"Şair
və vətəndaş"
(Sərin bir yaz axşamı... üfüqdə can verən günəşin sarı, solğun işıqları, əriyib töküləcəkmiş kibi... Göy üzündə kömə-kömə pambıq buludlar... Qalın, əsrarlı bir ormanın ətəyindəki dərənin göy söyüd kölgələri altından rəngarəng daşlara çarpa-çarpa köpüklənən, dilbər-dilbər süzülən, axan bir su... Ətraf bir çiçək dəryası... bu çiçək dəryasını dalğalandıran axşam rüzgarı... Bu aləmdə bir şair LAÇIN təbiət qarşısında vəcdə gəlmiş kibi... ətrafı heyran-heyran seyr edər; baxışlarında sonsuz nəşəli parıltılar... Arkadaşı QARAŞIN klarnetdə nəşəli, məsud bir hava çalmaqla məşğul).
LAÇIN - (gəzindiyi sırada durar, bir göyə, bir yerə baxaraq, köksünü ötürüb havanı doyunca içərisinə çəkər).
Nə çıxar şəhərin gurultusundan?
O geniş küçələr – bir qara zindan.
Dəhlizindən daha dəhşətli, qorxunc...
Gördüyün dəmirdir, eşitdiyin tunc.
Nə qədər gözəldir, lakin təbiət,
Bu əlvan mənzərə, bu nazlı xilqət,
İnsana gərəksiz şeylər duyurmaz;
Hissi, düşüncəyi, xəyalı yornaz.
(yaxındakı yoldan traktorun səsi eşidilir. QARAŞIN klarneti bir tərəfə buraxaraq)
QARAŞIN -
İştə, traktorun gurlayan səsi,
Makinə nəğməsi, zavod nəğməsi...
Təbiət gözəldir, çirkin gözəldir...
Onu da şənlədən əməkdir, əldir.
Hər yerdə varmıdır bu çağlayan su,
Ey yeni dünyanın köhnə yavrusu?
Oxu keçmişini yazıq Muğanın,
Oxusan, bilirəm, qaralar qanın.
Həyatdan bixəbər zavallı bir çöl,
Köksündə bir yara hər çamurlu göl,
Gündüz bu çöldə bir cəhənnəm yanar,
Əsər ruhunda bir hümmalı ruzgar.
Bir dərd
qafiləsi yürür bu çöldən,
Su içər çamurlu hər sarı göldən.
Dodaqlar
qupquru, göylər buludsuz,
Hamsı düşüncəli, hamsı umudsuz.
Çıxmış
müsəllaya o yanda bir kənd,
Kəsilmiş
ney kibi ruhları bənd-bənd.
Dodaqlar
duada, əllər yuxarı,
Bütün
gənc-ixtiyar, bütün qız-qarı
Hamsı
dilənmədə bir heçdən imdad,
Çarpır üfüqlərə bir acı fəryad.
Sonra zənci
kibi qara bir gecə,
Gecənin
ruhuna don işlədikcə,
Ürpəyir
tük kibi sararmış otlar,
İsti bir gündüzə bənzər umudlar.
Hər tərəfdə
soyuq, hər tərəfdə don,
Ah, bu
üşütməyə kim verəcək
son?!
Ah, bu
üşütmənin dərmanı kimdə?
Hansı xilaskarda, hansı həkimdə?
Budur,
göy üzündən bulud çəkildi,
Göydən yerə gümüş sular
töküldü.
Bu
çöldən bir uzun karvan ilərlər,
Karvanın
önündə yazıq, dərbədər
Dumanlı
bir şəkil, kürkə bürünmüş,
Bu
çöldə neçə il, görən
sürünmüş
Bu zavallı şəkil?
Qılınc bir soyuq,
Boğazı qurumuş, nəfəsi boğuq.
Karvan ilərləyir,
uzanır yollar,
Hər
yıldız ona bir təsəlli yollar...
