Baxçasaray fontanı
Qeyd:
Ordubadinin bu tərcüməsindən parçalar "Zinətin
andı" tərcümələr kitabında (Azərnəşr,
1929) çap olunub. Məmməd Səidin
yazdığı ön söz də həmin kitabdandır.
Poema bütünlükdə 1931-ci ildə Azərnəşrdə
ayrıca kitabça kimi çap olunub, ondan sonra təkrar
çapı olmayıb.
Rus şairi Puşkinin "Baxçasaray fontanı"
namında bir əsəri vardır. Əsər Şərq
dərəbəylik həyatının hərəm adətlərini
təsvir edir. Qara dəniz sahillərindən
Visla və Tuna çayına qədər böyük bir dəhşət
saçan Krım xanı Gərayın həyati-siyasiyyəsini
və hərəm yaşayışını bildirən bu əsərdə
qadınlığın dərəbəylik dövrlərində
olan ailə vəziyyəti sənətkaranə bir şəkildə
göstərilmişdir. Bütün dərəbəylərdə
olduğu kimi Gəray dəxi fəth, zəfər
sözünü taladığı,
dağıtdığı ölkələrin gözəl
qızlarını öz hərəminə doldurmaqdan ibarət
bilmişdi. Tökülən qanlar,
dağılan ölkələrin son məhsulu
özünün şəhvətinə alət qayırdığı
yüzlərlə qadından ibarət qalmışdı.
Gəray ayda birisini sevir, sevdiyi qadınlar Gərayın
öz düşüncəsincə dünyanın bir xoşbəxti
hesab olunurdu.
Fəqət onun sevgisi öz son xəyanətləri nəticəsində
sevilən qadınların həlaqətini qazanırdı.
Gəray rus ailələrindən Zarima namında bir
qadını sevir, onu hərəmin ən xoşbəxt və
həsəd ediləcək üzvü sırasına
keçirdikdən sonra fəthlərində əsir
götürdüyü Marya adlı Polşa zadəganını
ona əvəz edir. Gəray bu iki qadını sevdiyi vaxtlar
bütün qan tökmələr və axıntıları
dayandırır.
Bu vaxt Gəray hərəmxana işrətləriylə
məşğul olduğu üçün rus və Polşa
kəndliləri müharibə bəlalarını görmədən
asudə həyat sürmüşlərdi.
Nəhayət, Gərayın əvvəlki istəklisi
Zarima Gərayın Maryanı sevdiyini görüb ona həsəd
edir. Gərayın eşqini qazanmaqdan ötrü öz
dinini atıb müsəlman olduğuna təəssüf edir.
Bu kimi həsədlər Zarimada bir intiqam hissi
oyandırdığından gecələrin birində
Maryanı xəncərlə qətl edir.
Gəray məsələni bildikdən sonra Zarimanı
Qara dənizə atdırır. Maryanın qəbri
üzərində isə mərmərdən bir fontan tikdirir.
Gərayın hərəm həyatı ilə fəthlərində
olan dəhşətləri göstərən bu əsərin
oxucularımıza rus ədəbiyyatından bir nümunə
olmaq üçün tərcüməsini lazım bildim.
Səid
Dəhşət
saçılarkən Gərayın qaş-qabağından,
Yantar* çubuğun tüstüsü fırlar
dodağından.
Həzz
almayır artıq o gözəl cariyələrdən,
Asudə
deyil, çünki bir an qəlbi kədərdən.
Müdhiş
baxışından o sükunətli sarayda,
Qəm saçmada, zülmətli dumanlar belə peyda.
İxlas
ilə hər kimsə qılar zatına hörmət,
Alnında oxur hər kəs onun bir yeni dəhşət.
Silkər
əlini səbirsiz ol sahibi-fərman,
Qalxar o, düşər torpağa təzim
üçün hər yan.
Heyrətlə
baxıb səcdə edər cümlə qadın, qız,
Hər kəs gedib artıq buraxarlar xanı yalqız.
Azadə
nəfəs çəksə də kaşanədə tənha,
Bir fikirdən azadə deyil varlığı amma.
Sarmış
onu başdan-başa coşqun həyəcanlar,
Var canlı cəbinində də ol qüssədən
asar.
Sahil
boyunun sanki bəyaz şişələrində,
Tufanlı buludlardı salıb əks üzərində.
Məğrur xanın qəlbi nədən qüssələnirmiş?
Ruslarlamı yoxsa yeni bir hərbə gedirmiş?
Yoxsa yenə xan vermədədir Polşaya fərman?
Bir qanlı qisas hissimidir coşmada ondan?
Yaxud yenəmi
orduda baş verdi bir üsyan?
Yoxsa bu rəiyyət yenə məmnun deyil ondan?
Bəlkə yenə də cenvəlilər hiylələr
etmiş?
Xan hansı böyük hadisənin fikrinə getmiş?
***
Yox, xan
düşünür indi daha əski səfərdən,
Mazidəki şöhrətdən, ötən fəthi-zəfərdən.
Bax,
qalmamış artıq o keçən qüvvət əlində,
Heyhat, olmaz xan daha bir hərb əməlində.
Yapmışdır hərəm olmaya bir gizli xəyanət?
Xan böylə xəyanətlər üçün iz
tapıb əlbət.
