Poetik misralar süslənəndə
"Şəhriyarın
Azərbaycanlı rəssamı" barəsində qeydlər...
- Ziyadxan ƏLİYEV -
Çoxları 1969-cu ildə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun "Bədii
toxuculuq" fakültəsinin
məzunu olaraq işlədiyi "Babək"
adlı bədii keçə ilə bu unudulan texnikanı
yenidən gündəliyə
gətirən Fəxrəddin
Əlinin bu sahənin davamçısı
olacağını güman
edirdi. Təhsilsonrası onun rəngkarlıq
sahəsində çalışmasının
da müvəqqəti
olduğuna hamıda inam vardı. Hər şeyi cənublu soydaşımız,
ədəbiyyatşünas-alim Qulamhüseyn Bəydilinin
(1919-1998) Bakıya gəlişi
dəyişdirdi və
mənim rəssamlıq
yaradıcılığımın "estetik xəritəsi"nin yeni məzmun almasını şərtləndirdi.
Rəssamın o vaxt alimin təklifi
ilə Məhəmmədhüseyn
Şəhriyar poeziyasına
müraciəti nə
qədər təsadüfi
olsa da, bu ünsiyyətin onun yaradıcılığında
çox dərin iz buraxması birmənalıdır. Gənc sənətkarın "Heydərbabaya
salam" əsərinə
çəkdiyi çoxsaylı
qrafik lövhənin ictimailəşməsindən sonra
onun incəsənət
məkanında "Şəhriyarın
Azərbaycanlı rəssamı"
kimi tanınması isə hamının təsdiqləyə biləcəyi
faktdır. Bu illüstrasiyaların və
şairin portretinin Təbrizə çatdırılmasından
və sovet dönəmində bu iki yaradıcı arasında telefon əlaqəsinin baş tutmasından sonra rəssamın Şəhriyar
ünvanlı əsərlərinin
sayı daha da artdı. Yeri gəlmişkən deyək
ki, Q.Bəydili portreti KQB nəzarətindən
"Bu, mənim atamın
portretidir!" deyib yayındırmış və
İrana apara bilmişdi. Əks halda, onun şairə
yetişməyəcəyi birmənalı
idi...
Bakı
sovqatını alan şairin Bakılı rəssama yönəli söylədiyi
"Fəxrəddin, əllərinə
qurban olum, nə gözəl şəkillərdi. Məni indiyə
qədər heç kəs saymayıb. Adımı belə tutmayıblar.
O taylı qardaşımın
göndərdiyi şəkil
mənim üçün
ən dəyərli hədiyyədir" - sözləri
isə onun üçün ölçüyəgəlməz
dəyərləndirmə oldu.
Sovet dönəmində
tuş gəldiyi bu hadisə əslində onun kitaba-ədəbiyyata birdəfəlik
gəlişini şərtləndirdi. Özünün
M.Füzuli adına
Əlyazmalar İnstitutunda
çalışması və
bütün günü
çox qiymətli əlyazmaları ilə əhatələnməsi isə
onun qədim Azərbaycan ədəbiyyatına
marağını davamlı
etdi. Bu prosesin
hamını cəlb edən ən maraqlı məqamı isə rəssamın çəkdiyi əsərlərdə
klassik Azərbaycan miniatürlərinin estetikasına
özünəməxsus münasibət
göstərməsi oldu.
Belə ki, onun miniatürlərində
məşhur üslubun
təkrarını yox,
ona ənənə ilə müasirliyin qovşağından baxış
mövcud idi. Keçmişə "Fəxrəddin Əli baxışı"
həm də bədii nəzirədən
uzaq, ədəbi mətnə yaradıcı
yanaşmanın nəticələri
olduğundan, müasir
tamaşaçı üçün
yeni idi. Şair təxəyyülündən süzülüb
gələn hadisələrin
gerçəkçi baxışla
ifadəsinə fəlsəfi
tutumlu miniatür şərtiliyi qatan rəssam, son nəticədə,
bu bədii vəhdəti oxucunu-tamaşaçını
duyğulandıran görüntüyə
çevirdiyindən hər
bir əsər kifayət qədər cəlbedici və düşündürücü qəbul olunurdu. Beləcə, zamanın axarında onun Nizami Gəncəvi, Saib Təbrizi, Qətran Təbrizi, Nəsrəddin Tusi, Məhəmməd Füzuli,
Aşıq Veysəl,
Yunus İmrə, Molla Pənah Vaqif və Əlağa
Vahid poeziyasına yaddaqalan "bədii güzgü" tutan qrafik əsərləri ərsəyə gətirilmişdir.
