Dünyanın
ən xoşbəxt adamı
Qırmızı
avtobusun qapısı açıldı və bir anda
dayanacaqdakı bütün gözləyənləri, içi
O qarışıq uddu. Bu nəhəngin
salonu isti idi, Onun donmuş sifətinə və əllərinə
hərarət hopdu. Ağzındakı
maskanı azacıq aşağı salıb burnunu
azadlığa çıxardı.
Bir anda sanki hərəkətini sürətləndirən
bu qırmızı nəhəng hamını
çalxaladı, həmin anda Onun yadına son kitabının
personajı olan azman Div düşdü. Həmin Div də
bu avtobus kimi adamları udurdu, amma avtobusdan fərqli olaraq sonra
buraxmırdı, həzm edib özünün ətinə-qanına
çevirirdi.
Divlər nə rəng olurlar? Nağıllarda
qarasına daha çox rast gəlmişdi, bozu, qəhvəyisi
də kifayət qədər olmuşdu, hətta bir impressionist
fransız şairin Divi masmavi idi. Amma Onun
aləmində Divlər rəngsiz, şəffaf idilər, yellərindən,
hənirtilərindən duyurdun onları. Eynən
Dərd kimi. Gözəgörünməz, həcmsiz və
çəkisiz olsa da ən çox gözə görünən,
ən nəhayətsiz və ən ağır olan Dərd barədə
bir ara bir interpretasiya da etmişdi ki, Div
nağılların, Dərd reallığın
Əzrayılıdır, adamı hop deyərək udurlar.
Üzbəüz oturan iki qız - idimlərindən tələbəyə
oxşayırdılar - ona baxıb nəsə
pıçıldaşanda üzünə xəfif
qızartı çökdü. Heç istəməzdi
küçədə-bayırda tanınsın. Cəld maskasını lap yuxarı, gözlərinəcən
dartdı. Əlbəttə,
yazıçı müğənni, yaxud idmançı deyil
ki, onu küçə-bayırda tanıyalar. Müğənniylə idmançı bu məmləkətdə
yazıçıdan daha urvatlı peşədi, onları
yüz minlər sevir, yazıçının isə sevənləri
tək-tük olur. Üzlərinə
televiziyaların qapıları bağlı olduğundan, vizual
olaraq da onları əksəriyyət tanımır. Amma bu qızlar, deyəsən,
tanımışdılar. Olsun ki,
hansısa imza gününə gəlmişdilər, yeni
kitabını alıb imzaladanda bəlkə bir foto da çəkdirmişdilər.
İmza günləri ildə bir dəfə baş tutan
bayram idi Onun üçün. Həmin gün həmişəkindən
fərqli, xeyli mehriban olan arvadının şifonerdən
çıxarıb ütülədiyi bəylik kostyumuyla
ağ köynək geyinir, bir cüt qalstuku var, onlardan da birini
seçib taxır, vaskılanmış
ayaqqabısının parıltısından feyziyab ola-ola, hələ
üstəlik, məktəbli oğlunun ucuzvari ətrindən
də üstünə pısıldadıb oxucularının
görüşünə gedirdi. Həm mənəvi
dinclik, rahatlıq tapırdı, diqqət mərkəzində
olması, populyarlığı Ona qol-qanad
açdırırdı, üstəlik, beş-on manat da qazana
bilirdi. Amma əfsus ki, növbəti günlərin adi
axarı pusqudan üstünə atılınca yenə əvvəlki
köhnə hamam, köhnə tas
reallığına qayıdası olurdu. Nimdaş, yaxası və
biləkləri süzülmüş pencək, balaqları
göydə qalan şalvar, boyunluğu qart bağlamış əzik-üzük
köynək, ağzı açılmış ayaqqabı...
Və çiynində də "bu gün
çörəkpulum olacaqmı" sualının yüz
pudluq ağırlığı.
Ötən
il pandemiya heç imza günü
keçirməyə də qoymamışdı. O məsəl
var, deyir, Həştərxanda dəvə az
imiş kimi, birini də bərəylə gətirdilər,
onun sözü olmasın, bu koronavirus da bu yandan gəlib
çıxdı.
