Örkən
Hekayə
Səhərdən
od ələyən avqust günəşi
yavaş-yavaş ətəyini yığıb uzaqda
görünən dağların arxasında gizlənməyə
çalışsa da, hələ də bürküdən nəfəs
almaq olmurdu. Maşının qabaq
şüşələri aşağı yendirilməsinə
baxmayaraq, bir əli sükanda olan Ramil o biri əlindəki cib
dəsmalı ilə tez-tez boyun-boğazının tərini
silirdi.
Süd rəngli "Jiquli" Yevlaxdan Bərdəyə
gedən yola yenicə dönmüşdü ki, Ramil qoca bir
kişinin cidd-cəhdlə əl elədiyini gördü. Bir istədi
maşını saxlamaya, fikrindən nə keçdisə,
maşını qəflətən saxlayaraq geri verməyə
başladı. Qocanın yanına
çatan "Jiquli" qəfil basılan tormozdan canavar
görmüş qoyun kimi asfalt yola mıxlandı. Qoca
tez cavan sürücüyə yaxınlaşdı:
-
Oğul, qadan alım, maşınım xarab olub, gecə də
düşür, mümkünsə, buqisirə qoşaq. Hörmətindən də bu qoca dayın
çıxar.
Söykənəcəyə
yayxanan Ramil əlindəki dəsmalla özünü küləkləyə-küləkləyə
imdad diləyən qocanı bir anlığa nəzərdən
keçirərək:
- Dayday,
görmürsən bu "Jiquli"dir, traktor deyil, - deyib, -
dişlərini ağartdı.
Gözləmədiyi cavabdan güllələnən qoca
özünü o yerə qoymayaraq - "Jiquli" olduğunu
görürəm, oğul, xətirinə niyə dəyir. "Zaporojets"
yüngül maşındı, çəkə bilər, yol
da rahatdı. İndi bu qoca dayını
yolda qoyacaqsan? - deyərək daha da
yazıqlaşdı.
Maşından düşən Ramil əlindəki dəsmalı
boynuna sərib, gözü yolun yaxınındakı butkaya
sataşan kimi "bir pivə içək, sonra sənin
işinə baxarıq, dayday" deyib butkaya tərəf
addımladı, qoca da yanınca.
Əlində
iki pivə şüşəsi tutmuş Ramil butkadan
aralanıb, yolun kənarına yaxınlaşdı:
- Dayday,
al, biri sənin, biri mənim, - deyən Ramil pivə
şüşəsinin birini qocaya uzatdı, o birisini isə
cavab gözləmədən başına çəkdi.
- Sağ
ol, oğul, mən içən deyiləm, - deyən qoca
razılığını bildirdi.
- Bəs
yaxşı, dayday, ürəyin yananda bu istidə nəylə
soyudursan yanan ürəyini? - deyən Ramil
o biri pivə şüşəsini də birnəfəsə
başına çəkdi.
- Ayranla -
qoca cavab verdi.
Boşalmış
şüşəni ağzından aralayan Ramil:
- Nə
ilə?
- Ayranla,
oğul.
- O nədir,
dayday?
Qoca tez
yanındakı "Zaporojets"in qapısını
açıb əlində üç kiloluq ağzı
krişkalı dolu bir banka və təmiz
bir stəkan gətirdi. Bankanın
ağzını açıb stəkanı doldurdu və
qarşısındakı cavan sürücüyə
uzatdı.
- Al iç, gör nə ləzzətli şeydir.
Ramil
etiraz etdi, "sağ ol, içmirəm" - dedi.
- Sən
mənim canım, al iç, gör nə dadlıdır. Bir gör pivə yaxşıdır, yoxsa bu, - deyən
qoca fikrində israr etdi.
-
Yaxşı, sənin xətrin üçün içərəm.
Ramil stəkanı qocadan alıb başına
çəkdi. "Bu nə
dadlıdır, dayday. Birini də tök
görək" - deyib boşalmış stəkanı yenidən
qocaya uzatdı.
-
Yaxşı, maşının hansıdır? - Ramil
soruşdu.
- Budur,
qadan ürəyimə. - Qoca yaxında dayanmış köhnə
yaşıl "Zaporojets"i göstərdi.
- Dayday, gəlsənə
bu "Zapı"nın pulunu verim
aparıb tullayasan zibilliyə, özünü də aparım
qoyum evinə, səhər çıxıb bazara bir təzəsini
alasan.
Kişinin
tutulduğunu görən Ramil əlini qocanın çiyninə
qoyub, ürəkdən bir qəhqəhə çəkərək,
"dayıcanı, düz sözümdür" - dedi.
