Zamana yenilməyən İnsan

 

2 fevral 2022-ci ildə görkəmli Azərbaycan dilçisi, ədəbiyyatşünası, dünya şöhrətli türkoloq, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90-cı ildönümü tamam olur. XX yüzilliyin 50-ci illərindən başlayaraq Azərbaycan filoloji elmində fenomenal hadisəyə çevrilmiş görkəmli alim, nəcib şəxsiyyət, böyük insan Ağamusa müəllimin 75, 80, 85 illik yubileylərində yazılar yazmış, elmi-təşkilati fəaliyyəti barədə konfranslarda çıxışlar etmişəm. Bu yazının məqsədi əziz və unudulmaz Ağamusa müəllimi bir daha yada salmaq, xatırlamaq, ruhuna rəhmət oxumaqdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etdiyi 21 illik müddətin 16 ilini onun elmi katibi kimi çalışmaq lütfünün nəsib olduğu bir şəxs olaraq düşünürəm ki, Ağamusa müəllim kimi nurlu və parlaq şəxsiyyəti, həqiqi ziyalını, dilçiliyimizin danılmaz liderini ruhunun şad olması üçün yada salmaq, xatırlamaq, təbliğ etmək humanitar məfkurəmizə xidmət edən hər bir kəsin vəfa borcudur.

İnsanları keçmişin, gələcəyin və əbədiyyətin insanları deyə qruplara ayırmağa imkan verən bir bölgü vardır. Əksər insanlar zamanın bu və ya digər qırıq-qırıq parçalarında yaşayır, amma yalnız və yalnız müəyyən insanlar əbədiyyətə gedən yola varid ola bilirlər. Ağamusa müəllim əbədiyyət yolunun yolçusu olduğunu ləyaqətlə yaşadığı həyatı ilə sübut etdi.

Dilçilikdə qələmini sınadığı hər bir sahədə nüfuz sahibi olmuşdur. Ümumi və nəzəri dilçilik, riyazi dilçilik, Azərbaycan dilinin qrammatikası, tarixi fonetika, etimologiya, dil tarixi, dialektologiya, üslubiyyat, nitq mədəniyyəti, bədii dil, onomastika və s. məsələlərə dair yazdığı kitab və monoqrafiyalar özünə və qələminə böyük şöhrət qazandırmışdır.

Ağamusa müəllim Azərbaycan dilçiliyinə ZAMANı gətirdi, Azərbaycanda Axundov fonoloji məktəbinin binasını qoydu, Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradıcısı kimi dilçiliyimizə adını yazdı, şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığını sübut etdi, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırdı və bu dillərin məntiqi tipinin yaradılması ideyasını ortaya qoydu. Dilçiliyimizdə bir çox ilklərə imza atmış Ağamusa Axundov misilsiz tədqiqatları ilə göstərdi ki, ZAMAN faktiki olaraq İNSANın aktiv varlığıdır. Yaşadığı ömrü ilə nümayiş etdirdi ki, zaman təkcə insan həyatının ölçüsü deyil, həm də onun inkişafı üçün MƏKANdır.

Ağamusa Axundovun simasında təkcə Azərbaycan dilçiliyi deyil, eyni zamanda Azərbaycan ədəbiyyatşünaslığı, ümumən Azərbaycan filologiyası haqlı olaraq fəxr edə bilər. Cənab Haqqın ona ayırdığı ömür payını özünün elmi, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti ilə Azərbaycan filologiyasının inkişafına övlad qayğıkeşliyi, qədirbilənliklə xidmətə sərf etmiş, bir peşəkar kimi Azərbaycan dilinin saflığının keşikçisi olmuşdur. Belə xidmətdən əsla usanmayan Ağamusa müəllimin keçdiyi ömür yolu hər bir Azərbaycan vətəndaşına, insanına örnək ola bilər.

Ağamusa Axundov bu günə qədər Azərbaycan filoloji fikrinin ən fəal, aparıcı simalarından biridir. Və belə görünür ki, hələ bundan sonra da əsas simalardan biri olaraq da qalacaqdır. Çünki bu haqqı ona yaşayıb-yaratdığı ömrü, Azərbaycan elmində ortaya qoyduğu misilsiz tədqiqatları qazandırmışdır. Özü demişkən: 

 

 ...Bu ömür qəlbimin, beynimin övladı.

Onu mənə heç kim bağışlamadı.

Özüm qazanmışam bu ömrü,

Özüm.

Yatmayan beynim,

Dincəlməyən əllərim,

Yuxu şirəsi dadmayan iki gözüm

Qazanıb bu ömrü.

