Sözün Arifi

 

Qəzəlxan-şair, dostum Arif Buzovnalının 50 yaşına

 

Bu günlərdə gənc şair Zaur Rəxşan deyəndə ki, Arif Buzovnalının 50 yaşı tamam olur, qeyri-ixtiyari diksindim və bu diksinti məni uzaq gənclik illərinə qaytardı. 50 yaş?! Ola bilməz!

 

Mən deyə bilməyəcəyəm ki, bizim gəncliyimiz birlikdə keçib. Yaradıcı baxımdan fərqli qütblərdə olsaq da, zaman-zaman yollarımız kəsişib. Gəncliyində yaşına xas olmayan ciddilik onu yaşıdlarından fərqləndirirdi. Ədəb-ərkan və mərifət onun daxilindən qaynaqlanan davranış tərzi idi və Arif bu arxetipi öz istedadı ilə cilaladı, təkmilləşdirdi və bugünkü Arif Buzovnalı halına gətirdi.

 

İstedad və xarakter bir-birini tamamlamayanda insan bəlli məqsədlərə çata bilmir, yarı yolda qalır. Xarakter hərəkətverici qüvvədir. Hansısa filosoflardan biri xaraktersiz adamı dalğalı dənizdə ölü balığa bənzətmişdi. Xoşbəxtlikdən Arif öz istedadının arxasında xarakteriylə dayana bildi. Bu çox mühüm məqamdır.

 

Zamandan qalan xatirə qırıntıları... Uzun-uzun düşündükdən sonra nəhayət, Ariflə ilk dəfə harda qarşılaşdığımızı yadıma sala bildim. Mədəniyyət Fondunda (indiki Yaradıcılıq Fondu) qəzəlxan Ənvər Nəzərlinin 70 illiyinə həsr edilmiş tədbir keçirilirdi. İli də yadımdadır - 1996-cı il. O zaman "İki sahil" qəzetində çalışırdım və mənə mədəniyyət yazarı olaraq tədbirdən yazı hazırlamağı tapşırmışdılar. Səhv etmirəmsə, Arif o məclisdə Füzuliyə yazdığı bir təxmisi oxudu. O da yadımdadır ki, Arif təxmisi oxuduqca yanımda əyləşmiş Şahin Fazil tez-tez "Əhsən! Əhsən!" - deyirdi.

 

Ariflə "təriqi-üns" tutmağımız üçün uzun bir zamana ehtiyac var imiş. Zaman bu münasibətləri tənzimlədi. Görünür, zamanın "xidməti" funksiyalarından biri də münasibətləri tənzimləməkdir.

 

Bu günlərdə arxivimə nəzər yetirərkən Arifə yazdığım bir neçə məktub rastıma çıxdı. Kiril əlifbasıyla yazılmış o məktubların yazıldığı vaxtdan 19-20 il keçib. Çox qəribədir, Arifə nə vaxtsa məktub yazdığımı mən də unutmuşdum, bu günlərdə bunu ona deyəndə məlum oldu ki, o da bu məktubları xatırlamır. Bu da yəqin, vaxtın qaç-qovunda beynimizi, şüurumuzu daim təzyiq altında saxlayan informasiya axınlarının günahıdır. Hamımızın yaddaşı zəifləyir və çoxumuz artıq yaddaşımıza etibar etmirik, gündəlik qeydlər edirik, kağız yaddaşdan etibarlıdır. İndi bu məktubları oxuyuram və düşünürəm ki, bunları yazmasaydım, beynin uçurumlarında əbədilik qeybə çəkiləcəkdi. İndi yazdıqlarım və yazacaqlarım isə heç vəchlə iyirmi yeddi-iyirmi səkkiz yaşlı gəncin düşüncələrinə bənzəməyəcək.

 

Beləcə, qoy məktublar danışsın.

 

"Əzizim Arif!

 

Epistolyar janrının imkanlarından faydalanıb sənə ünvanladığım bu məktubu neçə illər idi ki, ürəyimdə gəzdirirdim. Bu yaxınlarda küçədə səninlə rastlaşanda həmin yazılmamış məktub yadıma düşdü. Düşündüm ki, o məktubun yazılma məqamı yetişib.

