Quşlar
qayıtdısa...
Üstümə
düşmüş əzrayıl kölgəsi qorxutdumu
çırpıldı qübbəyə sabahın göyərçinləri
artıq quşlara deyil,
yaşanmamış bir günün tarlasına səpiləsi
bir ovuc dənin hesabı qaldı məndə.
Zahid
Sarıtorpaq
...Usulluca örtsəm də,
qapının paslanmış həncaması elə
cırıldadı, ətim ürpəndi. Bir az
eyvanda dayanıb göyə baxdım, "yağacaq" deyib
elə qapıtəhər cırıldayan taxta pilləkənlə
həyətə düşdüm. "Sənün
də zayun çıxıb" - pilləkənə deyindim.
Əvvəllər deyinməzdim, mismardan-zaddan
tapıb ələngə pilləkənin əgər-əskiyin
düzəldərdim. Deməli, mənim də zayım
çıxıb...
Yaz bithabitdə, indi fikir verirəm ki, qaranquşlar
ötənilki kimi gözə dəymir.
"Demək, bu yaz da dönmədilər. Toplar hürkütdü
qaranquşları... Yaxşı, olar gəldi-gedərdi,
hər yerə isinişməzlər, bəs, sərçələrə
nə olub qəhətə çıxıblar, elə bil yer
üzünün bütün sərçələri
qırılıb. Dədəm rəhmətlik deyərdi
ki, qaranquşlar, kənddən bezib qaçan cavanlar kimidi -
biri dönər, beşi yox... Sərçə başqa, sərçə
özümüzünküdü, vəfalıdı, heç
hara getməz... Hanı bəs?".
...Fikirləşdim
ki, hara gedim? Özümə gülməyim gəldi.
Əslində heç fikirləşib eləmirdim.
Özüm də getməsəm, sovxaya qalmış
ayaqlarım bilir məni hara sürütdəyəcək -
Əbdülgilə, ya da qəbiristanlığa... Gör havaxtdan dünya boşalmışdı mənimçin.
Qocalıqdandı, yoxsa təklikdən, arada başıma
gic-gic fikirlər dolur: bəlkə dünya yerli-dibli
olmayıb, heç mən də mən deyiləm, havayam, toz dənəsiyəm,
ya da yerin süni peykinin bir qəlpəsiyəm, kosmosda
fırranıram özümçün?!.
İki dünya arasında mən qalmışam, bir də
yarımcan Əbdül.
Havaxt Əbdülün doqqazına ayaq basıram, onda
özümü hiss edirəm, deməli, varammış. Əbdülə baxanda mənim
canım bir az suludu, arada meşəyə
gedirəm, dərədən, "Sısqabulaq"dan su da gətirirəm,
noolsun, nə meşənin havası havadı, nə
bulağın suyu su. Dad-tam qalmayıb, ya ağzımın
zayı çıxıb?..
Yazıq
Əbdül dəqiqəsini, bəlkə də saniyəsini
sayır, hər aldığı nəfəsə zəm-zəm
suyu içirmiş kimi "ox-xaay!" deyir,
zarıya-zarıya uzana qalıb, daxmasından çölə
çıxmır, çıxa bilmir; boğazından da
heç nə keçmir, Əzrayılın yoluna göz
qoyur. Tez-tez getmirəm ki, qapının
cırıltısından diksinər, elə bilər
ölümüdü gələn. Bəlkə də
sevinər, nə bilim... Əbdülünkü çəkiləsi
dərd deyil...
Ürəyim sıxılır. Boğuluram.
Əvvəllər şəhər avtobusları kimi basaraq idi
kənd, adam çox, boğanaq, on metrədən
də bir çətir-çətir qoz ağacları
Allahın havasına qənim kəsilərdi. "Ceviz
ağacı insan kimi nəfəs alır, düşər-düşməzi
var, alma, heyva əkin həyətinizdə" demişdi kəndə
gələn professor. Desəm ki, qələt
eləyib, qanacaqsız olaram, amma professor Allah deyil ki, vallah,
burda nə ağacı əksən, bitmir, quruyur, bitən də
əməlli məhsul vermir. Havanı
ağırlaşdırsa da bu kəndin camaatı qozun
hesabına var idi... Hanı indi o ağaclar?
...Hökumət adamlara qənim kəsildi, adamlar da
ağaclara... İşə bir bax sən Allah, vaxtilə əl-ətəyinə
selbə atıb, əlçatmazına budaq-budaq
dırmaşıb qoz çırpmasaydım, havaxtsa burda
ağac olduğuna inanmazdım...
