Radu Jude: "Mən məqalə, esse və ya traktat yazmıram, filmlər çəkirəm"

 

Milli Kino Məktəbi tərəfindən üç dəfə rədd edilən kinorejissor Radu Jude: "Gənclər üçün ən çətin şey nəyin kinematoqrafik olub, nəyin olmadığını qavramaqdır; kinematoqrafik ideyalarda təfəkkürün nə demək olduğunu dərk etməkdir. Onlara öyrətməyə çalışdığım ən vacib şey budur".

 

Rumıniyalı kinorejissor Radu Jude ölkəsinin keçmişinin qaranlıq tərəflərinə tez-tez işıq tutub filmə gətirmək kimi mübahisəli vərdişi ilə məşhurdur. Rejissoru maraqlandıran faktlardan çox, hadisələrə münasibətdir: "Keçmiş ideologiyalar yeni ideologiyalara necə çevrilir?!". Keçmişlə bugünü birləşdirmə səlahiyyətindən danışarkən jurnalistlərə belə demişdi: "Sənətçi olaraq heç kimin tarixçi olma məcburiyyəti yoxdur".

 

1977-ci ildə Buxarestdə anadan olan rejissor, Buxarest Media Universitetinin Kinorejissorluq fakültəsində təhsil almazdan əvvəl Rumıniyanın daha nüfuzlu Milli Kino Məktəbinə qəbul olmaq istəsə də, düz üç dəfə rədd cavab alıb. İlk illərdə o, yeni yaranmaqda olan Rumıniya Yeni Dalğası sıralarına daxil edilir və qlobal diqqətləri bu hərəkata çəkən "Cənab Lazareskunun ölümü" (2005) (The Death of Mr Lazarescu (2005)) filmində rejissor Kristi Puyunun köməkçisi işləyir. Kommunizmin sona çatmasından sonrakı illərdə ölkədə azalan kino istehsalının və maliyyənin məhsulu olan "Rumıniya Yeni Dalğası" - rejissorlar Korneliu Porumboyu və Kristian Mundciu da daxil olmaqla - kəskin realizmi, qara komediyanı və anti-qəhrəmanları sevməsi ilə xarakterizə edilirdi. Kommunizm sonrası geniş yayılmış yoxsulluq və qeyri-sabitlik, 2000-ci illərin ortalarına qədər davam və inkişaf edəcək problemlər, "Yeni Dalğa"nın mətbəxinə çevrilməsi həqiqətinə qismən cavabdeh idi.

 

Rejissorun qısa müddətdə həddindən çox məşhurlaşan "Şlyapalı televizor" (The Tube with a Hat) adlı qısametrajlı filmi festivallarda 50 mükafat qazanıb. Lakin 2015-ci ilə qədər, rejissorun 2015-ci ildə çəkdiyi "Aferim!" bədii filmi Judenin "Rumıniya Yeni Dalğası" xarakterizə edən realizmdən kəskin şəkildə uzaqlaşdığını göstərdi. Yüksək büdcəli tarixi dram filmi "Aferim!" Judenin milli kimliyə, montaj və ənənəvi kino ilə oynama aludəçiliyinin başlanğıcı oldu.

 

Rumıniyalı rejissor 2006-cı ildən bəri on bədii və on iki qısametrajlı film çəkib. Bu, hətta ən məhsuldar rejissorlar üçün belə inanılmaz rəqəmdir. Judenin böyük məhsuldarlığı keyfiyyət hesabına başa gəlmir; daha çox, onun bu qədər yüksək sayda film ərsəyə gətirmə intensivliyi, bu cür fərqli layihələri belə sürətlə həyata keçirmə mövzusundakı yaradıcı ehtirasının şiddətindən xəbər verir.

 

