Rus poeziyasından yeni tərcümələr

 

Anna AXMATOVA (1889-1966)

Görkəmli rus şairəsi, tərcüməçisi və ədəbiyyatşünası

 

Atəş və nur kimi

yüksəldi göyə...

 

Atəş və nur kimi yüksəldi göyə

Məni üç il boyu qoruyan mələk.

Geri dönəcəyi o şirin anı

Durub gözləyirəm səbr eyləyərək.

 

Tanınmaz olubdur sirim-sifətim -

Onda şux yanağım, dodağım vardı.

Onu nəğməsiylə xəcil eyləyən

Əvvəlki o gözəl deyiləm artıq.

 

O son sözlərini heç unutmuram,

Nə qorxu salar ki, daha bu cana?!

Bir vaxt zorla salam verdiyim insan

Kaş gələ... qapanam ayaqlarına.

 

Qoşa misra

 

Özgədən gələn tərif - başıma yağan küldür,

Sənin qınağın isə... həm alqışdır, həm güldür.           

 

Qaraya bürünən

dultək payızın...

 

Qaraya bürünən dultək payızın

Kirpiyi qurumaz, bitməz məlalı.

Aramsız hönkürsün deyə, elə bil

Mərhumun hər sözün yadına salır.

 

Bu ki adi haldır... Səssiz yağan qar

Xəstəni, dərdlini eyninə almaz.

Ağrını, ləzzəti unutmaq üçün

Ömrü fəda etmək çox şey sayılmaz.      

 

İlham pərisi

 

Taleyim bir tükdən asılıb qalır

Gecələr mən onu gözlədiyim vaxt.

Ada, yaşa-başa, ya azad ruha

Baxmaz o tütəkli, nazənin qonaq.

 

Bax, özün yetirdi. Atıb çadrasın,

Zənlə məni süzdü, əcəb üşəndim.

Soruşdum: "Danteyə "Cəhənnəm" fəslin

Diktə edən səndin?" Dedi: "Hə, məndim".     

 

Epiqram

 

Dantetək nə yaza bilərdi Biçe?

Necə vəsf edərdi eşqi Laura?

Dil-dilçək verdiyim bu xanımları

Bəs necə susdurum, pərvərdigara?!

 

Anna AXMATOVA

 

Dilimizə çevirdi:

Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2022.- 31 dekabr.- S.32.