Maskasını
bir az da yuxarı dartışdırdı.
Maskanın mavi rəngi solub ağappaq
olmuşdu, üstəlik, kirlənmişdi. Arvadına keçən həftə "Bunu bir əl
yaxala" deyəndə "Maska almağa iyirmi qəpik də
tapmırsan?"ın müqabilində istəyi gözündə
qalmışdı. Əslində, iyirmi qəpik
tapa bilərdi, söhbət bundan getmir, amma iyirmi qəpik də
iyirmi qəpikdir, üstünə iki özü kimisini qoysan,
bir çörəyin pulu eləyər.
Başını
yana çevirdi, qızlarda O olmasına
azacıq da olsun ümid yeri qoymadı. Növbəti
dayanacaqda düşməliydi, durub qapıya tərəf getdi,
avtobus dayananda ilk olaraq oradan özünü bayıra tullayan O
oldu. Sanki həqiqətən Divin
ağzından qurtulurdu.
Bura metro çıxışının yanı idi, bir
aya yaxın idi ki, bura dadanmışdı. Qeyri-rəsmi
adı "əmək birjası" olan bu məkanda
özü kimi işsizlər təsadüfi qazanc ümidi ilə
yol kənarında dayanır, yaxınlaşan avtomobillərin
işçiaxtaran sürücülərindən "kaş
məni seçəydi" imdadını umurdular. İşçiaxtaranlar adətən gəncləri,
cüssəliləri seçirdilər. O və Onun kimilər
Allah ümidinə qalanlar idilər, daha çox bağ belləməyə,
yüngül yük daşımağa, zibil yığmağa
yarıyırdılar. O, bağ belləməyi və yük
daşımağı sevmirdi, onurğasından qopan
ağrı uladırdı onu həmin gün də, növbəti
gün də. Qazandığı 20-30 manata elədiyi
bazarlığı könül xoşluğu ilə yeyə də
bilmirdi. Amma zibil yığmaq yüngül iş idi, əlinə
əlcək taxıb vurhavur girişirdi bu işə. Zibil
yığmaq sanki həm də onun əsas işinə -
yazıçılığına yaxınlaşan iş idi,
ağırlığını-filanı duymazdı. Hətta
bir dəfə iş sorağı ilə bir müdirin qəbulunda
olanda Fərqlənmə Diplomunu masanın üstünə
qoyub, xeyrinə olacağını zənn edərək bir kitabını
da müdirə hədiyyə etmək istəmişdi. Müdir də demişdi ki, bu nədi e, yazıb
zibilləyirsiz ətrafı.
Özükimilərlə salamlaşdı, çoxunun
onun kimi palto və gödəkçəsi yox idi, titrəyirdilər.
Burdakılar
bir-birini sevməzdi, hamı hamıya çörəyinə
bais ola biləcək rəqib gözü
ilə baxırdı. Onun salamına bir-iki yerdən
dilucu "əleykümə" cavabı gəldi.
Büzüşüb özünü küncə - küləktutmaza
verdi. Burdakılardan heç
kəs Onu tanımırdı deyə, burda rahat idi. Bir
küncə çəkilib dururdu, digər əksəriyyət
kimi özünü maşınların qabağına
atıb iş istəmirdi, abrından-həyasından
utanırdı. Digərləri isə ünsiyyətcil
idilər. Hər kəs hər kəsin
yeddi nəsil dönənini belə tanıyırdı. Bu rayonludur, əkib-becərdiyini satmağın
müşküllüyü onu bir tikə çörək
eşqiylə bura gətirib. Bu birisi rejissordur,
Stanislavski deyə çağırırlar onu. Teatrları bağlanıb deyə, əlacsızlıqdan
bura üz tutub. Bu da ali təhsillidir,
neyrofizikdir, bu ixtisasa çörək olmadığı
üçün bir ara bərbərlik edib, rəqabət
böyük olduğundan sonra da yolunu bura salıb...
Qara maşın. Kök, qırmızımtıl sifət.