Judenu tək bir janr və ya üslubla məhdudlaşdırmaq düzgün olmaz, yuxarıda da qeyd etdiyimiz kimi "Aferim!" (2015) filmini tamam başqa janrda, daha çox Qərb estetikasından yola çıxaraq çəkib. Rejissor "Yaralı ürəklər" (2016) (Scarred Hearts) filmində klinik dəqiqliyə asanlıqla çata bilib. 2017-ci ildə "Ölü millət" (The Dead Nation) sənədli filmini və onun ardınca Rumıniya tarixinin qaranlıq bir hissəsini bir sənətçinin (rəssamın) rekonstruksiyasından bəhs edən uğurlu başlıqlı "Barbarlar kimi tarixə düşməyimiz vecimə deyil" (2018) (I Do Not Care If We Go Down in History as Barbarians) filmini çəkib. Ən son bədii filmi, pandemiya müddətinin də filmə əlavə edildiyi "Uğursuz seks və ya ağılsız porno" (2021) (Bad Luck Banging or Loony Porn - Babardeala cu bucluc sau porno balamuc) komediyası ilə 71-ci Berlin Beynəlxalq Film Festivalında "Qızıl Ayı" mükafatını qazanıb. Film əri ilə cinsi əlaqədə olarkən bu anları videoya çəkən Emi adlı qadının uğurlu müəllimkən çəkilən görüntülərin internetə düşməsiylə digər insanların gözündə birdən-birə sosial əxlaq qarşısında dayanan böyük təhlükə halına çevrilməsindən bəhs edir. Girişini seks görüntüləri ilə edərək cəsarətli hiylə işlədilən filmdə rejissor üç hissəyə ayırdığı hekayədə, bütün film boyu həm insanların Eminin cinsi həyatındakı seçimləri mövzusunda ardı-arası kəsilməyən şərhləri və tənqidlərini, həm də rejissorun öz ölkəsi Rumıniyanın ikiüzlü hesab etdiyi siyasi keçmişindəki uyğunsuzluqlarını nümayiş etdirir. Rejissor filmin Emini şəxsi həyatı mövzusunda seçimləri üzündən heç utanmadan saatlarla mühakimə etmək üçün qurulan "əxlaq məhkəməsi"nə yer verdiyi üçüncü hissəsində sonluq üçün üç fərqli variant təklif edir.

 

Rejissorun bu film haqqında (bu film mövzusu ətrafında) olan müsahibəsini təqdim edirik.

 

- Üçhissəli film olan "Uğursuz seks və ya ağılsız porno" sizə forma ilə oynamağa imkan verir. Bu quruluş (struktur) ağlınıza necə gəldi?

 

 - Bu, əvvəldən verilmiş qərar deyildi. Bu layihə filmə çevrilənə qədər bir çox dəyişikliyə məruz qalıb. İlk ideya onu ənənəvi quruluş ilə sadə film etmək idi. Yavaş-yavaş kəşf etdim ki, bu layihədə maraqlı olan qadın və seks videosu ilə bağlı mənasız, klişe, qəzet materialı kimi olan hekayənin özü deyil. Daha önəmlisi hekayənin arxasında nəyin dayanmasıdır: bu kiçik hadisənin cəmiyyət və digər dəyərlərlə necə əlaqələndirilməsi və bu balaca hekayənin müasir toplumlarımızın bir çox problemlərinin düz kəsişməsində necə dayandığıdır. Əxlaq məsələləri, ədəbsizliyin tərifi və hər şeyin daha qarışıq və mürəkkəb olduğu rəqəmsal dünyada hüquqların hansı hala düşməsi kimi; mədəniyyət və təhsillə əlaqəli şeylərin ümumiyyətlə ləğv edilməsidir. Səthi hekayə kimi görünsə də, bütün bunlar bu kiçik hekayədə birləşir.

 

Bir gün Parisdə "Barbarlar kimi tarixə düşməyimiz vecimə deyil" filminin post-produksiyası (post-prodakşnı) üzərində işləyirdim. Orada olduğum müddətdə Kubist (rəssamlıqda janr) sərgiyə getdim və qəfildən ağlıma film ideyası gəldi - sərgi vaxtı deyil, evə qayıdanda. Maraqlandım, təbii ki, lazımlı dəyişikliklər edilərək kubist rəsmlərin quruluşuna uyğun film çəkmək necə olardı? Fərqli parçalara sahib olmaq və tamaşaçı anlasın deyə nəyinsə təsvirini yaratmaq üçün onları bir yerə yığmaq. Yavaş-yavaş bu fikir öz formasını bu üç hissədən ibarət quruluşda tapdı.

 

- Eminin Buxarestdə gəzdiyi birinci hissədə kameranın, sadəcə, müşahidəçi qismində iştirakına həqiqətən heyran oldum. O, bəzən sadəcə abidələri, yerləri və insanları müşahidə etmək üçün dayanırdı. Filmləriniz haqqında təsəvvürümə görə, siz Valter Benyamin ənənəsində tarixçiliyə çox heyransınız və onu müasir Rumıniya kontekstində qurmağa çalışırsınız. Bu haqda danışa bilərsinizmi?

