Röya
kimi keçən bir ay
Atalar sözünün birində deyilir ki, "Gəzən
ayağa daş dəyər" və başqa birində də
"Çox yaşayan çox bilməz, çox gəzən
çox bilər" deyilmişdir.
"Qabusnamə"də "Səfərə
çıxmış adamlar dünyagörmüş, təcrübəli,
ağıllı və xoşbəxt hesab edilir"lər,
çünki onlar eşidilməmiş sözlər
eşitmiş, görünməmiş şeyləri
görmüş olurlar".
Bu müdrik ifadələrin bir həqiqət olduğuna
hər kəs şahidlik edə bilər. Mənim bu
yazımda gəzdiyim yerlərdən, etdiyim səfərlərdən
danışmaq fikrim yoxdur. Dünyanın 20-dən
çox ölkəsində olsam da, onlar haqqında romanlara
sığacaq qədər təəssüratım var. Elə
mənim dünyanın cənnətlərindən olan
Türkiyədə On Dokuz Mayıs Universitetində professor
kimi fəaliyyət göstərdiyim 6 il, onlarca simpozium və
elmi konfranslarda iştirakım həyatıma yazılacaq qədər
önəmli aylarım, illərim, təəssürat və
xatirələrimdir.
Ancaq sonuncu Türkiyə səfərimin elmi və
pedaqoji işimlə heç bir əlaqəsi yox idi. İki
türk xanımının (şairə Gülsüm Gülməz
və müəllimə Kübra Ay Çakaloğlu) dəvəti
ilə Türkiyəyə bir aylıq səyahətim və
yuxu kimi keçən bu səyahət günlərimdəki təəssüratım
məni gördüklərimi, duyduqlarımı, qısaca,
ömrümün o yerlərdə keçən təxminən
bir ayını düşüncələrimdən ayıra
bilmədi.
26 iyul - 24 avqust 2021.
Bu müddətdə Manisa, İzmir, Salihli, Bozdağ,
Gölcük, Yeddioluk, Kula (Kuladokulay), Turqut, Uşak,
Köprübaşı, Dəmirçi, Çataloluk kimi
tarixi yerlərdə olmuşam. Təkrarsız gözəllikləri
olan bu yerlərin maddi-mədəniyyət abidələri,
şəhərlərin etnik yapısı, milli adları,
qarşılaşdığım saf, biz sevən və bizi
sevən həmsöhbətim olmuş ziyalılar, məni
can-başla evində əzizləyən dostlarım bu səyahətimin
dolğunlaşmasına, əlçatmazlığına vəsilə
oldular və onların saflığı, alicənablığı
məni səmimi sözlər yazmağa yönləndirdi.
Bir
şeirdə deyildiyi kimi:
Yaxşı
söz nə mənim, nə də sənindir,
Bacarıb yerində işlədənindir.
Sözü yerində
işlətmək üçün də bünövrə, təməl
möhkəm və sağlam olmalıdır. Bu sağlam təməl mənim əsl
qaynağım oldu desəm, yanılmaram.
Dəfələrlə qardaş Türkiyənin şəhər
və kəndlərində olsam da, şahzadələr şəhəri
olan Manisanı görmək içimdə bir istək, bir arzu
idi. Bu istəyi gerçəkləşdirən, məni
dəvət edib xüsusi müsafirpərvərlik göstərən
iki xanıma - Kübra Ay Çakaloğluna və
Gülsüm Gülməzə minnət borcum var.
Şahzadələr şəhəri Manisa möhtəşəm
görünüşü, zəngin təbiəti və
maraqlı tarixi ilə tanınan, Osmanlı Dövləti
dönəmində şahzadələr yetirmiş tarixi bir
şəhərdir. Deyilənə görə, Türkiyədə
Osmanlı dönəmində əsasən üç sancaq
şəhər - Amasya, Kütahya və Manisada dönəmin
şahzadələri yetişmişdi.
Rəvayətə görə, Fateh Sultan Məhmət də
(hakimiyyəti illəri 1451-1481) şahzadə kimi Manisada
yetişmişdi. Manisanın görünüşü
çox möhtəşəmdi. Şəhərin
hündür yerindən şəhər sanki ovcunun içindəki
kimi görünür.
