Rəssam
Albert adlı bir rəssam cavanlığında çəkdiyi
rəsmlərlə istədiyi uğuru və şöhrəti
qazana bilmirdi.
Belə ki, o öz qabığına çəkilib
taleyi ilə barışmaq qərarına gəlir, illərlə
bunu etməyə çalışır, amma get-gedə
çəkdiklərinin özünü belə qane etmədiyi
həqiqəti ortaya çıxır. Oturub hər
hansı bir qəhrəmanın şəklini çəkərkən
ağlına dayanmadan belə sual gəlirdi: "Bu etdiyim, həqiqətən
lazımlı işdir? Mən, eləcə də,
bütün insanlar gəzib əylənsək, ya da oturub
şərab içsək, nə fərqi olar? Şəkil
çəkməklə öz başımı qatmaqdan,
özümə təsəlli verməkdən və bir az da
vaxt öldürməkdən başqa nə edirəm ki guya?!".
Bu fikir işləməyinə mane olurdu. Albert get-gedə
şəkil çəkməkdən uzaqlaşır. Həyatını gəzib-əylənməyə,
şərab içməyə, kitab oxumağa və səyahətlərə
həsr edir. Amma bunlar da ona xoşbəxtlik
gətirmir.
Bir vaxtlar
böyük məqsədlər və ümidlərlə rəsm
çəkməyə başladığı tez-tez yadına
düşür və bunu xatırlayırdı:
"Özüylə dünya arasında güclü, gözəl
əlaqə yaratmağı; bu güclü və səmimi əlaqənin
aralarında bağ yaradaraq səssiz nəğməyə
çevrilməyisi istəmişdi həmişə. Qəhrəmanlar
və qəhrəmanlıq rəsmləri çəkərək
iç dünyasını çölə çıxarmaq və
müstəqilləşdirərək xaricdəki dünyaya təqdim
etmək istəmiş, daxili dünyasını, rəsmlərini
görənlərin tənqid və təriflərinin xaricdəki
dünyada canlanıb böyük minnətdarlıq hissi ilə
ona geri qayıdacağını xəyal etmişdi".
Bəli, axtarıb tapmadığı bu idi. Bu bir xəyal
idi və get-gedə zəifləyib, nəhayət,
parıltısını tamamilə itirmişdi. Halbuki, indi, Albert orda-burda gəzdikcə, ya da izsiz
yerlərdə ayaq saxlayanda, bir gəmidəykən, ya da bir
dağ keçidini aşarkən bu xəyal yenidən,
güclü, həm də çox güclü şəkildə
canlanırdı. Əvvəlkindən fərqliydi,
amma bu da onun qədər gözəl, güclü, cazibədar
və ehtiras dolu, canlı bir güc idi.
Ahh, bununçün necə də darıxırdı. Dünyayla öz
arasındakı əlaqəni hiss etmək üçün
necə də darıxırdı. Nəfəsilə küləyin
və dənizin nəfəsinin eyni olmasını,
özüylə hər şey arasındakı
qardaşlığın və dostluğun, sevginin və
yaxınlığın, əlaqənin olmasını necə
də arzulayırdı!
Özünü, mənliyini və həsrətini
göstərən, ona sevgi və anlayış gətirən,
onu haqlı çıxaran və ucaldan rəsmlər çəkmək
məcburiyyətini hiss edirdi artıq. Öz varlığını
bir forma, ya da bir nəfəs olaraq ortaya qoymağına şərait
yaradan qəhrəmanlardan, ya da onlarla bağlı təsvirlərdən
imtina etmişdi. İstədiyi tək
şey, mənliyinin bir heç olduğu, varlığında
əriyib öldüyü və yenidən doğulduğu hər
bir ünsiyyət hissinin, hər bir güclü axının
dadına baxa bilməkdi. Hər bir sirli mənliyin
də. Həyatı yaşanmalı edən, ona bir az məna qatan, aydınlığı və
rahatlığı bəxş edən canlanan bu xəyal və
güclənən həsrəti idi.
Albertin dostları, neçə nəfər
qalmışdısa onlar, bu fantaziyalarını
doğru-düzgün anlamırdılar, sadəcə, get-gedə
özünə qapandığını,
susqunlaşdığını,
danışığının və
gülüşünün dəyişdiyini, özünü
təcrid etdiyini görürdülər. Başqa
adamların sevdiyi və önəm verdiyi şeylərlə məşğul
olmur, nə siyasət, nə ticarətlə, nə ov əyləncələri,
nə də sənətlə bağlı maraqlı
müzakirələrlə maraqlanırdı.
