"Nəyimiz var, nəyimiz
yox": 2015-2019
On
üçüncü qurultay üçün nəsr məruzəsi
Giriş əvəzi qeydlər...
Hörmətli tədbir
iştirakçıları!
Bildiyiniz
kimi, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı
2020-ci ilə nəzərdə tutulmuşdu, nəsr üzrə
qurultayqabağı
məruzə də mənə
tapşırılmışdı və apreldə
olmalıydı. Amma pandemiya səbəbindən
məruzə də, qurultay da təxirə salındı.
Uzun bir dövrü, yəni beş ili araşdırmaq, yazılanları saf-çürük etməyin çətin bir iş olmağını siz də bilirsiniz. Həmin məruzəni bir azdan diqqətinizə çatdıracam və görəcəksiniz ki, onu təzədən işləmək böyük zəhmət və enerji tələb edir. Onu da xatırladım ki, ötən il AYB iki kitab ərsəyə gətirib. Onun biri - "Qarabağ dastanı, 44 günün zəfəri" kitabı hörmətli sədrimiz Anar müəllimin təşəbbüsü ilə hazırlandı və mənim də ora böyük bir məqaləm salındı. Ondan sonra bəndənizin təşəbbüsü ilə "Bütün yollar Şuşaya aparır" kitabı nəşr edildi. Onun da hazırlığı müəyyən vaxt apardı. Bir Qarabağ qazisinin kitabını nəşrə hazırladıq, bu günlərdə işıq üzü görəcək. Öz kitablarım, cari işlər də öz yerində. Demək istəyirəm ki, həm pandemiya sıxıntıları, həm də genişhəcmli işlər məruzənin yenidən işlənməsinə imkan vermədi. Amma mən 2020, 2021-ci illərdə şəxsimə bağışlanmış, eləcə də "Azərbaycan" və "Ulduz" jurnallarında nəşr olunmuş, diqqətçəkən nəsr əsərlərini nəzərdən keçirdim, onları təhlilə cəlb etməsəm də, yığcam bir siyahı hazırladım və həmin siyahı da əsas məruzə ilə birgə dərc olunacaq. Vaxtınızı çox almamaq üçün onlara toxunmuram və əsas məruzəyə keçirəm.
Mənə verilən kitablar (2020-2021)
1. Narıngül Nadir - "Günəş üzlü qadın" (hekayə və povestlər)
2.
Əyyub Qiyas - "Havay tətilləri" (roman)
3. Mahir
Qabiloğlu - "İtbaşı" (trilogiya)
4. Yunus
Oğuz - "Uçurum" (roman)
5. Məlahət
Hümmətqızı - "Ağ libaslı mələk"
(hekayələr)
6. Akif
Cabbarlı - "Yolda" (hekayələr)
7.
İlqar Rəsul - "Sara" (roman)
8. Kənan
Hacı - "Hakimə açılan atəş" (roman)
9. Təranə
Məmməd - "Sirr" (hekayələr)
"Azərbaycan"
jurnalı (2020)
1.
Mübariz Cəfərli - "Zəncir" (roman ¹1)
2. Səyyad
Aran - "Başdaşı" (roman ¹2)
3. Nurəddin
Ədiloğlu - "Bumeranq" (povest ¹2)
4. Zahid
Sarıtorpaq - "Köhnə mücrüyə elegiya"
(roman ¹3-4)
5. Azər
Abdulla - "Çat" (roman ¹3-4)
6.
Elçin Hüseynbəyli - "Vida" (povest ¹5-6)
7.
Elçin Vələdoğlu - "Ruh müsafiri" (povest
¹9)
8. Varis -
"Qızıl cib saatı" (roman ¹10)
"Azərbaycan"
jurnalı (2021)
1. Natiq Məmmədli
- "Ən gözəl günah" (roman ¹1-2)
2. Vidadi
Babanlı - "Sabaha ismarış" (povest ¹2)
3.
Əyyub Qiyas - "Ölənə qədər" (roman
¹3-4)
4.
Mübariz Cəfərli - "Ərəfə" (roman ¹5)
5. Alpay Azər
- "Ömürlük sırğa" (povest ¹6-7)
6. Tahir
Taisoğlu - "Asılqanbuynuzu" (roman ¹6-7-8)
7. Səfər
Alışarlı - "Sifət möcüzələri"
(povest ¹8)
8.
Mövlud Süleymanlı - "Ömürdən
qıraqda" (povest ¹9)
9.
Yaşar Bünyad - "Səməndər quşu" (roman
¹10)
10. Zahid
Sarıtorpaq - "Qiyamət qaziləri" (roman-pritça
¹11)
"Ulduz"
jurnalı (2020)
1. Vəfa
Mürsəlqızı - "Dilemma" (hekayə ¹2)
2. Şəfa
Vəli - "Bir az vaxtım var..." (povest
¹2)
3. Ruslan
Mollayev - "Ərini gözləyən qadın" (hekayə
¹4)
4.
Mübarzi Cəfərli - "Mən doğulanda" (hekayə
¹4)
5.
Rövşən Yerfi - "Son nəfəs" (hekayə ¹6)
6. Xəyal
Rza - "Meşəbəyinin canavar qonaqlığı"
(hekayə ¹7)
7. Natiq Məmmədli
- Hekayələr (¹8)
8. Pərviz
Seyidli - "Qanlı boyun" (hekayə ¹8)
9.
İlqar Rəsul - Hekayələr (¹9)
10. Xəyal
Rza - "Sarıqamış" (hekayə ¹9)
11. Murad
Muradov - "Keşişlə söhbət" (hekayə ¹10)
12.
Əfsanə - "Mənim robot anam" (hekayə ¹10)
13. Nargis
- "Bənövşəyi çiçəkli
ağac" (hekayə ¹12)
14.
Günel Mehri - "Əncir mürəbbəsi" (hekayə
¹12)
"Ulduz"
jurnalı (2021)
1. Şəfa
Vəli - "Nuhun gəmisinə gecikənlər" (hekayə
¹3)
2. Ənvər
Çingizoğlu - "Elat eşşəyi" (hekayə
¹4)
3.
Elçin Hüseynbəyli - "Əsgər
barmağını əmən körpə" (¹5)
4. Təranə
Vahid - "Qasırğa" (hekayə ¹5)
5.Arzu
Murad - "Telefondakı ölüm səsi" (hekayə ¹6)
6. Fariz
Yunisli - "Bircə dəfə" (hekayə ¹6)
7.
İlhamə Nasir - "Qırmızı darvaza" (hekayə
¹7)
8. Simrah Qədim
- "Pilləkən" (hekayə ¹8 )
9. Amin
Namazlı - "Ömrün işığı" (hekayə
¹9)
10.
Ənvər Çingizoğlu - "Buynuzsuz qoçun
qisası" (hekayə ¹11)
Hörmətli
Anar müəllim, tədbir iştirakçıları,
sayqıdəyər qonaqlar!
Mənə "Qurultaydan qurultaya" çərçivəsində
nəsr üzrə məruzə tapşırılıb və
çalışmışam ki, mümkün qədər
2015-2019-cu illəri araşdırım, nəzər yetirim və
icmal xarakterli yığcam məruzə hazırlayım. Amma nə qədər
çalışsam, nə qədər sıxsam da, yenə də
bu istəyimə tam nail ola bilməmişəm.
Onu da etiraf edək ki, bu cür məruzələr
nə qədər dəyərli olsa da, cansıxıcıdır.
Məruzə əsasən 2015-2019-cu illəri əhatə
etsə də, bir ayağı 2014-də, bir ayağı da
2020-dədir. Çünki son qurultay
2014-ün yayında keçirilib. İndi
isə ilin əvvəlidir.
Məruzəni hazırlayan zaman əsas istinad etdiyim mənbələr
AMEA Ədəbiyyat İnstitutunun illik ədəbi
yekunları, "Azərbaycan" jurnalı və qismən
"Ulduz" jurnalı olub. "Qismən" ona
görə deyirəm ki, bu jurnalda əsasən gənclərin
yazılarına yer verilir və gənclərin yaradıcılığı
ilə bağlı ayrıca məruzə
hazırlandığından təkrara yol vermək istəmədim.