Qədim Manisa həm də kərpic dam örtükləri
ilə möhtəşəmdir. Bu şəhərin kərpic
damları şairə Gülsüm Gülməzə də
ilham vermiş və "Manisanın damları var kərpicdən"
adlı bir şeirində bunu belə ifadə etmişdir:
Manisanın damları var kərpicdən,
Yolları aşılmaz, dikdir yoxuşdan.
İlmək-ilmək
kilim toxur naxışdan,
Gözlərəm
yollarda yarın yolunu,
Yastığım etmişəm yarın qolunu.
Manisada
bir yar sevdim, çox gözəl,
Pozuldu bağlarım tökməyir xəzəl.
Mən səni
sevmişdim hər kəsdən əzəl,
Yol verin
dağlar, ah, hal yaman oldu,
Gözlərəm yollarda yarın yolunu.
Manisanın
körpüsü var keçilməz,
Suları
soyuqdur bir tas içilməz,
Hər kəsdən
keçilir, yardan keçilməz,
Yol verin
dağlar, ah, hal yaman oldu,
Gözlərəm yollarda gözlər yolunu.
Bu şeirə bəstəkar
İmran Koç musiqi yazmış və mahnı onun
ifasında TRT-də səslənmişdir.
Manisada Sultan Cami adı ilə tanınan möhtəşəm
bir cami (məscid) var. Caminin tarixi Kanuni Sultan Süleyman
(1495-1566) zamanına gedib çıxır. Bu
yaraşıqlı tarixi cami Sultan Süleymanın anası
Hafza Sultan tərəfindən inşa etdirilmişdir.
Caminin qapısında yazılmış kitabədə onun
inşa tarixi haqqındakı məlumat belədir: "Yavuzun
xanımı və qüdrətli Sultan Süleymanın
anası bu camini Allah üçün və səcdə edənlər
üçün tikdirmişdi. (Hicri 929. M. 1522).
Manisada vaxtilə xalq təbabəti ilə bağlı
bir məcun hazırlanmışdır. Onun tarixcəsi belədir:
Osmanlı padşahı Kanuni Sultan Süleymanın anası
Hafza Sultan Manisada xəstələnir. Xəstəliyinə
çarə tapılmayan Hafza Sultanın inşa etdirdiyi Sultan
Camisi mədrəsəsinin başına gətirilən həkim
Mərkəz Əfəndi bitki və baharatdan məcun
hazırlayır. Baharatın 41
çeşidini qarışdıraraq hazırlanan "Mesir
Macunu" adlanan məcunu yeyərək sağalan Hafza Sultan
digər xəstələrə də məcun
paylanmasını istəyir. Xalqdan gələn
istəyin artması ilə Hafza Sultan kağızlara
bükülən məcunu Sultan Camisinin qübbə və
minarələrindən xalqa dağıdılmasını
buyurur. Günümüzdə də xalq hər il Novruzun bayram edildiyi 21 Martda Sultan Camisinin
önündə toplaşır və beləcə də,
Manisanın Mesir Məcunu Festivalı keçirilir.
Beləliklə,
hər il Novruz günü 41 çeşid
ədviyyatın qarışdırılmasından
hazırlanan "Mesir Macunu" Manisadakı Sultan Camisinin
qübbə və minarələrindən xalqa
dağıdılır. Minarə və qübbələrdən
atılan və şəfalı olduğuna inanılan
"Mesir Macunu"nu qapa bilmək üçün Türkiyənin
müxtəlif yerlərindən Manisaya gələrək Sultan
Meydanında toplaşanlar bu məcunu əldə etməyə
çalışırlar.
"Mesir
Macunu"nun hazırlanmasında darçın, qarabibər,
yeni bahar, qərənfil, çörəkotu, xardal toxumu,
anason, keşniş, zəncəfil, darçın
çiçəyi, zərdəçal, Hindistan cevizi,
razyana, kebabiyə, sinaməki, sarı halilə, vanil,
darıfülfül, kakilə, havlıcan, zulumba, hiyarşembə,
zəfəran, iksir, kimyon, qalança, çam sakızı,
tirsafi, meyan balı, şamlı şaşlı, limon
qabığı, kremtartar, zağfiran, udulkahır,
çöpçini, tiryak, ravend, limon duzu, təkəmərcini
toxumu və günbalı istifadə edilmişdir.