"İki nəfər lazımdır, on sot
torpaq bellənəcək" nidası. İrəli
şığıyan kəslərin bir-birini itələməsi.
Uğultu və səs-küyün həmləsi.
"Sən, bir də sən, gedək" kəlmələri
ilə qurbağa gölünə daş atılması.
Sonra mühərrikin səsi, maşının
çıxıb getməsi. Sonra növbəti
mənzərə. Boz maşın, zabitəli
və acıqlı sima. "Pianino
daşımağa dörd nəfər" kəlmələri.
Yenə çarpışma, mübarizə.
Yenə seçilmişlərin qalib ədası, seçilməmişlərin
məyusluq demarşı...
Döş
cibində arvadının yazdığı siyahı hər gəlib-gedən
maşından sonra sanki bir az da
ağırlaşırdı, ürəyindən sallaq
qalırdı. "Çörək - 2 dənə.
Kartof - 2 kilo. Soğan - 2
kilo. Ət - 1 kilo. Göyərti
- 2 dəstə. Marqarin yağı - 1
paçka. Qənd-çay da tükənib.
Mütləq al. Ətə pulun çatmasa
makaron alarsan, 1 paçka. 5 manat da
uşağın məktəbi üçün saxla, pul
yığırlar".
Ət ehtimalı həmişə makaron
ehtimalının səkkizdə biri, onda biri qədər
olurdu. Amma
arvadı nikbin idi, həmişə əti inadla qeyd edirdi, bəzən
hətta dərinə gedib "dolmalıq çəkiləsi
ət", "bozbaşlıq sümüklü ət"
xırdalıqlarına da varırdı. Arvadı
nişanlanan vaxtlardan nikbin idi. Gələcək evlərini
dənizə baxan Neftçilər prospektindən seçərdi,
gələcək maşınlarını sovet sənayesindən
deyil, alman sənayesindən manşırlayardı, hətta
"Bilgəhdə bağ evi" deyə cəh-cəh vurması
da var idi. Belə zamanlarda arvadının
üzü işıq saçırdı, sanki rəngbərəng
işıq zərrəcikləri üzü boyunca
qaçışırdı. Əhmədlidə
kirayələnmiş birotaqlı, şəraitsiz mənzilə
gəlin köçəndə də "müvəqqəti
çətinlikdir, hər şey yaxşı olacaq" deyibən
səbrini təsbeh dənələri kimi düzüb çəkməyə
başlamışdı. Düz on ilin tamamında daha
müvəqqətinin daimi olmasına inandı, üzündəki
işıq qeyb oldu, optimistliyi milyonlarla qiyməti olan mülklər,
avtomobillər istəyindən on iki manatlıq ət istəyi
sayaq istəklərə transfer edildi.
Yeni,
2022-ci il girəndən hava 2021-in
dekbabrındakı sələfinin zamanındakı
mülayimliyindən elə də uzağa getməmişdi,
amma sübh tezdən bir qədər sazaq duyulur, adamın
sümüklərinə işləyən sübh soyuğu
"sabahın xeyir" deyirdi. Birdən, elə bil, günəş
doğdu, "çeşka" deyilən bir köhnə
maşınla gələn orta yaşlı kişi
üstünə cumanları kənara itələyib əli ilə
Onu yanına çağırdı:
-
Qardaş, təzə evə köçürük, veşlər
daşınmalıdır. Veş deyəndə,
elə bir şey də yoxdur. İyirmi
manat verəcəm. Gedirsən?
Gedirsən də sözdür? O, bir göz qırpımında
özünü "çeşkaya" saldı. Yola düzəldilər.
Həsəd və qibtə obyekti kimi
parıldadığı tələbəliyi gəldi
düşdü yadına. Onda ki, hekayələri jurnalda dərc
edilmişdi, ədəbi tənqid Onun tərifini göyə
qaldırmışdı, onda ki, universitetdə hamı Onun
şəninə təriflər deyir, Onu barmaqla göstərirdi,
içi Ona sevgi məktubları yazan, ailə qurmayacaqları
təqdirdə özünə qıyacağını göz
yaşları içində izhar edən arvadı
qarışıq bütün tələbə
yoldaşları, bütün patok, bütün universitet
"Məşhur yazıçı olacaq, Markes kimi əllər
üstündə gəzdiriləcək, pula pul deməyəcək"
düşüncəsiylə Ona paxıllıq edirdi.
