İsmayıl
bəy Qaspıralı - "məfkurələr fabriki"
Çələbi Cahan onu "məfkurələr
fabriki" adlandırır.
İsmayıl
bəy Qaspıralının bundan dəqiq ünvanı
yoxdur...
***
Çağdaş Avropa mədəniyyətini Yunan, Roma
mədəni sisteminin son nəfəsi, qədim komediyanın
son pərdəsi adlandıran Qaspıralıya görə, bu
mədəniyyət şəkilcə yeni, mahiyyətcə əskidir. Yəni yeni mədəniyyət
deyil, qədim mədəniyyətin son mərhələsidir.
Avropa yalnız köhnə əsaslardan
uzaqlaşıb çağdaş mədəni dəyərləri
ehtiva edəcəyi təqdirdə modern mədəniyyəti təmsil
edə bilər. İsmayıl bəy
Avropanın özünün də yeniləşmiş mədəni
düzənə girməsini istəyirdi. Amma
artıq dünyada yüksək Avropa mədəniyyəti
adlandırılan bir amil dominant idi. XIX yüzilin
bütün mütəfəkkirləri kimi, Qaspıralı da
bu amilin varlığından sərf-nəzər etmir, xristian
dəyərləri üzərində gəlişən
müasir Avropa mədəniyyətilə islami
görüşlər sisteminin, kapitalizm, yaxud sosializmlə
"Qurani-Kərim"in və türk milli ruhunun necə
uzlaşa biləcəyi ilə bağlı qaranlıq suallara
cavab axtarırdı. Həm də etiraf edirdi ki,
"bütün dünyanın mədəni
varlığı yanında əbnayi-cinsimin (millətimin
övladlarının) gələcəyinin təminatını
milliyyətçilikdə görürəm. Əgər bu qəbahət isə qəbahətliyəm,
əgər bu ayıb isə ayıblıyam - həm də
böylə qalacağam".
Qaspıralıya görə, "müsəlmanlar
yüksək Avropa mədəniyyətindən məhrum olsalar
da öz dinlərində və ondan qaynaqlanan sosial həyatlarında
milli kimliklərinə zərər verə biləcək
yabançı təsirlərə qarşı çox
sağlam, sarsılmaz dirəniş gücünə sahibdirlər".
Rus istilasına
uğramış Volqa boyu, Qafqaz və Türküstanı nəzərdə
tutan Qaspıralı "Rusiya müsəlmanları" əsərində
yazırdı ki: "Müsəlmanların (Rusiya türklərinin)
yüksək Avropa mədəniyyətini almalarına imkan
buraxılmamışsa da bu millət öz
varlığını əcnəbi təsirlərdən böyük
bir qüdrətlə qorumaqdadır. İnsanları
əsir edən mənfəət məsələləri belə
islamların cəsarətini qıra bilmir. Bütün Rusiyanı başdan-başa gəzsəniz
fahişəxana işlədən bir müsəlmana təsadüf
edə bilməyəcəyiniz kimi, bir meyxana işlədənini
də tapa bilməzsiniz".
Onun türk intibahı və türk birliyi
düşüncəsi mahiyyətcə həm də məsələnin
bu aspektlərini ehtiva edirdi.
Dini
inancını və türk kimliyini heçə sayaraq təqlid
yolu ilə avropalaşanlar Qaspıralının zənninə
görə, ixtiyar çağlarında da dəhşətli
dərəcədə ikiüzlü olacaq, faydalı həyat
üçün varlığını qeyb etmiş
ünsürə çevriləcəkdilər...
"Avropa
mədəniyyətinə bir nəzəri-müvazinə"
əsərində Qaspıralı avropalaşma təmayülünə
daha həssas rakursdan yanaşırdı: "Bir mizan
alalım da Avropada görəcəyimizi çəkəlim. Hesaba və çəkiyə gəlirmi, əcaba?