Bu
zavallı çöldə səs yox, səda yox,
Bir sərin çeşmə yox, bir saf hava yox.
Keçdi
keçən günlər, bu yeni dünya
Artıq möhtac deyil çörəyə, suya.
Arxlar hazırlanmış, novlar təmizdir.
Bizim
sarsılmayan qüdrətimizdir
Bu uçuq dünyanı yenidən quran.
Arası coşduran, Kürü coşduran.
Əl
çatmaz arzular əlimizdədir;
Sərxoş
axan sular əlimizdədir;
Əvət,
insan oğlu hər şeyi yapdı,
Çayları
qovladı, dağları çapdı;
Kanallar
çəkərək Kürdən, Arasdan,
Susuz bir yürəyi çıxardı yasdan.
Bircə
kölgəsini qıymaz təbiət,
Olmasa
texnika, olmasa zəhmət!..
LAÇIN -
Texnika
meyvəsi acıdır bir az;
Nəydi
o top, tüfəng, o zəhərli qaz,
O məhşər,
o fəğan, o Cahan hərbi?!.
Süpürdü
elləri bir taun kibi;
Vəhşilik
devrində bu yazıq insan
Bəlkə
görməmişdir bu qədər al qan!..
QARAŞIN -
Bizim
fikrimiz də bu gün öyləmi,
Texnika hərb üçün bir vəsiləmi?
O
böyük Leninin son xitabından
Şanlı
Oktyabr inqilabından
Sonra bilirsiniz, hər şey dəyişdi.
O da bir
fitnədi, o da bir işdi.
Bilməm bu duyğular səndə neçindir?
Biz də texnika da həyat içindir.
(QARAŞIN yenə
klarnetini alaraq çalmağa başlar, şair LAÇIN, baxışlarında
dərin bir düşüncə yerə dirsəklənib, əlində
bir dəftərçə, yazar, oxur, oxur, yazar).
LAÇIN -
El
köçdü, sən qaldın hamıdan arda,
Nə qədər
acıdır bu arda qalmaq...
Qoç
bir əsgər kibi vuruşmalarda
Yığılıb,
kimsəsiz yollarda qalmaq!..
Yazıq deyilmidir? Duyan könüldə
Bəslənən bir əməl, tarımar olsun?
Qalmışkən
bülbülün gözləri güldə,
Üstünü kəsdirən son bahar olsun?
El
köçdü gen qaldı, şair qrupu...
Səni də ağladan həmən xəyaldır.
Ömür günəşinin vaxtsız qürubu.
Həyata
verilən sərt bir sualdır...
QARAŞIN - (klarneti dodaqlarından çəkərək
gileyli)
Burax bu
hissləri, ey şair, burax,
Gördüyün, bildiyin şeylərdən
danış.
Ağac qələmini
yaxşı çırparaq;
Gətirdiyin yeni səmərdən danış.
Bu
üzgün duyğular, qara fikirlər
Sürür gəncliyini heçliyə doğru.
Onlar, bir
qır kibi varlığı kirlər,
Onlardan,
ey şair, özünü qoru!
Həyatla
olsaydı dərin rabitən;
Ruhun qaralmazdı gecələr kibi.
Solmazdın,
sularda yaşayan, bitən
Bir öksüz baxışlı neylufər kibi.
Bir məzar
qoxusu verən sözlərin
Zamanın ruhuna uzaq, yabançı.
Çəpərlər
içindən baxan gözlərin
Bir qəmli
quş kibi nə qədər acı!
LAÇIN -
Neçin
yabançıyam mən bu varlığa,
Fikrimdə, hissimdə bu nə sükutdur?
İçərim
bənzəyir bir məzarlığa,
Gecələr ayazdır, gündüz buluddur.
Neçin
hər sevincdən, hər ixtilafdan
Uzağam, qaranlıq bir buçaq kibi.