Yoxsa o əsir qız yenə bir fitnə yaratmış?
Xain çıxaraq qəlbini bir kafirə satmış?
Yox, yox,
edəməz nazlı qız əsla buna cürət!
Qorxaq qadının sevməz imiş qəlbi xəyanət.
Bir dəstə
mühafizləri var dövrü-bərində,
Daim o çiçəklənmədə sakit kədərində.
Şadlıqdan
əsər görməsə qəlbində, gözündə,
Qəti və
soyuq bir kədər hiss etsə özündə,
Sonra yenə
bir dürlü xəyanət çıxa ondan,
Tab eyləyəcək
qəmlərə, sapmaz da yolundan.
Dəhşətli
mühafizlərinin sayələrində,
Məhv oldu gözəllikləri dəhşətlər
içində.
Bu tərzilə
istəkli ərəb gülləri onda,
Olduqca həyat hifz olunur şişə dalında.
Gün
bunlar üçün hüznilə, möhnətlə
keçərkən,
Tutmaz xəbər heç bir nəfər aydan, sənələrdən.
Heç
kəs duyamaz gəncliyinin şanlı zamanın,
Görməz, əbədən hiss edəməz sevgi
nişanın.
Hər
şey burada dərdilə, möhnətlə həmahəng,
Aylar, sənələr, qüssəli günlər belə
yekrəng.
Saatlarının
bitməz uzun bir cərəyanı,
Çarparsa əgər gözlərə bir zövq, o
da ani.
Hər qəlb
sükunətdə, həqarətdə, ələmdə,
Tənbəl yaşayış hökm sürür qəmli
hərəmdə.
Əylənməyə
meyil etsə geyər bir yeni paltar,
Yaxud qılacaq etdiyi söhbətləri təkrar.
Ya həzz
alacaqdır suların zümzüməsindən,
Bərraq axının nəşəli, heyrətli səsindən.
Yaxud
çinarın kölgəsidir gəzdiyi yerlər,
Ancaq o sərin kölgəyə əyləncə deyərlər.
Əyləncə;
fəqət burda da yox onlara rahət,
Var onlar üçün burda da bir canlı nəzarət.
Dəhşətli
xanın qorxu saçan xacəsi hər dəm,
Diqqətlə güdür, hər söz onun, hər
işə məhrəm.
Yalvarsan
eşitməz səni, qandırsan inanmaz,
Daş qəlblidir, göz yaşı səpsən
yumşalmaz.
Qısqanc gözü hər bir kəsi təqib edər,
izlər.
Min ağlasalar qəlbinə təsir edəməzlər.
Etmiş
orada bir əbədi qaidə bərpa,
Qanundur ona xan, nə ki əmr etsə mühəyya.
"Quran"
kimi təqdis ediyor əmrini daim,
Bir heykəli-bicandır, ona sevgi nə lazım?
Heykəl
kimidir, eyləməz heç şey ona təsir,
Görmüş nə qədər kin, həsəd, məsxərə,
təhqir.
Boynunda
daşır hər cürə təmkinsiz öcəşmə,
Nəzdində davam etmədə min işvə,
girişmə.
İncitmədən,
olduqca uzun danlamalardan,
Görmüş, görəcək, bir daha görməkdədir
əlan.
Hər
şırtılığın, qaş-qabağın, qəmli
nikahın,
Məzmununu anlar o sükunətli bir ahın.
Hər
sirrilərə, niyyətə, məqsədlərə alim,
Hər bir qadının zövqünə, amalına
hakim.
Gizlin və
açıq onları təqib eləyirkən,
Daim keçirib onları öz təcrübəsindən.
Əsla
ona təsir edəməz nazlı baxışlar,
Etməz onu bir mərhəmətə, şəfqətə
vadar.
Min
ahi-şərərbar ola gər, qəlbi
bulanmaz,
Daş qəlblidir, arvad əgər ölsə, inanmaz.
***
Sürdükdə
bütün hökmünü şiddətli hərarət,
Göstərməz ikən gənc qadınlar buna taqət.
Bir
çeşmə kimi tərlər axar çöhrələrindən,
Rüxsarı parıldar dağınıq tellər
içindən.
Yüngül
telini boynuna tökdükdə o rəna,
Çimdikdə yenə eyləyəcək xacə
tamaşa.
Əyləncəsidir
bir sıra çılpaqlara baxmaq,
Yox
başqa bir iş, qeydinə qalmış
bunun ancaq.
Yatmaz gecələr
cümlə hərəm yatdığı dəmdə,
Ahəstə gəzər xalçalar üstündə
hərəmdə.
Bağlı
qapı açmaq buna hırsız kimi lazım,
Evdən-evə gizlincə dolaşmaqda bu daim.
Daim
xanın arvadlarının qeydinə qalmaq,
Təqib edərək hər gecə bir sirr ələ
salmaq.
Röyada
əgər bir dolaşıq söz desə onlar,
Qeyd eyləyəcək canlı nəfəs alsa yatanlar.
Təqib
edəcək onları gər etsə ibadət,
Dəhşətdən əgər titrəsələr
qeyd edər əlbət.
Hər
hansı qadın yatmış ikən söyləsə bir ad,
Öz
xatirəsin yaddaşına eyləsə bir yad,
Hər kəs
edə öz fikrini bir kimsəyə izhar,
Filfevr olacaq bir yeni təhqirə giriftar.