İndi isə "birja" yoldaşları yəqin,
paxıllıq etməkdədirlər. İyirmi manat
onların yox, Onun qisməti olacaq.
Sürücünün olduqca iri əlləri var idi, rulu
fırlatmaq üçün düydüyü əlləri
rulu tam görünməz etmişdi.
"Sən fağır adama oxşayırsan. O birilər
sırtıqdılar, adamın üstünə
atılırlar. İşləyib qurtaranda da əlavə pul
istəyirlər" kəlmələriylə
sürücü söhbətə körpü saldı,
ardınca da nəsə bir əhvalat danışmağa
başladı:
- İnişil qayınatamın bağını belləməyə
ikisini aparmışdım. Səkkiz sota əlli
manat danışmışdıq. Qardaş, bunlar elə
ki işə başladılar, daş atıb
başlarını altına tutdular ki, yox, burda iş deyiləndən
artıqdır, əllinin üstünə otuz da qoymalısan.
Nə qədər and-qəsəm elədim...
Yeni romanını yazıb qurtara bilmirdi. Səhərdən axşama
kimi bu işlə məşğul olurdu, evə gedəndə
iş olan günlərdə yorğunluq, iş olmayan günlərdə
məyusluq və ümidsizlik əlindən qələmi
alırdı.
Abidi gətirmişdi spartalıların istehkamlarına. İstəyirdi
Abid ordakı yatmış həyatı oyatsın,
çürümüş təfəkkürü yeniləsin.
Orda Abid döşünə döyüb
qarşısına çıxa biləcək qladiator istəmişdi.
Qarşısına növbə ilə
dördü çıxmışdı, hamısı
peşman olmuşdu. Ən
güclüsünü - Kostakurtu tələb eləmişdi.
İmperatorun qızı Elina seyrangahdan qayıdarkən
Abidi görüb onun yaraşığına, əzələlərinin
əzəmətinə heyran qalmışdı. Nişanlısı
Kostakurt ilə Abidin döyüşəcəyindən xəbər
tutunca döyüşü izləmək fikrində
bulunmuşdu. Və elə ki, başlar kəsən,
qanı su kimi axıdan Kostakurt Abidin qarşısına
çıxmışdı, onda zorla
nişanlandığı Kostakurta nifrət duyan Elinanın
vücudunu müdhiş bir sarsıntı
bürümüşdü. Birdən Kostakurt
Abidə qalib gəlsəydi necə olacaqdı? İlk baxışdan əsiri olduğu bu gəncin
ölümünə o necə dözüm gətirə bilərdi
axı?
Amma gerisini yaza bilmirdi heç cür.
Əslində, məmləkətdə kitablar
yaxşı satılsaydı elə kitabların gətirdiyi
qazancla dolanardı, ailəsinin yanında üzüqara
olmazdı. Amma kitab oxuyan tək-tük idi,
varlı-hallıların əksəriyyəti kitab görəndə
üzünü turşudurdu, üzünü turşutmayan
varsız-halsızlar idi ki, onları da ciblərinin
boşluğu kitablardan yan keçirirdi. İnsafən, O
yaxşı yazırdı, bir-iki dəfə - onda ki, həyat
hələ bu qədər sıxılıb öz məngənəsində
adamların suyunu tam çıxarmamışdı - iki
romanının sinopsisini tərcümə etdirib xaricə
göndərməyə 200 dollar pul da xərcləmişdi,
ordan da müsbət rəylər gəlmişdi, amma bu
romanları tam halda tərcümə etdirməyə lazım
olan pul yatsa yuxusuna da girməzdi, 5 rəqəmi görcək
xaricdə məşhurlaşmaqla kasıblığın
daşını atmaq fikrinin fatihəsini vermişdi.
