Balet tariximizə töhfə

 

Balet janrında yazan qadın bəstəkarımızın əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyuldu

 

Musiqi, rəqs və səhnə sənətinin vəhdətinin təzahürü olan dünya baletinin inkişafında Azərbaycan bəstəkarlarının da öz dəst-xətti var. Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə tamaşaya qoyulan "Qız qalası" baletindən sonra Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu və digər sənətkarlarımız yaradıcılıqlarının müəyyən dövrlərində bu janra da müraciət etmişlər. Balet sənətinin spesfik xüsusiyyətləri olduğundan və teatr qarşısında müəyyən tələblər irəli sürdüyündən bu səhnə əsərinin yaranmasında müxtəlif dövrlərdə fasilələrlə yaranır. Musiqi sənətimizdə belə bir fasilə yaxın illərdə də hiss olunurdu. Lakin yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan tanınmış bəstəkar Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi" adlı 2 pərdəli baleti bu sükutu pozdu, teatr ictimaiyyətinin diqqətini çəkdi.

 

Lalə Cəfərova  Azərbaycan Dövlət Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərməklə yanaşı uzun illərdir ki, musiqi sənətimizin müxtəlif sahələrində yazdığı əsərlərlə ilə dinləyicilərin rəğbətini qazanıb. Musiqi və musiqişünaslıqla bağlı müxtəlif musiqi tədbirlərində çıxış edib, ünlü mükafatlara layiq görülüb. Bəstələdiyi musiqi əsrələri içərisində balet suitaları,simfoniya, fortepiano və orkestr üçün konsertlər, rəqslər, romanslar, mahnılar az deyil. Ən başlıcası isə bəstələdiyi əsərlər dinləyicilər tərəfindən maraqla qarşılanır. Ən sanballı əsərlərindən biri olan "Bir Xəzər əfsanəsi"lə Lalə xanım Azərbaycan musiqi sənəti tarixində ilk balet yazan qadın sənətkarlardan biri  kimi daxil olmuşdur. Bəstəkar bu baletin həm də libretto müəllifidir.

 

İlk tamaşası ötən bazar günü, yanvarın 30-da göstərilən "Bir Xəzər əfsanəsi" Lalə Cəfərova  ilə yanaşı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının da potensial imkanlarını üzə çıxardı. Tamaşanın quruluşçu baletmeysteri xalq artisti Kamilla Hüseynovanın əməyi sayəsində tamaşaçı rəqslərin dili ilə əsərin məzmunu asanlıqla qavrayır. Baletin qayəsində bir məhəbbət dastanı durur. Baletin konfliktini isə iki dövlət arasındakı müharibə təşkil edir. Bütün müharibələr kimi bu savaş da günahsız insanların xoşbəxtliyini, səadətini əlindən alır. Xoşbəxt yaşamaq üçün dünya göz açan insanları bədbəxtliyə düçar edir: Turan və Türkanın məhəbbət faciəsi kimi. Hakimiyyət hərsləri - şahlar onları bir-birindən ayırır. Oğuz adlı övladlarının döyüşdə öldürülməsi onların faciəsini daha da dərinləşdirir.

 

Əsərin süjet xəttindən məlum olur ki, iki qonşu dövlət illər boyu bir-birinin torpaqlarına və hakimiyyətinə göz dikib. Dövlətlər, ölkələr arasında müəyyən sərhəd olsa da məhəbbət heç bir sərhəd tanımır. İbrahim şahın sərkərdəsi Turan qonşu dövlətin  şahının qışı Türkana vurulur, onunla evlənir. Amma çox keçmir ki, İbrahim şah qonşu dövlətə müharibə elan etmək üçün göndərdiyi Turanı geri çağırır. Turan ayrılıq vaxtı hamilə həyat yoldaşına bilərzik verərək oğlu olduğu təqdirdə onun qoluna taxmağı təvəqqe edir. İllər keçəndən sonra hər iki dövlət arasnıda gərginlik artır. Bu gərginlik içində həddi-buluğa çatan Oğuz atasını axtarmaq üçün İbrahim şahın məmləkətinə yola düşür. İbrahim şah Oğuzun Turanın oğlu olduğunu bilsə də nəinki ona bunu bildirmir, əksinə onu Oğuzun üzərinə döyüşə göndərir. Ata ilə oğulu döyüşdürməkdən həzz alır, nəticədə Turan döyüş meydanında öldürdüyü igidin qolundakı bilərzikdən oğlu olduğunu anlayır.