Qoca gördü yox, artıq "dostu" onu
fırlayır. İstədi üzüsulu aralana. Elə
bir-iki addım atmışdı ki, yenidən "dayday, bir dayan, deyəsən, mənim sözüm xətrinə
dəydi" - deyən "dost"unun yanına
qayıtdı.
-
Oğul, mən dedim ki, mənə kömək elə yolda
qalmayım, daha demədim ki, məni doluyasan. Mənim
altı oğlum var, elə balacası sən yaşda olar.
- Allah
canlarını salamat eləsin. Mən ürəyimdən
keçəni dedim. Özün bilərsən.
Belədi də, Allah verəndə də bəndə
istəmir. O ki qaldı yolda qalmağına, lap dünya
dağılsa da səni yolda qoymaram, dadlı ayranın xatirəsi
üçün. Yoxsa, xalam bu gecə təkcə
yatar? - Ramil əlini qocanın çiyninə qoyub, ərklə
qocanı silkələyib güldü. Hətta
qoca da öz gülüşü ilə cavana qoşuldu.
-
Yaxşı, dayday, trosdan-zaddan bir şey varmı? - soruşan Ramil döş cibindən siqaret
çıxarıb yandırdı.
- Var,
qadan alım, örkənim var, - deyən qoca tez
maşından dəstələnmiş örkəni
çıxarıb açmağa başladı.
- Dayday,
bunun adına nə dedin? - Ramil qocanın əlində
dəstələnmiş ipi göstərdi.
- Buna
örkən deyirlər, oğul, örkən! Eşitməmisən,
atalar deyib ki, örkən nə qədər uzun olsa da axır
gəlib doğanaqdan keçər. Bunu
hanada toxuyurlar. Keçmişdə atı,
öküzü, dəvəni, indi isə eşşəyi
yükləmək üçün işlədirlər.
(Qoca axırıncı ifadəsi ilə elə bil ürəyindən
keçənlərin hamısını dedi.)
Diqqətlə
örkəni nəzərdən keçirən Ramil:
"Atalar onu da düz deyib ki, qulaq gündə bir söz
eşitməsə, kar olar. Örkən... belə
bir ip adı indi eşidirəm. Heç
olmasa möhkəmdirmi, dayday?" - dedi.
- Möhkəmdir,
oğul, trosdu, - nədi ondan geri qalan döyül.
- Bax,
özün bil ha!.. Örkənin
harada qırılsa orada da qalacaqsan. Sonra məndən
incimə.
Örkənin
bir ucunu "Zaporojets"ə, digər ucunu isə
"Jiquli"nin arxasına bağlayıb
qurtaran qoca dilləndi:
-
Oğul, soruşmaq ayıb olmasın, adın nədir?
-
Adımı neynirsən, dayday? Maşının
nömrəsini bilsən bəsdir. Bu
nömrəni kimin yanında desən, o saat biləcəklər
ki, Romanın nömrəsidir.
- Deyirəm,
məsləhətdirsə tərpənək, - deyən qoca
razılıqla gülümsəyib maşına tərəf
yönəlmək istəyirdi ki, Ramil əlindəki dəsmalla
boyun-boğazını silib:
- Dayday,
heç demədin ki, hara aparacağam səni. İstəyirsən
elə səni özümlə hərləyim. Qoca vaxtında dünyanın ləzzətindən
bir dad. Gör bu dünyada nələr var,
- deyə qımışdı.
Qoca bu
cavanın danışığından, hərəkətindən
bir şey almasa da, əlacının kəsildiyindən bir
söz deyə bilmədi:
-
Oğul, kanalın dibi ilə gedəndə qarşına
döngə çıxacaqdır. Elə həmin
döngədə işarə eliyərəm saxlayarsan. Evim pavorota yaxındır.
- Di otur,
dayday. Amma roldan bərk tut ha, birdən
"Zapı" məni keçər. Onu bil ki, hələ
Romanın "Jiqulisi"ni keçən
olmayıb, qorxuram sənin "Zapı"n keçə. Gülə-gülə Ramil "Jiquli"sinə tərəf
getdi.
Asfaltda gündüzə nisbətən maşınlar
seyrəlmişdi. Zülmət qaranlıqda
maşınların güclü işıqları
sürücünün gözlərinə düşməsin
deyə, hər iki tərəf işıqlanma nöqtəsini
yaxın məsafəyə salırdı. Ramilin
gözü arabir sürət göstəricisinə
sataşdı. Sürət göstəricisi
80-100 rəqəmləri arasında qızdırmadan titrəyən
adamlar kimi titrəyirdi. Birdən
yuxarıdan asılmış güzgüdə gördü
ki, arxadan bir maşın lap "Jiquli"yə dirənibdir.
