Rəssamın rəsmi

 

Rəssam qurğu qurub dağın döşündə,

 

Bir təzə üz, bir incə can çəkir.

 

Kənardan dayanıb baxıram mən ,

 

Görürəm candan çox həyəcan çəkir.

 

 

Dağın arxasından günəş boylanır,

 

Yamaca nurunu saçmayıb hələ.

 

Dağın sinəsində lalələr yanır,

 

Üstündən qaranlıq uçmayıb hələ.

 

 

Soruşdum rəssamdan, - fikriniz nədir?

 

Qara libasdamı qalacaq yamac?

 

Axı fırça sizin əlinizdədir,

 

Rəngləyin, bəzəyin, - gözəl olacaq.

 

 

Axı çiçəklərdir o gülə dayaq,

 

Niyə qara kölgə salasan ona?

 

Yamacın döşündə vüqarlıdır dağ,

 

Rəvamı kölgələr düşə payına?

 

 

Rəssam söylədi ki, dön səmaya bax,

 

Günəş gözünü tam açmayıb hələ.

 

Niyə görünənə yalan calayaq,

 

Tanrı çəkdiyini biz görə-görə?

 

 

Günəş tam doğacaq vaxtı çatanda,

 

Kölgələr yamacı tərk eyləyəcək.

 

Bəxt ünvanına addım atanda,

 

Ona gözəlliklər verə biləcək.

 

 

Odur ki, yamacın gücünü deyil,

 

O gülün bəxtini görməyi düşün.

 

Tanrının çəkdiyi xətlərə əyil,

 

Xoşbəxt gələcəyə yetişmək üçün.

 

  

 

Biz türkük

 

 

Biz türkük, eşitsin qoy bilməyənlər,

 

Tarixin igidlik varağıyıq biz.

 

Türkün mərdliyinə şübhə edənlər,

 

Bilsinlər, dünyanın dayağıyıq biz.

 

 

Babam Alp Ər Tonqa, nənəm Tomrisdir,

 

Mərdlik, yaranandan türklə əkizdir.

 

Tanrı özü türkü himayə edir,

 

Onun yer üzündə bayrağıyıq biz.

 

 

Daim ədaləti qoruyan bizik,

 

Məzlumun dərdinə yarıyan bizik.

 

Zalımın bağrına qor olan bizik,

 

Qaranlıq qəlblərin çırağıyıq biz.

 

 

Adəmin adını bizik daşıyan,

 

Hər dosta, yoldaşa ilqarı olan.

 

Şaman duasıyla ruhu nurlanan

 

Dumanlı qəlblərin mayağıyıq biz.

 

 

Türkük - dirrik... ilk yaranan bizik,

 

Haqq üçün savaşda aranan bizik.

 

İnsanla insantək davranan bizik.

 

Bununçün dünyanın marağıyıq biz.

 

  

 

Dünyadan xeyir istəmə

 

 

Gözlərim yenə uzun yol çəkir,

 

Həyatın ən ağır səhnəsindəyəm.

 

Min dürlü nahaqqa fələk qol çəkir,

 

Dünyanın Yer adlı qəfəsindəyəm.

 

 

Yollarda tikanlı qanqallar bitib,

 

Gülün, gülüstanın dövranı yetib.

 

Şər meydan sulayır, xeyirsə itib,

 

Bu gündən yox olmaq həvəsindəyəm.

 

 

isə görmürəm sevinc adına,

 

Kimsə salmır daha xeyri yadına,

 

Kim yanır, kiminsə yanam oduna?!

 

vaxtdır kədərin tələsindəyəm.

 

 

Başıma salmağa bir daş gəzirəm,

 

Öz doğma yurdumda sanki əsirəm,

 

Çöllərdə sərgərdan gəzən yesirəm.

 

Kaman səsindəyəm, ney səsindəyəm.

 

 

Kədər qara boya çəkib üstümə,

 

vaxtdır kor olub gözüm tüstümə.

 

Qalib, bu dünyadan xeyir istəmə,

 

Ömrümün sanki son nəfəsindəyəm.

 

 

 

Həyatın əkizi

 

 

Sevgiylə əkizmiş demə bu həyat,

 

Yaşada bilməsən, yaşadan olmur.

 

İki sevən qəlbdən doğur bir büsat,

 

Sevdalı güllərin çiçəyi solmur.

 

 

Bir xoş gecə ilə həmsöhbətəm mən,

 

Ulduzlar səbrlə dinləyir məni.

 

Şirin xəyallarım ayrılmır səndən,

 

Əl açıb səmadan diləyir səni.

 

 

Dan üzü astaca örpəyin açır,

 

Günəş buludundan sıyrılır daha.

 

Surətin uzaqdan boylanıb baxır,

 

Xəyallarla dolu nurlu sabaha.

 

 

Sənin şərəfinə doğur bu sabah,

 

Sevgim həyatını bəzəsin deyə.

 

Eşq ilə dünyanı yaradan Allah,

 

Sənə könül verib mənə verməyə.

 

 

Həyatın əkizi sevgidir deyək,

 

Olmasın əlimiz ürkək, utancaq.

 

Beş günlük dünyanı, gəl, gecikdirək,

 

Sevən sevdiyini uca tutacaq.

 

 

 

Son ünvanın xəritəsi var

 

 

Zamanın qələmi kədər, qəm çəkir,

 

rəngə boyayır illər saçımı.

 

Donmuş xatirələr danışır bir-bir,

 

Biri ağrılıdır, biri sancılı...

 

 

Aynaya baxıram, danışır şüşə -

 

Üzümü bəzəyən qırışlar ilə.

 

Bu gün olanları yazır keçmişə,

 

Sabahlar nağılsız qalmasın deyə.

 

 

Əvvəlin sonu var, bilsək bunu,

 

Xəyallar, arzular çaşdırır bizi.

 

Olumdan yaranan ölüm qanunu,

 

Sonunda kəsəcək nəfəsimizi.

 

 

Hər üzə baxanda görünür aydın, -

 

Sonuncu ünvanın xəritəsi var.

 

Aldadıb yalançı dadı həyatın,

 

Adamın düzünü tərsinə salar.

 

 

Qalib Nuri ARİF

Ədəbiyyat qəzeti.- 2022.- 5 fevral. S. 25.