"Ədəbiyyat
qəzeti"ni xüsusi
araşdırmamışam, çünki buna vaxt
çatdırmaq olmazdı, amma Ədəbiyyat İnstitutunda
keçirilən hesabat yığıncaqlarında bu mənbədən
də istifadə olunub və deməli, mənim də məruzəmdə
öz əksini tapıb.
Dediyim dövr ərzində jurnallara və ilin ədəbi
yekunlarına düşməyən roman və hekayələr
də var. Onlardan bəzilərini mənə oxumaq
üçün veriblər və
çalışmışam ki, onları da məruzədə
xatırladım.
Sadaladığım illər ərzində təxmini
hesablamalara görə iki yüzə yaxın poman və
povest, ondan da xeyli artıq hekayə çap olunub. Yalnız
"Azərbaycan" jurnalında 49 roman və povest, 79 müəllifin
isə hekayələri çap edilib. "Ulduz"
jurnalında da xeyli sayda hekayə nəşr olunub. Bundan əlavə, kitab şəklində onlarca roman
və nəsr kitabları işıq üzü görüb.
Onların bir çoxu ilə sosial şəbəkələr
vasitəsilə tanış olmuşuq. Adlarını sadalasam, uzun bir siyahı alınar.
Amma etiraf edim ki, onların hamısı oxucu
üçün maraqlı deyil. Bunu ədəbi
tənqid də təsdiq edir. Çünki
bu əsərlərin heç də hamısı ədəbi
tənqidin predmeti olmayıb və araşdırmaya cəlb
edilməyib.
Ötən dövr ərzində nəşr olunmuş əsər və kitabların kifayət qədər əhatəli statistikasını məruzədə göstərmişəm. Onları sadalamaq istəmirəm, çünki çox vaxt aparardı, amma məruzə çap olunanda, yəqin ki, böyük əksəriyyət öz adını orda görəcək. Amma bu o demək deyil ki, həmin əsərlərin hamısı diqqətəlayiqdir. Bəziləri mövzunun, bəziləri ideyanın, bəziləri isə janrın tələblərinə cavab vermir.
Mən həm ədəbiyyatşünas və tənqidçilərin, həm də özümün diqqətimi çəkən əsərlər üzərində dayanacam.
Anarın "Göz muncuğu", Elçinin "Baş", Kamal Abdullanın "Sirlərin sərgüzəşti", "Edam vaxtını dəyişmək olmaz", Məmməd Orucun "Qısa qapanma", "Qara güzgü", "Malakan bağının payızı", Vüsal Nurunun "Dorantağ", "Qaraqaşlı", Əli Əmirlinin "Ağdamda nəyim qaldı", Vaqif Nəsibin "Sənsizlik, mənsizlik, onsuzluq", Seyran Səxavətin "Qaçaqaç", , Vidadi Babanlının "Zəmanə adamı", İsa Muğannanın "Türfə", Sabir Rüstəmxanlının "Şair və şər", "Akademikin son əsəri", Elçin Hüseynbəylnin "Yenə iki od arasında, "Kamil Əfsəroğlunun "Daşlı qala", Saday Budaqlının "Zədə", Şərif Ağayarın "Gülüstan", "Arzulardan sonrakı şəhər", "Komandir", Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə", Hacı Sevindik Mehmanın "İşğal", Kənan Hacının "Fironun dəftəri", "Hacı İsgəndər", Xanəmirin "Maqlar", "Naməlum ailə", Sabir Əhmədlinin "Yazılmayan yazı", Mübariz Cəfərlinin "Nur", "Adəmin ikinci həyatı", Alpay Azərin "Həyat epiqrizi", Hüseynbala Mirələmovun "Qazi Bürhanəddin səltənətinin süqutu", Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni", "Kül", "Qarğa marşrutu", Yunus Oğuzun "Atabəy Eldəniz", "Alp Arslan", "Səfəvi şeyxi", "Ovçu", Murad Köhnəqalanın "Zamanın üst küçəsi", Qan Turalının "Fəza səyahəti dərsləri", Kamil Əfsəroğlunun "Yuxu", İlqar Fəhminin "Karmen", "Gürgan şərabı", Vahid Məhərrəmlinin "Cəza", Əyyub Qiyasın "Sultan körpüsü", Qurban Yaquboğlunun "Mən yoxam", İlqar Rəsulun "Getmə...", Cavidanın "Məhsəti", Sahilə Yayyanın "Şeyx", Mənzər Niyarlının "Vətəndən vətənə", Azad Qaradərəlinin "Morq çiçəkləri", Azər Qismətin "Çuğullar", Yaşar Bünyadın "Azan gəmilər limanı", Mustafa Çəmənlinin "Üç yaşlı əsir", Gülşən Lətifxanın "Kabus", Səxavət Talıblının "Adəmin övladları", Nüşabə Məmmədlinin "Qondarma qız" roman və povestləri, Tural Anaroğlunun "Yad planetli", "Elçin Hüseynbəylinin "Gözünə gün düşür", Narıngülün "Qar çiçəyi", Aydın Tağıyevin "Yuxuda qətl", Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə", "Ağ qayadan atılan güllə", Qafar Cəfərlinin "Günahsız mələk", Müzahim İsmayılzadənin "Anamsız - amansız dünya", Səhər Əhmədin "Yeddinci palata", Qəşəm Nəcəfzadənin "O qara əyri bulud", Faiq Balabəylinin "Bayıldan Bayıra", Elbəyi Cəlaloğlunun "9-cu meydan", Oqtay Əhmədovun "Köhnə məhəllənin uşaqları", "Tunel", Meyxoş Abdullahın "Əsir qadın", "Alagözlü", Ayxan Ayvazın "Buri", Nurəddin Əlioğlunun "Yaralı qu quşları", Aləm Kəngərlinin "Naməlum adam", Vüsal Oğuzun "Sonuncu sovqat", Ələmdar Cabbarlının "Qızıl", Natiq Məmmədlinin "Bekketə salam", Sadıq Elcanlının "Sirli söz qapısı", Mübariz Örənin "Balıq gülüşü", Aləm Kəngərlinin "Qatarda on səkkiz əhvalat" hekayə və povestlər toplusu nəşr olunub.
Mən məruzəmi həm paralellər, həm də təsnifat üzərində qurmuşam, bu paralel və təsnifata düşməyənlərə isə "Sərbəst" fəslində nəzər salmışam.
Paralellər həm zaman, həm də mövzu baxımından oxşar romanlara şamil edilib.
Paralellər
İlk paralel zaman və mövzu baxımından oxşar olan Xalq yazıçısı Elçinin "Baş", Elçin Hüseynbəylinin "Yenə iki od arasında" və Mehriban Vəzirin "Ağabəyim ağa Cavanşir" romanları üzərində qurulub. Hər üç əsərdə Qarabağın tarixindən və müəyyən dönəmdə bu tarixdə iz buraxmış Qarabağ xanı İbrahimxəlil xanın sevimli qızı Ağabəyim ağanın həyatından, fəaliyyətindən danışılır. Əgər Elçinin romanında daha çox Qafqaz canişini Pavel Sisyanovun başı əsas qəhrəman rolunda çıxış edirsə, dövrün mənzərəsi təkcə Azərbaycan və Qarabağla yox, həm də qonşu ölkələrin tarixi şəxsiyyətləri ilə müşayiət olunursa, Elçin Hüseynbəylinin romanında böyük mütəfəkkir Yusif Vəzir Çəmənzəminli və onun həyatı ön plana çəkilir, eləcə də Qarabağ tarixi və "Qarabağ tədricən necə işğal olundu" ideyası üzərində qurulur. Mehriban Vəzirin tarixi-sənədli romanında isə baş rolda Ağabəyim ağa çıxış edir və onun təkcə Fətəli şahın hərəmi kimi yox, bir diplomat və dövlət xadimi kimi fəaliyyəti ön plana çəkilir. Düzdür, sonuncu əsər daha çox sənədlidir, amma maraqlıdır. Çünki "Yarım gecə gəldi, gecə getdi, heç bilməm necə gəldi, necə getdi" məşhur misraların müəllifinin həyatını araşdırmağa ehtiyac var və bu baxımdan Mehriban Vəzirin əsəri diqqətəlayiqdir.