Üzülmüş
kibiyəm mən bu həyatdan
Qırılan yaralı bir budaq kibi.
Mənim
yoldaşlarım birər komandan,
Həpsi ilərdədir, həpsi öndədir.
Bu dərin
həyatı duyub qanandan,
Mənimsə
həyatım yaman gündədir...
QARAŞIN -
Xayır,
ey şairim, sən bu varlığı,
Yaxşı anlamadın, yaxşı duymadın.
Göylərdə
aradın bəxtiyarlığı,
Bu gözəl həyata məhəl qoymadın.
Bir
münzəvi kibi yaşayıb dedin:
“Həyat, mübarizə - bir, rəng deməkdir”.
Çoraq
duyğuları oxşayıb dedin;
“Sənət – xəyal ilə ahəng deməkdir”.
Anlamadın,
dedin, “yaxşı düşünsən,
Şeiriyyət olamaz bizim devirdə”.
Dedin, ey
şairim, utanmadan sən:
“Texnika
öldürür sənəti” – bir də,
Əlində
bir köhnə şeir divanı,
Dilində
səsləndi səsləndi ölgün qəzəllər...
Anlaya bilmədin
yeni insanı,
Bilmədin
nəçidir yeni gözəllər,
Bütün
yoldaşların düşdü qabağa,
Qurdular qəlblərdə heykəllərini.
Bu dəmir
divlərin sən, ey tısbağa,
Yoxsa bəyənmədin
əməllərini!
Nədir
ruhu qırıq bu zümzümələr,
Bunlar həyat üçün zəhərdən
acı.
Mən
bir vətəndaşam, əski nəğmələr,
Dərdli şikəstələr mənə
yabançı.
Həyatı
coşduran, dalğalandıran,
İləri aparan nəğmələr hanı?
Hanı,
bir möhtəşəm divi andıran,
Şeir qəhrəmanı, söz qəhrəmanı?
Hanı,
tükəndimi sevincin, odun,
Sən xəzəl kibisən bahar içində.
Göz
yaşında üzən solğun vücudun
Bir
sarı yarpaqdır sular içində!..
LAÇIN - (xəstə, həzin, yorğun bir
halda)
Burax,
dostum, burax, bu töhmətləri,
Qəlbimə
toplanan müsibətləri,
Sən də
səsləndirmə bir başqa sazda,
Duyduqca
sızlayır qəlbim bir az da,
Varlığım şam kibi yanmağa başlar.
Başımda
atəşlər, gözümdə yaşlar...
(göylərə baxaraq)
Baxınız,
baxınız, kül rəngli göylər,
Ağlayan,
bir çocuq üzünə bənzər...
QARAŞIN -
Sənin
hər bir sözün dolayısı ilə,
Dərdini açmağa birər vəsilə.
Sən
bulud deyilsən, ağlama şair;
Çağlayan deyilsən, çağlama, şair.
LAÇIN -
(ətrafa dərin, şövqlü, vəcdli
bir nəzər ataraq)
Nə qədər
lətifsən, sən, ey təbiət,
Ey nöqsansız gözəl, ey ulu xilqət.
Ey daim
dolanan, dəyişən fələk
Sən ey
azadlığı andıran külək...
Ey
göylərdə süzən yelkən buludlar;
Ruhumu özünə çəkən buludlar.
Sən
ey, qarşımdakı yaşıl mənzərə;
Ey qorxunc
uçurun, ey dərin dərə!
Ey yar
zülfü kibi ətirli orman,
Sən ey
ahım kibi yüksələn duman
Ey fleyta
kibi səslənən budaq;
Bir
gümüş ney kibi inləyən irmaq;
Ey
donmuş dalğalar, çiçəkli düzlər;
Sırmalı gecələr, atlas gündüzlər.
