Söz
rəssamı - Ramiz Qusarçaylı
Ramiz
Qusarçaylı Azərbaycan poeziyasına töhfə olan və
yüksək vətənpərvərlik hissi ilə qələmə
aldığı, Azərbaycan xalqının tarixi
keçmişinin çox maraqlı dövrlərini
canlandıran bu kitabında bədii fikrin, çağdaş ədəbi
prosesin cəmiyyətin həyatında rolunu göstərə bilib. Hər bir əsəri mənliyinin ifadəsidir -
Ramizin deyim tərzi, söz seçimi, ifadə zənginliyi,
obrazlı və yığcam fikirləri ibrətamizdir, nədən
yazır yazsın, istedadı hisslərini bədii şəklə
salır. Şəxsi hisslərə qapılmır,
hansı etnik kökə mənsub olmasına baxmayaraq, o
taylı-bu taylı azərbaycanlılarıtək Vətən
- dövlət, bayraq, millət: azərbaycançılıq
ideologiyasında birləşdirir.
Fərdi
üslubunun orijinallığı ilə seçilən Ramiz
Qusarçaylı üçün şeir iç
dünyasıdır - havadır, nəfəsdir; esse də,
hekayə də, hətta roman da yaza bilərdi, onda
başqasının taleyi olardı, o özünü: tarixdən
- xalqından, keçmişdən - Vətəndən
yazır. Amalı ülvi əzəmətlə doludur: çətin
günlər keçici, kədərin sonu
şadlıqdır:
Bu səngər haqq səngəridi,
Zəhmində
çox cəng əridi,
Ləngərim
söz ləngəridi,
Yüngül hava mənlik deyil.
Öz göyüm var,
öz mələyim,
Öz xəttim
var,
öz lələyim,
Öz məzarım,
öz bələyim,
Haram yuva mənlik deyil.
Ramizin poeması həzin bir səssizlikdən
yoğrulub, hər misrası təsəvvürdə tablo
yaradır - bədii düşüncəsinin fəlsəfi mənasında,
təsvir etdiyi gerçəklikdə ümid şəfəqləri
parlayır. Yaradıcılığının cəlbediciliyinin
sirri çox sadədir - o, söz rəssamıdır, lakin boyalar,
rəsmlərlə yox, sözlərlə insan tablosunu
yaradır. Hisslərin belə zəngin palitrasını
başqalarında tapmaq çətindir; duyğularının
qammasından anlayırsan ki, onun arxasında böyük
istedad dayanır:
Qədim Şomutəpə mədəniyyəti,
İlk
yaşayış yeri, yarımqazmalar,
İlk
cizgi, ilk təsvir, ilk gil yazmalar,
Dən
daşı, daş toxa, oraq dişləri,
Sümük
fiqurları, dulus kürəsi
Uzuntəpə
ağzı, ocaq dərəsi,
Önündə
Kür-Araz mədəniyyəti
Kür-Araz
çayları arasındakı,
Ən qədim
məskənlər sırasındakı
Erkən
tunc dövrünün tapıntıları, -
Pozub
yanlışları, sapıntıları,
Həkk
olub tarixə əbədi səflə,
Cüttəpə,
Kültəpə, Göytəpə, Qəflə...
Poetik fiqur, ideya, obrazları ilə Ramiz
özüdür, dərin fəlsəfi fikirləri sadə,
aydın bir dillə ifadə etməyi bacarır - söz
seçimi, ifadə zənginliyi deyim tərzidir. Şeir çələngində
lirik hisslər, duyğusal düşüncələr
axarı əlvanlığı ilə seçilir, Vətən,
yurd sevgisi bütün sevgilərin fövqündə
dayanır:
Vətənsiz
misralar alaq otudu,
Çiçəkdi,
tikandı,
bilinən deyil.
Şairin
ürəyi qara qutudu
Yansa da
yaddaşı silinən deyil...
Hər şeirində yaradanla üzbəüz
dayanır, ürəyinin səsini eşidir, hər yazarın
buna gücü çatmır, bu - məqamdır:
"Tanrının qanadı altda; Üçrəngli
bayrağı ürəyi üstə"dir:
Duası
Tanrının qanadı altda.