Elçinin "Baş" romanı həm də "Azərbaycan" jurnalının tarixində bir ilk olaraq ayrıca çap olunub və onun barəsində xeyli ədəbi-tənqidi məqalə yazılıb.
Professor Nizami Tağısoy "Elçinin "Baş" romanı struktur-funksional təhlil müstəvisində" adlı kitab həsr edib. Bu kitabın bir neçə yerdə müzakirəsi keçirilib. Slavyan Universitetində keçirilmiş geniş tərkibli müzakirədə mən də iştirak etmişəm.
Professor Əhməd Sami Elaydi romana həsr olunmuş məqaləsində yazır: ""Baş" romanında süjetin alt qatında oxucunu düşüncələrə çəkən, sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir. İstər hadisələrin təqdimində, istər müəllif təhkiyəsində, istərsə də obraz və xarakterlərin daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli çalarlarını duymamaq mümkün deyildir".
Digər iki roman barədə də ədəbi tənqid öz sözünü vaxtında deyə bilib. Bu barədə geniş danışmaq istəmirəm.
Daha bir paraleli klassiklərimizin həyatından bəhs edən romanlara şamil etmək olar. Bu mənada Xalq şairi Sabir Rüstəmxanlının Məhəmməd Hadinin həyatından bəhs edən "Şair və şər", E.Hüseynbəylinin Yusif Vəzir Çəmənzəminlinin həyatından bəhs edən və bayaq adını çəkdiyim məlum romanı və Sona Vəliyevanın böyük nütəfəkkir və mətbuat tariximizin yaradıcısı Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə işıq salan "İşığa aparan yol" romanıdır. Düzdür, Həsən bəy Zərdabi nə şair, nə də yazıçı olub, amma onun gördüyü iş bir inqilaba dəydiyindən həyatı da çox əhəmiyyətlidir və bu baxımdan roman da diqqətəlayiqdir.
Sabir Rüstəmxanlının son illərdə çap olunan şeir və publisistika kitabları ilə yanaşı, "Şair və şər" romanında da xalqın və onun böyük şəxsiyyətlərinin taleyi bütün mürəkkəbliyi ilə və bölgədə gedən ziddiyyətli tarixi proseslər müstəvisində göstərilir.
Növbəti paralel yaxın tariximizlə, konkret olaraq ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəli ilə bağlıdır. Bu mənada Xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" və yazıçı Əjdər Olun "Lo" romanını göstərmək olar. Sabir Rüstəmxanlının romanı sintetik janrdadır. Çünki burada həm müəllif özü çıxış edir, arxa planda olsa da, həm də əsərin qəhrəmanı Ziyad Şıxlı ön plana çəkilir və onun son romanından parçalar yer alır.
Bu əsər elə bir şəxsiyyətə həsr olunub ki, bizim nəsil onu tanıyırdı, həm özünü görmüşdü, həm çıxışlarına qulaq asmışdı, həm də cəsarətinə heyrətlənmişdi. Amma bizlər də akademik Ziya Bünyadovun (romanda Ziyad Şıxlının) şəxsiyyətini tam bilmirdik, çünki onu yaxından tanımırdıq, xarakterinin özəlliklərinə bələd deyildik.
Bir zamanlar Qazaxıstana sürgün edilmiş insanların vətənə qayıdışı "bir gedişin bir gəlişi də var" deyiminə böyük bir işarədir.
Heç şübhəsiz, bu əsəri yazanda da Xalq şairi "Akademikin son əsəri"nin qəhrəmanı kimi, böyük cəsarət nümayiş etdirib və bəzi məqamları gizli kodlarla, bəzilərini eyhamlarla çatdırmağa çalışıb.
Əjdər Olun "Lo" romanı da bu cür təsir bağışlayır. Burda həm o dövrün, yəni 80-ci illərin sonu, 90-cı illərin əvvəlində baş verən hadisələr ön plana çəkilir, həm də müəllifin şəxsi həyatı paralel verilir. Portret hekayələrin mahir qurucusu olan Əjdər Ol bu əsərdə öz keçidlərilə maraqlıdır. Burada biz müəllifin həm öz həyatını, həm də ölkənin düşdüyü ictimai-siyasi şəraiti, baş verən hadisələri izləyirik. Əsərdə həmin dövrün ən məşhur şəxsləri, demək olar ki, öz adları ilə verilib, müəllif onlara obyektiv yanaşmağa çalışıb və məncə, buna, müəyyən mənada, nail ola bilib.
Yazıçının qələmə aldığı, ölkəmiz üçün vacib olan bu hadisələr, bəlkə də, bizim nəsil üçün o qədər də maraqlı deyil, çünki onların içindən keçmişik, amma müəllifin hadisələrə fərdi baxışının və gələcək nəsillərə mesajının əhəmiyyəti böyükdür...
Növbəti paralel Aprel döyüşlərilə bağlıdır. Onlardan biri Yunus Oğuzun "Ovçu", digəri isə Şərif Ağayarın "Komandir" romanıdır. Birinci romanda Milli Qəhrəman Murad Mirzəyevin keçdiyi həyat və döyüş yolu işıqlandırılır, ikincidə isə polkovnik-leytenant Raqub Orucovun döyüş yolu izlənilir. Yunus Oğuzun romanı ənənəvi nəql üzərində qurulur, Şərif Ağayar isə başqa bir ədəbi priyomdan istifadə edir. Romanda hadisələr Raqub Orucov başqa olmaqla, digər obrazların dilindən danışılır.
O da maraqlıdır ki, hər iki əsərin qəhrəmanı rütbəcə polkovnik-leytenant və əks-kəşfiyyatçı olub.
Bu bölümün sonunda qeyd edim ki, ədəbiyyat tənqidçiləri qeyd olunan dövrlərdə yazılmış əsərləri mövzu üzrə təsnifat etməyə meyillidirlər.
Bu təsnifat şərti olaraq aşağıdakılardır:
1. Qarabağ və məcburi köçkün həyatından bəhs edən əsərlər
2. Tarixi
romanlar
3.
Avtobioqrafik əsərlər
4.
Postmodern, yaxud magik-realist əsərlər
Qarabağ və məcburi
köçkün həyatı ilə bağlı əsərlər
Qarabağ
və məcburi köçkünlərlə bağlı
diqqət çəkən əsərlər sırasında
Şərif Ağayarın "Gülüstan" və
"Arzulardan sonrakı şəhər", Mehman Sevindiyin
"İşğal", Vüsal Nurunun
"Qaraqaşlı", Gülşən Lətifxanın
"Kabus", Mustafa Çəmənlinin "Üç
yaşlı əsir", Meyxoş Abdullahın "Əsir
qadın", Vahid Məhərrəmlinin "Kəsilməyən
atəş səsləri", Kamran Nəzirlinin
"Dördüncü möhür", Nüşabə Məmmədlinin
"Qondarma qız" povest və romanlarının,
Elçin Hüseynbəylinin "Gözünə gün
düşür" hekayələr toplusunun adını
çəkmək olar.
Şərif Ağayarın "Arzulardan sonrakı şəhər"
əsəri sintetik-sinkretik üslubda yazılıb və qədim
Misirdə baş verən qəhrəmanlıq dastanı ilə
köçkünlük həyatı yaşayan ailənin
taleyi paralel işlənib. Onun obrazları diridir
və hərə öz düşüncəsinə uyğun,
öz dünyagörüşünə adekvat dillə
danışır.