Rotşild kimi on-on beş adamın yüz
milyonlarla sərvətinəmi təəccüb edəlim, on
beş milyon əhalinin ölümlük iki arşın
torpağı olmadığınamı şaşalım? Londonlu bir ledinin, Paris xanımının tərbiyə
və lətafət və nəzakətinəmi heyran olalım,
London və Paris küçələrində vücud və
irzını satmaqda olan yüz əlli min fahişə
xanımlaramı diqqət edəlim? Bir inəkləri
bizim on inək qədər süd verdiyinəmi heyran
qalalım, yüzdə doxsan doqquzu bir inəyə sahib
olmadıqlarındanmı ibrət alalım?..
Milyonlar sərf edib dünyanın müxtəlif
yerlərində xristianlığa dəvətinəmi
baxalım, Avropanın içində kilisəyə və
"İncil"ə iman qalmadığınamı heyran
olalım? Guya insan azadlığı üçün
yapdıqları müharibələrimi seyr edəlim,
Biçarə Alsace-Lorrainənin bakirə qızları Parisdə
əlli franka satıldığınımı insaf
mizanına çəkəlim?".
O həm
Avropanı, həm Rusiyanı dərindən bilirdi. "Boz kardinal" Pobedonosevin, missioner İlminskinin
Rusiyasında Krım üfüqlərində İsmayıl
Qaspıralının görünməsi sözün
bütün anlamlarında möcüzə idi.
Çünki İsmayıl bəy Rusiya türklərinə
"bütün qüvvətiylə qəbiləçiliyin
üstündə türklük və türk birliyi
olduğunu anlatmağa çalışır, onların
Qırğız, Çuvaş, Özbək, Tatar kimi qəbilələrə
deyil türklüklərini anlayaraq birləşmələriylə
qüvvətli, milli və mədəni bir varlıq ola biləcəklərini hər vəsilə
ilə izaha və müdafiəyə
uğraşırdı" (Seyid Əhməd Krımər). Qaspıralının ictimai fəaliyyəti, zehniyyət
davası, hansı formada və üslubda tətbiq edilməsindən
asılı olmayaraq eyni müqəddəs bir hədəfə
niyyətlənirdi. Onunku fərdi deyil, milli
tale məsələsi idi - çarın parçalayıb
tayfalara böldüyünü Qaspıralı birləşdirib
millətə çevirirdi.
O,
Peterburqda "Müsəlman İttifaqı"
("İttifaqi-müslimin") partiyasının təşkilinə,
Rusiya Dövlət Dumasında müsəlman
fraksiyasının qurulmasına, Nijni-Novqorodda Rusiya müsəlmanlarının
ilk qurultayının çağırılmasına vəsilə
oldu...
İsmayıl bəyin açıq tənqidləri o
dövrdə velikorus şovinistlərinin düşüncəsində
hansı effekti doğururdu, bunu söyləmək indi çətindir. Amma "Bizim
üçün, ruscanı yaxşı bilməyən, onu yanlışlarla
yazan və yalnız valinin deyil, ən balaca məmurların
qarşısında belə titrəyən türk daha
faydalıdır" - deyən imperiya siyasətçilərinin
qarşısında "Dildə birlik, fikirdə birlik, əməldə
birlik" ideologiyasını irəli sürən
Qaspıralını həm də XIX yüzilin Rusiya
miqyasında yetişmiş ilk türk siyasətçisi hesab
etmək olar. Özü də o bunu 1905-ci il
Rus inqilabından sonra deyil, 23 il əvvəl 1883-cü ildə
edirdi. Ruslaşdırma əleyhinə humanitar
düşüncədə ilk açıq mübarizənin təməlini
İsmayıl bəy qoydu. Nüfuzu o qədər
mötəbər idi ki, sonralar imperiyanın xarici işlər
naziri İzvolskiyə bəzən sərt bir üslubda dərslər
keçirdi. O, təkcə Krımı deyil,
bütün Rusiya türklərini təmsil edir. Rusiya Dövlət
Dumasının Türküstan siyasətini tənqid edən
Qaspıralı yazırdı ki: "Əlişir Nəvaini
yetişdirmiş Türküstan nasıl "dilsiz, ədəbiyyatsız"
qəbul edilir?.. Rus millətinin ədəbi
dili olmadığı zamandan və Lomonosov, Puşkin kimi rus ədiblərindən
üç və dörd yüz il əvvəl "Mühakimət
ül Luğateyn" əsərində Cağatay, yəni
Türküstan dilinin farscaya üstün bulunduğu dava edilir
də bu günün Türküstanı lisansızdır deyə
nasıl hökm olunur..? Dövlət Dumasında, Cağatay
şivəsinə etibar edilməməsi bir tərəfdən
Dumanın qəfləti isə, digər tərəfdən,
Türküstan xalqının səssizliyi,
adamsızlığı, ehmalıdır".