Axırıncı qoz ağacının
kötüyünə havaxt balta vurdular, yadımdan
çıxıb. Hər selbə atanda havaya yüz qarğa
qalxardı, onlar da yox olub. Elə bil səhralıqdı,
küllükdü, xarabalıqdı... Adamlar da
köçdü, ağaclar da... İndi havasızlıqdan
yox, havanın çoxluğundan boğuluram... Dəli oluram,
deyəsən...
Ağaclar
boy atdıqları kimi təmkinlə
"köçdü" - qarış-qarış,
budaq-budaq, qol-qol... Adamlar isə bircə günün
içində... Adamlar ağacları diri-diri
mişarladı, dəhrələdi, qəlpə-qəlpə
tikələyib sobalara, təndirlərə basdılar,
yandırıb külünü yelə verdilər,
öldürdülər - özləri ölməsin deyə.
***
Dünyanın axırında deyildi bu kənd. Heç əvvəlində
də deyildi. Yazı dizəcən palçıq,
yayı tozanaq, qışı da qar-çovğun, özü
də dağın lap kəlləsində! Mən
bu səy ağlımla fikirləşirdim, görəsən,
burda yurd salmağa dədə-babalarımızı nə
vadar edib? Mənə elə gəlirdi ki, bunu dədəm
də, lap dədəmin dədəsi də fikirləşib. O
fikirnən müharibəyə də gediblər, amma ölən
ölüb, qalanları ki, qayıdıb?! Qayıdıb, ev tikib, uşaq böyüdüb, amma burdan
köçməyib... Biri mən, əsgərlikdən
dönməyə də bilərdim; sevdiyim qız da vardı,
qalsaydım, burdakından yaxşı iş-gücüm,
evim-eşiyim də olardı bəlkə... Başqaları
oxumaq, ya əsgərlik adıyla ilim-ilim itdilər, daha kəndin
adını tutmadılar, geri dönmədilər.
Qızlar ata evində qarıdı, qocalar həsrətdən,
nisgildən öldülər... Ha fikirləşirəm,
axırıncı kərə kənddə mağar qurulub, toy
çalındığını andıra qalmış yadıma
sala bilmirəm. Mağar qurulurdu, amma ölənlərin
doqqazında...
Beş-on
evlik kəndi sonuncu Mərdan kişi tərk
eləmişdi. Daha doğrusu, şəhərdə
yaxşı mənsəb sahibi olan kürəkəni
aparmışdı kişini. Nə vaxt idi, huşumdan
düşüb, amma maşına minməmiş dediyi qulağımdadı:
"Daha burda ot da bitməz!". Elə
bil Mərdan kişinin ahı tutdu buraları, bulaqlar qurudu,
torpaq çat verdi, yarğanlar cadar-cadar elədi
el düzünü.
Mərdan kişidən əvvəl Cabbarın külfəti
daşındı paytaxta. Özü yox, külfəti.
Qisməti beləymiş. Yazıq Cabbar,
ahıl vaxtında iyirmi kilometrlik yolu basa-basa, payi-piyada gedib
raykoma yalvar-yaxar eləmişdi ki, bilirəm, bu kəndin
adı it dəftərində də olmayıb, olmayacaq da! Bu gün-sabaha salıb allahın qazına,
işığına həsrət qoyduz, yol çəkməyə
ayrılan pula da göz dikdiz, haram xoşunuz. Nə qədər
sən burda katibsən, quyruqbulayanın da kənd soveti Şəmildi,
nəinki biz, heç qotur keçimiz də gün görməyəcək,
heç olmasa qışı yola verin, sovxaya qalmış
meşədən quru ağac qırmağa icazə olsun, bu
fağırlar soyuqdan qırılmasın, beş-altı evdi,
yaza çıxsalar, rədd olub gedəcəklər bu viranədən!..
Katib də kişiyənə cavab vermişdisə,
evə qayıdanı üç gün yerindən dura bilmədi,
dili tutuldu, elə üçüncü gecə də
köçdü bu dünyadan. Dinməzcə...
Dinməzcə
ölməyi Cabbar kişi "dəb"
saldı kəndə...
O gündən
Şəmil də kəndə dönmədi. Elə
o gündən də kənd seyrəkləşdi.
Sən
demə, o günlər sovetlərin ələyi ələnirmiş!
