İlin ədəbi yekunu: keçən
ilin
son, yeni ilin ilk yazısı
Bəli,
belə bir "janr" var: ilin ədəbi yekunları - hələ
sovet dövründən bu günə qədər davam edən
"janrda" ən çeşidli kombinasiyada "dövrə
vuran", öz oxu ətrafında fırlanan sadalamalar ədəbi
prosesin konkret il üçün uğurları, səthdə
görünən faktları önə sürür və ilin
bitdiyində o sədalar da sönür. Ancaq, fikrimizcə, məsələyə
tam başqa, tam fərqli rakursdan yanaşmaq lazımdır: bu
sadalanan faktlar, uğur, yaxud şedevr kimi hallandırılan mətnlər
ümumi ədəbi proses müstəvisində ədəbi
düşüncənin dərinliyini necə əks etdirir? Çünki bəzən dayaz yerlər də ilk
baxışdan dərinlik ölçüsü kimi
vizuallaşa bilir. Zaman keçdikcə bu
fakt "məzarlığı" prosesi ən fərqli
bucaqlardan göstərə bilən kontekstə çevrilməlidir.
O məqam gəldikdə uğur kimi önə sürülən
mətnlərin yeri nə olacaq, o mətnlərdən hansı
sözlər, hansı xarakter qalacaq? Bədii mətnlər
ədəbi prosesə məhz xarakteri ilə təsir göstərir,
bu dialoji səciyyədə "bu gün" yoxdur, bu
günün dəyərləndirilməsi keçmişlə
gələcəyin görüş, toxunma, təmas nöqtəsidir.
Bu nöqtəni, bu "böhran" məqamını
göstərən mətnlər varmı? Əlbəttə,
var, ancaq olanlar ola biləcəklərin
boş qalan yerinin ağrısını daşıya bilirmi? Bir ilin ədəbi prosesinin yekunlarını dəyərləndirmək
üçün ən azı, iyirmi ilin uzaqlığından
gəlmək lazımdır və hər bir nöqtəni, hər
bir böhran anını diqqətlə analiz edərək.
Şübhəsiz ki, bu, hər şeydən
öncə, prosesi göz ayırmadan izləməyi tələb
edir, həm də ən əsas məqamların, bədii mətnlərin
ortaya qoyduğu perspektiv, rakurs, baxış fəlsəfəsini.
Vaxtilə bir mətn oxumuşdum, onun tərcüməsini
oxuyanda nə demək istədiyimiz daha dərindən
anlaşıla bilər. Mətndə piano, musiqi və pianoçu
barmaqları iştrirak edir. Deyilir ki, pianoçularda
"barmaqların vəziyyəti // dillərə
toxunuşu" heç də zəriflik və incəlik vasitəsi,
yaxud işarəsi sayılmamalıdır; o, sadəcə hər
hansı, yəqin, konkret məqamda gəlməli olan notu almaq
üçün barmaqların sıralanmasıdır; deyilir
ki, barmaqlar dillərə toxunan kimi şüurlu şəkildə
o şey icra edilir ki, sonradan avtomatik rejimə keçsin - bir
sözlə, bu, sırf refleks fiksasiyasıdır. Müəllif yazır ki, mənsə pis
ifaçıyam, barmaqlarım ritmlə ayaqlaşa bilmir, nəyisə
improvizasiya edirəm, amma həmişə hansı
barmağı hansı dilə toxundurmağı unuduram, tez-tez
səhv buraxıram. Bunun səbəbi odur
ki, mən dərhal səsdən feyz almaq istəyirəm, ancaq
barmaqlarla dillərin ünsiyyəti çox
darıxdırıcı aura yaradır, bu da feyz məsələsini
gündəlikdən çıxarır. Allahlar Orfeyə
nə demişdi: oyunun nəticəsinə vaxtından qabaq
baxma, vaxtı yetişməyəndə boylanma onlara sarı...
ancaq nə zaman ki, musiqi fraqmenti sənin xəyal etdiyin, ancaq
real həyatda heç cürə yetişə bilmədiyin səs
mükəmməlliyinə yetişir, o, fantazm // təxəyyül
nümunəsi və fraqmenti kimi canlanır, doğulur və
bütün aləmi sarır. Müəllif sonda bunu deyir: mən
sevinclə təxəyyülün şüarına tabe
oluram: "Dərhal! - qoy lap reallığın əhəmiyyətli
dərəcədə böyük bir hissəsi itsin...".
Bu mətndə
iki məqam əsasdır: birincisi dilə, tuşa düz
basmaq, yəni barmağınla deyil, ürəyindən gələn
səslə. Bizim prosesdə doğulan ədəbi
nümunələrdə, zənnimizcə, məhz bu qüsur
qabarıqdır, görünür, artıb çoxalır.