Ürəkdən
sevdiyim ey qış, ey bahar;
Sizin
öz ruhunuz, öz qəlbiniz var,
Sizin
sözləriniz daha dərindir,
Ağlar gözləriniz daha dərindir.
Ey bəndən
uzaqda görünən dəniz,
Məni
bir azacıq düşünsəydiniz...
Ruha təbiətin
əbədi, dərin,
Şeirini
oxuyan gur ləpələrin
Dəliliklərini,
üsyanlarını
Onların
ağappaq tufanlarını,
Coşqunluqlarını
düşündükcə mən,
Bir
müddət ayrılıb öz mənliyimdən,
Hazıram
həyatdan uzaqlaşmağa,
Hazıram
sizinlə qucaqlaşmağa...
QARAŞIN -
Bayron da
sevmişdi bu təbiəti,
Yıldırım
hiddəti, bulud riqqəti,
Onun da
şeirində çaxdı, ağladı;
O da bu
şeylərə baxdı, ağladı.
Təbiət
dediyin – vəhşi bir heyvan,
Onu əhli
edən insandır, insan!
Olmasın
başına sözlərim qaxınc,
Ey həyat qınına girməyən qılınc.
Sənin
təbiətlə döyüşün belə,
Yoğrulmuş
bir dərin iztirab ilə
Varlıq nə qorxulu, nə gülməlidir.
Onu çox dəyişən insan əlidir.
Bu
olduğu kibi görünən aləm
Nə sevinc duyurur o, kədər, nə qəm.
Bir bulud
parçası, bir gözəl durub,
Bir dalğa, bir çəmən səni coşdurub.
Həyəcana
salan bütün bu şeylər,
Ey
şair, nə səni çox qəmgin eylər,
Nə
çox şənləndirər; safdır təbiət,
Ona
artıq kədər, artıq məsərrət
Verən
öz hissiniz, öz fikrinizdir,
O bizi
incitməz, o çox təmizdir...
LAÇIN -
Əvət,
qəribədir xislətim mənim,
Dinlə,
uzunsa da söhbətim mənim,
Mən
çıxdım ziyalı bir ailədən,
Xəyalımda
MİLLƏT, ruhumda VƏTƏN...
Məndən
az etmədi bunları tələb
Sonra oxuduğum o köhnə məktəb.
O vaxt
inqilabın ilk illəriydi;
Çevrəm yenilikdən çox-çox geriydi.
Həyatdan
çəkildim, işdən çəkildim,
Nə
qomsomol bildim, nə firqə bildim...
Sonra da
qarşıma çıxdı bir gözəl
Ruhumda
titrədi incə bir əməl...
Əvət,
yaman sevdim, onu sevərkən
Etdim
saçlarını ağlıma yelkən
Sahilsiz eşqimin dənizlərində.
Üzdüm
bu dəryanın dərin yerində,
O gözəl
olmuşdu ruhuma hakim;
Mənim
düşüncəsiz, xəyali sevgim
Onu az qırmadı, az incitmədi
Onunla da qəlbim
yola getmədi,
Onu da
özümə yabançı sandım,
Canandan
usandım, candan usandım...
Sonra
baş götürüb gəldim bu kəndə;
Çırpındı
quş kibi ruhum bədəndə,
Bu kənddə
başladım müəllimliyə,
Bir də
şeir üzü görməyim, – deyə;
Küsərək
sənətim ədəbiyyatdan,
Dərs
dedim neçə il riyaziyyatdan.
Bu kənd,
bu kənd məni qoynuna aldı,
Çocuq ilhamıma ninnilər çaldı.
O gündən
alışdım mən təbiətə,
Nə qədər
söz dedim şən təbiətə,
Məni
dinləndirən həmən təbiət
Bu qərib
könlümü yordu nəhayət,
Sənə
söylədiyim məhəbbət kibi,
O nazənin
kibi, o afət kibi...