Sonradan
bildik ki, katib Cabbar kişini guya yola gətirmək istəyibmiş,
deyib:
- Ay
ağsaqqal, a sağ olmuş, oturmusan dağ başında, udursan
təmiz havadan, dünyadan xəbərin yox, ayə, bu gədə-güdə,
şura hökumətinin mitilinə vurullar ee! Nə partiya
olacağ, nə raykom, nə də... heç zad! Ayə,
ölən günümüzdü ee!..
Dili-ağzı qıfıllanmasaymış, bəlkə,
"sinənə belə dağ havası düşüb, gəl,
yayda zoğal arağıyla kabab yeməyə yox ee,
payızın lıqqasında, qışın zəlozəlosunda
gəl, gör camaatun nə zillət çəkir, nə
müsibətə dözür" deyərdi. Amma deyə
bilməyib. Cabbar kişi əvvəlcə
döyüküb, udqunub, özgə vaxt zəhmi qayaları əridən
kişinin cınqırı da çıxmayıb, başa
düşməyib raykomun, partiyanın ölən
günüdü, yoxsa dünyanın. Belə vecsiz raykomu,
Şəmil kimi kənd soveti olan partiyanın ölməsinə
sevindiyindənmi dili tutulmuşdu Cabbar kişinin, yoxsa sabaha
naümidliyindən - bunu da bir Allah bilirdi...
***
...Hava
praqnozu mənlik deyilmiş; yağış-zad
yağmadı...
...Səhərəcən
gözümü yummadım. Ürəyimə
dammışdı, gözümü yumsam, day açmayacam.
Gözlərimi tavana dirəyib zülmətdə
bir iynə ucu işıq axtarırdım.
İşıq nə gəzirdi! "Qarğa ömrü
yaşayasan, yada düşəsi işıqlı xatirən də
olmaya...".
Hamı
köçün sürdü, getməyə yeri olan getdi... Kimə pənah aparacaqdım ki? Şəfiqənin
ölümündən on il keçib, elə
bil yüz ildi onun qəbrinə gedib-gəlirəm... Allah verən
candı, gəzdirirəm...
Səhəri diri açdım. Ağzımı tutdum
qəbiristanlığasarı ki, sakitləşəm. Kimsə çağırdı elə bil. Qanrıldım səsə. Əvvəl
elə bildim yenə atırlar. Dağların o
üzündən çoxdan səs-səmir gəlmirdi...
"Bismillah!". Heç
kimsə yox idi. Ürəyim sancdı.
Qayıtdım Əbdülün doqqazına.
Barmaqucu eyvana çıxdım, hörümçək toru
basmış ara pəncərədən
içəri göz qoydum; Əbdül bərəli gözləriylə
pəncərənin şəklini "çəkirdi".
Əsas odu ki, gözləyir... "Bu gün bitirəcəm,
Allah qüvvət versə, peşman etməsə...".
Ölülərlə dil tapmaq asandı. Kənd
boşalandan qəbiristanlıqda onlarla söhbət edirəm.
Sağlığında zəhmli, qəddar, əzazil, kobud,
yaltaq, zırrama, dəli - burda yazıq, sakit, üzüyola...
həm də xoşbəxt! Qəbir
daşlarıyla salamlaşdım, hal-əhval tutub əlimdəki
dəhrəylə qaratikan kollarını qırmağa
başladım. "Gözləyin, indi
hamınızı xilas edəcəm bu zəhrimarın
caynağından!..". Torpaq bir ara nəm çəkdi deyə, qaratikan
basıb hər yeri, elə bil qurbanolduğum dünyanın
bütün qaratikanlarını bir gecədə ting eləyib
basdırıb bura, qəbirləri ayırd eləmək
olmur... Yaxşı ki, cavan zoğlar hələ bərkiməyib,
dəhrənin ağzı dəyən kimi üzülür...
Tək-tük başdaşında əl boyda şəkil
var, o da bozarıb, yazıları korraşıb, tanınmaz
olub. Eehh,
onsuz da hamısını tanıyıram; kim
necə, hansı dərddən öldü, neçə
gün can verdi, üstünə gələni, gəlməyəni
də yadımda...
...Bu da
Şəfiqə! Gözləri elə
gülür. Zalım qızı, o boyda dərdin
içində bir dəfə də gileylənmədi...
"Sağlığında qədrini bilmədim, Şəfi...
İncitdim səni. Ürəyim, həyatım
demədim, deyə bilmədim... Züryətimizin
olmamasını səndən bildim, səni qınadım...