İş verəni Ona "Nu poqodi" cizgi filminin qəhrəmanları
olan Canavarla Dovşan haqqında lətifə
danışırdı. Bir dəfə Canavar Dovşana deyir ki, sən niyə
karantin qaydalarını pozub...
Ailəsini
dolandıra biləcək iş tapmaq atlı
idi, O piyada. Hara gedirdisə üzüqara
qayıdırdı. Ünvan qalmamışdı ki, ora məktub
yollamasın: "Ali təhsilli dilçiyəm. Kitab redaktorluğunu, tərcümə işini də
əla bilirəm. Hamısı bir yana, üstəlik,
yazıçıyam...".
Arvadını təzə evlənəndə şəhər
məktəblərindən birinə müəllim düzəltmək
fikri də illər ötdükcə xülya olaraq
qalmışdı.
Baho, fikir onu nə uzaqlara aparıb belə,
çatıblar ki. Köhnə Yasamaldaydılar.
İş verəni onu içəri saldı, həyət
evi idi, deməzsənmiş, burdan çoxmərtəbəli
binaya köçürmüşlər. Evdə iki qadın
xeylağı var idi, iki 10-12 yaşlı uşaq, bir nəfər
də ahıl kişi. Kimin kim
olmasının fərqində deyildi, dərhal qəlbini riqqətə
gətirən işə girişdi: divar boyu qalaqlanmış,
çoxu kirilcə olan kitabları qutuda üst-üstə
yığıb qutunun ağzını skotçlamaqdan ibarət
idi onun işi. Ardınca qutuları yük
maşınına daşıyacaqdı. Sonra da iş verəni
və bu ahıl kişiylə köməkləşib iri əşyaları
- şifoneri, stol-stulu və çarpayıları
maşına yükləyəcəkdilər.
Köhnə kitablar tozlu idi, tez-tez onu
asqırdırdı. Ahıl kişinin birinci dəfəsində "Korona
deyilsən ki?" sualının və növbəti hər dəfəsində
"Ya haqq səbir" nidasının müşayiəti ilə
kitablarla işləməyində idi, aralarındakı latın əlifbasıyla olan təzələrlə
işləmək daha rahat idi. Hər bir kitabı əlinə
alanda diqqətlə baxırdı, adına,
müəllifinə göz yetirirdi. Bəzən
nəfsini saxlaya bilməyib kitabın içini də
açır, acgözlüklə bir-iki abzas oxuyurdu da.
- Burda oxu
zalı açmamışıq, - deyə ahıl kişi müdaxilə edib onun qəlbini
sındırdısa da sonradan kitab həzzi yenə davam etdi. Onsuz da bu cür sınmalara öyrəşmişdi,
xüsusən, arvadının tez-tez təkrarladığı
"sən nə kişisən ki, bir ailəni dolandıra
bilmirsən" kəlmələrinə alışdıqdan
sonra istənilən təhqiri udub, dərhal üstündən
rahatca toxtama suyu içə bilirdi. Alışmaq
- böyük qəlibdən artıq qalan əzalarını
kəsib atmaqla kiçik qəlibə sığışmaq
deməkdir.
Ara-sıra
ev sahibi yerindən
çıxardılmış taxta qapının astanasında
durub Onu işə ruhlandırır, hökmən də hər
görünüşündə rusların vətəndaş
müharibəsi qəhrəmanları olmuş Çapayevlə
Petka haqqında bir lətifə söyləyirdi:
- Bir
gün də Çapayevlə Petka Ural çayını
keçəndə...
Ev sahibi
özü uğunub gedirdi, Onun donuq simasını
görüncə başını bulayırdı: -
Çatmadı sənə?
Əlbəttə ki, Ona çatırdı, amma fikri
kitablarda idi.
Brayan Treysinin sabahkı günlərin planlarını necə
qurmaq barəsindəki "Komfort zonasından
çıx" kitabı...