***
Qəm-qüssə
nədəndir Gərayın ağlını sarmış,
Parlaq çubuğun tüstüsü dəstində
qararmış.
Tutmuş
qapı ağzında duran xacəni heyrət,
Dörd gözlə durub bəklər o xandan bir işarət.
Bir fikr ilə,
heyrətlə yerindən duraraq xan,
Sürətlə çıxar taybatay olmuş
qapılardan.
Qalxıb
o gedər gizli məhəbbətlə nəhayət,
Eylər yeni sakit qadının vəslinə sürət.
***
Fontanlar
atır göylərə bir mərmər hovuzdan,
Ətrafa döşənmişdir ipək xalçalar əlvan.
Əylənmədədir
şövq ilə bir dəstə cavan qız,
Məsrurdur onlar hamı möhnətsiz, ələmsiz.
Fontanla
çocuqlar kimi şadlanmadadırlar,
Oynar, buraxar hovuza qızıl sırğasın onlar.
Qızlar
sevinər, cariyələr işrət içində,
Hovuzun görünür rəngli balıqlar da dibində.
Görcək
xanı bərpa edər hər kimsə bir işrət,
Əllərdə tutar cariyələr ətirli şərbət.
Parlar yeni
şadlıq hərəmin mənzərəsindən,
Fontanlara əks eyləyəcək türkü səsindən.
Tatar
türküsü
I
Dünyada
məişət keçirən şanlı bir insan,
Zülmətlərə, möhnətlərə sövq
olmada hər an.
Xoşbəxt
ona derlər qoca vaxtında nəhayət,
Bəthayə gedib Kəbədə qılsın bir ibadət.
II
Yaxud Tuna sahillərini pak qanından,
Təqdis
edərək ölsə bu məqsədlə hər insan,
Qılman
gəzinər, huri durar dövrü-bərində,
Minlərlə mələk səcdə qılar
rehgüzərində.
III
Dünyada
səadət ona derlər ki, bir adəm,
Rəhmətlə gülüb yapmadı möhnətlərə
matəm.
Yalnız
onu əyləndiriyor bu yeni sevda,
Ancaq o da gül, o mələk üzlü Zarima.
Nərdə
bu hərəmxanaya zinət verən aya,
Bir nəcm-məhəbbət sayılan şanlı
Zarima?
Qəmgindir,
onun nəşə saçan çöhrəsi solmuş,
Tərifin eşitməz, gözü həsrətlə
tutulmuş.
Bir sərv
kimi gənc ikən afətlə vurulmuş,
Boynun qoyaraq çiyninə bir gül kimi solmuş.
Həp
baxdığı heyrət, işi qəm, fikri müsabət,
Bir ahı sevər, etməz o bir işrətə rəğbət.
Bir an
ürəyi qüssədən asudə deyildir,
Sönmüş o məhəbbət, Gəray artıq
onu sevmir.
***
Sən
sevmə, Gəray! Etmə məhəbbət mənə əsla,
Bax bir bu gözəllikdə mənə varmıdır həmta?
Alnımda
sarılmış ikiqat türreyi-təkrar,
Bir bax, mənə bax, söylə görüm kimdə
bu göz var?
Var kimdə bu atəşli baxış, dadlı
öpüşlər?
Bu xariqə
cilvəmdəki ali görünüşlər?
Çöhrəmdə
günəş parlasa baxtım gecədən tar,
Mən burda əsirəmsə də, sərgəştələrim
var.
Fayiq gələməzkən
mənə bir şux pərivəş,
Söylə, kimi sevdin, nərədən səndə bu
atəş?
Dəhşətli
soyuq qəlbiniz etməz mənə rəğbət,
Göstər mənə ol sevdiyini kimdir o löbət?
Dönmüş
ürəyin polşalı knyajna gələndən,
Atdın məni, yoxdur bir əsər sevgilərindən.
***
Marya bir az əvvəl keçirib başqa bir aləm,
Bir başqa göy altında sürüb eyş dəmadəm.
Öz
doğmaca yurdunda çiçəkləndi o yıldız,
Qəm-qüssə nədir bilməz idi əsla o gənc
qız.
Min naz
görərdi o qız əvvəl pədərindən,
Qoymazdı qızı ol qoca bir an nəzərindən.
Fəxr
eylər idi evdə, ziyafətdə onunla,
Rədd etməz idi nazlı qızın əmrini əsla.
Ev
xalqına qanun idi istəkləri daim,
Vaxtında müyəssərdi qıza hər nə ki
lazım.
Gündüz-gecə
bir şey düşünürdü qoca ancaq,
Nazın
çəkib istəkli qızın qeydinə qalmaq!
Qəm
çəkməyə bir ləhzə ona verməsin imkan,
İfaya çalışsın onun istəklərin hər
an.
İstər
elə bir xatirə xəlq eyləsin onda,
Yad eyləyə qızlıq gününü ərdə
olanda.
Daim
keçə ol dadlı zaman didələrindən,
Röya kimi ani keçə qızlıq nəzərindən.
Yad eyləyə
qızlıqdan ölüncə qala razı,
Daim düşünərkən onu məftun edə mazi.