Xoş ətirli və ləzzətli "Mesir
Macunu"nun iştahaçıcı, qan
dolaşmasını düzənləyici, yorğunluğu
aradan qaldıran, hormonları çalışdıran özəllikləri
olduğu yazılmaqdadır. "Mesir Macunu"nun ən
ağır xəstəliklərə şəfa verəcəyinə
bu məcundan istifadə edənlərin o il
ilan vurmayacağına, övladı olmayanların yeyərək
övlad sahibi olacağına inanılır. 469
ildir ki, bu məcun Türkiyədə xalq tərəfindən
müalicə vasitəsi kimi istifadə edilir.
Manisada Celal Bayar Universiteti fəaliyyət göstərir. Bu universitetin
Manisaya bağlı Dəmirçi şəhərində isə
Eyitim fakültəsi fəaliyyət göstərir. Mənim
müsafiri olduğum şairə Gülsüm Gülməzin
həyat yoldaşı professor Nurəddin Gülməz və
Manisada İHH (İnsani Yardım Dərnəyi) deyilən
xeyriyyə Dərnəyinin rəhbəri müəllimə
Kübra Ay Çakaloğlunun həyat yoldaşı, dosent
Cengiz Çakaloğlu da Manisa Celal Bayar Universitetinin tarix
bölümünün müəllimidir. Dostların sayəsində
üzərində 1388-1389-da qurulduğu və üzərində
"Celal Bayat Universiteti Manisa Yörəsi Türk Tarixi və
Kültürü Araştırma Mərkəzi"
yazısı olan və Manisa Universitetinin təmir etdirdiyi
"Manisa Mevlevihanesi"ni gəzdim. Onun tarixi dəyərlərindən xəbərdar
oldum.
Mevlevilik - Mövlana Cəlaləddin Ruminin (1207-1273)
qurmuş olduğu təriqətdir. XIII əsrin
sonlarında və XIV əsrdə Anadoluda təsəvvürün
ən öndə gedən təmsilçilərindən biri
Mövlana Cəlaləddin Rumi olmuşdur. Onun
qurmuş olduğu təriqətə mənsub olan dərvişlərə
mövləvilər deyilirdi. Cəlaləddin
Ruminin qurduğu təriqət sayəsində zəngin xalq ədəbiyyatı
- təkkə ədəbiyyatı yaranmışdı. Bu ədəbiyyatın materiallarında böyük
bir coşqu qaynağı olan Allah sevgisi, insan sevgisi
üstünlük təşkil edir. Bu ədəbiyyatın
türkcənin sağlamlaşmasında böyük xidməti
olmuşdur.
Aşıq
Paşa, Said Əmrə, Zəlili, Əflaki Dədə, Dədəmoğlu,
Nizamoğlu, Kayqusuz Alaaddin, Pir Sultan Abdal, Qul Hüseyn, Qul Himmət,
Kazak Abdal, Usuli, Ümmi Sinan kimi şairlər türkcənin
inkişafında xidmətləri olan təkkə şairləridir.
Manisada müəllimə Kübra xanımın rəhbərlik
etdiyi İHH adlanan "İnsani Yardım Dərnəyi"
adlı bir xeyriyyəçi dərnək fəaliyyət
göstərir. Doğrudur, Kübra xanımın
kitabları üzərində imzası yoxdur, amma kitablara
adı düşəcək qədər çox sevilən
bir müəllimədir. Doğru deyiblər
"Əsərinin üzərində imzası olmayan yeganə
sənətkar müəllimdir". Kübra
xanımın müəllimlik fəaliyyəti və xeyriyyəçilik
fəaliyyəti bir-birini tamamlayır. Onun
rəhbərlik etdiyi dərnəyin xeyriyyəçilik fəaliyyəti
çox təqdirəlayiqdir. Dərnəyin
üzvləri olan xeyriyyəçi qadınlar
dürüstlüyü, ehtiyacı olanlara insani
yardımı, aktivliyi və inanclarına hörmət və
sədaqəti ilə diqqətimi çəkdi.
Mən dəfələrlə bu dərnəyin xeyriyyəçilik
fəaliyyətinin, insanlara insani münasibətlərinin
şahidi oldum.
Ehtiyacı qarşılanan insanların minnətdarlıqlarını
eşitdim. Türk insanının nə qədər
xeyriyyəçi olduğunun, bu xeyriyyəçilikdən ləzzət
aldıqlarının şahidi oldum.