Müəllifin ondan əvvəl yazdığı və
yenə də köçkün insanların həyatından
bəhs edən "Gülüstan" romanında isə
ictimai-sosial, siyasi həyata etiraz öz əksini tapıb.
Cavan nəslin
nümayəndəsi olan Vüsal Nuru "Qaraqaşlı"
romanının epiqrafında yazır: "Müharibə siyasətçilərin
oyunu, dövlətlərin qazancı, ailələrin faciəsidir".
Bununla da o, əsərinin mahiyyətini və
ideyasını müəyyənləşdirir. Yazıçı
əslən Dağlıq Qarabağdan olduğu
üçün və həmin olayların içindən
keçdiyinə görə o tərəflərin hər yerinə,
təsvir etdiyi mənzərənin hər detalına bələddir.
Müharibəni öz üzərində birbaşa hiss edən
insanlar, döyüşən əsgərlər və
onların düşüncələri əsərin ideya və
mahiyyətinə uyğundur.
Kamran Nəzirlinin "Dördüncü
möhür" tarixi-psixoloji romanı 1988-ci ildə Qərbi
Azərbaycandan zorən qovulan bir ailənin faciəvi həyatından
bəhs edir. Əsərin qəhrəmanı Banu adlı yeniyetmə
qızdır, sadə bir ailədə böyüyür,
Sisyanın Ağudi kəndində rahat bir həyat
yaşayır. Lakin erməni separatçıları
Qarabağda baş qaldırandan sonra onu və bütün ailəni
doğma kəndindən qovurlar, əvvəlcə
Laçında məskunlaşırlar, birinci Qarabağ
savaşı zamanı onları Laçından da qovurlar, beləliklə,
ailə Bakıda qaçqınlıq həyatı
yaşayır. Qəfil baş verən faciəvi
hadisələr həyatı dözülməz edir, beləliklə,
müharibə səngərlərdə yox, əslində
beyinlərdə, şüurlarda, qəlblərdə davam edir.
Sevindik Mehmanın "İşğal"
trilogiyasında Qarabağda - döyüş bölgəsində
hadisələrin ilk başlanğıcından etibarən
könüllülərdən ibarət dəstələrin
apardığı döyüşlərdən, cəbhədə
olan pərakəndəlikdən, başsızlıqdan bəhs
edilir.
Gülşən Lətifxanın "Kabus" povesti ermənilərin
indiki Ermənistan ərazisinə gəlmə olduqlarına,
Rus imperiyasının köçürülmə siyasəti
və rus-erməni birləşmələrinin
işğalçılıq siyasətinin nəticələrinə
işıq salır. Yazıçının düşüncəsinə
görə, süni şəkildə yaradılan indiki Ermənistan
Qafqazda - türk-islam dövlətlərinin sərhədində
bu dövlətlərə qarşı bufer zona kimi
yaradılıb və davam edən bəlalarımızın
kökü də bundadır.
Yazıçı
M.Çəmənlinin "Üç yaşlı əsir"
povestinin əsas məzmunu könüllülərdən ibarət
batalyonun Naxçıvanikə hücumu zamanı ermənilərin
qoyub qaçdıqları üç yaşlı Sergeyin
Teymur tərəfindən tapılması, onun Teymurun ailəsində
heç bir ögey münasibət göstərilmədən
saxlanılması və bir müddət sonra sağ-salamat
qarşı tərəfə təhvil verilməsi üzərində
qurulsa da, sovet və müstəqillik dövrünün
müxtəlif məqamları da süjetə əlaqəli
şəkildə daxil edilib.
Yazıçı Novruz Nəcəfoğlunun "Yuxuya
gedib gecə" kitabına daxil edilmiş "Ağ qayadan
atılan güllə" povestində insan ağrısı və
itkisi ön plana çəkilir və ümumiləşdirilir. Xeyir işə
hazırlaşan Rəhman kişi
Qarabağ döyüşlərində oğlunun şəhid
olması xəbərini alır.
Bir insanın, yoldaşını itirmiş,
balalarını başına yığıb
ömrünü sürən tənha bir kişinin,
qızının toyuna hazırlaşan Rəhmanın
ağrısı, faciəsi oxucuya dərin təsir edir. Ataların
dediyi - bir gözümüz ağlayanda o biri gülür -
ifadəsinin təsadüfi olmadığı əsərin
ideya xəttinə xidmət edir.
Meyxoş
Abdullahın "Əsir qadın" romanında Səidə
adlı gənc bir qadının üç il
erməni əsirliyində keçirdiyi məşəqqətli,
işgəncələrlə dolu əsirlik həyatından bəhs
edilir. Ağlagəlməz vəhşiliklərlə
üzləşən gənc qadın namus və ləyaqətinin
tapdanmasını düşmənə bağışlaya
bilmir və son nəfəsinədək təkbaşına
mübarizə aparır.
Kitaba yazdığı ön sözdə professor Vaqif
Yusifli Meyxoş Abdullahın bu əsərinə yüksək
qiymət verir və onu çağımızla səsləşən
əsərlər müəllifi kimi dəyərləndirir.
"Zəngulə"dən sonra Nüşabə Məmmədlinin
Qarabağ və məcburi köçkünlərin həyatından
bəhs edən "Qondarma qız" romanı nəşr
olunub (2015). Əsərdə ermənilərin işğalı
zamanı məcburi köçkün düşmüş,
ailə üzvlərini itirmiş Dönməz adlı qəhrəmanın
taleyindən bəhs edilir. O, kəşfiyyatçı
kimi erməni xislətli adamların içərisinə
sızır və ailəsinin (soydaşlarının)
intiqamını alır.
Avtobioqrafik əsərlər
Son illər ədəbiyyatda,
xüsusilə roman yaradıcılığında avtobioqrafik
əsərlərin artımı müşahidə edilir.
Bu mənada Seyran Səxavətin "Qaçaqaç",
Sabir Əhmədlinin "Yazılmayan yazı", Əli
Əmirlinin "Ağdamda nəyim qaldı"
romanlarını misal çəkmək olar.
Seyran Səxavətin "Qaçaqaç"
romanından başlayaq.
Əsərdə yazıçının yeniyetməlik
dövründən, Bakıya gəlişindən, həmin illərdə,
yəni 60-cı illərdə ədəbi cameəmizdə
baş verən hadisələrdən, həmin hadisələrin
iştirakçılarından yüngül yumor və ironiya
ilə danışılır. Uşaqlıq, gənclik
illərinin xatirəsi kimi başlayan romanda sonradan
ayrı-ayrı portret xarakterli fəsillərə keçid
edilir və sanki bu keçidlər məqsədli edilmir, hadisə
hadisədən doğur. Oxunaqlı dildə,
özünəməxsus, rəvan təhkiyədə
yazılmış "Qaçaqaç" romanında təkcə
müəllifin yox, həm də müxtəlif insanların
portretini görmək olar.
Ötən dövr dərc olunan memuarlardan biri də
Sabir Əhmədlinin "Yazılmayan yazı" əsəridir. Əsərdə
Cəbrayılın tarixi, orada yaşayan insanlar, ziyarətgahlar
haqqında əhvalatlar danışılır və
keçmişdən başlayaraq təsvir edilən bütün
hadisələr bu günün faciəsi olan Qarabağ məsələsilə
eyniləşdirilir.
Əli Əmirlinin "Ağdamda nəyim qaldı"
avtobioqrafik romanı isə daha çox onun
uşaqlığını əks etdirir. Əsər
müəllifin maraqlı bir olaya münasibətinin ifadəsi
ilə başlanır. Roman avtobioqrafik olsa
da, burada daha bir insanın - Qacar rolunu oynamış aktyorun
taleyi bir roman kimi diqqəti cəlb edir.
Tarixi
romanlar
Tarixi romanların bir
qisminin adını "paralellər" fəslində
çəkdiyimə və yığcam təhlilə cəlb
etdiyimə görə onların üstündən keçirəm.