 

...Sən özünü dərk edən vaxtdan Söz sənin yol yoldaşın olub. Mənə bağışladığın "Ömrün ötən anları" kitabında şirin qəmlər, acı sevinclər də gözümə dəydi. Sənin kədərin paradoksal olsa da, nikbin, həyat eşqiylə dolub-daşan bir kədərdir. Bu qəm nə qədər ruhani, mənəvi, batini və məxfi qəmdirsə, həm də həmdərd, ortaq bir qəmdir.

 

 

 

Gər əhli-eşqsənsə, uzaqlaşma qüssədən,

 

Munisdi qəlbi-aşiqə qəm aşina kimi.

 

 

 

Əhdinə sadiq olan "fəqir aşiqi" diriliyin nütfəsində gizlənən ziddiyyət xoşbəxt olmağa qoymur. Hardan doğur bu ziddiyyət?

 

 

 

Mən möhnətə qail, sən şövkətə mail,

 

Mən niyyətə nail, sən xiffət içində.

 

 

 

...Mən zari-məhəbbət, sən sehri-təbiət,

 

Mən hüsnünə həsrət, sən xəlvət içində.

 

 

 

Aşiq-məşuq münasibətlərində əbədi hökm sürən bu ziddiyyətlər Eşq adlanan bir varlıqda bütöv, tam görünür.

 

Yazırsan ki, "köhnə dünyadı bu dünya, vəli icra təzədir". Özün də yaxşı bilirsən ki, "qoca cadugərdi, aldadar səni, cavanlıq donunda qalan bu dünya". Qoca dünyanın vəfasız gözəllərinə qoşduğun qəzəllər əbədi çiçəklər kimidir. O gözəllər nə vaxtsa köçünü sürüb bu dünyadan gedəcəklər. Elə biz də... Sənin qəzəllərin hamıdan, hər kəsdən vəfalı çıxacaq, fani dünyaya öz əbədiliyi ilə meydan oxuyacaq. Özün demiş, "daha bundan belə ömrün əbədiyyət dəmidir".

 

İxtisarla təqdim etdiyim bu məktub 15 noyabr, 2003-cü ildə yazılıb.

 

İkinci məktub isə tamamilə fərqli intonasiyada qələmə alınıb. Birbaşa Arifin özünə ünvanlanmayıb, onun gördüyü işlər haqqındadır. Xatırlayıram, Arif o dövrdə pərakəndə halda olan söz xiridarlarını bir ocağın başına toplamaq istəyirdi və gördüyü işin nə vaxtsa mütləq nəticə verəcəyinə, qəzəlin məhdud çərçivədən xilas olub daha geniş məkanlara çıxacağına sidq-ürəkdən inanırdı. Zaman gəldi, çəkilən zəhmət öz bəhrəsini verdi. Görünən dağa nə bələdçi? Bu gün Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi Bakıətrafı qəsəbələrdə yaşayan və əruzla nəfəs alan istedadlı gəncləri öz ətrafına toplayıb. Bu gənclər Azərbaycanda və ölkədən kənarda keçirilən şeir müsabiqələrində iştirak edir, mötəbər tədbirlərdə çıxışlar edirlər. Arif onlara sözün əsl mənasında ustad dərsləri keçir, yorulmadan, usanmadan yaradıcılığın sirləri haqda danışır. Sözlərin ritm üzərində məşqi zərgər dəqiqliyi tələb edir, Arif heç kəsə güzəştə getmir, tələbkardır, istədiyini almayana qədər gənc şairin yaxşı mənada nəfəsini "kəsir".