Üçrəngli
bayrağı ürəyi üstə,
Əzmi,
iradəsi inadı altda,
Barıtlı
boğazlar, tüstülü gözlər,
Qisasa köklənib alışan üzlər.
Dramatizm və qəhrəmanlıqla
dolu bu poemada hər şey var: ağrı və həsrət,
xəyanət və bağışlamaq; sənətkarlıq,
bədii dil möhtəşəmdir, bu, gələcək nəsillərə
Vətənlə bağlı heç bir olayın
unudulmayacağına işarə edən öyüd-nəsihətdir.
Tarixi yenidən canlandırır, ona yeni nizam və
harmoniya verir - tarixi ədəbiyyatdan, bədii idrakdan öyrədir.
Bütün bunları yalnız Ramiz
Qusarçaylı kimi böyük bir şair belə aydın
və üsyankar təsvir edə bilər.
Onun
üçün ölkə adı kimi Azərbaycan
Tanrının diktəsidir, elə "türk adı
Tanrının adından gəlir, bu qopuz, saz dilidir":
"Türk"
adı Tanrının adından gəlir,
Nuru atəşindən,
odundan gəlir,
Göylərin
ən uca dərinliyindən
Yerlərin ən dərin qatından gəlir.
***
Türkün
Tanrı dili öz dili idi,
Qopuz dili
idi,
saz dili
idi...
Mübariz şairdir və bu onu mənəvi qələbələrə,
ideallarına - inama, etibara, cəsarətli, doğru
danışmağa, düzlüyə, mərdliyə, kamilliyə,
dözümlüyə, döyüşkənliyə və ən
ümdəsi, məhəbbətə ruhlandırır. Bunlar fərqli
anlayışlardır, çox zaman bir fərddə belə
küll şəkildə qovuşmurlar. Onun
üçün bu amillər fəlsəfi-əxlaqi dəyərlərdir,
ədəbi fəaliyyətində həyat həqiqətləridir:
Ramiz Qusarçaylının poeziyası şəxsiyyətini
tamamlayır və yaradıcılığı özünə
bənzəyir. Onu sevdirən söz, şəxsiyyət və
əməl bütövlüyüdür, həyatın əbədi
qanunlarından - ömrünə qısılan gerçəklikdən
qopa bilmir, ciddi düşünür, xatırlayır və
unutmaq istəmir: səbəb xatirələrinin
keçmiş həqiqət olmasıdır, ondan qaçmaq
olmaz:
Hər gün öyrənirəm Azərbaycanı,
Hər gün oxuyuram hey vərəq-vərəq.
Əlimdə
kitabın şah səhifəsi
Üçüncü
minillik, -
eradan
qabaq...
Bu
xalqın kökəni,
bu
xalqın soyu,
Uzanır tarixin min illərinə.
Müəllifin
mövzu, üslub rəngarəngliyi, milli kaloritə dərindən
bələdliyi, orijinal müqayisələri
yaradıcılığının ideya-bədii məziyyətlərindəndir.
Onu insanların mənəvi aləmi
düşündürür - bütün bunlar daxili ruhu ilə
çulğalaşır. Qələminin
gücü, problemlərə yanaşma tərzi, sənətkarlıq
məharəti, toxunduğu məsələlərə
obyektivliyi, inandırıcı təhlili, dilinin sadəliyi, zənginliyi,
obrazlılığı, canlılığı şeirlərini
daha maraqlı və cazibədar edir. Ona pərakəndə,
səthi fikir yürütmək, tələsik nəticə
çıxarmaq yaddır:
Şeytan toxumları,
cin
toxumları,
Nifaq
toxumları,
kin
toxumları,
Türkü
türk əliylə qırıb əyirdi,
Türkü
türklüyündən aralayırdı,
Türkü
parçalayıb tikələyirdi,
Türkün türklüyünü yaralayırdı.
Türkün
milyon illik məskənlərini
Bölüb
bölgə-bölgə sıralayırdı...
Ramiz Qusarçaylı Azərbaycanın ruhudur, lirik qəhrəmanları
Vətən sevgisi ilə nəfəs alır və
yaşayır.
