***
Sən gedəli
neçə yarımçıq
şeirin
boynunu vurdum,
Neçə həsrət sətir-sətir
yıxıldı gözümdən...
Yatağımda dar ağacı
qurdum,
Asdım
özümü alın
yazımdan...
Sən gedəli
hər addım səsi
köksümə sancılmış
bir qurşun,
Yuxularım minalanmış,
havam çatmır...
Sən gedəli
Yaşılım sarışın,
qaranlığam,
qürub təsəllilər
ovutmur...
Səninlə gedib ruhum,
vücuduma qayıtmır,
sənsiz bu şəhər yuxuya getmir...
***
Bir təyyarə qanadı yardı üfüqlərimi,
Mən sənin
göylərində ayaq
açıb yeridim.
Qaçdım sənin dalınca
buludlardan yuxarı,
Getdin, elə islandım, damla-damla əridim...
Sən gedəli yerdən də küsdü bu dəli ruhum,
Bütün uçuşlar keçir
ayağım altdan indi...
Məndən heç nə qalmayıb, götürmüsən
özünlə,
Axı sənə demişdim, nəyim varsa sənindi...
Limanları səhv düşən
bu qəzalı ömrümün,
Açsam qara qutusun, həsrətin töküləcək...
Aldığım neçə nəfəs
sənsiz gücün
itirib,
Bir hava boşluğunda çarmıxa çəkiləcək...
Bir bilet də mənə
al, ömrünə yan
almağa,
Qanadım qırılmasın qoy
uçuş zolağında...
Sən getməyə həvəskar,
mən gözləməkdən
yorğun,
Gözlərində boğulub qalmışam Allahın da...
Bağışlayaram...
Baxıb
dalğın üzünə
bir yarımçıq
kölgənin,
Boynuna kəndir
atıb ümidsiz bir "bəlkənin".
Ürəyimin başından soyaram
yana-yana,
Bəyaz
ruhuma düşmüş
saf sevgimdən ləkəni,
Səni
bağışlayaram...
Götürərəm yanında nə əmanətim varsa,
Dizlərinin dibində günahım
da qalarsa!..
Yığıb od öpüşləri yorğun
xatirələrdən,
Gecələr pəncərəndə ulduz-ulduz solarsa,
Səni
bağışlayaram...
Daha poct qutusundan məktub çıxmaz şeirimə,
Hər misranı
ocağa ataram köz yerinə.
İtər ağzının dadı
sevgi qafiyələrinin,
Daha sual qoyaram ömrün
nöqtələrinə,
Səni
bağışlayaram...
Bir qatar göndərərəm
bir biletin ardınca,
Boğularam içimdə, olanları
dadınca...
Sonuncu sərnişintək çıxaram
qollarından,
Yığıb çamadanlara nəyim
varsa, qadınca
Səni
bağışlayaram...
Səni
bağışlayaram...
Sən gəldin...
Xatirələr kirlənmişdi o gecə,
Yudum, yudum, kirpiklərimdən asdım.
Yad əllərdə isitdiyin əlini,
Köz eləyib
əllərimə dağ
basdım.
Mən ovcumda öləcəkdim,
sən gəldin...
Bir uçqunda dağıntılar
altından,
Ölməmişdim, yaralanıb çıxmışdım.
Bir gecədə əllərinin
tumarı,
Boya kimi saçlarımdan axmışdı...
Mən saçımdan öləcəkdim,
sən gəldin...
Gözlərimdə qayıq oldu həsrətin,
Boğulanda tutub çıxdım naəlac.
Bu dünyanın hər nəyinə tox ruhum,
Təkcə sənin saf eşqinə acdı, ac,
Mən acından öləcəkdim,
sən gəldin...
Ürəyimə gün doğmadı
bir dəfə,
Ömür keçdi gecə
kimi qoynumda...
Unutmağa güc yığırdım
içimdə,
Soyunurdum bu sevgini əynimdən.
Mən gücümdən öləcəkdim,
sən gəldin...
Son şeirimi son nəfəstək,
yazmamış,
Söz içində öləcəkdim,
sən gəldin...
Sənin pəncərəndə...
