Kişi
və qadın - Hekayə-kollaj
Telefonda mənimlə
bir ali məktəbdə işləməyən
xanım dekanın "alo" ilə başlayan hüznlü
səsini eşidən kimi başa düşdüm ki,
heç nəyə nail olmayıb. Söhbəti
uzatmamaq üçün təskinverici əda ilə
danışdım. Üzrxahlıqla dedi: - Mən
onları başa sala bilmədim ki, ölü dilləri
öyrənmək vacibdir. İndi heç
olmazsa bir kurs, daha sonralar fənn şəklində öyrətmək
olar. Dedilər ki, nazirlikdən gələn
siyahıda nə əsas, nə də köməkçi fənlər
blokunda ölü dillər kursu yoxdur. Dedim ki, nazirliyə
yazaq, istəyək... - Hmmm, il-ildən saatların
azaldıldığını bilmirsən? Əlavə
fənn? Beşillik təsdiq olunmuş
yükü tədris eləməliyik... - dedilər.
-
Canları sağ olsun. Deməli, məmurlar gələcək
elmimizin yönünü alimlərdən daha yaxşı təyin
edə bilir. Olsun! Biz illər boyu
yığdığımız elmimizi özümüzlə
aparıb gedərik.
Xanım
dekan qəhərdən boğula-boğula dedi: - Onlar məndən
zordur, istədiklərini də eləyirlər. Axı
mənim əlimdən nə gəlir ki?
Bir-iki gülməli cümlə ilə onun ürəyini
ələ aldım, gülümsədi. Telefon
danışığımız bitəndən sonra iyirmi illik
zəhmətimə əməllicə heyifim gəldi. O
vaxtlar, öz hesabıma, heç kəsə demədən
Moskvada, Leninqradda, Xarkovda ötən əsrdən qalma elmi
jurnallarda gilyazılar çap olunan ədəbiyyatın
fotosurətlərini çıxarıb gətirtmişdim. İngilis, fransız, alman, hətta latınca
yazılmış məqalələrdəki şəkərbura
naxışlarına bənzər gilyazılarının surətlərini
zövqlə kağıza köçürürdüm.
Plastilindən lövhə düzəltmişdim.
Qamış və qarğı qələmləri
dörd ölçüdə yonub lövhədə təsviri
salmağın üsullarını arayıb tapdım. Hər dəfə nəyisə tapanda
aldığım həzzin ölçüsü
ölçüsüzdü. Müstəqil
şəkildə üç ölü dili yazısı və
qrammatikasıyla birgə öyrəndim. İndi, belə
çıxır ki, bu biliklər heç kəsə
lazım deyilmiş...
Əl telefonuma zəng gəldi. Tanış nömrə
deyildi. Titrək səsli bir xanım idi.
Dəfələrlə üzrxahlıq edəndən sonra dedi
ki, mümkünsə görüşək, mənə
çatacaq surəti çıxarılan yazıları təqdim
etsin. Elə o dəqiqə razılıq verdim.
Görüşdük. Tumar şəklində
bürülmüş, rezin dairə ilə
hüdudlanmış qalın ağ
kağızları mənə uzatdı. Babam
bağda ağac əkəndə yerdən çıxıb.
Yarıbişmiş gil lövhələrin
üstündəki yazılardı, mən
köçürmüşəm.
Marağımı boğa bilməyib, rezini çıxarıb
tumarı açdım. Sevincimdən ürəyim az qala
dayanacaqdı. Gilyazılardı.
- Bəs
lövhələrin özü hanı?
- Babamgildə,
rayonda qaldı.
-
Yazıların özünü görmək istərdim...
- Əlaqə
saxlayaram onlarla...
Tumarı səliqə ilə bükməkdə xanım
mənə kömək elədi.
- Yaxşı,
oxuyan kimi zəng edib xəbər verərəm.
Evə gələn kimi tumarı açıb
yazıları çıxardım. Səliqə ilə
köçürülmüşdü. Bir
iki söz, bir neçə hərf tanınmaz şəklə
düşmüşdüsə də, yeni mətnlə
rastlaşmaq sevincimdən oynamaq istəyirdim. Vərəqləri sıraya düzüb mətni
çək-çevir etdim.