 

On səkkiz il əvvəl yazdığım yazı-məktubdan bir məqamı xatırlayaq:

 

"Bakı şüərasını bir ocaq başına toplayaraq Göylə Yerin ünsiyyətini pozulmağa qoymayan rəhmətlik Məşədi Azər uzun illər bu ocağı öz evində qalamışdı və onun ömür möhləti bitdikdən sonra həmin ev susuz dəyirman kimi göz dağına çevrilmişdi. Yenə də aradan uzun illər keçməli oldu və nəhayət, 2003-cü ilin yayında "Məcməüş-şüəra" ədəbi məclisi yenidən həyata vəsiqə aldı. Bu dəfə qələm dostum, şair Arif Buzovnalı öz sələfi Məşədi Azərin mənəvi varisi olaraq bu ədəbi məclisə başçılıq etmək missiyasını çiyinləri üzərinə götürdü. Abşeron ədəbi mühitinə yeni nəfəs gətirmək məqsədi daşıyan bu addımı ancaq alqışlamaq olar. Dan üzünün şeirini yazan istedadlı gənclər özünü qaranəfəs üfüqə yetirən Günəşi ilkin salamlayanlardandırlar.

 

Çox istərdim ki, bu gənclər güldən, bülbüldən bir qədər uzaqlaşıb bədii təfəkkürdə sıçrayış etmək bacarığına yiyələnsinlər, dilin gizli məna qatlarına enməklə psixoloji nüansları ətraf gerçəklik faktlarıyla əlaqələndirə bilsinlər. Arzu edərdim ki, onlar ənənəvi bədii təsvir və ifadə üsullarından mümkün qədər uzaq olsunlar. Əruza yeni söz və ifadə rəngarəngliyi gətirsinlər. Klassikanı dönə-dönə oxusunlar. Bu, ona görə lazımdır ki, söz klassikadan qidalanır, keçmişi bilmədən gələcəyi görmək mümkün deyil. Bacardıqca çox oxuyub az yazsınlar. O zaman onlara elə gələcək ki, bütün sözlər deyilib qurtarıb. Onda yeni söz yaratmağın şirin əzabını yaşayacaqlar".

 

Saralmış vərəqlərdə iz salmış bu "nəsihətnamə" məndə bir az da təbəssüm yaratdı. Mən bu yazını yazanda heç otuz yaşa çatmamışdım. Amma "yaxşı" məsləhət verməyim varmış. Yaşımın əlliyə çatan məqamında isə kiməsə, xüsusən də yaradıcılıqla bağlı məsləhət verməyə çətinlik çəkirəm. Görünür, bu da gənclik maksimalizmindən irəli gələn düşüncələrdir.

 

Yazının yazılma tarixinə baxıram: 24 aprel, 2004.

 

Bu gün Xəzər bölməsində olduqca istedadlı gənclər yetişir. Arifin onların üzərində zəhməti olduqca böyükdür. Arif bu gənclərin hər birinə övlad məhəbbətilə yanaşır, danlayanda da ərklə danlayır, onların yaxşı olması üçün danlayır, öz şəxsi qayğılarından, yaradıcılıq vaxtından kəsib xam istedadların cilalanmasına sərf edir. Bu da bir söz bağbanlığıdır. Bu zəhmətlər də bəhrəsiz qalmır. O gənclər Arifi məyus etmir, zəhmətini itirmirlər.

 

Əlbəttə, Xəzər bölməsinin məclislərində nisbətən yaşlı nəslin nümayəndələri də iştirak edirlər. Onlar da təkcə şeir, qəzəl oxumağa deyil, həm də öyrənməyə gəlirlər. O kiçik ədəbi mikromühitdə sözün havasıyla nəfəs almağa gəlirlər. Sürətlə virtuallaşan dünyada bu cür ədəbi məclislərə əşhədü ehtiyac var. Şeirlər oxunur, hər oxunan şeir müzakirəyə cəlb olunur, müsbət tərəfləri təqdir olunmaqla nöqsanlar da göstərilir. Yaradıcılıq nə qədər individual hadisə olsa da, söz məclisləri şair üçün bir məktəbdir. Buna heç bir şübhə yoxdur. Hələ XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində ədəbi məclislər keçirilib və o məclislərdən çıxan şairlər öz adlarını ədəbiyyatımızın tarixinə yazıblar.