***
Didarına
bir çoxlarını eylədi həsrət,
Əyanları da damına salmışdı məhəbbət.
Sarsıtmış
idi varlıların tabu-tavanın,
İqbalını
tar eylədi yüzlərlə cavanın.
İnlərdi
bütün xalq nihan eşqi yolunda,
Lakin yox idi zərrə əsər sevgidən onda.
Mavi
gözü vermişdi onun hüsnünə zinət,
Bu gözləri qılmışdı ona hədyə təbiət.
Olmuşdu
bu sənətlə evin işrəti bərpa,
Baxdıqca o bir sehrinuma "arf"* idi zira.
Xalq
etmiş idi ailədə canlı bir işrət,
Müstəqbəli fikr etməz idi gənc qız əlbət.
Bəslərdi
onu naz ilə yüz bəxtəvər əllər,
Qəsrində onun dövrəsin almışdı
gözəllər.
***
Çoxdanmı tatarlar yürüdür Polşada fərman?
Qanlar saçaraq Vislada açmış yeni tufan.
Hər səmtə
tatarlar ölüm atəşləri saçmış,
Yaxmış
bu gözəl ölkədə hərb öylə bir atəş,
Hökm etmədə sürətli və dəhşətli
kəşa-kəş.
Atəş
yaxılıb sanki bütün tarlalarında,
Ol əski gözəllikdən əsər
qalmamış onda.
Gül
soldu, çiçəklər quruyub qönçə
qaraldı,
Bir gülşən ikən sısqa yetim halına
qaldı.
Yox dinc
bir əyləncə, nişan qalmadı
ondan,
Göylər qəmə aludə, batıb matəmə
orman.
Kaşanə
pozulmuş, yox əsər təntənəsindən,
Sakit oda, yox bir əsər əyləncə səsindən.
Marya
susub, ondan eşidilməz daha bir səs,
Naz etdiyi kaşanələr olmuş ona məhbəs.
Ev məbədinin
hər yanı bir qəmli sükunət,
Qüvvətli soyuq bir yuxu vermiş ona rahət.
Knyazlara məxsus
nişanlar, ölü taclar,
Məbəddəki məqbərlərin üstündə
durarlar.
Son vaxtlar
orda yeni bir məqbərə peyda,
Yatmış
ata məqbərdə, o istəkli qız amma -
Ömr
etmədədir qəmli əsarətlər içində,
Məhv olmada bir şəhvətin ac pəncələrində.
Varislərə
gəldikdə o şöhrətli xəsislər,
Qəsrində yenə eyşə davam eyləmək istər.
Boynunda
ağır yük daşıyan, qarət olan bir -
Canlar çəkişən ölkəni soymaqdadır
hazır.
***
Minlərlə
həzər Baxçasaray qəsri əlindən,
Qoynunda sənin
bir kölətək gizlədilirkən -
Knyajnanın
azadlığı məhv olmuş, əzilmiş,
Gənc qız solaraq bir qara mənfaya çəkilmiş.
Zindanı
kəsilmişdir onun qəsri-zərəfşan,
Ağlar, saralar, qüssələnər, gülməz o
bir an.
Ol
baxtsızın həmdəmi bir qəmli sükunət,
Yox bir kəsi, göz yaşlarına bağlamış
ülfət.
Qəm-qüssə,
kədər, inləmələr, ahu-fəğanlar,
Təsir edərək xanda yaratmış həyəcanlar.
Artıq
bu fəğanlar xanı qoymuş yuxusundan,
Rəhm etmiş, azaltmış hərəmin siqlətin
ondan.
Dəhşətli
mühafiz də çəkilmiş nəzərindən,
Gündüz-gecə təqib edəməz dövrü-bərindən.
Dəhşət
saçan əllər qalamaz qeydinə hərgiz,
Qorxutmaz onun qəlbini dəhşətli mühafiz.
Peydər-pey
onun gəzməz o kabus otağında,
Cürət bulamaz qəlb sıxan
qaşqabağında.
Mənfur
üzün göstərəməz xacə nəhayət,
Etməz
üzünə baxmağa bir an belə
cürət.
Tənha
yaşayır, çimsə də görməz onu bir kəs,
Zira ki, uzaq guşədə durmuşdur o məhbəs.
Xan da o əsirin,
o bəlakeş qızın hala,
Qəsd eyləməyir rahətini pozmağa əsla.
Rəhm
eyləyərək vermiş ona bir yeni məskən,
Bir öylə məkandır ki, bütün ayrı hərəmdən.
Bir
öylə dərin guşə ki, hər səmti qaranlıq,
Qərq olmuş o qız zülmətə, tənha
yaşar artıq.
Gündüz-gecə
yanmaqdadır ol yerdə çıraqlar,
Ancaq o çıraqlarla qızın çöhrəsi
parlar.
Bir
şadlıq ümidindədir ol qəlbi-mükəddər,
Bir qəmli sükunətdə səadət izi bəklər.
Çırpınmadadır
qəlbi həqarətlər içində,
Acizdir, arar qəlbi təsəllisini dində.
Daim ediyor
qəlbi yaxın keçmişi dəryad,
Məsud günün yad ilə, mazidən olur şad.
Baxdıqca
uzaqdan həsəd eylər ona qızlar,
Çəkməz onu ol gizli həsədlərlə,
sızıldar.