Dərnəyin bir fəaliyyəti də orta məktəbdə
oxuyan şagirdlərlə əlaqədar idi. Məktəblərin
yay tətili dönəmində bir ay müddətində
şagirdlərə verilən pulsuz təhsil
könüllü xeyriyyəçi müəllimlər tərəfindən
aparılır. Belə tədbirlərin
bir buraxılışı da elə Kübra xanımın
müəllimə olduğu məktəbdə "Manisa Gənc
İHH yaz okullara məzuniyyət törəni" adı ilə
məktəbdə keçirildi. Valideyn və
şagirdlərin təşəkkürünə şahid
olduğum o gün də xatirimdən çıxmaz.
Dərnəyin bir "Mantı ənənəsi" də
var. 15-30 gündən bir imkanı olan könüllü
qadınlar evlərindən gətirdikləri məmulat ilə
mantı hazırlayırlar. Satılan
mantıların pulları ehtiyacı olan insanlara yardım kimi
verilir. Belə tədbirin birində eşitdiyim bir əhvalat
mənə qürur verdi.
Adətən dərnək şəhərin mərkəzində
yerləşir. Oradakı parka yığışanlar
xeyriyyəçilərdir. Burada
tanınmış bir teatr sənətçisi Tayfur Şəngözlə
gənc məmur, hərbidə işləyən Umut bəyin
söhbəti diqqətimi çəkdi. Elə
bir zaman idi ki, Türkiyədə meşə
yanğını və sonra yağış, sel, su gündəmdə
idi.
Dövlət idarəsində çalışan Umut
çox böyük həvəs və iftixarla Azərbaycandan
gələn yanğınsöndürən ekibdən
danışırdı. Ekibimizin yorulmadan, fədakarlıqla
dağa dırmanışını və fəaliyyətini
anladırdı. Mənim qulaq müsafiri olduğumu bilən
Tayfur bəy mənə müraciətlə: "Duyuyormusunuz,
hoca hanım". Əvət - dedim. Umut də mənim
Azərbaycandan gəldiyimi bildikdən sonra yardıma gələn
qəhrəmanlarımızı da coşqu ilə, olduğu
kimi anlatmağa başladı.
Bir dəfə də Turqutluda xeyriyyəçilik məqsədilə
verilən bir səhər yeməyinin iştirakçısı
və qonağı oldum. Azərbaycan, onun tarixi zəfəri haqqında gözəl
sözlər eşitdim, iftixar etdim, türklər demiş:
"İçim içimə sığmadı".
Türkiyədə hər şəhərin öz
gözəlliyi, özünəxas səciyyəvi xüsusiyyətləri
vardı. Elə
Turqutlu, Manisa, Salihli, Ahmetli kimi. Turqutlu Manisaya
bağlı bir şəhərdir. Salihli,
Ahmetli də elə. Belə bir rəvayət
də var ki, türk bəylərindən biri üç
oğluna (Turqut, Ahmet, Salih) bu şəhərlərin
torpaqlarını vermiş, oğullar bu şəhərləri
qurmuşlar və şəhər də onların
adlarını daşımaqdadır. Turqutlu
klassik tipli tərtəmiz bir şəhərdir. Kübra xanımın ata-anası, qohumları bu
şəhərdə yaşayır. Şəhərin
"Qarpızqaldıran" adlı gözəl bir parkı
var. Bu ad parkda vaxtilə axan gursulu çayın haqqında
yaranan əfsanə ilə bağlıdır. Əfsanə
belədir:
"1850-ci illərdə Mahmud Əfəndi adlı bir
şəxs yaxındakı Bozdağdan gələn suların
yönünü Turqutluya doğru dəyişdirir ki, əkin-biçin
üçün yararlı olsun. Bu sular ərazidə
bir çox hovuzların yaranmasına səbəb olur. Belə hovuzlardan biri də indi
"Qarpızqaldıran parkı" adlanan yerdə olan
hovuzdur. Qarpızı qaldıracaq qədər
çox güclü bir su axını olduğu
üçün xalq arasında ona
"Qarpızqaldıran" deyilmişdir. Suyun axdığı yerdə yerləşən
parkın adı da bununla əlaqədardır. Bu suyun hələ də yolun altından
axdığı söylənməkdədir.