 

 - Siz Valter Benyamindən bəhs etdiniz və təbii ki, bu hissənin başlığında qeyd olunan "Bir tərəfli küçə" (One Way Street) Benyaminin kitabıdır. O bu kitabı bir kitabın metaforası olaraq küçəni istifadə edərək yazıb, ona görə də düşündüm ki, Benyaminin kitabını cümləbəcümlə götürüb küçəyə geri qayıtsam və onu yenidən küçəyə çevirsəm necə olar?

 

Təbii ki, o, təkcə tarix anlayışına və keçmişlə indiki əlaqəyə dair israrına görə deyil, həm də Benyamin son dərəcə diqqətli adam olduğuna görə böyük təsir bağışlayır. Küçədə baş verənlər kimi, ətrafındakı hər bir xırda detala böyük diqqətlə baxıb. O, cizgi filmləri, radio verilişləri, oyuncaqlar və buna bənzər hər cür şeylər haqqında mətnlər yazıb. Bəli, burada bir təsir və bəlkə də, əgər bunu belə adlandıra bilərəmsə, sosioloji impuls var.

 

Aktrisanın canlandırdığı obraz əlimizdəydi, amma sonra bu səhnələrin çoxunu hazırlaşmadan çəkdik. Hazırlıq olmadan belə bir şey çəksək, kameranın izlədiyi mövqedən kənara çıxa bilərik? Gizli, dərin olan bir şeyi görə bilərik? Bu, bir növ suya baxmaq kimidir. Suda əksini görürsən, amma günəşli bir gündə baxsan, suyun dərinliyini görə bilərsən.

 

Bir çox adam bunu müşahidə sənədli filmi adlandırdı, bu, əlbəttə ki, birinci hissənin çəkiliş tərzinə uyğundur, lakin kameranın hadisələri birləşdirməsi onu bir növ montaj filminə çevirir, çünki izləyiciləri bu əlaqələri qurmağa məcbur edir. Bu əlaqələr bəzi hallarda çox konkret və hekayə ilə çox açıq şəkildə əlaqəli bir şey deməkdir. Ancaq bir çox hallarda onlar olduqca qeyri-şəffafdır: şərh hər kəsin özünə aiddir. Hər kəs öz istədiyi mənanı verə bilər.

 

- COVİD zamanı bunu çəkməyin praktikliyini soruşmaq istərdim. Böyük heyət idi və kütlə arasında belə çəkiliş etmək necəydi?

 

 - Birinci hissəni 33 mm-lik plyonkada çəkdik, bu o deməkdir ki, siz çox kiçik heyətlə işləyə bilməzsiniz, çünki sizə təkcə texniki işlər görmək üçün çoxlu köməkçi lazımdır. O qədər də kiçik heyət deyildi, lakin adi film istehsallarından çox kiçik idi. Küçəni kəsməmişdik, səkini bağlamamışdıq. Hər yer açıq idi. Biz kameranın ətrafında cəmi dörd-beş nəfər idik və küçədə bu qədər adamla işləyirdik.

 

- Bu necə təcrübə idi? Çox kiçik yerdə çəkilən sonuncu hissədən çox fərqli olduğu hiss olunur.

 

 - Çətin olan o idi ki, belə bir film çəkmək üçün meriyanın icazəsini almaq lazım idi, bizdə isə bu icazə əvvəlcə yox idi. Deməli, filmin həmin hissəsinin yarısı üçün, belə deyək də, qeyri-qanuni çəkilişlər apardıq. Sonda bizə icazə verdilər - amma bütün hallarda, artıq çox gec idi.

 

- Bu film pandemiyadan əvvəl düşündüyünüz bir film idi?

 

 - Bu filmi pandemiyadan əvvəl çəkməyi planlaşdırırdıq. Dediyim kimi, bu filmi çəkmək uzun müddət çəkdi. Bundan əvvəl tarixlə bağlı bir neçə film çəkmişdim, ona görə də çox müasir bir şey etmək istəyirdim. Amma müəyyən mənada mən öz "metodumda" qaldım. Mənim metodum yoxdur, amma gəlin bu termindən istifadə edək.