Dəhşətli
saray onlar üçün olsa da məhbəs,
Lakin yenə qərq olmadadır işrətə hər
kəs.
Hər
kimsə xilas olmaq üçün qəmli bucaqdan,
Qəlbində müqəddəs əməlin tutmada
pünhan.
Qəlb
olsa da azğın və fəna şəhvətə qurban,
Dönməz yenə bir hissi-müqəddəs
daşımaqdan.
***
Axşam
yetişir, artır üfüqlərdəki zülmət,
Bülbül səsi ancaq məni səslər, deyər
heyhat.
Ormanlara
nurun saçaraq mahi-ziyadar,
Axdıqda bizim yurda düşər sabiti-səyyar.
Adi tatar
arvadları ağ şərfə
bürünmüş,
Gəzməkdə
sokaklarda, bir ağ kölgəyə
dönmüş.
Hər
bir qadın axşamlar edər çöldə səyahət,
Qəm-qüssədən azad ediyor qəlbini əlbət.
Hər kəs
dolaşır, zövq ilə yatmış hərəm amma,
Dəhşətli saray uyxuda, gəlməz səsi əsla.
İsyan
edəməz kimsə, onun hər yanı xamuş,
Etmiş onu üsyansız olan sevgi dər ağuş.
Heç
kimsədə yox cınqırını çəkməyə
cürət,
Durduqca davam etmədə zülmətli sükunət.
Artıq
uyumuşdur o sədaqətli mühafiz,
Yatmışsa da dəhşətləri məhv
olmamış hərgiz.
Hökm
etmədədir yatsa da dəhşətləri daim,
Ol dəhşəti yatmış uyumuş ruha da hakim.
Gözlənmədədir
hər gün üçün bircə xəyanət,
Verməz bu xəyanətlər onun fikrinə rahət.
Aya, bu nədir? Bu nə səda, bu nə xışıltı?
Bilməm nə bağırtı və nə səsdir,
nə pıçıltı?
Bunlar
hamısı qoymaz ola xacəni rahət,
Narahat olar şayiələrdən də nihayət.
Titrər
bədəni, ürkər, o qalxar yuxusundan,
Tez göz yetirər hər kəsə, artar yenə həycan.
Şişlər
qulağın dinlər, o ancaq duyamaz səs,
Hər səmti dalıb uyxuya, zira yatıb hər kəs.
Yalnız
o qaranlıqda gəlir mərmər hovuzdan,
Fəvvarələrin nəğməsi bir
müğri-xoş-əlhan.
Fəryad
ediyor öz gülünün şən budağında,
Məşuqəsinin sevməli, munis qucağında.
Bir az yenə də xacəni məşğul edər
onlar,
Dinlər, o sədalarla gedər uyxuya təkrar.
İnsan
nə qədər ləzzət alır diqqət edərkən,
Şərqin şəvə rəngindəki yəlda gecəsindən.
Peyğəmbərin
ümmətlərinin gör nə qədər bir,
Saatları xoş, kefləri kök, zövqü gözəldir.
Hala yenə
evlərdə davam etmədədir naz,
Bağ-bağçasının nəşəsi bir
xariqəpərdaz.
Vardır
nə qədər nəşəsi sakit hərəmində,
Min sirri-nihan vardır ayın kölgələrində.
Hər
guşədə fərman yürüdür bircə sükunət,
Bir ruhi-rəvan bəxş ediyor onlara şəhvət.
***
Yatmış
hamı arvadlar, ayıqdır biri amma,
Ahəstə nəfəslər çəkərək
qalxar o tənha.
Qalxır
yatağından o qaranlıq gecə xəlvət,
Heyrətlidir ahəstə qədəmlərdəki
sürət.
Açmış
qapıdan çıxmış o ahəstə və heyran,
Sarsır
bədənin az qala qəlbindəki həycan.
Yatmış
qocaman xacə, çəkir xorna dəmadəm,
Rəhm anlamayan qəlbi dəmirdən daha möhkəm.
Aldatsa da
rahatlanır insan yuxusundan,
Bir ruh kimi süzdü qadın, keçdi yanından.
Birdən-birə
titrək əlinə dəydi anahtar,
Gircək evə bir qorxu onun qəlbini sarsar.
Bu dəhşət
onun qəlbini sarsıtsa da gizlin,
Bir lampa görür nuru sönük, şöləsi qəmgin.
Gördü
uyumuşdur yumuşaq çöhrəli bir qız,
Parlatmadadır bir xaç onun köksünü
yalnız.
Köksündəki
xaç onda müqəddəs bir əlamət,
Gürcü qızı yad eylədi mazisin o saət.
Bir səs
ona anlatdı keçən günləri guya,
Etdirdi ona doğmaca bir duyğu təcəlla.
Knyajna
davam etmədədir öz yuxusunda,
Var qızlığa məxsus şirin bir yuxu onda.
Göz
yaşları peyda yenə məxmur gözündə,
Ol yaşların hala izi var canlı üzündə.
Bir
tünd təbəssümlə baxır çöhrəsi hərdəm,
Güldür, deyəsən, üstünə
düşmüş yeni şəbnəm.
Bir
öylə ziyapaşdur ol çöhreyi-purxab,
Baxdıqca deyirsən gülə düşmüş
yeni məhtab.