Özü də həm ədəbi nümunələrdə,
həm də onların məziyyətlərindən bəhs edən
yazılarda. Sanki dayanmadan yazmaq stixiyası var, bu stixiya
xof yaradır, dayansam, çox əhəmiyyətli şeylərin
nəfəsi kəsilər, uçub gedər əlimizdən,
ancaq dayanmaq həm də və başlıca olaraq çox
şeyi itirməməkdi, yazmaqdan vaz keçmək təxəyyüldəki
"kombinasiyalardan" feyz almaqdır, sən pianonun dillərinə
ürəyinlə toxunursan, həmin o fantazm səni bu
dünya və gerçəkliyin elə bir nöqtəsinə
gətirir ki, ordan hər şey ovuc içindəki kimi
görünür. Bədii təkamül deyilən
bir anlayış var, nəfəs dərməlisən ki, yeni nəsnələr
doğulsun, yeni üfüqlər açılsın. Çox istedadlı şairimiz Məstan Günərin
yaradıcılığına diqqət edin.
"Obalardan əsən yellər" kitabı fikrimizcə, məhz
bu nəfəs dərmənin, təxəyyülün
"uğultusuna" (dünyada tək bir adam
sənmişsən kimi bu uğultunun içindəki dramatizmi
öyrənmək...) illərlə qulaq kəsilməyin nəticəsi
idi. Xaqani necə deyirdi? Mənim
könlüm müəllimdir, dizim üstü dəbistanı
// O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı
// Nə hər dizdən olar məktəb, nə hər
şagird əzbərxan // Nə hər qətrə olar nisan,
nə hər dərya sədəf kanı // Dizim üstü o
məktəbdir ki, Nuh onda gəmi salmış // Gəmim -
Cudi dağı, gözdən axan yaş isə tufanı // Bu
cür insanlara Cudi dağı ancaq topuqdandır // Dizinə
onların çıxmaz su, tufan tutsa dünyanı...
Yaxud Məmməd İsmayıl nümunəsi. Yaxud İsa İsmayılzadə,
Ələkbər Salahzadə və sair... Bu və digər
imzalar fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə
baxışı şərtləndirir, məhz bu tipli
yaradıcılıq və mətnlər ədəbi prosesləri
tam fərqli bucaqdan əks etdirə bilirlər: bayaq
yazdığımız kimi, keçmişlə gələcəyin
toxunub ayrıldığı bir məqamda. İndiki zamansa
"yoxdur", o ünsiyyət və ayrılıq anında
"olmayan" (iştirak etməyən) indinin bütün
sirləri, bütün mənzərələri misralar arasındakı
sahələrə verilir, nəfəs kimi. Və
indiki zamanın bu sirləri, sirli nəfəsi gələcəyin
mükəmməl ədəbi nümunələrinin
yaranmasına təkan olur. Məmməd İsmayılda,
onun yaratdığı poetik mühitdə hər şey zahirən
axar-baxarlı və sakitdir, dinamika bədii tapıntıların
// mətləb icadının zamanla irəliləyişində
üzə çıxır. Birdən səndə elə bir
qarşısıalınmaz ehtiyac yaranır ki, hansısa bədii
mətni oxuyasan, orda sənin beynini, ruhunu
"darıxdıran" mətləblərin açarı
var, elə bir düstur var ki, sənin əndişənin, həsrət
və iztirabının tam dərinliyini göstərə bilər.
Baxmayaraq ki, şeir düstur təklif eləmir.
Ələkbər Salahzadə və İsa
İsmayılzadə poeziyası zahirən baş alıb gedən
axtarışlara ziddir, ancaq, zənnimizcə, elə ədəbi
prosesin də əsas istiqamətlərini vaxtında onlar müəyyənləşdiriblər.
Həm də adları çəkilən şairlər həmişə,
zaman keçdikcə mənəvi ehtiyacların səslədiyi
şairlərdir, bax, orda bir kitab var, o kitabxanada, rəflərdə,
onun hansısa səhifəsində "Güllələr demədi
geri qayıdın", yaxud "Ağ bir zanbaq kimi
açıldı səhər" misraları var, içi
duyğu və enerjiylə dolu, Azərbaycan poeziyasının
dünəni və gələcəyi olan bədii mətnlər.
Yəni bu günün, bu ilin ədəbi
prosesinin yekunlarından danışanda bu perspektivi unutmaq olmaz,
bu dəlil və faktlar həmişə göz önündə
durmalıdır.
