Unudulmaz Fərqanə Mehdiyeva
Bir neçə
gündən sonra unudulmaz Fərqanə xanım Mehdiyevanın doğum günüdür. Bəli,
unudulmaz Fərqanə
xanımın: o öz
həyatı, ədəbiyyata
sevdası, dostlarına
sədaqəti ilə
"unudulmaz" sözünü
tam haqq edir... Mən bu gözəl şairəni tanıyırdım.
Qəlbindəki insanlara tükənməz
sevgisi bütün varlığına hakim kəsilmişdi.
İşıqlı insan idi və bunu hər
halıyla bilmək olurdu. Nə qədər nikbin,
həyatsevər idisə,
bir o qədər də kövrək idi. Təsəvvür
edin: Bütün varlığı təbəssüm
olan bu xanım
əfəndinin gözlərinin
dərinliyindəki kədəri
görmək o qədər
də çətin deyildi. Onun amansız xəstəliyini
sonradan biləcəkdim.
Amansız, sonu tezliklə
ölümlə bitəcək
ağrılı-acılı xəstəlik. Amma amansız
xəstəliyinə və
cismani ağrılarına
baxmayaraq, Fərqanə
xanım hər kəsə həyat, yaşamaq sevgisi aşılayırdı. O, bir neçə dəfə Neftçalaya,
müxtəlif ədəbi
görüşlərə gəlmişdi və mən həmin görüşlərin hər
birində iştirak etmişdim. Kövrək səslə oxuduğu
şeirləri xatırlayıram.
"Qızları qoymayın şeir yazmağa" şeiri yadımdadır. Qadınlar üçün
şairliyin necə çətin olduğunu bilirdi, özü də şübhəsiz ki, o çətinlikləri
yaşamışdı. Amma bu bir həqiqət
idi ki, şairlik
onun qara sevdası idi. O bütün ömrü boyu şeirə, ədəbiyyata sadiq qaldı...
...Bir də dostlarına
sadiq idi. Mən bunun canlı şahidiyəm. O, Neftçalaya
müxtəlif vaxtlarda
Adilə xanım Nəzər, Qəşəm
Nəcəfzadə, Faiq
Balabəyli, Aləm Kəngərli ilə... birlikdə gəlmişdi.
Onların arasında bir qədər çox, bir qədər az
yaş fərqi olsa da, əsl
dost idilər. Bu dostluğun təməlində
təbii ki, ədəbiyyat dayanırdı.
Mən bu insanların bir-birinə olan sədaqətlərinə, hörmətlərinə,
qayğılarına... sözün
həqiqi mənasında
qibtə edirdim.
"Əsl dostluq"
deyilən və nə acı ki, günümüzdə
bu sözə çoxlarının inanmadığı
bir məfhum var. Amma bu insanlar
sözün həqiqi
mənasında əsl
dost idilər...
...Axırıncı dəfə
Neftçalaya, Neftçalada
yaşayan şairə
Gül Mirzəzadənin
"Səmavi" kitabının
təqdimatına gəlmişdi.
Adilə xanım Nəzər, Aləm Kəngərli, Sayman Aruz, Oqtay Rza...
ilə birlikdə... Görüşdən sonra birlikdə
nahar etdik. Elə oldu ki, Bakıya
mən də onlarla birlikdə getməli oldum. Aləm Kəngərlinin idarə etdiyi maşında üç nəfər idik: Fərqanə xanım, Adilə xanım, bir də mən.
Fərqanə xanım Salyanın
yaxınlığında yerləşən
Ərəbqardaşbəyli kəndində dünyaya gəlib. Surra kəndinin ərazisində,
Kür çayının
sahilində Fərqanə
xanım maşını
saxlatdırdı. Adilə xanımla
birlikdə Kürün
sahilinə endilər.
İki rəfiqə Kür sahilində xeyli söhbət etdilər, şəkillər çəkdirdilər.
Fərqanə xanımın sahilində
böyüdüyü Ərəbqardaşbəyli
kəndi Kür çayının sahilində
yerləşir. Uşaqlığının, yeniyetməlik illərinin
ən əziz xatırələrinin bir qismi bu çayla
bağlı idi.
O, Kürü anlayırdı,
duyurdu. Bir anlıq susanda hiss edirdim ki, Kürlə
danışır... Bir qədər
də kədərli idi. Mən sonradan bildim: Bəlkə də həmin gün, sahilində dayandığı
doğma Kür çayı ilə əbədilik vidalaşırdı...
Sonra maşını ata ocağına, doğma kəndlərinə - evlərinə
sürdürdü. İlahi, onun
qardaşını, bacısını
hansı məhəbbətlə,
sevgi ilə, fərəhlə qarşıladığı
heç yadımdan çıxmaz. Qardaşı
orta yaşlı bir adam
idi. Sevincindən uşaq kimi
mahnı oxuyurdu.
Oxuduğu mahnı da yadımdadır: "Mehriban olaq". Aləm Kəngərli də ona qoşuldu. Çox unudulmaz bir axşam idi...
Həmin
gündən az sonra Fərqanə xanım dünyasını dəyişdi.
Tam səmimi deyirəm:
Onun ölümü məni çox ağrıtdı. Həyat dolu
bir insanın (həyat ona, o da həyata çox yaraşırdı)
belə erkən vəfatı məni çox incidirdi. Kədərimi kiminləsə bölüşmək
istəyirdim. Fərqanə xanım öz ölümünə şeir
yazan (axı tezliklə dünyaya vida edəcəyini bilirdi) nadir qələm sahiblərindən biri idi. Həmin şeirlərdən biri
("Xatirə günümə
gələn dostlar"),
daha doğrusu, həmin şeirdəki bir misra yadıma
düşdü: Özü
olmayanda keçiriləcək
xatirə gecəsində
"Bəlkə hamıdan
çox Qəşəm
yanacaq" yazmışdı
Fərqanə xanım.
Şeirdə adı çəkilən
Qəşəm Nəcəfzadəyə
zəng etdim. Səsinə dünyanın
kədəri çökmüş
Qəşəm müəllimə,
bu ağır, kədərli dost itkisinə
görə başsağlığı
verdim...
Allah səni rəhmət
eləsin, gözəl
şairəmiz. Unudulmaz Fərqanə xanım,
məzarın nurla dolsun.
Neftçala
Etibar ƏBİLOV
Ədəbiyyat qəzeti.-
2022.- 12 fevral. S. 25.