Göydən
yerə uçmuş, deyəsən, zadeyi-adəm,
Bir huri yatıb, sanki tökür əşgi-dəmadəm.
Məzlum
qadındır ki, aparmış bunu uyxu,
Müdhiş hərəmin bircə əsarətkəşidir
bu.
"Artıq sənə nolmuşdur, aman, söylə
Zarima!"
Qəmdən
daralır sinəsi tab eyləmir əsla.
Ağlar
da gözündən tökülür yerlərə
yaşlar,
Tez diz çökərək əczilə yalvarmağa
başlar.
"Rədd
etmə məni, yalvarıram, dinlə nəhayət!".
Hər bir sözü bir inləmədən, qəmdən
ibarət.
***
Qız
diksinərək qalxdı nəhayət yuxusundan,
Knyajna
böyük bir xətər hiss eylədi ondan.
Biganə
qızın şübhəli rüxsarını görcək,
Heyrətlə bəyan etdi bütün
varlığı titrək.
- Kimsən,
nəçisən, söylə nədir burda muradın?
Gəldin nə üçün? Durma da, həm
gizləmə adın.
***
- Mən
qüssəmi izhar üçün oldum bura daxil,
Mümkünsə
əgər qıl məni amalıma nail.
Rədd
eyləmə! Əcz eyləyirəm, al məni qəmdən,
Ümmid araram, rəhm elə, bıqdım bu sitəmdən.
Maziyə
səadətlə gülüb ömür sürərkən,
Dinlə məni, hala burada məhv oluram mən.
Sevdimsə,
sevildimsə də axırda yoruldum,
Rəhm et mənə, zira çox uzaqlarda doğuldum.
Mən həp
unudulsam da, o mazi unudulmaz,
Fikrim ulu mazini düşünməklə yorulmaz.
Doymam gecələr
mən o uzaq xatirələrdən,
Məhv olmamış hala vətənim pişi-nəzərdən.
Qarşımda
durur indi də yalçın uca dağlar,
Əşgimlə onun zirvələrindən su
şarıldar.
Batdıqda
sirişgi-ələmə bir sıra müjgan,
Qarşımda durur hər gecə şəbnəmli bir
orman.
Kipriklərin
altından axan əşg sərapa,
Çeşmində qılar çimdiyim irmaqları bərpa.
Lakin məni
atmış oradan taleyi-mənhus,
Doğma vətənim yox, yaşaram quş kimi məhbus.
Mən
qafil ikən qəlbimə yol tapmadı adam,
İndisə qəza vermiş işə başqa sərəncam.
Görməkdəyəm
əşgin acı təsirini hala,
Fikrimdə düşündüklərim indimdə
mühəyya.
Hərbə
Gəray asayiş üçün etmədi rəğbət,
Eşqimlə bütün vəhşətə
vermişdi nəhayət.
Rahət
yaşayırdım bu hərəmxanədə xəndan,
Nə fitnəyə meydan, nə də bir hiyləyə
imkan.
Lakin səni
sevməklə mənə qıldı xəyanət,
Əylənməyir eşqimlə, sönübdür
keçən ülfət.
Yoxdur bu xəyanətdə
sənin zərrə qüsurun,
Ancaq mənə bir nifrət oyandırmış
hüzurun.
Bu
hüsn ilə bir kimsə deyildi mənə həmta,
Yıxdın məni bu hüsnü-vəcahətlə sən
amma.
Eşq
olduğunu sən mənim hərgiz biləməzsən,
Sən yaxşı sevilsən də mənimtək sevəməzsən.
İnkar
edəməm, səndə də var hüsnü vəcahət,
Qaytar Gərayı,
ver mənə, bitsin bu rəqabət.
Zira o mənimdir,
mənə ver, qəlbimi yıxma!
Bir sadə
gözəlliklə mənim qarşıma çıxma!
Qarşında
çöküb ağlayıram, yalvarıram mən,
Qaytar Gərayı,
istəyirəm əcz ilə səndən.
Olmuşsa
Gəray hüsnünə gər valehi-heyran,
Hər nəhv
ilə olsa, mənə tərk et, çəkil
ondan.
"Quran"a itaətlə onun dinini tutdum,
Bir eşq ilə mən Məryəmi, İsanı
unutdum.
Dinlə,
var əgər səndə sükut etməyə rəğbət,
Var məndə də ancaq qılınc işlətməyə
qeyrət.
Ahımdan
həzər qıl, məni rədd eyləmə, haşa,
Rədd etmə, yaxındır vətənim Qafqaza
zira!"
Öz
sözlərini söylədi, qeyb oldu o saət,
Knyajna onun qılmadı təqibinə cürət.
Bilməzdi
nə söylər o əziyyətli lisanlar,
Artırmada alamını mübhəm bu fəqanlar.
Hər
gün yeni bir göz yaşı, hərdəm yeni fəryad,
Etməz onu bir xariqə təhqirdən azad.
Gənc
ömrünə min zərbə vurarkən qara zindan,
Təhqirinə zindan veriyor get-gedə meydan.
Bilməm onu təqib ediyor hansı bəlalər?
Yaxud nə kimi dərdi-müsibət onu bəklər?