 

Əslində, hər müharibə iblislərinin qurduğu oyunlarla başlayır günahsız insanların qətlləri ilə sona çatır. Bəşər övladı bu müharibələrin qarşısını ala bilməsə də həyat həqiqətlərinə əsaslanan nağıllar, əfsanələr, rəvayətlər vasitəsi ilə ondan qasmağın yollarını göstərir. Onu törədənlərə əbədi nifrət dalğası vurur. Bu mənada "Bir Xəzər əfsanəsi"nin süjet xəttini tamaşaçı real hadisə kimi qəbul edir. Budur, tamaşanın musiqi rəhbəri və dirijoru Orxan Həşimovun dirijor çubuğu qalxır, pərdə açılır musiqi və rəqs dilə gəlib "danışmağa" başlayır.

 

Balet ustaları Xalq artisti Kamilla Hüseynovanın qurduğu rəqslər vasitəsilə süjet xətti tamaşaçılara çatdırırlar. Onlar demək olar ki, bu sənətin bütün imkanlarından istifadə edirlər. Lazım gəldikdə müvazinətlərini baş barmaqları üzərində saxlayıb, puant vəziyyətində tamaşaçıları heyrətləndirirlər. Ən başlıcası isə baş qəhrəmanlar pontomim vasitəsilə tamaşanın məzmununu və süjet xəttini, qəhrəmanların hisslərini seyrçilərə çatdırırlar.

 

Biz bu səhnələrdə Turan-Seymur Qədiyevin fəryadını da "eşidirik", onun qolları arasında can verən oğlu Oğuzun atasını görə bildiyi üçün son nəfəsində təbəssümlü "xoşbəxt" ölümünü də. Əsərin bəstəkarı və libretto müəllifi Lalə Cəfərovanın tamaşaçılara təlqin etdiyi fikir aydındır. Müharibələr ömürləri yarımçıq qoyur, insanların həyatdan nisgilli köçməsinə səbəb olur. Bəs sevgi, məhəbbət?! Bəşəriyyət bu sevgi üzərində bərqərar olur. Amma nə edəsən ki, dünyanı qamarlamaq istəyənlərə bu hisslər yaddır. Biz tamaşada rəqslər vasitəsilə əməkdar artistlər  Makar Ferştandın ifasında İbrahim şahın qəddarlığının şahidi olmaqla yanaşı, onun balet sənətinin imkanları çərçivəsində akrobatik hərəkətlərini də alqışlayırıq. Çünki bu hərəkətlər tamaşaçıları heyrətləndirməkdən çox obrazın daxili aləminin açılmasına kömək edir. Anar Mikayılovun rəqsində Xəzər şahın mülayimliyini, balet ustaları Ayan Eyvazovanın oyununda Türkanın saf məhəbbətini, İslam Məmmədovun təqdimatında Oğuzun sadəlövhlüyünü hiss edirik.

 

Ümumiyyətlə, klassik balet rəqslərini məharətlə ifa edən əsas solistlər, tamaşadakı solo rəqslər vasitəsi ilə də tamaşadakı əməl xəttinin açılması istiqamətində öz imkanlarını nümayiş etdirirlər.

 

Təhkiyə növündə yazılmız "Bir Xəbər əfsanəsi"ndə qəhrəmalıq notlarına da yer verilmişdir. Opera və Balet Teatrının balet truppasının professionallığı ilə yanaşı "Bir Xəzər əfsanəsi" tamaşa mədəniyyəti ilə də diqqəti cəlb etdi. Səliqəli, sahmanlı və eyni zamanda əsərin mövzusuna cavab verən tərtibat tamaşada diqqəti çəkir. Əməkdar mədəniyyət işçisi Tehran Babayev elə tamaşanın ekspozisiyasında verdiyi dəniz panoramı ilə əhvalatların Xəzər sahilində baş verməsindən soraq verir. Bu ponoram səhnənin dərinliyindədir. Əsas meydan isə balet ustalarının ixtiyarlarındadır. Səhnədə onların rəqsinə mane olan heç nə gözə dəymir. Obrazların geyimləri hər xarakterin açılmasına kömək edir.

 

Balet sənətində ifaçılar "lal"dır, lakin çox zaman bu lal "müəzinnlər" insanların hiss və duyğularına elə təsir göstərirlər ki, dilli-dilavərlər onların yanında laldan betər görünür. Lalə xanımın "Bir Xəzər əfsanəsi"ndə olduğu kimi.

 

Balet janrında yazan  qadın sənətkarımıza uğurlar arzulamaqla yanaşı, inanırıq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində mütəmadi olaraq yeni tamaşalarla rastlaşacağıq.

 

Atababa İSMAYILOĞLU

Ədəbiyyat qəzeti.- 2022.- 5 fevral. S. 31.