Həmin
illüstrasiyalarda ədəbi
mətnin sətiraltı
mənalarına özünəməxsus
yozum mövcuddur.
Bədii
şərhin ümumi
estetikasında rəng
şuxluğunu və
ifadə şərtiliyini
uğurla qoşalaşdıra
bildiyindən hadisələrin
və ayrı-ayrı
obrazların ruhsallığı
düşündürücü qəbul olunmaqdadırlar.
Rəssamın təkcə Nizami
Gəncəvi "Xəmsə"sinə,
daha dəqiq desək, "Sirlər xəzinəsi"nə həsr
etdiyi lövhələrə
diqqət yetirməklə,
onun poetik mətnlə təsvir arasında yaratdığı
inandırıcı mənəvi
körpünü dəyərləndirmək
mümkündür.
2016-cı
ildə işıq üzü görmüş
"Sirlər xəzinəsi"nin tərtibatında rəssamın müxtəlif
illərdə Nizami Gəncəviyə həsr
etdiyi iki xalça-portretindən və
poemanı əhatə
edən çoxsaylı
süjetlərə əyanilik
gətirən illüstrasiyalardan
istifadə olunmuşdur.
Başqa
sözlə desək,
rəssam həm də sirrə bələndiyi birmənalı
olan poemanın məna-məzmun yükünü
təşkil edən iyirmi hekayətə 20 miniatür-illüstrasiya işləmişdir.
Hekayətlərin müxtəlif
ovqat daşıyıcılığından
çıxış edən
rəssam, onların məna yükünə müvafiq olan bədii həll tapmaqla, illüstrasiyaların
cəlbedici təsirliliyinə
nail ola bilmişdir.
Etiraf edək ki, rəssam
bunu klassik miniatür üslubuna gerçəkçi ruh bəxş etməklə,
onun daha da maraqlı tutum almasını şərtləndirmişdir. Əslində, bu bədii
yanaşmada nə qədər yeni bədii çalarlar olsa da, bu
illüstrasiyaların estetikasında
qədim irsdən yaradıcılıqla faydalanmanın
fərqli və uğurlu nəticələrini
görmək mümkündür.
Onun "Peyğəmbərin
meracı", "Adəmin
xilqəti", "Nuşirəvanla
vəziri və bayquşların söhbəti",
"Süleyman və
qoca əkinçi",
"Qarı və
Sultan Səncər dastanı",
"Kərpickəsən qocanın
bir cavanla hekayəti", "Ovçu
və tülkünün
hekayəti", "Oğru
və tülkü",
"Firidunla ceyranın
hekayəti", "Tövbəsini
sındıran zahidin hekayəti", "Hacı
və sufi hekayəti", "İsanın
hekayəti", "İki
rəqib alimin hekayəti", "Zalım
şahla düz danışan qocanın hekayəti", "Şahzadə
hekayəti", "Ağıllı
uşağın hekayəti",
"Mürşidlə müridin
hekayəti", "Cəmşidin
cavan yavərinin hekayəti", "Bülbül
ilə qızılquşun
hekayəti" və
"Harun ər-Rəşidlə
dəlləyin dastanı"
adlanan lövhələrində
vurğuladığımız məziyyətləri müşahidə
etmək mümkündür.
Rəssamın "Kitabi-Dədə Qorqud"
və "Azərbaycan
muğamları" ünvanlı
illüstrasiyalarına da
düşündürücülük hakimdir. Başqa sözlə desək,
görüntüyə gətirilən
süjetlərin oxucu-tamaşaçı
üçün dialoq
obyektinə çevrilməsi,
ilk növbədə müəllifin
özünün boyların
və muğamların
mənəvi-fəlsəfi qatına nüfuz edə bilməsindən qaynaqlanır. Bu əsərlərin ümumi
estetikasının zamanında
Mikayıl Abdullayevlə
yanaşı, Xudu Məmmədov və Faiq Əkbərovun həmin qaynaqlara münasibətindən fərqli
olması ilə diqqət çəkir.
