Sual    

 

Bu necə doğrudu,                 

            yalana oxşayır?

Bu necə yoldu,

            dalana oxşayır?

Bu necə sözdü,

            ilana oxşayır?

yoğrulub,

            qıvrılıb,

içimdə qalacaq,

dillənsəm, bilirəm,

            dilimi çalacaq...

 

Yaz lövhələri

 

Ağacların fatasında

yellənən yengəciklər,

çiçəklərin nazını çəkir,

başına dönür.

Bəmbəyaz, çəhrayı gəlinciklər,

hər biri

meyvə olacağını düşünür.

 

Çəpərin dibində,

ayağı yerdən,

başı göydən üzülmüş,

üzüqoylu nəm torpağa gömülmüş

qoca çinar...

Sinəsində yamyaşıl fidanlar,

şivlənmək eşqilə sıraya düzülüb.

Körpələr,

nəmyaşıl təbəssümlə

günəşə gülümsünür.

 

***

 

Mən bir sənət əsəriyəm,

qara gildən yoğrulmuşam.

kətanda doğulmuşam.

göy əskiylə

boz divardan asılmışam.

Dörd bucaqdan

çərçivəylə basılmışam.

Asan, məni hara asıb,

mən ora qısılmışam.

Sabah yəqin, satılacam,

ya da, bəlkə, xəbərim yox,

dünən artıq satılmışam.

 

Müharibə

 

 

çox divarı var

            bu evin belə!?

bu evdə gecələr

            zindan qoxuyur.

Divarlar, səssizcə

            verib əl-ələ,

bir tənha gözələ

            meydan oxuyur.

 

Duyub təkliyini

            tül pərdələr ,

cansız əşyalar da

            vəhşilik edir.

Girib yuxusuna

            hər yoldan ötən,

biçarə gəlinə

            kişilik edir.

 

Sonsuz gecələri

            bütün dünyanın,

günəşdən yayınıb,

            gizlənir burda...

Qəhqəhə səsindən

            qaçan sükutlar,

hıçqırıq səsinə

            dincəlir burda...

 

Bircə həmdəmi var,

            bu qara bəxtin,

o da, balışdı,

            əlində qalıb.

atlı oğlanı vətən uğrunda

kirkirə dünyanın

çölündə qalıb...

 

çox divarı var,

            bu evin, belə!?

bu evdə gecələr

            zindan qoxuyur...

divarlar səssizcə

            verib əl-ələ,

üçaylıq gəlinə

            meydan oxuyur.

 

Hərənin öz həqiqəti

 

Mənim həqiqətim,

alma çiçəyi...

pəncərəndə görünər,

qışın oğlan çağında.

Əyləndirər səni

isti ocağın qırağında...

Düşündürər səni

yalnız,

başın ağrıyanda.

dilində bitər sənin,

sağlığı

sağlığa calayanda...

Sənin həqiqətin, sənin sahibin.

saxlayar səni,

ağzını yallayar sənin,

bir ,

dilini bağlayar sənin...

Sən onu, qoruyarsan məndən

mənim həqiqətimdən...

 

Mən düz olmazdım...

 

Mən,

düz olmazdım,

indi düzdə qalmazdım,

atam məni aldatdı.

Alışdığı yanlışları

düz yol bilib anlatdı.

Düz yol,

atama od vurdu,

düz yol,

anamı ağlatdı...

indi o,

ölməyə hazırlaşır.

Mənsə,

yerə girməyə...

qonşudan borc alıb,

atamı dəfn etməyə...

 

Sözümün canı

 

Mən bir sözəm...

qatın sözlərinizin

gözünə,

şəkər edim dilinizi.

Pıçıldayın qulağına

sevginizin,

ananıza deyin məni,

balanıza söyləyin.

dürr olum,

ağzınızdan tökülüm.

Fikrinizin ağrısın alım,

niyyətinizin

acısın alım.

Bircə susmayın,

danışın məni, qadanız alım...

danışın ki,

mən yaşayım.

 

Həsrət

 

Pəncərəmə lələk-lələk qar düşər,

rəngi düşməz taleyimin rənginə...

yenə sənsiz şər qarışar,

şər düşər,

könlüm keçər əzabların cənginə.

 

Yoxluğunda şaxtası var bu qışın,

donsa qəlbim, ovundurmaz ağuşun...

qar üstündə əsən tənha bir quşun

səsi düşər səsimin ahənginə...

 

Bir Tanrı tanıyıram

 

Bir dünya tanıyıram,

haçalanıb,

parçalanıb,

yaralanıb öz içində...

öz içində,

öz içindən,

öz içinə axıb qanı...

 

Bir Tanrı tanıyıram,

ipini çəkib zamanın,

boyuna biçib dünyanın,

torpağa əkib insanı,

öz içində,

öz içindən

öz içinə axıdacaq...

 

Vüqar Əlisoy

 

Ədəbiyyat qəzeti.- 2022.- 31 dekabr.- S.26.