Sadəcə qeyd etmək istəyirəm ki, ötən
dövr ərzində Yunus Oğuzun "Atabəy Eldəniz",
"Sultan Alp Arslan", "Səfəvi şeyxi",
Hüseynbala Mirələmovun "Qazi Bürhanəddin səltənətinin
süqutu", Məmməd Orucun "Qara güzgü", Nəriman
Əbdürrəhmanlının "Taclı", Kənan
Hacının "Hacı İsgəndər" romanları
nəşr edilib.
Yunus Oğuz öz romanlarında ənənəvi epos,
dastan təhkiyəsinə sadiq qalır. Dövrün
ab-havasını verməklə bərabər, baş verən
hadisələrin xronologiyasına nəzər salır və
olayların mahiyyətini açmağa
çalışır. Yunus Oğuzun, demək olar ki, əsərlərinin
hamısında türçülük ideologiyasına sadiqlik
duyulur və qırmızı xətt kimi keçir. Bu mənada
akademik Nizami Cəfərovun fikirləri maraq doğurur:
"Yunus Oğuz türkün tarixini bütöv görməyi,
ayrı-ayrı hadisələri həmin
bütövlüyün tərkib hissəsi kimi təsəvvür
(və təqdim) eləməyi ustalıqla bacarır.
H.Mirələmovun "Qazi Bürhanəddin səltənətinin
süqutu" romanı iki hissədən ibarətdir. Əsərin
birinci hissəsində XIII əsrdə ilk Azərbaycan dövlətinin
bünövrəsini qoyan hökmdar Qazi Bürhanəddindən,
ikinci hissəsində isə İkinci Mehmetlə Uzun Həsən
arasındakı müharibədən bəhs edilir. Sonuncu məsələdə müəllif iki sərkərdə
arasında intriqa və döyüşlərdən yazsa da,
daha çox barışdırıcı xətti əsas
tutur.
Nəriman Əbdürrəhmanlının
"Taclı" romanı xalqımızın gərəkli
tarixinə həsr olunub və görkəmli dövlət
xadimi Şah İsmayıl Xətai və onun həyat
yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Müəllif
romanın tarixi mənbələrə əsaslandığını,
Səfəvilər dövrünün gizli qalan məqamlarına
işıq tutduğunu bildirib. Müsahibələrinin
birində o deyib: "Roman sırf tarixi mənbələrə
əsaslanır. Romanı yazmağa hazırlaşanda illərlə
saysız-hesabsız mənbələrlə tanış
olmuşam, salnamələri, xronikaları, məqalələri,
bədii əsərləri oxumuşam. Məncə,
narazılıq yaratmayacaq, çünki Şah
İsmayılla Sultan Bəyazid, Sultan Səlim, eləcə də
Sultan Süleymanla Şah Təhmasib arasındakı münasibətlər,
eləcə də Taclı Bəyimin taleyi həqiqətə
söykənir".
"Sultan körpüsü" romanı
yazıçı Əyyub Qiyasın son dövrlərdə qələmə
aldığı yeni irihəcmli nəsr əsəridir. Romandakı
hadisələr tariximizin müxtəlif dövrlərini əhatə
edən faktlara və tarixi bilgilərə söykənir.
Əsərdə Fərhad adlı iş adamının həyatı
və mənsub olduğu böyük bir nəslin tarixindən
bəhs olunur. XVII əsrin tarixi mənzərəsi, bu əsrdə
mövcud olmuş, lakin haqqında çox az
danışılan Şəmsəddin mahalı, onun feodal
hakimi Nəsib sultan və yaxın adamlarının, Azərbaycan
xalqının XX əsrin əvvəllərində qurduğu
cümhuriyyət tarixində müəyyən rol
oynamış tarixi şəxsiyyətlərin ziddiyyətli
obrazları yer alıb.
Məmməd Orucun "Qara güzgü" romanı
1918-1920-ci illərdən - Vedidə ermənilərə
qarşı mübarizədən bəhs edir.
Əsər simvolik olaraq belə adlandırılıb. "Qara
güzgü" dedikdə qəhrəmanın
saxladığı atın gözü nəzərdə
tutulur və orada özünü görən qəhrəman əslində,
xalqının taleyini də məhz bu qara güzgüdə
görür və təsvir edir. "Atlar
da xalqlar kimidir, onları asan ram eləmək olmur". Məncə, əsərin ideya xətlərindən
biri də budur.
Akademik Nizami Cəfərovun romana yazdığı
ön sözdə deyildiyi kimi, "Roman Vedi mahalının
timsalında xalqımızın başına gətirilən
faciələrin metafizikasını bütün genişliyi və
dərinliyi ilə təqdim edir".
Kənan Hacının "Hacı İsgəndər"
tarixi romanı 1918-1920-ci illərdə Bakıda və ətraf
kəndlərdə baş vermiş hadisələrdən bəhs
edir. Romanda Qafqaz İslam Ordusunun Bakıya gəlişi və
şəhəri xilas etməsi, özünümüdafiə
dəstələri yaradaraq orduya kömək etmiş Hacı
İsgəndərin yenilməz xarakteri təsvir edilib.
Romanda
Ömər Faiq Nemanzadə, Hacı Zeynalabdin Tağıyev,
Ənvər Paşa, Nuru Paşa, Ruhulla Axundov, şairlərdən
Əliağa Vahidin, Haşım bəy Saqibin və digər
tarixi şəxsiyyətlərin obrazları yaradılıb.
Magik realizm və mistik realizm
Son dövr ədəbi
tənqidin diqqətini çəkən əsərlərin
bir qismi mistik və magik realizm üstündə qurulan roman və
povestlərdir və janr təsnifatı şərtidir.
Bunlar Xalq
yazıçısı Anarın "Göz muncuğu",
Xalq yazıçısı, akademik Kamal Abdullanın ötən
il tamamladığı "Sirlərin sərgüzəşti",
Səfər Alışarlının "Qız və
maneken", Zahid Sarıtorpağın "Kül",
"Qarğa marşrutu", "Dərdin sarı çəpkəni"
romanları və Qan Turalının "Fəza səyahəti
dərsləri" povestidir.
Anarın "Göz muncuğu" povestindən
başlayaq. Əsər magik realizmin bariz nümunəsidir. Povestin baş qəhrəmanı Əhliman öz
daxilində Şəri - Əhriməni və Xeyiri -
Hörmüzdü birləşdirir.
Qəbirdə ayılan Əhlimanın işıqlı
xatirələri Hörmüzddən, pis xatirələri isə
Əhriməndən gəlmədir. Əsər boyu Xeyirlə
Şərin mübarizəsi davam edir və bu mübarizə
insanlığın hər dövrünə aiddir. Povestə
ön sözündə Pərvin yazır: "Bu cür
qeyri-adi adamlar, mistik qəhrəmanlar Anar nəsri
üçün xarakterikdi. Məsələn, "Mən, Sən,
O və telefon" hekayəsində qəhrəmanın bir
qadını öz-özünə qısqanması,
özüylə rəqabətə girməsi, yaxud
"Əlaqə" povestində mistik hadisələrlə, əhvalatlarla
üzləşən, yaxud da bunları sadəcə uyduran tələbə
obrazı, "Qırmızı limuzin"də ölüm
kabusundan qurtula bilməyən, hər yerdə qabağına
qırmızı limuzin çıxan qəhrəman və
s.".
Kamal Abdullanın "Sirlərin sərgüzəşti"
əsəri də əvvəlki romanları kimi
("Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi",
"Unutmağa kimsə yox") mistik-magik aurada qurulub. Çünki
sirr içində sirr onun nəsrinə xasdır.
Bu
romanın da yer aldığı kitabın redaktoru və
"Ön söz"ün müəllifi Əlövsət
Ağalarov yeni əsəri belə xarakterizə edir:
"Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan
uzun müddət ayrılmaq olmur, yaddaşın
yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə
aləmə aparır".