Turqutluda gözəl, milli xüsusiyyətləri
özündə saxlayan, bizim əski toylarımıza xas
xüsusiyyətləri olan bir xına gecəsinin və toyun
da şahidi oldum. Bu Kübra xanımın qardaşı
Alperenin toyu idi. Kübra xanımın
ata-anası övladlarını türk gələnəkləri
ilə böyütmüşlər. Atası
İrfan Ay bəyəfəndi Alparslan Türkiş, Əhməd
Cavad sevdalı bir türkoğlu türkdü. Əhməd
Cavadın "Çırpınırdı Qara dəniz"ni elə həzin, elə məlahətli səslə
oxudu ki, Kübra xanımın atası İrfan Ay
Yıldırım Bayazitlə bağlı maraqlı bir hekayə
də danışdı: "Yıldırım Bayazitin
hakimiyyəti illərində (1389-1402) Bursa paytaxt idi. Bayazit elə bir məscid (cami) tikdirmək istəyir
ki, yeri elə olsun ki, cami hər yerdən görünsün.
Yer müəyyənləşir. Ətrafdakı əsnaflardan razılıq
alırlar. Onların haqqı ödənir,
amma bu ərazidə yaşayan bir qoca qarı deyir ki, mən
buradan köçmək istəmirəm. Onu
heç cür razı sala bilmirlər. Yıldırım
Bayazit deyir ki, onu incitmədən saraya gətirin. Qarı ilə razılaşıb onu saraya gətirirlər.
Bayazit deyir ki, hər kəs getsin, yalnız ikimiz
qalaq qarı ilə.
Qarı deyir ki, Sultanım, hər şey sənə
qurban olsun. Yalnız mən başqa dindən olan bir qadınam.
Mənim evimdə namaz qılınmasını
istəmirəm. Ona görə
köçmək istəmirəm. Bayazit
söz verir ki, onun evində namaz qılınmayacaq. Cami tikilir. Qarının evinin
olduğu yerdə yalnız çeşmələr
salınır, orada namaz qılınmır, bulaqlardan su
axır.
Qeyd etmək lazımdır ki, Bursadakı Ulucami Sultan
Yıldırım Bayazitin Hərbi Zəfər Qələbəsindən
sonra inşa edilmişdi. Sultan qələbə
çaldığı üçün elə bir cami tikdirmək
istəyir ki, şəhərin hər yerindən
görünsün. İyirmi qübbəli
Ulucami 1399-cu ildə hazır olur və caminin həmin qoca
qarının evinin yerləşdiyi yerdə su bulaqları
axmağa başlayır. Bu su hovuzu bu
gün də ibadətə gələnləri heyran edir,
insanlara zövq verir.
Gözəl Salihli şəhəri şairə
Gülsüm Gülməzin ata-anasının,
qohum-qardaşının yaşadığı canayaxın
gözəl bir şəhərdir. İzmirlə 80-100 km
arası var və əhalisi 180-190 mindir. Məni
evində misafir edən, o tərəflərin gözəl,
tarixi və görməli yerlərini gəzdirən
Gülsüm Gülməzin və ailəsinin yaşadığı
şəhərdir. Sahildə yaşayan 1970-ci il təvəllüdlü
Gülsüm Gülməz indiyə qədər bir neçə
şeir kitabının, o cümlədən "Bir göz
yaşı borcun var" (2010), "Bir gül düşdü
ürəyimə (2019), "Söz can sirridi" (2021)
adlı şeir kitablarının müəllifidir.
Onun "Bir göz yaşı borcun var" şeirlər
kitabı həm də 2019-cu ildə Tehranda Azərbaycan
türkcəsi ilə Hüseyn Soytürk tərəfindən
nəşr olunmuşdur. Azərbaycan türkcəsinə
yaxından bələd olan Gülsüm xanım həm də
Azərbaycan ədəbiyyatından Türkiyə türkcəsinə
tərcümələr edir. 2021-ci ildə
Gülsüm xanım Tehranda yaşayan soydaşımız
Hüseyn Soytürklə birlikdə Azərbaycanın
müdrik şairi Nəriman Həsənzadənin "Sən
bağışladın" adlı şeirlər
kitabını Türkiyə türkcəsi ilə Ankarada nəşr
etdirmişdir. Mükəmməl şeirlər
və müdrik sözlər müəllifi Gülsüm
Gülməzin şeirlərindəki dərin hissiyyat, musiqiyə
yatımlılıq Türkiyədə bir çox bəstəkarın
diqqətini cəlb etmiş, onunla bəstəkar əməkdaşlığına
səbəb olmuşdur. Onun "Dəniz
könlüm qədər ucsuz və əngin" şeirini bəstəkar
Şahin Çanqal bəstələmiş və TRT-də
Suat Yıldırımın ifasında səslənmişdir.