Bu rakursdan baxanda nələr görünür? Həmin
perspektivi əks etdirən bədii nümunələrimiz
varmı? Əlbəttə, var. Bədii dəyəri
yüksək olan nümunələr yazılır, müzakirələr,
müsabiqələr, görüşlər... bunları
saymaqla qurtarmaz. Müşahidələr
bir də belə bir məqamı açıqlayır ki, hər
şey elə indi, yəni ilin sonunda başlayır, bu da təsadüfi
deyildir. Əsas olan isə ən uğurlu
mətnlərin "sakit" təması, bir-birlərinə
dialoji aspektdə nüfuzu sanki gizlinlərdə bir dilləşmə
atmosferi yaradır. Kuliz.az saytının təşkil
etdiyi "İlin hekayə müsabiqəsində"
(İkinci müsabiqə) belə mətnlər olmamış
deyildi. Mübariz Örən, Şəhriyar del Gerani, Orxan Cuvarlı, Nərmin Kamal, Orxan Həsəni
və sair nasirlərin hekayələri... Həmin
"gizlin dilləşmə" nə zaman yarana bilər?
Şübhəsiz ki, mətnlər mükəmməl
olanda (şərti mənada mükəmməl-!). Məsələn, Orxan Cuvarlı ilə Orxan Həsəninin
hekayələrinin hansına üstünlük verilməsi
olsun ki, münsiflər üçün problem yarada bilər,
məncə, olub da. Bu hekayələrin qaliblər
pyedestalına qalxmaması bir məsələ deyil, əsas olan
onların arasındakı "dilləşmə" məqamıdır,
yaxşı mətnlərin yarışması ədəbi
prosesin dinamikasını üzə çıxarır, eyni
zamanda müəlliflərin yaradıcılıq
üzüntülərini. Məsələn, Orxan Həsəni
iki aspektdə mətnlər yaradır, zənnimizcə,
"İnziva" və "Qırmızı ayaqqabılar"
fərqli yanaşma, fərqli metod məhsuludur. Şəhriyarın
"Türbulans"ı münsiflər bir yana
dursun, oxucular arasında ən fərqli fikirlər və dəyərləndirmə
mövqeyi yarada bilən nümunədir. Bayaq
altını cızdığımız dilləşmə,
yarış stixiyası da elə bu fərqli mövqelərdə
ifadə olunur və bizim ədəbi prosesin gücü də
bundadır. Həm də ilin sonunda. Çünki ilin sonunda hər şey yenidən
başlayır.
Burda başqa bir məqam adıkeçən dilləşmə,
nüfuz, bir sözlə, dialoji aspektin altdan-altdan sürət
götürməsidir. Vaxtilə fransız filosofu Jak Derrida da bu
məsələni qabartmışdı. Diqqət edin:
"...Belə ki, onda intervü götürənlərin
birinin "sizin əsərləriniz labirintə" bənzəyir
fikrinə belə cavab verir ki, şübhəsiz, bütün
mətnlər özündən sonra gələn bütün
digər mətnlər üçün sonsuz ön söz
rolunu oynayır, bu sonsuz ön söz sonrakı mətnə
güc kimi verilir. Derridanın fəlsəfi cəhdlərinin
məğzini "metafizikallıq" və Avropa mədəniyyətinin
tənqidinin davamlı radikallaşması kimi səciyyələndirmək
olar. Belə bir məqam Haydeggerin fundamental
antologiyasında əksini tapıb". Yəni
bütün mətnlərin özündən sonrakı mətnlərə
güc kimi verilməsi ciddi məqamdır, fikrimizcə, bu
proses bizdə alınacaq.
Yuxarıda
belə bir ifadə işlənmişdi: "qoy lap
reallığın əhəmiyyətli dərəcədə
böyük bir hissəsi itsin...". İtsin ki, yerin dərinliyindən, üfüqlərin
"zirvəsindən" olub-keçəni, insan
iztirablarını... ən ağrıyan məqamından əks
etdirə bilsin. Əsmər Həsənova
adlı şairin şeirlərinə baxın.
Şıxıb
getsəm indi...
Ayaqyalın
keçsəm arpa zəmilərindən
qızmar
günəşin altında,
görsəm, necə olur başqa cür yaşamaq...
Çıxıb
getsəm indi...
sonuncu
izlərimi ləpələr udsa,
boğulsam mavi sularında dənizin,
görsəm, necə olur başqa cür boğulmaq...
Yaxud onun
"Göyərçin yuvası" şeiri:
Burda
binaların üstü qırmızı
utanan
qızların yanağı kimi.
Bu şəhərdə
pəncərələr danışmır
dilənən qadının uşağı kimi.
Elə ki
yağışlar yağır şəhərə,
damlar
boya sürtür dodaqlarına.
İslanmasın
deyə, çölə çıxmayan,
düzür ləyənləri otaqlarına.
Şəhərdə
qohumlar yada qarışıb,
saatın
dalınca qaçır adamlar.
Yuxu əsir alıb yorğun şəhəri,
burda
ayaq üstə yatır adamlar...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 31
dekabr.- S.28.