"Sirlərin sərgüzəşti" romanı
arxetiplərin həm obraz, həm kompozisiya, həm də dili
baxımından tüğyan etdiyi bir ədəbi
bütövdür. Məlikməmmədi zülmətdən qurtaran, Səidə
məsləhət verən, ona əhvalatlar danışan
("Tutinamə"), Robinzona həmdəm olan, Cimin
çiynindən düşməyən ("Dəfinələr
adası"), quşların insanlardan gizli saxladığı
(təkcə Süleymana agah olan) sirrini faş edən
tutuquşu özlüyündə ikiləşmənin, eyni
zamanda həm quş, həm insan ola bilmənin, paralel
yaşamın simvolu kimi bu romana da yansıyıb. Həsən
müəllim eyni zamanda həm real, həm də irreal zaman və
məkanda ola bildiyi kimi, romandakı
tutuquşu da eyni zamanda həm diri, həm də ölü
müqəvva ola bilir".
"Sirlərin sərgüzəşti"ndəki
arxetipik məqamlar romanı müəllifin digər mətnləri
ilə aşkar və gizli lağımlarla bağlayır.
Səfər Alışarlının "Qız və
maneken" əsərində dövrün ictimai-siyasi hadisələri
psixoloji aspektdə verilib. Əsərin
başlanğıcında daim atasından ötrü
ağlayan və buna görə işdən çıxan
atadan danışılır. İlk
baxışdan sadə görünən bu həqiqət
mürəkkəb hadisələrlə davam edir.
Tənqidçi
Məti Osmanoğlu yazır: "Qız və maneken"
povesti Səfər Alışarlının
qarşısında hekayə janrında sınaqdan
keçirdiyi üçölçülü təqdimat
sistemini reallaşdırmaq üçün yeni üfüq
açır...
Əsərin süjeti kifayət qədər dramatik bir
hadisə üzərində qurulub. Uzun müddət dənizdə
- 34-cü platformada çalışmış neft mühəndisi
Yaşar Musayev ərizə yazıb təkidlə işdən
azad olunur.
Musayevin qızının axşamlar aramsız şəkildə
ağlayaraq atasını dəniz platformasındakı
işindən ayrılmağa məcbur etməsi və bunun
ardınca platformada yanğın baş verməsi, onun növbə
yoldaşlarının fəlakətə uğraması əvvəlcə
sürrealizmin daha sıx müraciət etdiyi ürəyədamma
kimi qavranılır. Bunun əsaslandırılması üçünsə
müəllif əsərə daha maraqlı bir effekt gətirir:
magik realizm təcrübəsindən tanış olan şərtiliklər
aktuallaşdırılır".
Zahid Sarıtorpağın hər üç əsəri
- "Qarğa marşrutu", "Dərdin sarı çəpkəni"
və "Kül" mistik-magik ab-hava qoxuyur.
Filologiya
üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı
yazıçının əsərlərini yüksək dəyərləndirərək
yazır: "Hər üç roman eyni sistem daxilində
işlənilib. Reallıq və mistik dünya, mistik qəhrəmanlar
arasında əlaqə, keçid, keçə bilməmə,
amma arayışda olma, o dünyanın aparıcı bir şəxsinin
ardınca düşərək keçidə doğru irəliləmə
və o dünyaya adlama... Qəhrəmanların
qurtuluşu məhz bu xətt üzrə reallaşır".
Qan Turalının "Fəza səyahəti dərsləri"ndə
isə təkyəyə verilmiş bir uşağın həyatından,
həyatda qarşılaşdığı çətin suallara
cavabların axtarışından bəhs olunur.
Sərbəst
Bu bölümdə təsnifatlara uyğun gəlməyən,
amma ədəbi ictimaiyyətin, tənqidçilərin diqqətini
çəkən bəzi əsərlərdən söz
açacağam.
İlk
olaraq Xalq yazıçısı, siyasi detektiv janrının
ustalarından biri Çingiz Abdullayevin adını çəkmək
istəyirəm...
2015-2019-cu illər arasında yazıçının 13
romanı işıq üzü görüb. Onlardan bəziləri,
məsələn, "Eranın əvvəllərində
sui-qəsd" romanı təkrar nəşr olsa da, tarix
baxımından maraqlıdır. Əsərdə
Roma imperatoru Yuli Sezarın həyatından və sui-qəsddən
söhbət gedir.
"Onun dözülməz həyatı"
trilogiyası İnstitut direktoru, seksual-manyak professorun iyrənc
əməllərindən söz açır.
Film izləyicilərinin
və detektiv oxucuların sevimli obrazı olan Dronqo ilə
bağlı daha beş roman da
sadaladığım illər ərzində ədəbi
ictimaiyyətə təqdim olunub.
Məmməd Orucun "Malakan kəndinin
payızı" povestində Saratovka kəndinə rus dilini
öyrənməyə göndərilən və bir dönəm
orada yaşayan uşağın macərasından bəhs
edilir. Müəllif böyüyəndən sonra müəlliməsi
İrina Vasilyevnanın axtarışına çıxır,
Truskovetsə (Ukrayna) gedir, onun qəbrini tapır, müəlliməsinin
pis vəziyyətdə olan məzarınıı təmir
etdirir, mərmər başdaşı qoydurur.
Kövrək bir xatirə əsəridir.
Aqil Abbasın "Camış bağa girdi, gəl"
hekayəsi yazıçının özünəməxsus
yumor hissi ilə yazılıb, köhnə kişilərdən,
onların xasiyyətindən, canlı həyatdan bəhs edir və
adama elə gəlir ki, avtobioqrafik əsərdir,
çünki canlıdır.
Filologiya
elmləri doktoru, məşhur tənqidçi Vaqif Yusifli Aqil
Abbasın bu hekayəsi barədə yazır: "Hekayə
nostalji hisslər üzərində qurulub və mən də
bu hekayəni oxuyanda elə o hissləri
keçirdim.
Bu hekayə Aqil Abbasa məxsus olan və onun fərdi
üslubunu, yazı tərzini müəyyənləşdirən
eyni xətt üzrə diqqəti cəlb edir.
Aqil Abbas Dayı və Bacıoğlu obrazları vasitəsilə
sanki bizim əlimizdən tutub Sovet dövrünün "həqiqətlərinə"
çəkib aparır. Hekayədə tənqid pafosu ilə yumor
xətti iç-içə gedir, biri digərini inkar eləmir".
Müəllifin "Eynəyin itməkliyi" əsəri
də eyni yumor qatındadı. Burda klassiklərimiz rəmzi
mənada xatırlanır. Postmodern
üslub da deyirlər buna.
Yazıçı Səyyad Aranın "Sazaq"
adlı povest və hekayələr toplusunda 6 əsəri yer
alıb.
Onlardan üçü son illərin məhsuludur:
"Günün günorta çağı", "Havalar
soyuyanda" və "Sazaq". Bu hekayələrdə
cəmiyyət və insan qarşılaşdırılır
və baş verən mənəvi toqquşmalara fəlsəfi
aspektdən yanaşılır.
Novruz Nəcəfoğlunun
"Keçən cavan çağım ola"
povestində qədim və yəqin ki, son kişilərdən
olan Kəlbi əminin obrazı koloritli boyalarla işlənib və
bir obraz kimi adam onu sevir və yadında saxlayır.
İlqar Fəhminin "Karmen" povesti qadın-kişi
münasibətlərindən bəhs edir və
çağdaş dövrümüzlə səsləşən
bir mövzudur.
Yazıçının son əsəri
"Gürgan şərabı" çaparaq
romanıdır və müəllifin bəzi əsərləri
kimi Bakı kəndlərinin həyatından söz
açır.
Murad
Köhnəqalanın "Zamanın üst küçəsi"
rəngli povesti illər öncə yazdığı
"Bulud pinəçisi" əsərinin genişlənmiş
variantıdır və beş yaşlı
Zeynəbin dilindən nəql edilir. Uşaq
atasının qəribə peşə sahibi - bulud pinəçisi
olduğundan, onun başına gələn maraqlı əhvalatlardan
danışır.