Ol gənc
həyatın gələcək günləri yoxsa
Məhv olmalı mənfur əsarətdəmi tənha?
Zülmətlər
içində yaşayan bəxti-zəbundan,
Dönməklə
Gəray daim unutsaydı yadından,
Tez
keçsə idi bir belə qəm günləri yarəb,
Gənc Maryanın olmazdı gözəl qəlbi müəzzəb.
Dünyaları
şadlıqla atardı, buraxardı,
Qəmdən qurtarıb bir əbədi sülhə
varardı.
Keçmiş
daha gəlməz ələ, qiymətli keçən gün,
Çoxdan keçib onlar, olamaz ricəti mümkün.
Dünyada
nə tapsın, daha boşdur ona dünya,
Gördükləri zillət ona yetməzmidir, aya?
Bir
sülh ilə göylər açıb ağuşi-məhəbbət,
Bir doğma təbəssümlə qılar Maryanı dəvət.
***
Dəhşətli
hərəm susmadadır, lal olub əyyam,
Zillətlərə
təqdiri-qəza verdi sərəncam.
Marya daha
yox: getdi bu möhnətli cahandan,
Artıq çəkilib bir əbədi rahətə
ondan.
Çoxdan
bəri etmişkən əməllərlə təkapu,
Uçmuş o mələk bir işıq aləmlərə
doğru.
Kim qapdı həyatından o məhrumu, yetimi?
Qəmlərmi, əsarətmi, qəzalarmı, əcəlmi?
Bir xəstəliyinmi o zəbun oldu əlində?
Qısqanclığınmı əzilib pəncələrində.
Bir kəs
bunu bilməzsə də yox Marya nəhayət,
Yoxdur o gözəl qızdan əsər, solmuş o afət.
Yoxdur əsər
ondan daha zülmətli sarayda,
Olmuş yeni dəhşətlər o viranədə
peyda.
Hər səmtə
tatarlar ölüm atəşləri saçmış,
Köylər dağıdıb, cəbhə yarıb, qələlər
açmış.
Çapqınları
hər yerdə yaratmış yeni tufan,
Kəsməkdədir, hərb etmədədir, içmədədir
qan.
Lakin xan əzilməkdədir
öz qüssələrində,
Qəlbi yenə qovrulmadadır öz kədərində.
Birdən-birə
saxlar əlini hərbdə bəzən,
Şəmşirini bir fikrilə saxlar hərəkətdən.
Ətrafı
süzər daim ağılsızca nikahı,
Kəndisinə baxdıqca şərar yağdırar
ahı.
Bir
şey onu təhdid ediyor sanki dəmadəm,
Bir qorxu duyurkən ağarır çöhrəsi hərdəm.
Söz
söyləməz, ancaq düşünər, sanki
pıçıldar,
Ağlar, tökülər göz yaşı
rüxsarına, parlar.
Daim
keçirər vaxtını qəmlərdə, ələmdə,
Görməz üzünü kimsə onun sadiq hərəmdə.
Bədbəxt
qadınlar yenə öz dərdi-qəmində,
Məhv olmadadır, xacənin onlar sitəmində.
Yoxdur bir əsər
orda fəqət gürcü qızından,
Bir söz deməz ondan daha, susmuşdur o zindan.
Gürcü
qızı yoxdur, onu məhv eylədi dərya,
Qısqanc qız öldürmüş idi Maryanı
zira.
Dəryaya
atılmışdır o qız, bitmiş əziyyət,
Dəhşətli cəzadır bu, müqəssirsə
də əlbət.
***
Qafqazda,
yaxın ölkədə hərb atəşi
sönmüş,
Rusiyyə yanıb köyləri viranəyə
dönmüş.
Çoxdan
bəridir xan verəcək hərbə nihayət,
Etmiş yenidən Baxçasaray şəhrinə evdət.
Təkid
ilə əmr etdi verib xacəyə fərman,
Tikdirsin o qəmgin qadının namına fontan.
Fəvvarə
vurub qətrələr atsın da, səs etsin,
Zəmzəmlərin altında yatan Marya eşitsin.
Üstündə
müqəddəs xaçı nəsb etməyərəkdən,
Bir aypara asmışlar o qəbrin üzərindən.
Ol aypara məzluma
təcavüzdən əlamət,
Acizləri incitmədən, əzməkdən ibarət.
Keçmişsə
uzun illər axır üstünə əlan,
Ol qəmli sular gözyaşıtək mərmər
hovuzdan.
Sakit
duramaz daim o fontan coşar, ağlar,
Övladı ölən bir anadır sanki
sızıldar.
Məhv
oldu o qız, gördü fəqət bircə həqiqət,
Məhv olduğu bu ölkədə var əski sədaqət.
Məsum
qızın namına bir fontan ucalmış,
Yüksəlmiş adı, "Göz yaşının
çeşməsi" qalmış.
***
İşrətlərə
axırda fəramuş elədim mən,
Ayrıldım uzun vaxt şimal ölkələrindən.
Etdikdə
səyahət uyumuş Baxçasarayda,
Gəzdim
o susan, mürgüləyən qəmli
sarayda.
Durmuşdu
nəzarəmdə sükunətli keçidlər,
Dəhşətli tatar qamçısı eyş etdiyi
yerlər.
Dəhşətli
hücumun, zəfərin şanlı sonunda,
Məhrulərin ağuşuna qərq oldular onda.