Sürəti artırdı ki, arxadakı
maşından aralana. Aradan bir az
keçmiş gözünün ucu ilə güzgüyə
bir də nəzər saldı ki, görsün arxadan gələn
maşın necə oldu? Gördü yox,
arxadakı maşın onunla dabanbasaraq gəlir. Qəflətən
Ramilin beynindən ildırım sürəti ilə "yox,
bu biabırçılıqdır ki, bu
biabırçılığı üstümə
götürə bilmərəm, hər kimdirsə, istəsə
məni keçə bilər. Demək, mənlə
məzələnir. Yaxşı, noolar?
Nənəm sənə qurban, "06", bir gör neynirsən",
- fikrinin ürəyindən keçməsi ilə ayağını
qaza dirəməsi bir oldu.
Maşın
az qalırdı ki, qanad açıb
uçsun. Bir azdan gözünün ucu ilə
güzgüyə bir də nəzər saldı ki,
görsün arxadakı maşını "itirə"
bildimi. Gördü yox, arxadakı maşın az qalır "Jiquli"nin belinə minsin. Diqqətini yenicə toplayıb arxadakı
maşın haqqında fikirləşmək istəyirdi ki, qəfil
qarşıya çıxan döngəni gördü. Məsafənin yaxın olduğunu görən Ramil
nə arxadakı maşın haqqında, nə də sürətin
azalması haqqında fikirləşməyə macal tapmayaraq
"Allaha pənah" deyib gəldiyi sürətlə də
döngəni döndü. Hazır qəbrin
içərisinə düşməkdən təsadüfi
salamat qalmış Ramil döngədən xeyli aralanandan sonra
sürəti azaldaraq boynundakı dəsmalla əcəl tərini
silib güzgüyə yenidən nəzər saldı.
Gördü yox, daha arxadan gələn maşının
nə işığı, nə də izi-tozu görünür. Öz-özünə dedi:
"Bax, adamın anasını belə ağladarlar. Kül başına, Roma, səni də abqona
çıxarmışlar".
Səhər
tezdən qapıya çıxan Məsumə
maşının arxasında uzanan ipi görəndə məəttəl
qaldı və ərinin yatdığı otağa girərək:
- Roma,
maşının dalındakı nə ipdir?
Gözünü ovxalayan Ramil "ip nədir? Dəli
olmamısan ki?" - deyib yenidən
yatağına uzanmaq istəyirdi ki, arvadının "mən
dəli olmamışam. Maşının
dalına uzun bir kəndir bağlanıb" sözlərinə
məcbur olub paltarını geyinərək, qapıya
çıxdı. Maşının
arxasına bağlanmış ipi görəndə təəccüblə
arvadına baxaraq, "bu nədir?" - dedi.
- Mən
səndən soruşuram, sən mənim üzümə niyə
baxırsan? - Məsumə dilləndi. Sağ əli ilə
boynunun dalını qaşıyan Ramil, maşının o tərəf,
bu tərəfini nəzərdən keçirib yenidən diqqətlə
ipə baxmağa başladı. Dumanlı şəkildə
nəsə xatırlayıb, Məsumənin üzünə
baxaraq "bu, örkəndir" deyib ürəkdən
güldü.
- Örkən
nədir, Roma? Nədən ötəri
bağlamısan, maşının dalına?
Arvadının sualından nəyisə incəliyinə
kimi xatırlamaq istəyirdi ki, qapı döyülməyə
başladı.
"Məsi, gör kimdir? - Ramil
baxışları ilə qapını göstərdi. - Səhər-səhər qoymazlar ki,
gözünün bir hovur çimirini alasan, sənöl".
Evə doğru addımlamaq istəyirdi ki,
qapının açılmağı ilə Məsinin
yanında üç nəfər polis işçisinin
maşına doğru gəldiyini görcək ayaq saxladı.
Polis işçiləri əvvəlcə maşının
nömrəsinə baxdı, sonra arxasındakı ipi görcək
uzunboylusu üzünü Ramilə çevirdi:
-
Maşın sizindirmi?
- Bəli,
mənimdir.
Polisin ikisi isə maşını axtarmağa
başladı.
Biri maşının bardaçokundan tapdığı
şprisi yoldaşlarına göstərərək, dilləndi:
- Hər
şey aydındır. Qolunuzu göstərin
görək? - deyib, Ramilə daha da
yaxınlaşdı. Qolunu göstərən
Ramilin qollarına vurulmuş iynə yerlərini görən
polis işçiləri "bizimlə gedək" deyib
birlikdə qapıya tərəf yönəldilər. Üzərində "Polis" sözü
yazılmış maşına oturanda Ramil qapının
ağzında bir ay bundan əvvəl gəlin gətirdiyi Məsumənin
yanaqları aşağı yuvarlanan tər çiçəklər
içindəki jaləyə bənzər göz
yaşlarını gördü.
Fazil SƏNAN
Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 14.