Əli Çağla
17 iyun,
2002-ci ildə Təbrizdə
anadan olub. Humanitar elmlər fakültəsində
təhsil alıb.
O, 30 kitabın Güney
Azərbaycanda əski
əlifbada tərcüməçisi
kimi tanınır. "Niyar karvanı",
"Dəlilərin sevgisi"
və yaxında nəşr ediləcək
"Balıqsız dəniz"
adlı romanların müəllifidir. "Cibimdə boğulan qız" adlı şeirlər kitabı
2020-ci ildə Bakıda
çapa hazırlanıb.
Təbriz öz rəngində
deyil
Yenə
Dönür vətənə,
34 il öncə
Torpağından
Sürgün düşənlərin
Oğulları,
Nəvələri,
Nəticələri...
Boz rəngində,
Ağ-qara aparatlarda
Görürəm onları.
Babalarını işğalda
Gördüyüm kimi...
Açıram xəritəni
Üzərinə masanın...
Axtarıram Qarabağı...
Düşüb adına qan,
Qan axıb
Aşırıb
məftilləri
Axıb
Təbrizə qədər
Araz Qırmızı
Dənizinə bənzəyir.
Xəzərin nefti ilə
Qarabağdan axan qan
Qarışıb bir-birinə
Qarabağın rənginə bənzəmir
Bənzəyir qara bağrımın
rənginə...
Xəritəni cırmağım gəlir,
Yenidən bir xəritə
Yenidən həyat
Yenidən vətən,
Yenidən dünya,
Dünyanı yenidən,
Yenidən
Yaratmağım gəlir...
Uzaqdan bir səs eşidirəm,
Yaxınlaşır...
Beynimin içində
çalınır zəng.
Yuxudan ayılıram
Saymandır Bakıdan.
- Alo... Gecədən küçədəyik
Gözümüz aydın,
Qarabağ bizimdir...
Özümü atsam da küçəyə
Sevincimdən,
Bağırsam da belə
Küçəni,
Xiyabanı
Məhəlləni
Təbrizi
Ağ-qara görürəm
Köhnə aparatlardakı kimi...
Əli Çağla
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.27.