Bu, o qədər heyrətamiz, qeyri-adidir ki,
düşünürsən: doğma torpağı, ölkəni,
xalqını yalnız
belə sevmək olar. Poemanı oxucular
özlərinin mənəvi-estetik maraqlarına, zövqlərinə
uyğun kəşf edəcəklər. "Kamal
sahibi olmayan qafil həzz ala bilməz. Hər
bir həzzin qədəri kamillik dərəcəsindən
asılıdır" (Ş.Sührəvərdi).
Xalqla daim təmasda olan şair canlı
danışıq dilindən öyrənir, hər kəsin
duya bilmədiyi məna çalarlarını arayıb üzə
çıxarır. Ona görə də şeirləri,
yazıları səlis, şirin, canlı, emosional və
ekspressivdir; oxucu ilə mənəvi körpü yarada bilir,
şirin həmsöhbət olur. Elə bu
sevgidəndir ki, o, xalq dilinin bütün incəliklərinə,
zənginliklərinə bələddir, bütün
çalarlarından yüksək şəkildə
yararlanması məhz onun etnik-milli kökünə
bağlılığıdır.
Orda saman
rəngli barılar qalıb,
Orda
qız qarıyan qarılar qalıb,
Orda
bağrı şan-şan arılar qalıb...
Mən səni
qoruya bilmədim, Vətən...
Ramiz Qusarçaylının milli
qüruru doğulduğu torpağa borcudur!
Yaradıcılığının "Azərbaycan"
adlanan epopeyasının proloqu "Azərbaycan
bayrağı"na şərəf hissilə
bağlıdır:
Şənini
vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,
ayını göydə mələklər ötər,
Hər rəngində
"ya qazi, ya şəhid" bir mən bitər,
Sən ey
İstiqlalımın əbədiyyət sancağı, -
Azərbaycan
bayrağı!..
Cəngidə cövlan yerim,
cövlanda can yerimsən,
Barışda
gül çələngim, savaşda qan yerimsən,
Sən mənim
and yerimsən, mənim iman yerimsən,
Dalğalı
ləngərlərin yelpiklənən yarpağı, -
Azərbaycan
bayrağı!
Poetik müraciətlərində həmişə məramına
sadiqdir - onu düşündürən, narahat edən ictimai
problemləri aktuallaşdırır, ədəbi
ideallarını oxucuya çatdırır.
Yaradıcılığının gücü bundadır:
inanır və inandırır ki, Azərbaycan xalqı
haqdır, apardığı mübarizə qələbə
ilə bitəcək. Həyata, gerçəkliyə
yaradıcı münasibət göstərir, hadisələrə
biganə qalmır, ideya-estetik prinsipləri ilə seçib
qiymətləndirir - ölkədə gedən yeni ictimai-siyasi
proseslərin, dövlətçiliyin bədii salnaməsini
yaradır, Prezidentin, xalqın əməli işini və
amalını, ruh yüksəkliyini, mənəvi-intellektual aləmini
bədii obrazlar vasitəsilə - həyatın özü kimi
əks etdirir. 44 günlük qələbədən
sonra yeni insan xarakterlərinin yetişməsini, motivləşməsini
göstərir, bu insanların mənəvi aləmini,
azadlığa qovuşmuş torpaqları tərənnüm
edir. Onun fəlsəfi görüşləri bədii
obrazlar sistemində, ideallarının xarakterində və məzmununda
təzahür edir:
Ali Baş Komandan birliyimizin
Dünyaya
yayılan efir səsiydi,
Vətənin
ərazi bütövlüyünün
Həm əsgəri
idi,
həm
də memarı,
Qələbə
səsiydi,
zəfər səsiydi...
***
İndi
bu Vətənin hər yeri bizim,
Bura
doğumluyuq,
bura
bağlıyıq.
İndi
bir adı var hər birimizin
İndi hər
birimiz Qarabağlıyıq!
Qəhrəmanlıq, ümumbəşərilik,
doğma yurdu işğalçılardan qorumaq ideyaları
müasir dövrdə öz əhəmiyyətini daha da
artırmışdır. Ramiz Qusarçaylının qələmə
aldığı "Vətən" poeması həm ədəbi,
həm də siyasi bir hadisədir: xalqımızın
azadlıq uğrunda apardığı mübarizəyə məhəbbət
oyadır, düşmənlərə qarşı amansız
olmağa çağırır, Vətənimizi,
torpaqlarımızı daha da dərindən sevdirir.
Nadir Məmmədli
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 11.