İslanıb ayağı yenə
şəhərin,
Göylərin səhəngi yerə dağılıb.
Gecəni
narahat keçirib
Allah,
Səmada
bir qara bulud boğulub...
Küçələr çırmanıb
topuğa kimi,
Yolların qolu yox çamur götürə...
Elə isladıb ki, məni bu həyat,
Ehtiyac qalmayıb
daha çətirə.
Gecəsi
mənimlə nəmlənən
şəhər,
Günəşi çiyninə atacaq səhər.
Gəmisi
tufanda batan ümidəm,
Gözümü limantək sevir dənizlər.
Zülməti qoynuna alan
otağım,
Birtəhər yuxuya verər kədəri...
Mənim
pəncərəmdə şimşəktək
çaxar,
Sənin
pəncərəndə yağar
gözlərim...
***
Sən dərdi hansi rəngdə çəkirsən
ağ kağızda?
Dərd çəkdim - dad bilməni
itirən insan kimi.
Boynumdakı düyünü qurtuluş
rəmzi sayan,
Dar ağacına qaçan qaranlıq zindan kimi...
Ya Rəbb, götür fırçanı, yaxın
gəl gözlərimə,
Yağışı yanağımda gözəl
çəkə bilərsən?
Tənhalıq gecələrin sinəsinə
qısılıb,
Həsrəti ağac-ağac xəzəl
çəkə bilərsən?
İslat
nəm saçlarını
firçanın, sözə
batır,
Yarat portretini qucağımda təkliyin...
Ele çək ki, görünsün mənim
dərya könlümdə,
Odur ən dərin qatım, ən böyük yüksəkliyim...
Onu çək otağımda,
onu çək sol yanıma,
Ovuclarımın içi tərləsin
əllərində...
Gözlərimdən axınca fırçanın son boyası,
Tanrım,
götür tablomu as onun qollarında...
Ağla...
Mən öləndə çox ağla,
Buluda qoşul,
ağla.
Bir daşın başı üstə
Dayan yamyaşıl, ağla!
Endir yarpaqlarını,
Günəşdən gizlə məni...
Yenə
qısqan, yenə sev,
Yad gözdən gözlə məni...
Al, ovucla göylərdən,
Gözlərindən tök məni...
İzin
vermə üşüyüm,
Oxşa
torpaq sinəmi!..
Mən öləndə çox ağla,
Ağla,
için boşalsın...
Həsrətindən qurumuş
Torpağım da yumşalsın...
Yenə
səni hər gecə,
Ruhum sıxsın
köksünə.
Qucağımda yuxular
Layla söyləsin sənə!
Görüşümə qızılgül
Gətir, qoxla ətrimi...
Dodağından bir ömür,
Soyma, saxla ətrimi...
Qurtumla yoxluğumu,
Tünd dəmlə həsrətimi.
Birinə
məndən danış,
Sayıqla sübhə kimi...
Hərdən gəl, xəbər
elə
Çıxım yolun başına.
Ən gözəl şəklimi,
Geyib
durum qarşında...
Mən öləndə çox ağla,
Ağla,
üzülmə amma...
Ürəyindən sevgimi
Üşüyərsən, soyunma!
Kimsə qalmayıb...
Kimsə qalmayıb şəhərdə,
Bir Bakıdı, bir də ki, mən...
Yolları yerdən götürüb,
Sıxmışam bərk-bərk köksümə.
Ömürdü də, hey şütüyür,
Daşıyır məni səhərə.
Hansı ünvana yol alım?
Səninlə gedib küçələr.
Qollarına gedən yollar,
Döngəsində düyün düşüb.
Gecə
yaman yağış yağıb,
Şəhər gözümdən sürüşüb...
Qız qalasının üstündən,
Gəl, atır
özünü səhər.
Gecə
intihar eləyir,
İçimdə əsən küləklər.
Ömrün ayağı büdrəyir
Yıxılır göydələnlərim.
Sən gedəndə boğuluram,
Nəfəsi çatmır göylərin.
Eh, sən hardan biləsən ki
Bu şəhərdə kimin qalıb?!
Tez gəl, sabaha çıxmağa,
Bircə ovuc ömrüm qalıb.
Aysel XANLARQIZI
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 23.