Tələbəliyində sabahkı günlər barədə
o qədər planlar qurardı ki. Əsl serial olardı
bu xəyal planları, dəbdə olan "Varlılar da
ağlayırlar" teleserialı kimi uzandıqca uzanardı.
Xəyali şöhrətin ləzzəti
realdakı sənə mütləq sirayət edir, özünəgüvənin
artır, daha həvəsli olursan, qoltuqlarının altı
qarpızlanır. Xəyalları təltiflərdə,
Nobel ödülü mərasimində dolaşırdı o
vaxtlar. Amma indisində sabahkı günlə
bağlı serial nədir, çox kiçik
qısametrajlı film qurur.
Uşaqlar böyüyürlər, xərclər
artır. Gümanın yalnız təsadüflərə
çatırsa, zərurətlərdən uzaqdasansa, hara kimi
gedə biləcəksən axı?
İohann
Hötenin "Faust" kitabı...
Bir dəfə
bir tanışına qoşulub Almaniyaya getmək fikri bir
müddət onu rahat buraxmamışdı: tanışı
yaz-yay mövsümündə meyvə yığmaqla qəşəng
güzəran vəd edirdi. Di gəl, tərəddüdlər
Ona mühacir olmağa imkan verməmişdi. Xaricə göndərdiyi romanlarının sinopsislərinə
müsbət rəy yazan ədəbi tənqidçilərdən
biri də alman idi, gərək ki, Hofman soyadında. Həmin Hofmanın "Dünya ədəbiyyatında
fikir və ideyanın bədiiliklə vəhdəti konteksini
kökündən dəyişə biləcək yazar"
adlandırdığı yazıçının gəlib
onun vətənində taxta yeşiklərə vişnə
doldurmasını yolverilməz hesab etmişdi, bununla vətəninə
utanc gətirəcəyini düşünmüşdü.
Arabir belini dikəldirdi.
Kitablar...
Qalın, nazik... Böyük, kiçik... Nadan
üçün görünüşcə, aqil
üçün məzmunca fərqlənən nəsnələr...
Birdən sanki gözünə işıq gəldi. Latın əlifbasıyla
olan kitablardan birinin üstündən saplağından
üzülmüş qızılgül rəsmi və
"Bir intiharın prelyudiyası" kəlmələri onun
üzünə gülümsədi. Elə
bil, uzaq, qərib bir ölkədə yüz ildir görmədiyi
ən doğma bir adamını gördü, kitabı
götürüb sinəsinə sıxdı, onu qoxuladı.
Bu ətir dünyanın ən gözəl ətri
idi onun üçün.
Ürəyində kitabıyla salamlaşdı, "necəsən,
nə var-nə yox" xəbərini aldı. "Necə məskunlaşmısan
burda? Çayını-çörəyini
verirlərmi? Darıxıb eləmirsən ki?".
Bu münvalla xeyli zaman keçmişdi, sən demə. İş verəni
Onun qoluna toxundu, "Deyəsən, kitablarla
maraqlanırsan" söylədi. "Binə
bazarında alverilə məşğul olsam da ali
təhsilliyəm, kitab oxuyanam"
aydınlaşdırmasını gətirib, sonra da həmin
kitabı onun əlindən aldı, qürurla dedi:
-
Kitabxanamın ən gözəl kitablarındandır. Çox sevirəm bu yazıçının
kitablarını. Çox içdən
yazır. Oxumamısan?
Gözləri yaşardı. Bu boyda oxucu sevgisi
qazanmışdı, necə də təkrarsız hisslər
idi. Gözləri yaşardı da sözdür, əməlli-başlı
ağlamaq idi bu. Üzünü yana tutdu
ki, halını gizlətsin. Axırıncı
dəfə marketdə ərzağın qiymətinin günbəgün
qalxması müqabilində bu hala düşmüşdü.
Amma halların aralarında çalar fərqi
var idi. O qara çalar idi, busa ağ
çalardı.
İş
verəni dil boğaza qoymurdu:
- Bu qədər
ağıllı, dərrakəli olmaq, insanın iç
dünyasını bu cür, rentgendəki kimi açıb
göstərə bilmək. Nə deyim e. Bunlar
hünər, fitri istedad tələb edir. Sanki
bu yazar bizim dünyanın adamı deyil. Elə istəyərdim
ki, onunla şəxsən tanış olum.