 

2000-ci illərin əvvəllərindən bu məclislər Arifin rəhbərliyi altında R.Axundov adına Mədəniyyət Evində keçirilirdi. Xəzər bölməsinin yaranması ilə bu məclis rəsmi status aldı və ora cəlb olunan istedadlı gənclər üçün daha geniş imkanlar yarandı.

 

Amerika yazıçısı Cey Eşerin "On üç səbəb" romanının qəhrəmanı yeniyetmə qız bir gün kafedə pulsuz poeziya dərnəyilə bağlı bir reklama rast gəlir və bu reklam onda maraq hissi oyadır. Kurs belə adlanırdı: "Poeziya: həyatı sevmək üçün". Qızcığaz evə qayıdıb gündəliklərində belə yazır:

 

"Dərnəyin təşkilatçıları reklam vərəqində söz verirdilər ki, ora gələnlərə təkcə poeziyanı sevməyi deyil, həm də onun vasitəsilə özlərini sevməyi öyrədəcəklər".

 

Xəzər bölməsinin uşaqları Arifdən təkcə klassik şeirin sirlərini deyil, həm də həyatı və özlərini sevməyi öyrənir. Yəqin ki, hər biri bu barədə mənimlə razılaşar.

 

Minnətdarlıq hissilə qeyd etmək istəyirəm ki, bu sətirlərin müəllifinin yazdığı "Hacı İsgəndər" romanı Arifin təşəbbüsü ilə AYB Xəzər bölməsi tərəfindən nəşr olundu. Buna görə də Arifə öz minnətdarlığımı bildirirəm.

 

Əlli yaşa əlidolu gəlib çıxmaq böyük şücaətdir. Bu yaş məsələsi mənim üçün yazı yazmağa bir bəhanə oldu. Nə qədər inanmasaq da, yaş üstünə yaş gəlir. Arifin saçları gümüşü rəngə boyanıb - müdriklik rənginə.

 

Bir neçə yüzil Azərbaycan poeziyası Füzuli orbiti ətrafında dövr edib. Füzuli ardıcılları epiqonçuluqdan kənara çıxa bilməyiblər. Cəfər Cabbarlı da "Azərbaycan türk ədəbiyyatının son vəziyyəti" və "Mirzə Fətəli Axundzadə haqqında" adlı məqalələrində bu məsələyə toxunub. Hamı düşünürdü ki, qəzəl Əliağa Vahidlə bitəcək. Amma belə olmadı. Müstəqillik dövrünün gəncləri əruzə yeni nəfəs, təzətər ifadə çalarları və məna zənginliyi gətirdilər. Tamamilə yeni tərkibdə və yeni nisbət və keyfiyyətdə Füzuli ilə qaynayıb-qarışmaq və sintez dövrü! Füzuli şeirinin poetik model və qəlibləri saxlanılmaqla o qəlibi zamanın havası ilə doldurmaq. Təkcə Füzuli deyil, min illik klassik şeirimizin əyani təsəvvürə sığışmayan rəmzi və fəlsəfi mənaları əruzun qəliblərinə tabe edilib. Yeni dövrün və zamanın öz ritmləri (bəlkə də ritmsizliyi) yaranır və ilk baxışda düşünürsən ki, qəzəldə təzə söz demək getdikcə çətinləşir. Lakin hər gələn təzə nəsil bizi yaxşı mənada yanıldır.

 

Bu dövr haqqında danışanda ilk yada düşən iki imza olur - İlqar Fəhmi və Arif Buzovnalı. Biz eyni nəslin nümayəndələriyik, gəncliyimiz birlikdə keçib, dostluğumuz bu gün də davam edir. Bütün dostları qabaqlayıb ilk yubiley yazısını mən yazdım. Bu yazıda cavabsız məktublar da xatırlandı, çətinliklə yaranan, amma səmimiyyət üzərində qurulan dostluğumuzdan da bəhs etdim. Amma ürəyimdəkilərin hamısını bir yazıya sığışdırmaq imkan xaricindədir. Sağlıq olsun. Ardı da növbəti yubileylərə qalsın.

 

50 yaşın mübarək, gənc dostum!

 

Kənan HACI

Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 12-13.