İsmayıl
bəy bu fikirdəydi ki, gələcəkdə Rusiyanın
dünyada ən önəmli müsəlman ölkələrindən
biri olması qaçılmazdır və bu tale onun
böyük bir xristian dövləti olmasının əhəmiyyətini
azaltmayacaqdır... Qaspıralıya görə, milli
haqları çəpərləyib ona sınır qoymaq, millətləri
mənimsəyib həzm etmək, udmaq mahiyyət etibarilə
fiziki, mənəvi zorlama, insan haqlarına təcavüz və
xalqı ruslaşdırmaq istəyindən başqa bir şey
deyil... Bununla yanaşı, Qaspıralı rusların başqa
millətləri aşındıra biləcək bir gücə
sahib olmadığını da yazırdı: "Rus məktəbi
tatar xalqı üçün ölü doğulmuş bir
müəssisədir... Şurası mühəqqəqdir
ki, Rus millətinin digər millətləri təmsil etmək
qabiliyyəti yoxdur".
İsmayıl bəy rusların gələcəyini
türklərlə qlobal siyasi təhdidlərə istinad etməyən
münasibətlərin qurulmasında, Avrasiya mədəniyyət
xəttinin uyğulanmasında görürdü.
Türk-tatar hakimiyyətinin rus xalqı üçün
böyük müsibətlərə səbəb olduğunu
söyləyənlər İsmayıl bəyin parlaq məntiqinin
önündə bu gün də acizdir. Qaspıralıya görə,
"Rusiya üzərində bu qədər uzun sürə, bu
güc və əzəmətlə başqa bir soyun hakimiyyəti
olsaydı Rusiya bütövlükdə məhv olardı...
Tatarlar (türklər) əfəndi olaraq xərac toplar,
gözəl, şirin qızları qaçırar, fəqət
rus məişətinə və dini həyatına heç
qarışmazlardı...".
Qaspıralının
gördüyü iş, zahirən sadəcə
maarifçilik fəaliyyətini ehtiva etsə də, əslində,
"Parçala, hökm sür!" - siyasətinə
onun irəli sürdüyü məfkurədən daha
öldürücü bir zərbə təsəvvürə
gətirmək olmur. Vamberi bəlkə də
bunu nəzərdə tutub yazırdı ki, "Tatarların mədəni
devrimində birinci hərəkət və zərbə həmiyyət
sahibi İsmayıl bəy Qasprinskidən gəldi". Yaxud Şeyx Cəmaləddin Əfqaninin təbirincə
desək, "Qasprinski qələmini həyat
damarlarının ən mühüm nöqtələri üzərində
hərəkət etdirir"di.
Qaspıralının Avrasiya modeli, təbii ki, panslavistlər
tərəfindən xoş qarşılanmırdı və
bu, anlaşılandır. Rusla türk bir yerdə ola bilərdi. Amma panslavizmlə pantürkizm bir
yerdə ola bilməzdi. Panslavizmin
antitürk hədəfləri Bizans ortodoksluğunu ehya etmək,
Bizansı diriltmək məqsədi güdürdü. İsmayıl bəy isə Əmir Teymurun
heyranıydı. Əqrəba toylarında, adətən
"Teymurun dolusu" havasına qol qaldıran Qaspıralı
Teymurun dilindən "Siyasi xütbə" yazırdı:
"Neçə yüzillər bahadır millətim,
ölüm və qırğın ilə bitməz Türklərim,
öz bəylərim... İdil Qıpçaqları Azərbaycanı,
bunlar isə Osmanlıyı, Kaşğarlılar Özbəkləri
və Özbəklər Xorasanlıları, yəni ağa
qardaşını, qardaş ağasını tanımaz halda
idilər... İqtidarım zamanı, türkləri birləşdirməyə,
böyük Türküstanı qurmağa bir dərəcə
nail oldum…".