Üzə vurmadın, doxtura da getmədin, dərdinlə birgə
əridin, o gecə... o gecə gülə-gülə bircə
bunu dedin: Özündən muğayat ol... Görüşərik...
Yanında olmaq istəyirəm, Şəfi...".
Şapkamı çıxarıb, Şəfiqənin bozarıb
çat vurmuş şəklini sildim, barmaqlarımla tellərini,
gözlərini, burnunu, dodağını oxşadım. Bir dəfə
də öpmədiyim dodaqları azca aralıydı, sanki deyəcəyi
vardı. İmkan vermədim, "gəlmə!" deyəcəyindən
qorxub nəm dodaqlarımı dodağına dayadım...
Handan-hana toxtayıb yarımçıq qəbrimə
baxdım. Əbdülün qəbrini aralıda
qazmışdım. Maşallah, saf torpağı
vardı, daşsız, kəsəksiz!
"Sağlığına qismət" dedim deyəsən.
Vallah dəli olmuşam... Özümə Şəfiqənin
sağında qəbir qazmışam. Azca qalıb, lap
on-on beş bel ağzı. Dərinə
getdikcə daş-kəsək çıxırdı,
qazımaq ağır idi, taqətim kəsilirdi deyə
yarımçıq saxlamışam. Axı
Əbdülü dəfn edəndən sonra bayquş kimi tək
qalsam, məni yerdən kim götürəcək?.. "Bu gün gərək
bitirəm".
...Qəbrimi
qazıb geri dönəndə axşam düşürdü. Keçdim Əbdülgilə ki, muştuluqlayam, deyəm
qəbirlər hazırdı, day rahatca yola çıxa bilərik.
Qapını araladım, içəri
keçib onun yatağına yaxınlaşdım.
Əbdül yola mənsiz çıxmışdı -
çoxdan ölmüşdü, çənəsində
gömgöy köpük qurumaqdaydı...
İri dəmir
boçkada su qoyub altını qaladım, evə
qaçıb sabun, iki ağ mələfə
gətirdim. Əbdülü soyundurdum. Yazığın yanbızları döyənək
olmuşdu, qapqara qartmaq bağlamışdı uzanmaqdan.
İsti suyla yuyundurdum, dəsmalla qurulayıb mələfəyə
bükdüm. Ölü
yumamışdım, amma elə bildim ömrü boyu mürdəşirlik
eləmişəm, heç qorxub eləmədim.
"Bu da axırın, Əbdül, day rahat ol. Amma əclaflıq elədün,
məni qabağladun, haramzada!..".
Zillətnən
böyütdüyü altı oğuldan biri də qalmadı
yanında, baş götürüb gedər-gəlməzə
üz tutdular... "Dağıl, necə
dağılmısan, a dünya! Altı oğlun ola, səni
züryətsizin biri kəfənləyə, yerdən
götürə, torpağa tapşıra...".
Qəhər məni boğurdu. Eyvana
çıxdım. Könlümə
papiros yandırıb tüstüsünü ciyərimə
çəkmək düşdü. Hardan o
bəxtəvərlik?! Bir də fikirləşdim ki, gərək
Allah məni xəstə salıb öldürəydi,
Əbdül məni kəfənləyəydi,
basdıraydı, bax o dikdirin üstündə oturub gözləyəydi,
gözləyəydi... Bəlkə altısından birinin
yuxusu qarışar,vicdanı oyanar,
yığışıb qayıdardı ata yurduna, bu
yazığın da gözləri yollardan
yığışardı... "Allah bilən
məsləhətdi".
Gün doğhadoğda Əbdülün cəsədini
köhnə əl arabasına qoyub qəbiristanlığa gətirdim. Bir müsibətlə
cəsədi qəbrə endirib yerini rahatladım. "Bu dərinlikdə qazmasaydım, əlləşməzdim,
rahatca çıxardım qəbirdən" - deyə
özümü danladım. Birdən ağlıma gəldi
ki, ətrafımda boş, uçuq daxmalar, soyuq qəbirlərdən
özgə heç nə olmadığı dörd yanı
uçurum zirvənin başında tək-tənha bir gün,
lap beş gün yaşayaram, girməyinə
girmişəm, bəlkə uzanıb qalım
Əbdülün yanında? Tez də fikrimdən
qaçdım, qəbirdən çıxıb beli
götürdüm, Əbdülün üstünü
torpaqladım.
Haldan düşmüşdüm. Ağır-ağır
evə üz tutdum. Zirzəmidə
inişildən qalma buğda vardı. Yarımlitrlik
bankaya buğdadan doldurdum, it ilindən qalma "Fanta"
butulkasında su götürüb qayıtdım
Əbdülün üstünə. Buğdanı
sinəsinə səpib üstünə su çilədim.