Bəzən
göz yumaraq bütün varlığa,
Xəyalım
yol saldı bir məzarlığa;
Həyat
arzuları önündə, lakin
Könlüm
əmr eylədi: bu yoldan çəkin.
Qəmgin
düşüncələr başında söndü,
Yaşamaq eşqiylə qəlbim döyündü.
Əvət,
bu dünyada mənim kibilər
Dəyişib
olarkən məsud, bəxtəvər,
Duyaraq
çarpışmaq ehtiyacını,
Silib qəlbimdəki
köhnə acını
Çoxlara
qoşulmaq istədim mən də;
Mühitin
ruhunu şaşqın görəndə,
Tutub ətəyimdən
çəkdi iləri;
İndi
ürəyimdə olan şeyləri
Məncə,
birdən-birə atmaq çətindir;
Bilmədən hər sözə yatmaq çətindir.
Könül!
Nə çətindir bu əhliləşmən,
Vəhşi qaplanmısan, arslanmısan sən?
Əllərim
çataydı, düşəydin girə,
Gör
necə bağlardım səni zəncirə!..
QARAŞIN -
Arkadaşım
Laçın. Yoldaşım Laçın,
Yersizdir büsbütün bu dərin acın.
Sən
kimsən, nəçisən, kainat bilir,
İnsanın qədrini bu həyat bilir.
Bilirəm,
sən bizə düşmən deyilsən,
Burax bu uğursuz tərəddüdü sən.
Səndən,
bir şey umur əməkçi xalqın,
Səadət yolçusu, bu dəmir axın.
LAÇIN -
Bir zaman
düşünüb fikrə gedərkən,
Sanırdım artığam cəmiyyətdə mən.
Bu
köhnə mənliyim, bir dar qəfəsdi,
Bu qəfəs əlimi, qolumu kəsdi.
Bir nəfəs
uçmağa bulmadım imkan;
Gözümdən
od çıxdı, başımdan duman.
Bu
gülünc həyatdan nə çıxsın, – dedim,
Bir dəfə özümü boğmaq istədim.
İradəm
buna da çatmadı, əfsus...
Oyaq
qüssələrim yatmadı, əfsus...
Bir də
ki, haqqımda fitnələr qusan,
Ayağımdan
çəkən, başımdan basan
Hiyləkar
adamlar, murdar adamlar
Bütün
insanlıqdan kənar adamlar;
Az incitmədilər
məni dünyada,
Köhnə
bir ney kibi gəldim fəryada.
Könlümdən
onların acısı getməz,
Yazmaqla qurtarmaz, deməklə bitməz.
Çox
incitdi məni tək-tək adamlar;
Saf-çürük
olunsun gərək adamlar!..
QARAŞIN -
Səni
küsdürməsin boş danışıqlar,
Göz
önündə böyük bir məfkurə var,
Onu tut,
onunla yürü iləri,
Sən
dünyada axan böyük selləri,
Buraxıb,
sızlayan, əriyən axan,
Axışı
insanı məlul buraxan
O zəif,
o cılız sulara baxma,
Hər duyğu oduna könlünü yaxma.
Deyirlər
– toz qopar qaya uçanda;
Haman şey olmuşdur indi cahanda.
Sən
böyük şeylərə çevir üzünü
Gələcək günlərə söylə
sözünü.
Şair,
səndə böyük bir qüvvə vardır,
Gizli xəznələrə
dilin açardır...
LAÇIN -
Məni həyat
sevir, həyat çağırır;
Dəyiş,
yüksəl – deyə bar-bar bağırır;
O deyir: –
yüksəliş dəyişmək istər;
Sən də dəyişməklə özünü
göstər.
Mənim ürəyimdə
bir ikilik var;
Keçmişdən
aldığım dərin duyğular,
Acı tərbiyələr
ruhuma hakim,
Duyduğum
acını duysaydı hər kim,
Baxtının
yıldızı sönmüşdü çoxdan;
Bir ovuc
torpağa dönmüşdü çoxdan...