Qaspıralı İsmayıl bəy ortaq və
ümumtürk ədəbi dil (və siyasi dil birliyi)
ideyasının yaradıcısıdır. Əslində, bu dil birliyi
mücadiləsi Qaspıralının siyasi hədəflərini
nişan verirdi. Sonralar Ziya Gökalpın
yazacağı kimi: "Bütün türklərin eyni lisanda
birləşmələrinin qabil olduğuna "Tərcüman"ın
vücudu canlı bir dəlildir". Gökalpın
bu fikirləri indi də ortaq ədəbi türkcənin
mümkünlüyünə inanmayanlar üçün
yaxşı bir xatırlatmadır.
Dil birliyinə rəğmən, əlifba birliyi məsələsində
Qaspıralı fərqli mövqedəydi. Ərəb hərflərinin
başqa əlifba işarətləriylə əvəz
olunmasını təkid edənləri kəskin şəkildə
qınayaraq xatırladırdı ki, ağır xətli
müsəlmanların qadınları kitab yazdıqları,
divan bağladıqları dövrdə asan əlifbalı
yazı sistemi olan avropalı hökmdarlar, hətta öz adlarını
belə yazmağı bacarmırdılar. İsmayıl
bəy əlifba islahatına yönəlmiş siyasətin alt
qatındakı mənanı bilirdi.
Qaspıralı yazırdı ki, millətin
inkişafı əlifbanın asan, yaxud çətin
olmasına deyil, əlifba da daxil olmaqla, elmlərin yüksək
səviyyəli tədrisinə bağlı bir məsələdir. İsmayıl
bəy milli məsələdə, o cümlədən əlifba
islahatında radikallığın, özəlliklə, Azərbaycan
radikallığının əleyhinəydi. "Bədbəxtliyimizin
səbəbi əlifbamızdır", - deyən Azərbaycan
aydınlarını adbaad tənbeh edən İsmayıl bəy
"Elm və maarifin üstündən keçib altına
erişməmək, adama böylə şeylər
yazdırır... Əlifba güclüyü bir səbəb isə
99 səbəb daha vardır... Radikallıq Avropada pək
mötəbərdir və bizimkilər üçün dolab
çevirməyə, dəyirman aylandırmağa
(fırlatmağa) vasitədir... Bilməm, nədən
Tiflisin havasındanmı, suyundanmı, əlifba məsələsi
həp Tiflisdən zühur ediyor" - deyirdi. Qarşılığında isə qeyd etdiyi 99 səbəbdən
birini də özü yoluna qoyurdu. Krımskinin
təbirincə, "Hər kəs tərəfindən
möhtərəm tutulan İsmayıl bəyin
yaratdığı üsuli-sövtiyyə, az zaman içində
bütün Volqa boyundan Sibir, Türküstan və Çin
içərilərinə qədər yayıldı".
Yusuf
Akçura Krımdan Bakıya, Türküstana qədər
yayılmış, az müddətdə bütün türk
aləminin aydınlanmasına səbəb olmuş yeni metodlu
təhsil sisteminin - üsuli-cədid məktəblərinin,
bütün mənalarda cədidizm - yəni yenilikçilik hərəkatının
qurucusu İsmayıl bəyin müəllimliyini Hz. İsanın
müəllimliyi ilə qiyaslandırırdı.
O, həm
də türk dilinin hər hansı bir sülalənin (və
coğrafi ərazinin) adıyla tanınmasına etiraz edirdi. Osmanlıca deyilən türkcənin qövmi bir dil
olmaq gücünü və xüsusiyyətini itirməsi
Qaspıralını ağrıdırdı. Ərəb,
fars, türk, yunan, slavyan və bir az da
fransız sözləri ilə qarmaqarışıq bir hala gətirilmiş
dil, İsmayıl bəyin nəzərində "lisan
şorbasıdır ki, mötəbər tutulan Osmanlı
şivəsi" bu üzdən "türklükdən
çıxıb qövmi lisan surətini qeyb etmişdi".
