Divardakı yazı
Hekayə.
Şəhidlərimizin unudulmaz xatirəsinə
Müharibə başlayan gündən bəri qızın qulaqları səsdə, gözləri yolda qalmışdı.
Balaca bir qəsəbə idi. O başda
haylasan bu başda o səsi eşidərdin, tinin o başındakını da
görən kimi tanıyardın.
Qız
ilk əvvəl xəbəri
eşitdi: bəs Oğlan da səfərbərliyə
ərizə yazıb,
o da könüllü
davaya gedir.
Qızın bu dəfə gözü yolda qaldı. Balaca bir qəsəbə
idi. Eni-uzunu nə idi ki? O başdan bu başa beş addımlıq
yol idi. Hərçənd ki, oğlangilin
evi qəsəbənin
o başında, qızgilin
evi isə bu başında idi.
Qızın gözləri yolda qalmışdı; oğlan,
görəsən, fürsət
tapıb onun hirsli-hikkəli, həmişə
həyət-bacada gəzib
dolanan, hər gəlib-gedənə göz
qoyan kəmhövsələ
atasının gözlərindən
yayınıb onunla görüşməyə fürsət
tapacaqdımı?
Qız gözdə-qulaqda idi... Gözləri dörd olub
gəzirdi, qulaqları
isə hər xırda səs-səmiri, pıçıltını, həniri
eşitmək üçün
dinşək kəsilmişdi.
***
Oğlan sevinirdi. Səfərbərlikdən bildiriş gəlmişdi.
Sabah hərbi xidmətə yollanacaqdı.
Həmin payız gününün
özü kimi solğun, sarımtıl Günəş qüruba enirdi. Qəribə idi. Günəş bəzən qüruba enəndə səhər erkən doğulduğu rəngdə, qıpqırmızı
olardı. O gün
isə solğun, qaramtıl idi...
***
Oğlan qızgilin evlərinin yanından ötüb-keçdi. Sanki adi yol keçənin
biri idi. Ona rast gələn tanış-bilişi şübhələndirmək
istəmirdi. Gözü qızgilin
evinin pəncərəsində
qalmışdı. Dörd göz
idi. Pəncərələrdən boylanan isə
yox idi.
Oğlan nə vaxtdan bəri idi ki,
qızgilin hündür,
daş hasara alınmış evlərinin
başına dörd dolanırdı.
Yaxşı ki, küçədə
heç kim
gözə dəymirdi.
Yoxsa... Oğlanla rastlaşanlar ona söz atar, söz atmayanlar isə qımışardılar...
Oğlan
isə hələ ki indiyəcən üz-üzə gəlmədiyi,
bircə kəlmə söz demədiyi Qız haqqında yadların bədgüman düşünməsini istəmirdi.
Oğlan öz-özünə dodaqaltı,
zümzümə etməyə
başladı.
- Evləri var, ay gülüm, xana-xana...
Mən kül oldum, ay gülüm, ay gülüm,
yana-yana...
Yaxşı səsi var idi. Məktəbdə bədii özfəaliyyət
klubunun üzvü idi. Yaxın adamların da
toylarında xahiş-minnətlə
hərdənbir onu oxudardılar. Qız da
onun səsinin heyranı idi.
Hələ ki ucadan oxumadığı bu mahnını isə hər dəfə bu küçədən keçəndə beləcə
zümzümə edərdi...
Mahnıya bu dəfə də hay verən olmadı.
***
Yox, yəqin ki, indi evlərində qohum-qardaş sabah
əsgər gedəcək
oğlanın - onun yolunu gözləyirdi. Burada vaxt itirə bilməzdi. Evlərinə geri dönməli
idi. Bəs... Bəs qız hardan biləcəkdi ki, o, iki daşın
arasında vaxt tapıb onunla görüşməyə gəlib...
İndiyəcən də
ona bircə kəlmə söz deməyib...
Birdən...
Daş hasarın dibində bir əhəng parçası gördü.
Əhəng parçasını əlinə alıb şıltaq oğlan uşaqları kimi daş-divara sürtdü.
Əhəng parçası tabaşir
kimi sinif otağındakı qara lövhəyə yazılan
yazılartək divarda
izlər saldı.
Dörd tərəfə boylandı.
Ətrafda heç kim yox idi. Heç uzaqdan da heç
kim gözə
dəymirdi.
Daş-divarda ikicə kəlmə
söz yazdı: "Məni unutma!..".