 

Tarix haqqında danışarkən təfərrüatlara verdiyimiz diqqət, gündəlik həyatımızda təfərrüatlara olan diqqətdən qat-qat böyükdür. Tarixi filmi və ya bəzi tarixi hadisələrdən bəhs edən filmi araşdırdığınız zaman tapdığınız hər şey mühüm ola bilər: bir mahnının adı və ya xüsusi geyim. Onu tapanda özünü qələbə çalmış kimi hiss edirsən. Amma bu gün biz buna əhəmiyyət vermirik.

 

Tarixi film çəkən birinin baxışını istifadə edərək müasir dövr haqqında film çəkmək istədiyimi düşündüm. Bütün təfərrüatlar necəsə bizə bir şey deməlidir, məsələn, Pompeyə və ya hansısa qədim yerə getdiyiniz zaman hər daşı son dərəcə əhəmiyyətli hesab etməlisiniz. Hər rəsm, hər heykəl önəmlidir, çünki o dövr haqqında çox da məlumatımız yoxdur və hər bir detal bizə o dövrün necə keçdiyi barədə ipucu verir.

 

COVİD başlayanda prodüserimə və heyətimizə bunun heç bir problem olmadığını dedim. Bu, sadəcə filmi çəkdiyimiz zamanın müasir həyatının bir hissəsidir və biz onu necəsə filmdə qəbul etməli və ondan istifadə etməliyik; gizlətmədən. Mən çoxlu müasir filmlərə baxmışam və adi, ya da tarixi filmlərdən bəhs etmirəm, pandemiyanın tamamilə silindiyi pandemiyada çəkilmiş müasir mövzulardan bəhs edən filmlərdən danışıram. Həmişə də təəccüblənmişəm. Bu, yəqin ki, ya maskalı insanları göstərməkdən qorxduqları üçün - çünki elədə aktyorluq o qədər də görünmür - ya da, bəlkə də, tamaşaçıların həmişə xəstəlik, virus haqqında düşünməsini istəmədikləri üçün baş verir. Amma yenə də, COVİD iki ildir həyatımızın bir parçası olub və onu müasir məsələlərlə bağlı filmdən necə çıxaracağımı bilmirəm.

 

- Maskalarla bağlı bəhs etdiyiniz kimi, məncə, bu, filmin kostyum dizaynının bir hissəsinə çevrilib, çünki personajların nə cür maska istifadə etdiklərinə və ya ümumiyyətlə, maska taxmadıqlarına baxıb personajlar barədə çox şey deyə bilərsiniz. Maskaları vasitəsilə personajlar haqqında nə demək istəyirdiniz?

 

 - Bu çox sadədir, çünki hər geyim parçası kimi, maskalar da onu geyinənin şəxsiyyəti haqqında nəsə deyir. Xüsusən də yeni bir şey ortaya çıxanda, birdən-birə simvolizm daha böyük olur, məncə. Məsələn, adi bir köynək təklikdə heç bir şey demək deyil; indi onun heç bir real simvolizmi yoxdur. Baxmayaraq ki, Mark Zukerberqi köynəklə görəndə, onun bunla nəsə demək istədiyini bilirik. Lakin pandemiya başlayandan bir və ya iki ay sonra maskalardan istifadə getdikcə daha çox tətbiq olunmağa başladı və birdən-birə müxtəlif mesajlar ötürən modellər peyda oldu və s.

 

Filmdəki mürtəce personajlardan birinə, keşişə "Nəfəs ala bilmirəm" ('I can't breathe') yazılı maska verdim, bu təbii ki, Corc Floydun qətli ilə bağlı mesaj idi. Mən bu maskanın təkcə Corc Floydun xatirəsinə ehtiramla yad etmək istəyənlərin deyil, həm də karantin tədbirlərinə etiraz edən insanların istifadə etdiyini görmüşəm. Beləliklə, qəfildən çox konkret olan bu mesaj əks mənada istifadə olundu.

 

İndi, bir ildən sonra bəzi insanlarla bəzi sual-cavab sessiyaları keçirdim və xüsusən də dünyanın bu hissəsində (Avropada) heç kim bu mesajı çox da aydın xatırlamır: o, artıq ilkin mənasını itirir. Məncə, bu cür təfərrüatlara diqqət yetirmək maraqlıdır. Film bu təfərrüatları qoruyur və məncə, on və ya iyirmi ildən sonra birinin bu detallara necə reaksiya verəcəyini görmək maraqlı olacaq.

 

- "Uğursuz seks və ya ağılsız porno" filminin ikinci hissəsini necə təsvir edərdiniz?