Məni əski
hava zəhərləmişdir,
Yalançı bir sevda zəhərləmişdir.
Məni
öz yoluna çəkmək istəyən,
Aldadıb
başımı əkmək istəyən
Əfsanə
bir yolun çürük hissləri
Məni sürüklədi hər zaman geri.
Daim həyat
mənə eylədi gəl-gəl,
Tərbiyəmsə
mənə oldu bir əngəl!..
Duyğum
düşüncəmi göyə sovurdu,
Ürəyim ağlımı daşlara vurdu.
Bu yeni aləmin
gözəllikləri,
Onlar ki, insanı çəkir iləri.
Onlara
vaxtiylə xor gözlə baxdım,
Bir
yıldırım oldum, özümü yaxdım...
QARAŞIN -
Mən
bilirəm, sənin havalı könlün,
Dönüb bir tərlana, uçmaq istəyir.
Və bir
məhbus kibi sevdalı könlün,
Qırıb qandalını qaçmaq istəyir.
Bil ki,
sallanışı hər yaşıl dalın,
Başqa bir küləkdən, bir havadandır.
Şura
ellərilə yelkən xəyalın
Qızıl dənizlərdə üzərsə,
şandır.
Sən
bir qılınc kibi əldə parılda,
Qalxan
kökslərdən keçən mızraq ol,
Ağır
toplar kibi gur-gur gurulda,
Daim
döyüşkən ol, daim qıvraq ol!
Günəş
işığından, Ay işığından
Aldığın
ilhamla ruhları parlat,
Qəlbinin,
beyninin qarışığından
Göylərə
sığmayan bir cahan yarat;
Sən həyat
eşqindən götür aşqarı
Həyat qanadlanır, sən də qanadlan.
Qarşında
möhtəşəm zaman dağları,
Zaman
dağlarını indidən atlan!
LAÇIN -
Əvət,
mənim kibi şaşqın insana,
Bu
sözlər ən böyük bir təsəllidir;
Nə
deyim, arkadaş, nə deyim sənə,
Xəyalım bəllidir, fikrim bəllidir.
Bəllidir,
sevdiyim vətəndaşlara,
Mən kiməm, nəçiyəm, nədir məqsədim.
Ayağım
toxundu hankı daşlara,
Hətat yollarında neçin axsadım.
Sən mənim
qəlbimin, olduğu kibi,
İncə tellərini oxut və dindir.
Həbsinə
iki ildən də az qalan bir zaman kəsiyində
yazdığı bu dramatik səhnəcikdə
şair Laçın obrazında həm öz həyatının
incə məqamlarını, ilk məhəbbətini, öz
xarakterini, taleyini, yaradıcılıq psixologiyasını, həm
də dövrünün, ətraf mühitin canlı rəsmini
yaratmağa nail olub. Rəmzi Vətəndaş
obrazında klarnet ifaçısı Qaraşın təqdim
edilib, “üzüqara” mənasını nəzərə
çatdırmaq üçün bu ad seçilib.
Öz sözünü deməyən yalançı, “öz
havasını çalmayan” çuğullara el arasında
“zurnaçı”
deyirlər. Klarnet bizim milli musiqi alətimiz
olmadığı üçün, şair rəmz diliylə
şairlərə yön göstərən, onların ruhunu tənzimləyən vəzifəli
yad ünsürün xarakterini çox dəqiq göstərə
bilib. Haqqında böhtan dolu “tənqid” yazan,
ittiham etməyə çalışan nadürüstlər də
nəzərdən qaçmayıb. Mikayıl
Müşfiqin bu əsəri, onun ruhu
sarsıntılarını daha yaxından duymaq
üçün həm də poetik xatirat kimi çox qiymətlidir.
Mikayıl Müşfiq
Ədəbiyyat qəzeti.- 2022.- 31 dekabr.- S.30-31.