Digərlərinin maraqlandığı mövzular ona
maraqlı gəlmirdi. "Heç kimlə yola getməyən", ya da
"bir az başdan xarab adam" deyə
bilərdilər ona.
Pis
qış havasında gəzir, amma yenə də bu havanın
rənglərini və qoxularını içinə çəkə
bilir, qarşısında mahnılar oxuyaraq gedən balaca bir
uşağın arxasınca qaçır, saatlarla
yaşıl rəngli suya, çəmənliyə, ya da
kitabına diqqət kəsilmiş adam kimi
bir kökdən, ya da bir bitkidən kəsilmiş bapbalaca bir
budağa baxıb xəyala dalırdı.
Daha
heç kim onunla maraqlanmırdı. O
vaxtlar balaca, yad bir şəhərdə yaşayırdı;
bir səhər yolu dar küçəyə düşəndə
balaca, durğun bir çayın qamışları
arasından palçıqla örtülü, sarı, dik sahil
gördü. Pis torpağın səmərəsizliyində
yetişən kollar və tikanlar torpaq sürüşməsi
səbəbindən toz-torpaq içindəydi. İçində bir səs eşitdi, ayaq saxladı
və ruhunu əfsanəvi keçmişdən qopub gələn
bir nəğmə bürüdü. Palçıq
sarısı, ya da tozlu yaşıl olsun, istər durğun bir
çay, istər ordakı dik sahil olsun, cizgilərin və rənglərin
yaranması, ya bir sahil, ya da təsadüf nəticəsində
o görüntüyə qatılan bir özəllik,
bunların hamısı gözəldi, təsirli və təəccüblüydü,
onu çağırırlar, o da hamısını
tanıyırdı. O anda meşəylə çay,
çayla öz varlığı və səma, dünyayla
bitkilər arasındakı münasibəti hiss etdi. Orada olmalarının və bütövləşmələrinin
tək səbəbi onun gözündə və ürəyində
əks oluna bilmək, onunla qarşılaşmaq və onu
salamlamaqmış kimi gəldi ona. Çayla otların, ağacla
havanın birləşdiyi və bütövləşdiyi,
bir-birini ucaltdığı, sevgilərini müqəddəsləşdirdiyi yer onun ürəyidir.
Bu inanılmaz təcrübə bir neçə dəfə
təkrarlanınca, rəssamı inanılmaz xoşbəxtlik
bürüdü. Qüsursuz hiss idi bu: qürubun qızılı sarı
şüaları, ya da bir bağçanın qoxusu kimi.
Bu hissin şirin, güclü dadına baxmağa
çalışdı, amma uzun müddət buna dözə
bilməzdi; çünki həddindən artıq güclü
idi. Bu güc
içində gərginlik, rahatsızlıq, az
qala qorxu və qəzəbin yaranmasına səbəb olurdu.
Ondan daha güclüydü. Onu içinə
çəkir, qoparıb alırdı. Bu
hissin onun özünü əzə biləcəyindən
qorxmağa başladı. Bunu istəmir, sadəcə,
yaşamaq, əbədi yaşamaq istəyirdi! Yaşamaq istəyini
o andakı qədər güclü heç vaxt hiss etməmişdi!
Bir
gün özünü sərxoşluqdan ayılmağa
başlayan adam kimi tənha, sakit bir otaqda
tapdı. Qarşısında boya qutusu və kətan
vardı.
İllər sonra ilk dəfə oturub şəkil çəkməyə
başladı.
Bir də heç vaxt ağlına, "Bu işi niyə
görürəm?" sualı gəlmədi. Ancaq şəkil
çəkirdi. Ancaq görür və
gördüyünü çəkirdi. Gah
çölə çıxıb dünyanın şəkillərinə
qarışır, gah da otağında oturub özünü o
güclü hissin ağuşuna buraxırdı.
Balaca şəkil kağızlarına rəsmlərdən
yaranan misralar yazırdı mütəmadi olaraq.
Söyüd ağaclarının da iştirak etdiyi səmanı,
bir bağça divarını, meşədə bir ağac
sırasını, bir kənd yolunu, insanları, heyvanları
və heç vaxt görmədiyi, amma bir divar, ya meşə
qədər canlı olan qəhrəmanları, ya da mələkləri
çəkirdi.
