Barı görüşmək üçün bircə dəfə dayanaq...

 

(Fələstin)

 

1978-ci ildə Fələstində anadan olub. Şeirləri iyirmidən çox dildə yayımlanıb. Fələstin Ədəbiyyat Festivalının (Pa/Fest) məsləhətçisidir. Fələstinin mübarizəsinə həsr olunan şeirləri Avropada çox böyük diqqət çəkib.

 

 

 

Dayanmarıq...

 

 

Qayıtmağa ölkəm yoxdur,

 

sürgün olunmağa da bir yer yoxdur.

 

Ağacın kökləri çayın yüyürən sularıdır,

 

dayansa da, dayanmasa da öləcək.

 

 

Ən gözəl günlərimi keçirdim

 

ölümün yanağında qolunda.

 

Hər gün itirirdim ölkəmi,

 

hər gün yenidən qazanırdım.

 

 

Hər kəsin öz ölkəsi vardı,

 

mənim ölkəmsə itkiləri ilə çoxalırdı

 

itirdikcə təzələnirdi.

 

Mənim kimi dibləri suda olanlar

 

dayansalar quruyarlar,

 

dayansalar ölərlər.

 

Qaçırıq ikimiz

 

Günəş şüalarından

 

arxeoloji yaralardan çıxan

 

qızıl tozundan yaranan bir çaydan.

 

Biz dayanmırdıq,

 

ikimiz qaçırdıq,

 

Məgər düşünürdük ki,

 

barı görüşmək üçün bircə dəfə dayanaq.

 

 

Qayıtmağa ölkəm yoxdur,

 

sürgün olunmağa bir yer yoxdur,

 

hansısa ölkədə dayansam, ölərəm.

 

  

 

Günəmuzdlu

 

 

Sabah meydana gedəcəm,

 

sizinlə birgə dayanıb gözləyəcəm,

 

Onsuz da mən həyatım boyu nəyisə gözləyən

 

bir günəmuzdludan başqa kim ola bildim ki?

 

Mən misirliyəm,

 

dayandığım yerin ən dibindən baxıram

 

Afrikanı dərdindən divanə olduğu

 

Mark Antoniona bağışlayan

 

nənəm Kleopatraya.

 

Sonra da çevrilib baxıram palçığa,

 

Mən misirliyəm.

 

Meydanda aranızda oturmazdan qabaq

 

xeyli düşündüm

 

Khufu piramidasının memarı haqqında.

 

Nəfəsim əlimdə yanan siqaretdən daha qısadır,

 

yenə gözləyəcəm.

 

Günortanın günəşinin istisindən qəlbim sönüb,

 

amma yenə gözləyəcəm.

 

Ümidimi sağıram,

 

"ümidsizlik" adlandırdığınız

 

tünd qara rəngin döşlərindən.

 

yaxşı bilirəm necə gözləmək lazımdır.

 

Mən misirliyəm...

 

Najvan DƏRVİŞ

Tərcümə etdi: Fərid Hüseyn

Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 26.