Sözlər necə də gözəl sözlər idi. Şirin çay idi, mürəbbə
idi, bal idi... Dadırdı, ləzzətini
bütün vücudu ilə hiss edirdi, sonra da udurdu.
Titrək,
qəhərli səslə çətinliklə soruşdu:
-
Tanış olsaydız, Ona nə deyərdiz?
İş
verəni gözlərini yumub sanki düşündüyü
səhnəni gözlərinin qabağına gətirirmiş
kimi sifətinə təbəssüm qonduraraq söylədi:
- Deyərdim
ki, siz dünyanın ən xoşbəxt adamısız. Onun əllərini sıxandan sonra üç gün
əlimi yumazdım. Bilirsiz, onun necə
qulluğunda durardım?
Hətta bu qədər?
Allah bəzən adamı necə də gözlənilməz
sürprizlə rastlaşdırır. Əlbəttə, desin ki, o adam mənəm. "Di sıx əllərimi,
sonra da üç gün əlini yuma. Di
dur qulluğumda, nə qədər istəyirsən".
Nə yaxşı rastlaşdılar?
Kitabdan
ayrı-ayrı hissələri hətta əzbər söyləməyə
başlamışdı ev sahibi: "Orda,
uzaqlarda - dənizlə üfüqün
qovuşacağında parıltısından göz qamaşan
bir mücrü asılıb qalmışdı. O mücrü
qapağını açaraq onun ölü arzularını
bir-bir içinə ötürürdü, orada arzular sirli-sehrli
səthə toxunan kimi canlanır, dirilirdilər...".
Çətinliklərini də açıb söyləsin. İyirmi manat
nədir, bu şəxs ona mütləq ciddi köməklik edə
bilər. Binə bazarında alver edirsə, ev ala bilirsə, demək, imkanlı adamdır.
Bir neçə günə ev kirayəsinin
vaxtıdır, son üç ayı ödəyə bilməyib,
üst-üstə yığılıblar. İşıq,
qaz, su çekləri əli qılınclı
başının üstünü kəsdiriblər. Kiçik uşaq da inkişafdan qalır, ciddi
müayinə, müalicə lazımdır.
Görəsən, nə qədər verər? Bir
yüzlük verərmi?
Amma yox, kimdənsə sədəqə istəmək
yaxşı deyil.
"Ölülərin dirilməsi və dirilərin
sırasına qatılması dirilərin yerini
daraldırdı. Dirilmək istəyən ölülər qədər
ölmək istəyən dirilər də var idi, yetərdi
ki, onları tapıb yerlərini dəyişəydin...".
Bu sədəqə istəmək deyil axı?
Tərəddüdlər
içində gah qanad açıb ənginliklərə
uçurdu, gah da qanadları qırılır, yerə
çırpılırdı...
Axı belə bir şans bir də çətin əlinə
düşə. Təsadüfən heç nə olmur.
Əgər bu boyda Bakıda tale gətirib Onu
kitablarına bu qədər vurğun bu şəxslə
qarşılaşdırıbsa, demək, bəxt üzünə
gülməyə başlayıb. Bu şansdan
yararlanmasaydı, bunu ömrü boyu özünə
bağışlaya bilməyəcəkdi...
Axır
ki, kəlmələr özündən icazəsiz ağız
qıfılını yarıb çölə
atıldılar:
- O adam mənəm...
Deyib də gülümsədi.
Ev sahibi
ilk dəfəsində söhbətin nədən getdiyini
ayırd edə bilmədi:
- Hansı adam?
Gülümsəməkdə
davam edib aydınlıq gətirdi:
- Həmin
yazıçı, bu kitabı yazan adam.
Qarşı
tərəfin qaşlarının düyünlənməsi,
gülümsəyən çöhrəsini qara buludların
alması elə sürətlə baş verdi
ki.
- Sən
xəstəsən?!