Yazıçı-ssenarist
Orxan Fikrətoğlunun ötən dövr ərzində iki nəsr
kitabı çap olunub: "Ölü mətn" və
"Tülü".
Son kitaba yazıçının hekayə və povestləri,
eləcə də eyniadlı romanı daxil edilib.
"Tülü" romanında zəlzələ
zamanı ağzı kilidli zirzəmidə qalan insanın
öz həyatını göz önündən keçirməsi,
çəkdiyi əzablar və puç bir həyat
yaşaması təsvir olunub. Lakin həmin adam
sonradan heç nə olmayıbmış kimi öz həyatına
davam edir.
Ötən dövr Tural Anaroğlunun "Yad planetli"
hekayələr toplusu ədəbi ictimaiyyətə təqdim
edildi. Burada toplanan hekayələr həm ictimai-sosial, həm
də hərbi-siyasi baxımdan öz cəsarətliyilə
seçilir. İncə yumor hissinə
malik olan yazıçı sözünü deməyi
bacarır.
Akademik
Kamal Abdulla kitaba yazdığı ön sözdə deyir:
"Uşaq doğulandan sonra onun dil açıb
danışması tez də ola bilir, gec də.
Tural bu mənada gec dil açanlara şamil edilə
bilər. Və bütün bu zaman ərzində,
sən demə, öz içinə - beyninə, qəlbinə
söz-söz, cümlə-cümlə, duyğu-duyğu, kədər-kədər
möhtəşəm bir yük yığırmış və
dağ selinin ağzı açılanda nə şəkildə
şığıyırsa, o şəkildə biz bu möhtəşəm
yükü bu gün dəyərləndirə bilirik. Kimi bu yazıda Bulqakovun izini axtaracaq, kimi Mirzə Cəlilin,
Haqverdiyevin, Əziz Nesinin. Kimi də lap elə
Anarı xatırlayacaq. Olsun. Elə
belə yaxşıdır!".
Ədəbiyyatşünas-professor Vaqif Sultanlının
son illər yazdığı əsərlər ədəbi tənqidin
diqqətini cəlb edib. Filologiya üzrə fəlsəfə doktoru Nərmin
Cahangirova diqqəti "Kül qəfəs",
"Zolaqlı yuva" hekayələrinə yönəldir və
insan iztirabının məharətlə qələmə
alındığını bildirir.
Oqtay Əhmədovun "Köhnə məhəllənin
uşaqları" povesti Bakı şəhərində bir məhəllənin
təəssübünü çəkən Şirbalanın
faciəsindən bəhs edir. Əslində isə məhəllə
Bakı şəhərinin özünü simvolizə edir.
Yazıçı müşahidəsi və təhkiyəsi
maraqla izlənilir.
Yazıçı
Varisin son beş ildə bir neçə
kitabı nəşr olunub. Onların içərisində
"Son məktub" və "Yanvarın on
üçüncü günü" daha çox diqqəti
cəlb edib. "Son məktub" əsərində
İstanbulda məcburən mühacirət həyatı
yaşayan bir qadının acınacaqlı taleyindən
danışılır. Adını
çəkdiyimiz digər fəlsəfi-psixoloji romanda isə əsərin
qəhrəmanı yanvarın ilk on üç günü ərzində
öz yaşantılarından danışır və hər
günün sonunda bir ibrətamiz hekayə söyləyir.
İlqar Rəsulun "Getmə..." romanı
maraqlı süjetə və təhkiyəyə malikdir. Keçidlər
insan ovqatı kimi dəyişkəndir. Nostalji
hisslər yoluxdurucudur. "İnsan və
zaman, xeyir və şər, insan münasibətləri və
xoşbəxtlik, həyat və ölüm - bütün
bunlar iki müstəvidə öz əksini tapır -
gerçəklik bəzən mistik auraya bürünür,
simvolik xarakterli lövhələr isə xəyali ümumiləşdirmələrdə
bütöv bir tablo yaradır" - deyə romanın
annotasiyasında qeyd olunur.
Mübariz Örənin "Balıq
gülüşü" kitabına daxil edilmiş maraqlı
hekayələrdən ən diqqətimi çəkən
"Qar tanrısı" oldu. Bu hekayədə insanın daim zirvələrə
can atması və bunun sonunda bir faniliyin olması
anladılır. Hekayədən Avropa
düşüncəsinin qoxusu gəlsə də, şərqli
qələminin məhsulu olması aydın gözə
çarpır.
Cavid Zeynallı gəncliklə orta nəslin sərhədində
olduğuna və son iki hekayəsi diqqət çəkdiyinə
görə qısaca danışmaq istərdim. Onun "Tarix
müəlliminin kədəri" müzakirələrə də
səbəb oldu. Müxtəlif və fərqli
fikirlər səsləndi. Yazıçı Rəşad
Məcid hekayəni belə dəyərləndirib və onunla
razılaşıram: "Cavidin hekayəsini "Ədəbiyyat
qəzeti"ndə oxudum. Əvvəlcə indi az rast gəlinən su kimi axıcı dilə,
oynaq təhkiyəyə heyran oldum. Əsərin
qəhrəmanının təzadlı ovqatı məni
çulğadı, pul tapıb narahatlıq keçirən
kasıb, saf kənd müəlliminin düşüncələrinə
inanmaq istəməsəm də, yazıçı peşəkarlığının
diktəsilə inanmağa məcbur oldum, gözlənilməz
sonluqdan təsirləndim".
Cavidin daha bir hekayəsi "Coğrafiya müəlliminin
pencəyi" də oxşar ovqatın məhsuludur. Bu da yəqin,
onun müəllimlərə sevgisindən irəli gəlir.
Tamara Vəliyevanın
"Günəşin arxasında", Əyyub Qiyasın
"Snayper", Şərif Ağayarın "Şəkil"
hekayələri də yaddaqalan olub.
Bəyəndiyim və son oxuduğum yığcam hekayə
şair və publisist kimi tanıdığımız Qulu
Ağsəsin qələminə məxsusdur. "Duman"
adlanan hekayədə Qarabağ müharibəsi öncəsi
erməni-azərbaycanlı münasibətlərindən
söz açılır.
Daha bir istedadlı şairimiz Xəyal Rza da, deyəsən,
nəsrə keçid etməkdədir. Onun
"Meşəbəyinin qonaqlığı" hekayəsi
incə yumoru və təhkiyəsi baxımından cəlbedicidir.
Şabranda yaşayan yazıçı Aydın
Tağıyevin imzası hekayələr müəllifi kimi
hamımıza yaxşı tanışdır. Onun ilk irihəcmli əsəri
- "Yuxuda
qətl" povesti ötən dövrdə çap olunub. Bu əsərdə
də o, hekayələrində olduğu kimi ("Alma
oğurlayan divlər", "Buz heykəllər əriyir",
"Dan üzü ölən adam" və
s.) insanın özünü islah edib tərbiyələndirməsini
ön plana çəkib. Onun mətbuatdan izlədiyim
"İspan çəkməsi" adlı romanından
parçaları da oxumuşam və ümid edirəm ki,
maraqlı bir əsər ortaya çıxacaq.
Cavan yazıçımız Təranə Vahidin
yığcam hekayələri də yaxşı mənada
müzakirələrə səbəb olub. Yazıçı Seyran Səxavətin
sözlərinə diqqət yetirək: "Gənc yazarlardan,
mənim üçün bir tapıntı sayılan nasir Təranə
Vahiddir. Onu oxuyandan sonra sanki dünyanın ən
böyük yazıçılarından birini tapmışam.
Biz bəzən özümüz
özümüzə qiymət vermirik. Amma
düşünürəm ki, o yazar mənim üçün
bir hadisədir. Təranə Vahidin
bütün yazılarını oxumuşam və deyərdim
ki, möhtəşəm bir yazıçıdır".
Təranə
Vahidin "Mən toz dənəsiyəm",
"Qarışqa təqvimi", "Durna adam",
"Göy üzü qanamışdı", "Quş
dili", "İntihar", "Qorxu çiçəkləri",
"Dəfn nəğmələri",
"Qırmızı quyu", "Xırda bəhanələr"
hekayələri yaddaqalan olub.