Onun Dədə Qorqud boylarına həsr etdiyi çoxsaylı miniatür üslublu qrafik lövhələrdə
obrazlarla yanaşı,
hadisələrin baş
verdiyi məkanlara rəssam təxəyyülünün
nəticəsi olan səciyyəvi xüsusiyyətlər
xasdır. Başqa sözlə
desək, sənətkarın
qədim mənəvi
irsə göstərdiyi
özünəməxsus yanaşmada
kompozisiyaya daxil edilmiş əsas fiqurlar və çoxsaylı ayrıntılar
düşündürücü məna-məzmun yükünə
bələnmişlər. Heç şübhəsiz, həm
məşhur dastana, həm də muğamlara həsr olunmuş əsərlərdə
milli ruh daşıyıcılığının rənglərlə ifadəsinə
xüsusi diqqət etdirilmişdir. Dastan obrazlarının
həm də zəngin etnoqrafik qaynaq kimi təqdimatına
üstünlük verən
Fəxrəddin Əli,
bu inandırıcılığın
həm də təsirli alınması üçün kifayət
qədər axtarışlar
aparmalı olmuşdur.
Odur ki, boyların daşıdıqları mənəvi-psixoloji
yükün rənglərlə
təqdimatında əldə
olunan müəllif özünəməxsusluğunda rəmz və mənalandırma önəmli
yer almışdır.
Bu əslində müəllifin klassik miniatürdən yaradıcı
qaynaqlanmasından xəbər
verir. Həmin yanaşmada müəllifin
məna-məzmun açımını
jestlərə ifadə
etməsinin də yer almasını dediklərimizə əlavə
etsək, müəllifin
milli irsə bu fərdi yanaşmasının
bütünlükdə, təsviri
sənət xəzinəmizə
layiqli töhfə verdiyini söyləmək
olar.
Fəxrəddin Əlinin qədim muğam sənətinə bədii münasibətində bu qeyri-adi mənəvi-estetik dəyərin "səs xəritəsi"ni təşkil edən məziyyətlərə duyğulandırıcı və düşündürücü əyanilik gətirdiyi etiraf olunandır. Muğam ünvanlı rəssamlıq əsərlərinin bədii məkanımızda bu qədər əhatəli ictimailəşdirilmədiyini dilə gətirməklə, demək lazımdır ki, sənətkarın müdriklik çağında ərsəyə gətirdiyi bu qrafik silsilədə həm də xalqımızın dünyada digər bir "tanınma nişanı"na çevrilmiş muğamlara ilk dəfə zəngin kompozisiyalar vasitəsilə bədii görkəm verilmişdir. Muğamların ovqatyaradıcı-ruhlandırıcı ruhunu insan yaşantıları və təbiət motivləri ilə vəhdətdə əyaniləşdirən rəssamın həyatda qazandıqlarına və itirdiklərinə bədii münasibəti musiqinin özü kmi çoxqatlıdır. Doğrudan hər kəsin tuş gələ biləcəyi yaşantılara muğamla verilən bu cavablarda - səsə tutulan "bədii güzgü"də ifadə olunanlar çox orijinaldır. İnsan kədərinə sirdaşlıq edən "Segah"la, dinləyicisini qələbəyə səsləyən "Çahargah"ın obrazlşmış görüntüsündə muğamlar bütünlükdə, ruha məlhəm tutumludurlar. Rəssamın digər muğamlara münasibətində də dinləyicisini haldan-hala sala biləcək rəng-yaxı improvizələrinə rast gəlmək mümkündür. Zamanında özünün də dediyi kimi, bu əsərlərdə onun hələ də unuda bilmədiyi ilk sevgisini xatırladacaq, "Şəhidlər" xalçasında ifadə etdiyi ana yanğısını və Nüvədi həsrətini azaldacaq bədii məqamlar da mövcuddur. Özümdən asılı olmayaraq bu motivlər həm iç dünyamın rənglərlə ifadə olunmuş harayıdır. Odur ki, musiqilərin mənə aşıladığını rənglərlə əyaniləşdirməyə çalışmışam...
Nə qədər kədərli olsa da deməliyik həyatını
insanlara gözəllik qaynaqları bəxş
etməyə həsr etmiş rəssam
fevralın əvvəllərində dünyasını dəyişmişdir.
Bununla belə əbədiyyətə qovuşmuş sənətkarın yuxarıda
barəsində öz
açdığımız əsərlərinin onu gələcəyə
daşıyacağı birmənalıdır. Qənaətimizcə,
"Azərbaycan Respublikanın Əməkdar mədəniyyət
işçisi" fəxri adına layiq görülən Fəxrəddin Əlinin
bu vaxta qədər
yaratdıqlara bu mənəvi gücə malikdir...
Ziyadxan ƏLİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 9.