Çığırtı idi əsl, servantdakı qablar
belə cingildədilər.
Ev yiyəsi sifətində anlaşılmaz ifadə təpədən
dırnağa onu süzəndə O özü də sanki birdən
ayıldı, lapdan öz görkəminə tamaşa etdi. Nimdaş paltarda onun-bunun
qapısında yük daşıyan dünyanın ən
xoşbəxt adamı... Təzaddan diksindi.
"O
yazıçı mənəm" etirafının
qarşısındakı insanda doğurduğu təəccüb, heyrət
anını ən xırda, gözlərin bərəlib hədəqəsindən
çıxması, dilin tutulub söz demək əvəzinə
kəkələməsi halınacan müşahidə etdi bir
anda.
"Sən
məzələnirsən mənimlə?!" kəlmələrinin
səslənməsi ilə ev yiyəsinin
iri yumruğunu düyünləməsi bir-birini izlədilər.
Bir anda çox uca, qızılı qübbələri
bərq vuran əzəmətli sarayın yerlə-yeksan
olması səhnəsi canlandı Onun gözləri
önündə, hətta qulaqbatırıcı gurultunu da
eşitdi, hətta uçqunun yaratdığı toz
dumanına da bələndi. Kaş deməzdi.
Niyə dedi axı?
- Sən
müqəddəsliklərə niyə çirkab ələyirsən
ki? - deyib ev yiyəsi iki addım atıb
onunla burun-buruna dayandı.
Bəlkə
desin, zarafat eləyirdim? Eşşəyə
minmək bir eyib, düşmək iki eyib. Belədə
lap işləri korlamazdımı?
- Vallah o adam... mənəm... - deyib də durdu. Geriyə yolu yox idi. Mağıl,
kitabları təxəllüslə yazmasaydı, şəxsiyyət
vəsiqəsini göstərib bu tərs oğlu tərsi
inandıra bilərdi ki, həmin yazıçı
özüdür.
- Belə
lox sayırsan məni?!!!
- Allah eləməsin.
Sizi necə inandırım ki...
- Ə,
düdük, sən bilirsən, qabağındakı kimdi?!
Birdən başı boyda olan yumruq sifətinə necə
açıldısa arxaya üç-dörd metr uçub yerə
dəydi. Ağrıdan qovrula-qovrula qaldı. Dərhal
ağzında metal tamı hiss etdi,
yaxasını yaş edən isti maye
üzüaşağı axmağa başladı.
Tappıltı
səsinə gələn ahıl kişi mənzərəni
görüb ev sahibinə sual etdi:
- Neynədi,
oğurluq elədi?
Ev sahibi
başını buladı:
- Kaş
elə oğurluq edəydi.
Söyüşün biri bir qəpiyə
çıxmışdı. "Bu dəqiqə rədd
ol get burdan, sənin murdar simanı görməyim"
tapşırığına riayət etməliydi. On səkkiz qutu kitab bağlayıb, maşına
daşımışdı. İşin əsasını
görüb qurtarmışdı. Amma belə
görünür, heç iyirmi manatını da ala bilməyəcəkdi.
İçinə elə bir qəhər dolmuşdu ki,
axan qanını laxtalanmağa qoymurdu, biləyi ilə burnunu
silirdi, amma qan şırıltıyla gəlməyindəydi.
- Demədim,
rədd ol burdan?!
Son
üç ayın pulunu ödəyəcəyi ev sahibəsinin
pula uzalı əlini boş qoyaraq, marketdəki
qırmızı "Milliön" cihazının
qarşısında işıq, qaz, su çeklərini
qaytarıb cibinə dürtərək, kiçik
uşağı apardığı poliklinika kabinəsinin
qapısından məyus halda geri dönərək bu evdən
çıxdı. Gücü ancaq bir tin getməyə
çatdı. Bir hündür hasara
kürəyini söykəyib yerə oturdu. Acı-acı ağlamağa başladı.
Döş cibindəki qırmızı rəngə
boyanmış bazarlıq siyahısının altından kəskin
ağrı duyurdu.
Varis
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 14-15.