 

 İnsanın ən böyük sərvəti qazandığı hörmət, inam və sayqıdır. Ağamusa müəllimə şəxsiyyətinə, ziyalılığına, elminə görə hər zaman hörmət edilib, özünə və sözünə inanılıb, sayqı göstərilib. Çalışdığı sahədə nüfuz sahibi idi. Bütün bunlarla bərabər, Ağamusa müəllimi səciyyələndirən ən böyük məziyyəti onun təbiiliyi idi, özü və sözü bir idi, zahirən necə görünürdüsə, daxilən də elə idi, şəxsiyyəti və fəaliyyəti fövqəladə vəhdət təşkil edirdi. Uzun müddət yanında işləyən biri kimi müşahidə etmişəm ki, Ağamusa müəllim heç bir vaxt şöhrət dalınca qaçmayıb, elmi və ictimai fəaliyyətində, yaradıcılıq yolunda şöhrət özü onu izləyib, rəhbəri olduğu hər hansı qurumun mövcudluğu, sanbalı naminə əlindən gələni əsirgəməmiş, rəhbərliyi ilə həmin qurumu şöhrətləndirmiş, həm də özünün şöhrəti yüksəklərə ucalmışdır. Cənab Haqq ona gözəl sima, xoş ünsiyyət, pak əxlaq, dərin zəka və bəsirət, yüksək mədəniyyət bəxş etmişdi.

Ağamusa müəllimi səciyyələndirən digər bir məziyyət onun gəncliyə göstərdiyi qayğı, gəncliyi hər zaman sağlam düşüncəli, layiqli vətəndaş görmək istəyi idi. Bütün fəaliyyəti boyu bu istiqamət özünü büruzə verirdi. Düşünürəm ki, bu məziyyət Ağamusa Axundovun sözün əsl mənasında müəllimliyindən qaynaqlanırdı. Müəllimlik sözün hərfi mənasında müəyyən sahə üzrə əxz etdiyin biliyi auditoriyada oturanlara öyrətmək mənasında başa düşülürsə, Ağamusa müəllim üçün müəllimlik təkcə o deyildi. Onun üçün müəllimlik bir şama bənzəməkdir ki, özünü əridərək başqalarına işıq, nur, ziya verəsən. Bunu insan xoşbəxtliyinin bir məqamı sayırdı. Ağamusa müəllimin öz sözləri ilə desək, "...İnsanın ən böyük xoşbəxtliyi öyrəndiklərini başqalarına öyrətməkdir. Çox sevinirəm ki, mənim öyrətdiklərim sayca çoxdur və onlar dünyanın hər yerində fəaliyyət göstərirlər". Məhz buna görədir ki, mühazirələrini, dərslərini auditoriyada birbaşa dinləməyən çoxsaylı insanlar özünü Ağamusa müəllimin tələbəsi sayırlar. Ağamusa müəllimin xoşbəxtliyidir ki, dərs demədiyi insanlar belə onu özünə müəllim sayır, bu, Cənab Haqqın Ağamusa müəllimə göstərdiyi lütf idi.

Haqqında yazılan yazılarda və söylənilənlərdə Ağamusa müəllimi səciyyələndirən mühüm məziyyət kimi xeyirxahlığı, humanizmi, bununla bərabər prinsipiallığı göstərilir. Qəlbi, ürəyi böyük olan insanların xeyirxahlığı, humanistliyi qədər prinsipiallığı da olur. Ağamusa müəllim bütün fəaliyyəti boyu xeyirxah, humanist, prinsipial olub. Çoxlarının bəhrələndiyi həmin xeyirxahlıqdan mənə də pay düşüb. İki monoqrafiyam onun elmi redaktorluğu ilə işıq üzü görüb. Ən əsası, doktorluq dissertasiyama elmi məsləhətçi olmağa məmnunluqla razılıq verdi. Bu, daha məsuliyyətli olmağı, işə daha ciddi yanaşmağı tələb edirdi. Bir qədər nasaz olmasına rəğmən müdafiə prosesində iştirak etməsi, dissertasiyam haqqında elmi məsləhətçi kimi yüksək peşəkar çıxışı, iş haqqında yüksək fikirdə olduğunu bildirməsi ilə şura üzvlərini mənə səs verməyə çağırdı. Şübhəsiz, Azərbaycan dilçiliyinin nəhəng nümayəndəsinin özünün dissertasiya mövzusunun müdafiəsindən 50 il sonra həmin mövzuda daha geniş səpkidə müdafiə edən dissertantı haqqında söylədiyi xeyirxah, xoş sözləri ömür boyu unudan deyiləm.

Deyirlər, Zamanın özü də böyük bir müəllimdir, amma çox təəssüf ki, daima şagirdlərini qətl edir. Bu aforizm, fikrimcə, Ağamusa Axundov kimi şəxsiyyətlərə aid edilə bilməz. Çünki "qəlbinin, beyninin övladı olan, ...özünün yatmayan beyni, dincəlməyən əlləri, yuxu şirəsi dadmayan iki gözü ilə qazandığı ömrü" ondan, özünün yazdığı kimi,  

 

 "Nə ölüm ala bilər,

Nə də ki, zaman.

Bu ömürlə zamandan da

Güclüdür insan".

 

Allah ona rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!

 

 

İlham TAHİROV

Ədəbiyyat qəzeti.- 2022.- 5 fevral. S. 10.