Hava qaralana kimi çömbəlib Əbdüllə
dərdləşdim.
***
Bu boyda dünyada tək qaldığımı bayquş
ulamamış gecənin, xoruz banı eşitməyən səhərin
yetimliyindən duya bildim. Ətrafımda sükut qışqırırdı...
***
...His
basmış samovara od saldım. Qaynamağını gözləyə-gözləyə
onun qaramat duruşuna nəzər qoydum - illərlə
çimməyən qaraçı uşağına
oxşayırdı samovar.
Dızıldadı, zoqquldadı,
pıqqıldaya-pıqqıldaya qaynayıb
"fısı" yatdı. Dəmir qəfədanı
yaxalayıb, kəklikotu çayı dəmlədim. Zoğal qurusuyla isti çaydan içib üz tutdum
qəbiristanlığa. Doğmaca qəbrimdə
uzanıb bu boş dünyanın baş örtüyünə
baxıb uyumaq istədim. Əbdülün
qəbrinə çathaçatda qulağıma qəribə
səslər dəydi. Dedim yəqin,
oğlanlarının yuxusu qarışıb,
qayıdıblar. "Belə tez? Bəs ölməyini hardan biliblər? Burda məndən
özgə kim vardı xəbər göndərə yox
olmuş dünyanın o başına?".
Fikirləşə-fikirləşə yastı
təpəni aşdım, qəbri görəndə yerimdəcə
qurudum. Əbdülün sinəsindəki təpəciyin
torpağı görünmürdü,yüzlərlə
boz sərçə cikkildəşərək,
qanadlarını yumşaq torpaq dənələrinə
çırpa-çırpa srağagün səpdiyim
buğdaları dənləyirdilər. "Bular
haçan gəldi? Axı sərçələr də
buralardan bezar düşmüşdü?..
Allah, sənə şükür! Nəhayət ki!..".
Uşaq kimi sevindim. Onları hürkütməmək
üçün astaca geri çəkilib daxmama tərəf tələsdim.
Zirzəmiyə girdim. Taxıl
çuvalını açıb buğdadan ciblərimə,
şapkamın içinə doldurub geri döndüm. Dəni ovuclayıb ətrafa səpələdim.
Ac sərçələr buğdaları dənlədikcə
elə civildəşir, elə qanad çalırdı ki!
Şükürlər olsun, daha tənha deyildim! Qınayan olmasaydı onları bir-bir tutub öz balam
kimi başını, boynunu tumarlayardım. Elə bil ürəyimdən keçənləri
başa düşdülər, çox keçmədi ki,
yan-yörəm sərçəylə doldu. Sərçələr
hey çoxalırdı...
İnanırdım ki, o quşların biri
Əbdülün ruhudu, qarışıb sərçələrə. Yəqin,
sevindiyimi də görür. O da sevinərdi. Ürəyimdə
qarasına deyindim: "Niyə tələsdin, a üzü
pis?!".
Qəfildən göy guruldadı. Az keçdi,
bir-bir atmağa başladı. Tələsik beli
qapdım, zülümlə qazdığım qəbrimi
doldurmağa başladım. Eşitmişdim
ki, ağzı açıq qəbrə yağışın
yağması pis əlamətdi. Bəlkə
də bunu özüm uydurdum, çünki daha ölmək
istəmirdim. Yağış gurlaşdıqca
qollarıma güc gəlirdi, suluqlamış ovcum göynəyirdisə
də, mənim vecimə deyildi... Yağış
gurlaşırdı... Qəbrimi doldurub beli kənara
tullayanda nimdaş paltarlarım dərimə
yapışmışdı.
"Əgər sərçələr qayıdıbsa,
görərsən, qaranquşlar da dönər,
yağışı canına çəkən ceviz
kötükləri cücərər, boy atıb qol-budaqlı
ağac olar, zəhləm getmiş qarğalar da qayıdar? Bilmək olmaz, birdən,
Əbdülünkilərdən biri döndü, qənşərinə
çıxan olmalıdı axı...".
Sanki
Əbdül ordaymış kimi əllərimi göyə
açıb bağırdım:
- Əb-düüülll!.. Əbdül, eşidirsən, sərçələr
qayıtdı. Sənə demişdim axı...
Qa-yıt-dıııııııı!...
Yaşar BÜNYAD
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 24-25.