 

 - Mən bunu montaj essesi kimi təsvir edərdim və bəlkə də, necəsə bir yolla Floberin "Qəbul edilmiş ideyalar lüğəti"nə qarşılıq tapmağa çalışıram? Bu lüğətdir. Mən buna lüğət deyirəm.

 

- Benjamin, Haydegger, Emil Çoran və b. kimi ağır, mürəkkəb mütəfəkkirlərlə necə məşğul olursunuz və onları kino ssenarisinə necə daxil edirsiniz?

 

- Buna necə cavab verim, bilmirəm. Cavabım başqa şeylə bağlıdır. Onları oxuyanda qarşıma bir sitat, bir istinad, bir fotoşəkil və ya hər hansı bir şey çıxırsa, düşünürəm ki, onlar kino olmaq üçün ordadırlar. Çünki mən məqalə, esse və ya traktat yazmıram, filmlər çəkirəm.

 

- Üçüncü hissədə, birinci hissədən fərqli olaraq çoxlu dialoq və söhbətlər var. Başa düşdüm ki, filmlərinizin əksəriyyətində çoxlu ağır monoloqlar və ya çətin dialoqlar var. Bu dialoqları necə yazırsınız? Hamısı ssenarilidir? Yoxsa aktyorlarla çəkiliş meydançasında araşdırılır?

 

 - Bəli, çəkdiyim filmlərin əksəriyyətində çoxlu dialoqlar var. Bu, bəzilərinə görə düzgün şey deyil, çünki kino obrazları hərəkətə gətirmək sənəti sayılır, mətnin çox olması isə bəzən qeyri-kino hesab olunur. Mən belə olduğuna inanmıram. Yada salaq ki, Erik Romerin məşhur məqaləsi var, "Pour un cinema parlant", yəni "danışan kino" və burada o, sözlərin də kinoya aid olduğunu iddia edir, çünki siz onları göstərirsiniz. İnsanların danışdığını göstərirsən. Məncə, bu düzgündür.

 

- Siz həm də Kluj Universitetində professor kimi çalışırsınız. Müəllim və tələbə ilə kinorejissor və tamaşaçı arasındakı münasibət, fərqlər haqqında bir az danışa bilərsinizmi, əgər bu barədə düşünmüsünüzsə?

 

 - Bu müqayisəni edə biləcəyimə əmin deyiləm, çünki bu, çox fərqlidir. Rumıniyada Milli Kino Məktəbi tərəfindən üç dəfə rədd edilmişəm. Mən heç vaxt qəbul edilməmişəm. Ona görə də tələbələrimə ilk dediyim odur ki, film çəkmək mümkün olan bir şeydir. Məktəb tərəfindən rədd edildikdən sonra film çəkə bilirəmsə, bu onlar üçün də mümkündür. Məncə, bu gənclər üçün ən çətin şey nəyin kinematoqrafik olub, nəyin olmadığını qavramaqdır, kinematoqrafik ideyalarda təfəkkürün nə demək olduğunu dərk etməkdir. Onlara öyrətməyə çalışdığım ən vacib şey budur.

 

- İndi hansı layihə üzərində işləyirsiniz?

 

 - Hazırda qısametrajlı bir filmimi rəngləndirirəm və bir neçə ay sonra çəkmək istədiyim bədii film layihəm də var. Ümid edirəm ki, bu mümkün olacaq, çünki bizdə pul məsələsi tamamlanmayıb. Bu, daha sakit və daha sadə bir filmdir, lakin eyni zamanda forma baxımından da olduqca eksperimentaldır. Bu, Rumıniyada fərdlər və böyük şirkətlər arasındakı münasibətlərdən bəhs edir. Müəyyən mənada kino dünyasında baş verən bir hekayədir. İki hissədən ibarətdir: bir hissəsi yol filmidir, digər hissəsi isə adi quruluşlu film.

 

"Qızıl Ayı" kimi mükafatdan sonra meydana çıxan gərginlik həmişə var. İnsanlar ya indi etdiyiniz işdə daha diqqətli olmalı olduğunuzu söyləyirlər, ya da ulduzlarla, hətta bəlkə də ingilis dilində, ya buna oxşar böyük və çılğın bir film çəkməli olduğunuzu söyləyirlər. Buna görə də tam əksini edəcəyəm. Rumıniyada daha kiçik bir film çəkməyə hazırlaşıram.

 

Radu Jude

Tərcümə: Nilufər Hacılı

Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 10-11.