Min
zövqü-səfa var yenə sakit çəmənində,
Göllər yenə öz əski dərin nəşələrində.
Bağlar
yenə qeyd eyləməmiş ləzzətin hala,
Hər guşədən eylər yenə bir nəşə
təcəlla.
Bağ-bağçası
vermiş yenə afaqına rövnəq,
Ənhar axıyor sayeyi-əşcarına mütləq.
Sallanmış
üzümlər saralır şaxələrində,
Baxdıqca bir əlvan çiçək
açmış çəpərində.
Ənzarı
qılar indi də cəzb ol dəru-divar,
Altın yazılar indi də parlar, gözə
çarpar.
Mən
seyr edərək əski məhəccər dalısında,
Təsbeh çevirən kəsləri mən
görmüşəm orda.
Gördüm
nə qədər qız, qadın öz inləyişində,
İnlər yenə bir ahi-sükunpərvər
içində.
Mən
xan qəbiristanını gördükdə o yerdə,
Dəhşət saçan əllər çıxaraq
durdu nəzərdə.
Son
xalqın həyatın gəmirib hökm sürənlər,
Yatmış, durur üstündə onun bir ulu məqbər.
Gördüm
uyumuş, torpağa çəkmiş başın onlar,
Var məqbərin üstündə də mərmərli
sütunlar.
Bir səs
orada sanki məni səslədi filhal,
Məndən
bunu aydınca sual eylədi iqbal:
Bir söylə görüm harda hərəm? Harda qalıb
xan?
Biruh olaraq qəmli sükunətdədir hər yan.
Hər
şey dəyişib, heyrətim ancaq deyil ondan,
Gül nəşəsi, fontan səsi zira belə
pünhan.
Hər
şey o əsir ilə zəbun oldu, gömüldü,
Gənc qızla fəramuş edilib qəbrə qoyuldu.
Cəlb
etdi mənim fikrimi gizlin həyəcanlar,
Məcbur olaraq pür-həyəcan keçdi o anlar.
Gəzdim
mən o viranənin hər səmtini tənha,
Gördüm uçuşur qarşıda bir kölgə
mühəyya.
Əks
etdi mənim fikrimə pür dəhşət o mənzər,
Qarşımda uçan kölgə əvət, bir
qıza bənzər.
***
Bilməm
ki, kimin kölgəsidir gördüyüm, amma
Ol şəkil kimin şəkli, kimindir belə sima?
Təqib ediyormuş məni ol yerdə nə qüvvət?
Qarşımda duran kölgəsidir Maryanın əlbət.
Yox, bəlkə
Zarima dolaşır bomboş hərəmdə,
Qısqanc baxıyormuş mənə həp
varlığı qəmdə.
***
Xatırlayıram
mən nə qədər dilbərti-ziba,
Çeşmimdə təcəssüm qılır ol
sevməli sima.
Qəlbim
dolanır, daim onunla deyiləm şad,
Mənfada da ol qüssə buraxmaz məni azad.
Həsrətlə
kədərlənmə! Yetər, sakit ol! Hərgiz,
Olmaz sənə
bir fayda, kədərlənmə, əqilsiz!
Yetməzmi
bu taleysiz olan sevgiyə daldın,
Üsyanına uydun, uyudun, min kədər aldın.
Dəryad
elə röyadakı fəryadını artıq,
Röyadan
ayıl, ol qara zindanları yax, yıx!
Söylə, yenəmi oxşayacaq ruhumu zindan?
Ol kirli buxovlar öpəcəkdir səni hər an.
Çoxmu
bu ağılsızca rübabın səni hər an,
Eylər yenə bu tərz ilə dünyalara elan.
Sevdanı
atıb sülhə pərəstişlər edərkən,
Mən zövq alıram sənətimin alihəsindən.
Qəlbimdən
uzaqlaşmış ikən sevgi, məhəbbət,
Atdım, məni məşğul edəməz bir daha
şöhrət.
Görrəm
səni, qarşımda durarmı yenidən bir
Ol xariqə sahillərin ey nəşəli Salqır?
Tezmi görərəm mən səni sahil boyu dağlar?
Ol nəşəli
qoynunda nihan xatirələr var!
Görsəm
yenidən Tavridin ol dalğaların mən,
Zövqündən olar çeşmi-hərisin dəxi
rövşən.
Ol
sehrinüma məmləkət, ol çeşmi-məsərrət,
Hər şey orada canlıdır, hər işdə bir
ibrət.
Var orda
üzüm bağları, vardır qoca orman,
Vardır sarı, yantarlı çubuq, nargilə, qəlyan.
Vadilərinin
qoynu gözəllikdən ibarət,
Heyranı qalır hisslər etdikdə səyahət.
İqlimi
ilıq, dağları üsyansız, ələmsiz,
Sahil boyu olduqca müzəyyən fərəhəngiz.
Hər
gün abı, dağ-daşlarının dövrü-bərində,
Atlar yürüyər dalğaların kölgələrində.
Parlaq
şəfəq hər gün abı rəngində sularda
Əks etmədədir dalğası yalçın
qayalarda.
Tərcümə: Məmməd
Səid Ordubadi
Transliterasiya: Həmid
Piriyev
Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 16-18.