Oxudum:
"Kişi
Günəş, Qadın Aydır. Günəş
bir üzdə, bir sifətdədir".
"Ay
bir ay ərzində 28 görünüşə
düşür".
"Qadınlar çox məsələlərdə
kişilərdən fərqlidir".
"Onlar yanlarında həmişə güzgü gəzdirir".
"Tez-tez dəyişdikləri üçün özlərinin
yadından çıxmaqdan qorxurlar".
Düşündüm:
"Köhnə kişilər bizdən çox fərqlənməyiblər".
Oxudum:
"Cənnətdən qovulan Adəm və Həvva uzun
müddət ağlayıb sızladı".
"Günahları eyni deyildi, ona görə də
layiqli cəza aldılar".
"İqlimi Cənnətə bənzədiyi
üçün mələklər Adəmi Seylon adasına gətirdi".
"İqlimi Cəhənnəmə
oxşadığı üçün mələklər Həvvanı
Ərəbistana gətirdi".
Düşündüm:
"Hicazda Ciddə deyilən şəhər var, ərəbcə
tərcümədə "nənə" deməkdir. Həccə, Ümrəyə gedənlər bu şəhərdəki
hava limanından da istifadə edirlər. Görünür,
Həvva nənənin şərəfinə elə adlanıb".
Oxudum:
"Onlar bir-birinin ətrinə uyğun istiqamətdə
hərəkət edərək uzun yollar keçdi".
"Tibetdə tapışdılar".
Düşündüm:
"İnsan burnu bu qədər uzaq məsafədən ətri,
qoxunu necə hiss edə bilər? Bioloq dostumdan soruşanda dedi
ki, təbiətdə bunun cavabı var. Hamı əlində kəpənək
tutub, bilir ki, onların ətri yoxdur. Ancaq erkək
və dişi kəpənəklər bir-birini üç
kilometrdən duyurlar. Görünür,
ilkin insanlarda lamisə həssaslığı möhkəm
imiş".
Oxudum:
"Yerə çoxlu qar yağmışdı".
"Adəm Həvvadan ötrü çox
darıxmışdı".
"Cənnətdən qovulduqlarının səbəbkarı
kimi ona möhkəm cəza vermək fikrindəydi".
"Ona
görə də yıxıb qarın üzərində onun
üstünə çökdü...".
"Cəza
Həvvaya xoş gəldi... elə Adəmə də xoş gəldi...
".
Düşündüm:
"Bəlkə də buna görə bütün dünyada
şüuraltı olaraq çarpayılarda
yorğan-döşəyi, balışları ağ
örtüklü edirlər".
Oxudum:
"...yay-qış
qadınların tamamilə arxa tərəfi soyuq olur".
"...yay-qış
kişilərin dizləri və qolları soyuq olur".
Düşündüm:
"Nə maraqlıdır... Kaş
bütün mətn əlimdə olaydı".
Böyük bir marağın ümidilə titrək səsli
xanıma zəng vurdum.
- Mətni
oxudum. Qalan lövhələr haradadır?
- Mətndə
nədən danışılır?
- Adəm-Həvva
vaxtından başlayan kişi-qadın münasibətlərinin
araşdırılmasından... heyif ki,
yarımçıqdır.
- Sizcə,
bu mövzu haçansa öz bütöv həllini tapa biləcək?
- Hm. Babanızgildən o yazılı lövhələri
nə vaxt gətirdə bilərik?
- Yəqin
ki, daha heç vaxt. Əmidostum o lövhələri
iki ay qabaq lazımsız daş-kəsək kimi atıb kələ-kötür
yola. Keçən həftə o yolu
hamarlayıb asfalt döşəyiblər.
Yazıların üzü məndə keçən ildən
qalandı...
- Bəs
mənim telefon nömrəmi haradan bilirsiniz?
- Nömrənizi
dünən əmim qızından aldım. Siz
onu tanıyırsınız.
Titrək
səsli xanım xanım dekanın
adını çəkdi. Xanımların ünvanına
bir-iki abzas şirin söz dedim. Əlimdən daha nə gəlirdi
ki?..
Hacı Firudin QURBANSOY
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 19.