Yenidən insanların arasına qayıdanda şəkil
çəkməyə başladığı hər tərəfdə
yayıldı.
Ona dəli gözüylə baxırdılar,
amma rəsmləri ilə də maraqlanırdılar. O isə
çəkdiyi rəsmləri heç kimə göstərmək
istəmirdi.
Amma ondan əl çəkmədilər və dayanmadan təzyiq
göstərdilər. Nəhayət, bir tanışına otağının
açarını verdi və ordan
uzaqlaşdı. Başqaları rəsmlərinə
baxanda orada olmaq istəmirdi.
İnsanlar gəldi və bəyəndiklərini göstərən
qışqırıqlar yüksəldi. Bir dahi kəşf
etmişdilər. Bütün müdriklər
və dahilər üçün deyilən sözlər onun
üçün də deyildi. "Adamayovuşmazdır,
amma Tanrının müqəddəsləşdirdiyi
adamlardandır", deyirdilər.
Rəssam Albert o müddətdə kəndə yerləşir. Kəndlilərdən
birindən bir otaq kirayələyib, boyalarını və
fırçalarını ortaya çıxarmışdı.
Yenidən düzənliklərdə və
dağlarda xoşbəxtlik içində gəzir, sonra da təcrübələrini
və hisslərini rəsmlərində əks etdirirdi.
Qəzetlərin birindən hamının onun evinə
gedib rəsmlərini gördüyünü öyrəndi. Bir bokal şərab
içərkən paytaxtda çıxan bir qəzetdə
özü haqqında uzun, gözəl bir yazı oxudu. Adı iri şriftlərlə
yazılmışdı və sütunlardan gözəl tərif
sözləri yağırdı. Amma Albert
yazını oxuduqca qəribə hisslər keçirməyə
başladı.
"Kədərli qadının rəsmində fon olaraq
istifadə edilən sarı və inanılmaz parlaqlıq! Yeni, valehedici və ürəkaçan
uyğunluqdur!".
"Güllərin təsvir olunduğu ölü təbiət
rəsmində demək istədikləri möhtəşəmdir! Öz portretləri
də eləcə. Bunları psixoloji
portretin inanılmaz şah əsərləri olaraq qiymətləndirə
bilərik".
Qəribədir,
çox qəribədir! Halbuki Albert bildiyi qədəri
ilə nə gözəl, nə də kədərli qadın
təsviri yaratmışdı. Öz
portretini çəkdiyini də xatırlamırdı. Ona, o qədər sevdiyi rəsmləri verən
palçıqlı çay sahilinə, mələklərə,
yağışlı səmaya, ya da onun kimi bir şeyə
istinad edilən tək bir kəlmə tapa bilmədi yazıda.
Albert şəhərə qayıdır. Tələm-tələsik
evinə qaçır. Evə müxtəlif
adamların girib çıxdığını, qapıda da
bir kişinin oturduğunu görür. Albert
içəri girə bilmək üçün bilet almaq məcburiyyətində
qalır.
Çox yaxşı tanıdığı rəsmləri
oradaydı, amma altlarında lövhələr
asılmışdı. Üstlərində də Albertin qətiyyən
başa düşmədiyi yazılar vardı.
Bəzilərində öz portreti, ya da başqa şeylər
yazılmışdı. Tanımadığı adları olan rəsmlərinin
qarşısında bir müddət dayandı. Onun özünün etdiyi kimi, başqa adamların
da bu rəsmlərə qəribə adlar verə biləcəyini
anlamışdı. Bağ divarında
göstərmək istədiyi başqalarına bulud kimi,
daşlıq bir bölgədəki uçurum da öz rəsmiymiş
kimi görünmüşdü.
Nəticə
etibarilə bu, heç də önəmli deyildi, amma Albert
oradan sakitcə uzaqlaşmağa, səfərə
çıxmağa və bir daha o şəhərə
qayıtmamağa qərar verdi. Həyatı
boyunca daha çox şəkil çəkdi və onlara daha
çox adlar verdi; bunu edərkən də
xoşbəxt oldu; amma çəkdiyi şəkilləri bir
daha heç kimə göstərmədi.
1918
Herman HESSE
Tərcümə:
Nilufər HACILI
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 28.