışı
öpüb ağlamağa başladı.
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.27.