"Qəlbimin miladi olduğu gündü", "Qurban
olduğum", "Gerisi yalan", "Eşqin tərifini
necə anladım, bilmirəm" şeirlərini də Suat
Yıldırım bəstələyib. Yenə
bəstəkar Battal Macar "Harınla yanıram, mənim
cananım" şeirini bəstələmişdir. Gülsüm xanımın anlamlı, dadlı-duzlu,
müdrik ifadələri hikmət bağçasından
toplanan çiçəklər kimi musiqiyə də yol
tapır, sevilə-sevilə dinlənir.
Salihliyə bağlı Çataloluk köyü
Gülsüm xanımın doğulub boya-başa
çatdığı gözəl mənzərəli bir kənddir. Gülsüm
Gülməz öz doğulduğu kəndi vəsf edərək
şeirə köçürmüşdü. Bu şeirlər əsasında bəstəkar
İmran Koç "Çatalolukdur mənim
köyümün adı" türkü tərzində musiqi
yazmış, həmin mahnı TRT-də səslənmişdir.
Çatal
axan oluğundan alır adını,
İçən
bilir sərin-sərin suyun dadını,
Düvənlə
sürülürdü, buğda xırmanı,
Çataloluktur
mənim Köyümün adı!..
Gülsüm xanımın Azərbaycan, onun müzəffər
ordusu, 44 günlük tarixi qələbəsi. Azərbaycanın
bayrağı ilə bağlı onlarca şeiri öz məzmunu,
ideyası ilə seçilən poeziya nümunələridir.
Bu şeirləri Gülsüm Gülməz
kitablaşdırıb çapa hazırlayır.
Xatirələr yazdıqca uzanır, uzandıqca da yeni əlavələr
tələb edir. "Bu qədər" deyib yazıma
nöqtə qoymaq istədim. Ağlıma
gəldi ki, yunan riyaziyyatçısı Arximed (e.ə.
287-212) rıçaq (ləngər) qanununu müəyyən
etdikdən sonra "mənə istinad nöqtəsi verin, Yer
kürəsini yerindən oynadım" - demişdir. Mənim
istinad nöqtəm olan gördüyüm sadə və səmimi
insanlar, təbiətin gözəllik bəxş etdiyi yerlər,
Yaradanın könlünün xoş vaxtı
yaratdığı təbiət möcüzələri, bu
yerlərdəki insanların sevgisi mənə ilham verdi ki, gördüklərini yazıb şərh
edim.
Röya kimi keçən bir ay mənə Manisanı,
Salihlini, İzmiri, Turqutlunu, Dəmirçini, Bozdağı
tanıtdı.
Salihlinin Çatalolukluda nağıl kimi keçən iki gecəsi,
Salihlidəki Kaplıcalar, ilk yaşayış məskənlərindən
olan Kula-Kuladokuya (Manisada), Dünyanın ən gözəl,
estetik zövq verən gölü "Gölcük"
(İzmirdə), "Yeddioluq bulağı" (İzmirdə),
İzmirdəki Karşıyaka keçidi, İzmirin Limontəpəsindəki
müsafirpərvər insanlar, Turqutlunun "Qarpızqaldıran
parkı", Manisadakı "Yunus parkı", əfsanəvi
"Ağlayan Kaya"nın nağıllardakı
möcüzəsi yuxularda reallaşan röya kimi bir həqiqətdir.
Bu reallıqlar insanlar arasında dostluq körpüləri
qurur. Dostluq körpüləri isə dünyanın
dayaqları möhkəm olan ən möhtəşəm
körpüsüdür.
Maarifə HACIYEVA
Ədəbiyyat qəzeti.-
2022.- 12 fevral. S. 22-23.