"Osmanlı dilini sadələşdirmək əsli
türkcə olan bu dili olduqca türkləşdirmək deməkdir". Dildə
türk əsilli yeni sözlər icad etməklə (məsələn,
osmanlıca dönəmindən başlayaraq, təəssüf
ki, indiyəcən Türkiyə türkcəsində işlədilən
şimendiferə qarşılıq dəmir yolunu yaratmaqla) dildəki
məfkurə mücadiləsinə təkcə nəzəri
deyil, həm də praktiki baxımdan rəvac verirdi.
İsmayıl bəy əvvəlcə ərəb, fars tərkibləriylə
milli ahəngini itirmiş, sonra da fransız, alman, ingilis
sözləri ilə "sivilizə" olunaraq
bayağılaşmış "lisan şorbası" tərəfdarlarına,
guya, "gözəl bir şey söyləməyə
yaramayan, kobud", - dedikləri türkcədə: "Var gətir,
var gətir, // Gəlməzsə, yalvar gətir. // Əllənməmiş
budaqdan // Qoxlanmamış nar gətir" - misralarını
xatırladır və "kobud" türkcənin nə qədər
ahəngdar, ifadə baxımından necə incə və həssas
olduğunu dəlillərlə isbatlayırdı.
Qaspıralı 1907-ci ildə Beynəlxalq İslam
Konqresini düzənləmək üçün Misirə
getmiş, şəxsən özünün dəvətlisi
olan 600 nəfərin qarşısında nitq söyləmişdi. İslam
konqresini tarixi zərurətdən doğan bir ideya olaraq
İstanbul və Qahirədəki dövlət adamlarına,
siyasi xadimlərə, o cümlədən xarici ölkələrin
bu şəhərlərdə fəaliyyət göstərən
səfirlərinə izah etmişdi. Onu
yaxından tanıyırdılar, şəxsiyyətinə,
sözünə etibar edirdilər. Bilirdilər ki,
İsmayıl Mirzə Rusiya müsəlmanlarının mənəvi
atasıdır və elə buna görə də Krımdan,
bir qəzet redaktoru, bir müəllim kimi İstanbula, yaxud
Qahirəyə gələn Qaspıralını
Osmanlının siyasi və mədəni dairələri,
Misirdə diplomatik korpusun nümayəndələri ehtiramla
qarşılayırdı.
Qaspıralı humanitar və mədəni məsələləri
ön plana çəksə də, əslində, öz siyasi
hədəflərinə doğru ardıcıl mücadilə
verirdi. Xəyalpərəst deyildi, amma o illərdə ən
realist aydınların belə xəyal etmədiyi ideyaların
gerçəkləşməsi üçün bütün
enerjisini, biliyini, həyatını sərf edirdi. Baxçasaray bazarındakı hambalların təhsil
qayğılarından tutmuş, sadələşdirilmiş
ümumtürk ədəbi dilinin hasilə gətirilməsi,
Ümumrusiya Müsəlmanlarının ən müxtəlif
məkanlarda keçirilən qurultaylarında məktəb,
qadın hüququ, dövlət və din münasibətləri...
bütün bunlar İsmayıl bəyin problemləri idi.
Dövrünə
görə, ədəbi tənqidin (ölçü və
mizan sənətinin) Rusiya müsəlmanları arasında
yaradıcılarından olan Qaspıralı hələ o
dövrdə psixoloji romanların daha çox
yazılmasını istəyir, istəməklə də kifayətlənmir,
üstəlik, mövzularını da özü təklif
edirdi: əri Kritdə, böyük oğlu Qaradağda,
sonbeşik övladı Plevnədə şəhid olmuş
Fatmanın əhval-ruhiyyəsini qələmə
almağı tövsiyə edir və inandırırdı ki,
türk cəmiyyətinin psixoloji ovqatını olduğu kimi "kəşf
və rəsm" etməyə "nail olsanız elə ibrətli,
elə dəhşətli, elə təsirli şeylərin
üstünü açmış olarsınız ki, oxuyanlar
düşünməyə məcbur olar".
Özü də romanlar yazırdı.