***
Balaca qəsəbəyə
şəhid gəlməsi
xəbəri tez yayıldı. Deyəsən, şəhidi dəfn
edirdilər. Maşınların
aramsız siqnallarının,
sirenaların adamın
canına üşütmə
salan səsləri arasında izdihamın, cavanların gur səsləri açıq-aydın
eşidilirdi: "Şəhidlər
ölməz, Vətən
bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!".
Qız gen-geniş
evlərində özünə
yer tapa bilmirdi. O pəncərədən bu pəncərənin qarşısına keçib
qəfəsdəki quş
kimi çırpınırdı.
Yaxşı ki, evdə tək idi... Gah hönkürüb ağlayır,
gah da hıçqırıb
ürəyini boşalda
bilirdi.
***
Atası ilə anası hüzr yerinə getmişdilər. Evə də birgə
qayıtdılar. Ananın gözləri
yerindən çıxırdı.
Atanın gözləri isə
dolmuş bulud idi.
Ana ovunmaq bilmirdi: - Yazıq bacılığım!
(Şəhidin anasını nəzərdə
tuturdu). Boğazlarından,
əyin-başlarından kəsə-kəsə
kişini məcbur edib bankdan da
pul götürtmüşdü,
borc-xərc həyətlərində
oğluna ayrıca xudmani bir ev tikdirmişdi ki, gəlin gətirəndə qoy cavanlar ayrıca sərbəst yaşasınlar.
Atanın xanımına təsəllisi
dərindən bir ah çəkib köks ötürməsi oldu. Əllərini dizinə çırpdı.
"Erməni kimi bədxah, mərdimazar qonşunun qapısı haqdan bağlansın!..".
***
Sonra elə bil atanın yadına qəfildən nəsə düşdü. Səsini
qısıb: - Divarın
yanından keçəndə
gördüm, - dedi, -
hansı nadürüstsə
yazıb: "Səni
sevirəm...". Gözdə-qulaqda ol! Handa bir igid oğlanlar
bu gün davada vuruşur, şəhid olur, qazi olur. Bir nadürüst isə ilin-günün bu vaxtında qızımıza eşq izhar edir...".
Kişi
nəsə fikirləşib:
"Əşi, bəlkə
də, quru sözdü də... Bəlkə də, ağlıkəsməzin
biri yazıb. Eşq, sevgi nədir, heç özü də bilmir...". Elə bil öz
sözlərindən arxayınlaşıb:
- Qızı göndər,
yaş əsgi götürüb gedib o sözləri pozsun... - dedi.
***
Şəhid oğlanın bacısı
ilə qız dəfndən bir neçə gün sonra görüşə bildilər. Rəfiqə olan subay qızların gücləri
ona çatdı ki, əvvəlcə qucaqlaşıb bir-birlərinə
sarılaraq için-için
ağladılar. Yaxşı
ki, evdə heç kim
yox idi. Səssiz-səmirsiz, dodaqlarından
bircə kəlmə də söz çıxmadan xeyli danışdılar... Bu lal
danışığından sonra yenə də bir-birini qucaqladılar... Əvvəlcə oğlanın bacısı
qızın, sonra isə qız rəfiqəsinin qurumuş
göz yaşlarını
əlləri əsə-əsə
sildi.
Nəhayət, oğlanın bacısı:
- Evimizə əşyalarını
gətirəndə cibindən
bir məktub çıxdı, - deyə
boğula-boğula dilləndi.
- Anama yazmışdı,
şeir idi... Sonra da özünü
ələ alıb: - İstəyirsənsə o şeiri
sənə də oxuyum, - deyə qızın sanki yüz illərin qarısının bürüşmüş
üzünə baxdı
və cavabını gözləmədən o şeiri
oxudu:
Ağlama,
anam, ağlama,
Bir mehriban qucaqdayam.
Elə bil ki, evimizdə,
Doğma, isti ocaqdayam.
Tələsib gəlmə yanıma,
Səndən ötrü darıxsam da.
Burda gül taxırlar yaxama,
Vətən gülü -
Adı da ki, Xarıbülbül...
Nə var boyanıb qanıma...
Məktubu çatdırar sənə,
Məni
oxşayan mələklər,
Döyülsə qapı diksinmə,
Axşam
olsun, ya da səhər...
Qızın dodaqları səyridi.
- Bəs... Bəs mənə...
Bacı
özünü ələ
alıb: - Yox, təkcə bu məktub idi, - dedi.
Qız başa
düşdü ki, rəfiqəsi sanki ona təsəlli vermək üçün
bəlkə də ömründə ilk dəfədir
ki, dilinə yalan gətirir.
2021
Aydın TAĞIYEV
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 13.