Bir zamanlar...
Əvvəl səni sevirdim,
Sonra həsrətini.
İndi
nə sən varsan,
Nə də həsrətin.
Bircə
bir vaxt
Getdiyimiz
uzun yol var,
Hər gün məni aparır
Xatirələrimizgilə...
Nə qalacaq bizdən
sonra
Yollar yola calanacaq
Saldığımız izdən sonra.
Yenə
dağlar görünəcək
Göz işləyən
düzdən sonra.
Şəhərləri kənd eləyib,
Şəkəri də qənd eləyib,
Sözü sözə bənd
eləyib
Səs oluruq sözdən sonra.
Ay yaşayıb ömür sürən,
Bağlanacaq bəndin, bərən.
Xoş əməldən özgə,
görən,
Nə qalacaq bizdən sonra?
Elnur, bir az danış kəsə,
Gəlmir ilham, təb həvəsə.
Dünya
dönür dar məhbəsə,
Yaşadınsa yüzdən sonra.
Nə gəzir
Günahı bol olanlara
Cənnət adlı yer nə
gəzir?
Bu dünyadan o dünyaya
Aparmağa sirr nə gəzir?
Naşı baxıb həvəs
eylər,
Qarğa bülbülü pəs eylər.
Boş qazan kimi səs
eylər,
Yekə başda sər nə gəzir?
Hədəfik - gülləyə tuşuq,
Qanadı qırılmış quşuq.
Dənizləri qurutmuşuq,
Onda inci, dürr nə gəzir?
Dünya qədim mağaradır
Aran kəsibdir aranı,
Görünməyir, dağ haradır.
Köhnə şəkil kimi
həyat
Elə bil ki ağ-qaradır.
At başını, torpaqda yat,
Ya da uçub göylərə çat.
İnsan
canlı bir eksponat,
Dünya qədim mağaradır.
Qara günlər qaralıb bax,
Üzümüzə olubdur ağ.
Dünyaya gəlib yaşamaq
Toydan sonra
nağaradır.
Elnur İRƏVANLI
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 27.