Qaspıralının, 1891-ci ildə yazdığı
"Darürrahat müsəlmanları" romanını
türk nəsrində modern romanın ilk örnəklərindən
hesab etmək mümkündür. Romanda
Həzrət Seydi Musanın Əndəlüsdən
(İspaniyadan) çıxarıb gizlədiyi
qövmünün qırx imamına əmanət
buraxdığı və miladi tarixlə 2075-ci ilə qədər
qorunması həmin qırx dərvişə həvalə
olunmuş mistik vəsiyyətnamədən də söhbət
gedir...
1910-cu ildə Parisdə nəşr olunan "Revue du
Monde Musulman" jurnalının redaksiya heyəti Nobel
mükafatı laureatlığına İsmayıl bəy
Qaspıralının namizədliyini irəli
sürmüşdü. Önəmli olan budur ki, 1910-cu ildə
Parisdə Nobel laureatlığına namizədlər
sırasında İsmayıl bəyin adı çəkilir və
Qasprinskinin namizədliyi Avropanın mərkəzində elə
avropalılar tərəfindən irəli
sürülürdü.
Həyat yoldaşı Zöhrə xanım burjuy İsfəndiyar
Akçurinin qızıydı. "Zöhrə xanım
İsmayıl bəyə yalnız həyat və səadət
arkadaşı deyil, iş və əməl yoldaşı da
oldu. "Tərcüman"ın qurulmasında
zinət əşyalarını sataraq yardım etdi".
Bunu Krımər yazır. Milli şair
Mehmet Emin Yurdaqul isə İsmayıl bəyə xitabən:
"Sən bu əziz böyük işə təkbaşına
qalxışdın. // Buna əsl Zöhrən ilə gecə-gündüz
çalışdın" - deyir...
Qaspıralılar türk dünyasını həm də
əməldə birləşdirir. Krımlı İsmayıl bəy
qızı Şəfiqəni gəncəli Nəsib bəy
Yusifbəyliyə ərə verir...
İsmayıl bəy Krım tatarları
üçün kimdirsə, Azərbaycan, Osmanlı və
Türküstan üçün də eyni dərəcədə
millət atasıdır. Məsələn, 1906-cı ildə Qarabağ, yaxud Şuşa "Tərcüman"ın əsas
mövzusu idi. Şuşada yerli türklərin
qırılmasında, Şuşanın
yandırılmasında ermənilərə silahlı dəstək
verən general Qoloşçapovun və Kazarovun qanlı cinayətlərinə
son qoymağı, onları ordudan qovmağı Qafqaz
canişini, ermənipərəst Vorontsovdan tələb edirdi.
Keçən dəfə Çobanzadə barədə
məqaləmdə yazmışdım. 1930-cu illərdə
Çobanzadəni həm də İsmayıl bəyin tələbəsi
olduğuna görə yarğılayırdılar:
"Professor Çobanzadə keçmişdə bir
pantürkist və Qasprinskinin tələbəsi
olmuşdur". Əlbəttə, bütün
"pantürkistlərimiz" onun yetirmələriydi.
1914-cü ildə İsmayıl bəyi "Krım
üfüqlərində doğan günəş"
adlandıran Hüseyn Cavid də, "Verdin həyat bizlərə,
// Öldün özün sənin, // Millət göz açdı,
// Gərçi yumuldu gözün sənin" deyən Məhəmməd
Hadi də...
***
1914-cü ildə 63 yaşında dünyasını dəyişdi. 1924-cü ildə
"Şura hökumətinin muzey halına gətirdiyi"
ocağında səkkiz ildən sonra qara yellər əsdi.
Millət Atamızın - İsmayıl bəyin
evini "ellər atası" Stalin 1932-ci ildə viran qoydu.
Məzarı dağıdıldı.
"Tərcüman" redaksiyası donuz damına döndərildi...
***
Bir də Qaspıralının ömrünün son
günləri var. Həsən Səbri Ayvazov "Tərcüman"ın
bir sayını ona həsr etmək istəyir. İsmayıl bəy "Mən
böyük adam deyiləm, olmaq da istəmirəm"
deyib razılıq vermir.
Bir də
ömrünün son günü... Özü
deyir ki, mənim üçün Yasini-şərif tilavət
edin. Həsən Səbri Ayvazov Yasin oxuyur.
İsmayıl bəy üzünü qibləyə
çevirir və gözlərini əbədi yumur...
Azər TURAN
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 16-17.