Poeziyadan nəsrə uğurlu keçid edən xanım
yazıçılarımızdan biri də Narıngül
Nadirdir. Onun "Qar çiçəyi" adlı nəsr
kitabında yazarın modern üslubda qələmə
alınmış hekayə, esse və publisistik yazıları
yer alıb. İnsanın fərdi
düşüncəsinin üzə
çıxarılması, mürəkkəb qadın
dünyasının sirlərinin açılması, psixoloji
məqamların dəqiqliklə, incə detallarla sərgilənməsi
kitabdakı yazıların əsas xüsusiyyətini təşkil
edir.
Pərvin son dövr müxtəlif səpkili janrlara
müraciət etsə də, publisistikadan sonra onun ən
çox işlədiyi janr hekayədir.
Son vaxtlar
yazıçının "525-ci qəzet"də "Dəniz"
Aptek" və "Ala qarğa" adlı iki hekayəsi dərc
olunub. Həmin hekayələrdə zamanların
və sivilizasiyaların toqquşması qələmə
alınıb. Əsasən şəhər mühitindən
bəhs edən, insan taleyi və
yaddaşsızlığını ön plana çəkən
bu hekayələr haqqında tənqidçi Əsəd
Cahangir belə yazır: "Pərvinin hekayələrində
diqqəti çəkən nədir? Bu hekayələr toplum,
təbiət və insan haqda söz demək üçün
material verir, onların altyapısı, gözəgörünməz
fundamenti var, mətnlər sadəcə qaba, kobud nasir
stixiyası hesabına yox, həm də ağlın,
savadın müdaxiləsi ilə yazılıb - bir sözlə,
bu hekayələrin elmi var".
Ötən
beş il ərzində
yazıçı-dramaturq Firuz Mustafanın nəsr
yaradıcılığı öz miqyası və mövzu rəngarəngliyi
ilə diqqəti cəlb edib. Əsərlərindən ibarət
30 cildliyini nəşr edən yazıçının
"Payız süvarisi" povestinin qəhrəmanları
yeni dövrün fransız və azərbaycanlı vətəndaşları
olsalar da, hadisələr öz ilkin qaynağını
İkinci Dünya savaşından götürür. Fransada müqavimət hərəkatının
döyüşçüsü olmuş Rəhman Əsgərovun
həyatı fonunda baş verən gərgin-dramatik hadisələr
öz psixoloji dərinliyi ilə oxucunu cəlb edir.
"Ölü
dildə sevgi məktubları", "Qatillər" və
s. hekayələrində müasirlərimizi narahat edən
problemlərə toxunulub.
Öz məhsuldarlığı ilə seçilən
Mübariz Cəfərlinin "İkinci Adəm"
romanını qeyd etmək istərdim.
Çoxsaylı kodu olan bu romanda Nizaminin əsərləri
ilə paralellər aparılmaqla yanaşı, nəsrin
imkanlarının genişliyi nəzərə çarpır.
Bu əsərdə zaman-məkan anlayışı itir,
hazırlıqlı oxucu dünya yaranandan bu günümüzəcən
zamanın müxtəlif qatlarında gərdiş eləyir. Bu əsəri
sonsuzluğa həsr olunan roman da adlandırmaq olar.
Natiq Məmmədlinin 2017-ci ildə işıq
üzü görmüş "Bekketə salam" toplusunda
yer almış on hekayəsi son illərin qələm məhsuludur. Müəllifin
sayca üçüncü kitabındakı hekayələr həyata
müxtəlif baxış bucaqlarından işıq
salır, fərqli adamlar və oxşar talelər əsərlərin
ana xəttini təşkil edir.
Natiq Məmmədlinin hekayələrində qələmə
alınan əhvalatların çoxu sadəcə
danışılır, müəllifin müdaxiləsi,
münasibəti duyulmur. Nəticə haqqında düşünmək
oxucunun öz ixtiyarına verilir. Bir məziyyət
də diqqətimi çəkdi ki, müəllifin sözə
münasibəti çox məsuliyyətlidir. Bu mənada
onun qələmindən çıxan hər bir hekayənin
öz məntiqi, öz ünvanı və məramı var.
"Bekketə salam", "Şuşa dumanı",
"Professor və samuraylar", "Tiflis
yolçuları", "Günah" və s. mənəvi
dəyərlərimizin hifz edilməsinə yönəlib.
Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə"
romanı keçid dövrünün qayğıları ilə
yaşayan ər-arvadın müxtəlif yollarla varlanmaq həvəsi
və hər dəfə uğursuzluğa düçar
olması barədədir.
2015-ci ildə Zemfira Məhərrəmlinin povest, hekayə,
mənsur şeirlər və esselərindən seçmələrin
toplandığı "Oyuncaq" adlı əsəri
çap edilmişdir. "Oyuncaq" povestində Nərgiz və
Rəsul sevgisi Leyli-Məcnun silsiləsinin bir
çalarıdır. Leyli Məcnuna
qovuşmadığı kimi, Nərgiz-Rəsul sevgisi də
baş tutmur. Müəllif onların qəlb
çırpıntılarını, mehriban, isti münasibətini,
ünsiyyətini real təsvir edir. Böhranlı
çağlar, ortaya çıxan maneələr, mənəvi
fırtınalar iki gəncin məhəbbətinə sədd
çəkir. Müəllif təhkiyə
üsullarından bəhrələnərək, təsvir
etdiyi hadisələrin əsl mahiyyətini açmağa
çalışır və odur ki, bu olaylar oxucular tərəfindən
real qavranılır.
Kənan Hacının "Fironun dəftəri" əsərini
də qeyd etmək istərdim. Roman mənəvi dəyərlərdən
daha çox, maddi dəyərlər uğrunda savaşan və
bütün insani keyfiyyətlərini itirmiş bir gəncin həyatından
bəhs edir. Eyni zamanda ötən əsrin
90-cı illərindəki mürəkkəb, ziddiyyətli
dövr təsvir edilir. "Fironun dəftəri"
qədim Misir hökmdarı ilə müasir insanın
arasında əlaqə yaradır. Musa
peyğəmbər və Tanrı ilə mübarizə aparan
fironla müasir firon qarşılaşdırılır.
Taledən qisas almaq. İtirdiklərinin
heyifini çıxmaq. Əsərin əsas
ideyası, məncə, budur.
Ötən
dövr (2015-2016) Eyvaz Zeynalovun iki romanı çap olunub:
"Ömrə atılan daş" və "Alın
yazısı". Hər iki romanda insan taleyindən,
qəhrəmanların keşməkeşli həyatından və
yaşam uğrunda mübarizələrindən bəhs edilir.
Bu baxımdan "Alın yazısı"
romanını fərqləndirərdim.
Əsərdə bir insanın nadir rast gəlinən macəra
dolu həyatından danışılır. Romanın qəhrəmanı
ömrü boyu arzuladığı əsərləri yazmaq
fürsətini qaçırsa da, əvəzində bir
neçə romana sığacaq qədər zəngin həyat
təcrübəsi qazanır.
Son olaraq danışmaq istədiyim əsər Mənzər
Niyarlının "Vətəndən vətənə"
romanıdır. Bu əsərdə müəllif itmiş
uşaqlığını və onun izlərini axtarmaq məqsədilə
Güney Azərbaycana gedir, xatirələr burulğanında
şirinli-acılı ovqat yaşayır və bu ovqat oxucuya
da təsir edir...
Mən bu qədər. Ümid edirəm ki, tədbirə
qatılanlar və sonradan məruzəni oxuyanlar onda akademik gəlişmə
və təhlil axtarmayacaqlar.
Bu, sadəcə
ötən beş il nəsrinə
yaradıcı yanaşma və qısa icmaldır...
Fevral-aprel, 2020
Elçin HÜSEYNBƏYLİ
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 4-7.