Su
Kiçik uzunboğaz çəkmələrimlə,
xırdaca addımlarımla.
çökəkliklər toplanan
bütün su yığınlarına girirəm,
palçığa bata-bata
gedirəm,
ayaqlarımı torpağa
möhkəm basıram.
Bataqlıq,
su.
hər tərəf su,
içimizdəki su.
Narahat,
ipə-sapa yatmayan yay fırtınalarında
qalaylı qaba dolan su.
İçimdəki
o lıqqalı
durğun,
saralmış
yağış suyu.
Duzlu,
bütün göz yaşlarımla,
bütün göz yaşlarımla,
bütün göz yaşlarım...
Dovşan
üçün,
pişik üçün,
xoruz üçün,
özüm üçün,
sənin üçün
hamımız üçün,
bütün göz yaşları
bütün sular,
bütün fırtınalar,
bütün sabit olmayan
molekulyar birləşmələr,
bütün su və soda,
ərəb sabunundakı
su,
içində ilk dəfə
lobya birişirlən su,
məni doğmamışdan
əvvəl axan su,
nənəmi son dəfə
yuyundurduğumuz su.
Dodole nəğmələri oxuduğumuz
bütün sular,
bütün palçıq.
O torpaq
onun qabırğa sümüyündən yaranan
su.
Donmuş
və sonradan əriyən,
buxarlanan su.
Və kondensasiyaya uğrayan
bütün su.
O küçədə
o balaca palçıqlı su yığınları toplanmış,
ayaqlarımız altındakı
su.
Onu dölləndirən şimşək
mənəm,
mən onu ritmimlə oyadacağam.
Vururam,
bəstələyirəm,
içimdəki bütün
caz
ayaqlarımdadır,
bədənimdədir.
Su ilə
musiqi yaradaram
səni bluzundan çıxartmaq üçün.
Açıq kitab
Deyirdi ki,
sən açıq bir kitabsan.
sən ürək formalı bir kaktussan.
Kimsəsizsən
və noyabr ayında islanan pişiksən.
"Sən kitabsan"
deyirdi.
Gözəl, xüsusi bir kitab,
ancaq yağış
yağanda oxuduğum kitab.
Sən caza qulaq asanda
oxumağı sevdiyim kitabsan,
bayramlarda seçib
xüsusi günlər
üçün saxladığım
kitab.
Sən kitabsan,
Facebook hesabımdakı
"oxunmalı kitablar"
siyahımdakı kitab.
Sən kitab şəklisən,
şəkilli bir şeir kitabı,
səni oktyabr yağışları isladıb.
Səhərin şaxtası səni
dondurub,
sən əzilmiş,
kədərli,
xüsusi kitabsan.
Rəfdə tənha qalmısan,
sənə gözəl
rəf almışam,
Londondakı rəfi sənə almışam.
Sən xüsusi anlarda oxunan bir kitabsan,
özümə kef vermək
istəyəndə
səni oxuyuram.
Amma mənə dinclik vermirsən,
o ətri yayırsan -
islanmış kağızın
çürümüş çiçək
ətrini.
Məni
çağırırsan,
istəyirsən bütün
günü səni oxuyum?
Səni
rəfdən götürdüm,
tamam islanmışdın,
halbuki bu gün yağış yağmırdı.
Mənim
əziz,
oxunaqlı,
kimsəsiz kitabım.
Sabah səni açacam,
sabah...
Növbəti gün səni oxuyacam,
iki-üç gün ərzində
səni oxuyacam.
Və sonra, kitabım,
sadəlövhcəsinə
səni kitabxanaya qaytaracam.
Yuliyana
VELİÇKOVSKA
(Şimali
Makedoniya)
1982-ci
ildə Üskübdə dünyaya gəlib. Üsküb Kril və Mefodi
Universitetinin Filologiya fakültəsini bitirib. O, yazıçı,
redaktor və tərcüməçidir.
O, "Velestovo Poetry Night - Ohrid"
beynəlxalq poeziya festivalının idarə
heyətinin, Makedoniya Yazıçılar Assosiasiyasının
üzvü, "PNV Publikacii"
nəşriyyatının təsisçisi
və "Skopye Poeziya Festivalı"nın həmtəsisçisi
və direktorudur.
İki şeir kitabının:
"Ağcaqanadlar" (2010, VPN) və "Açıq kitab" (2017, PNV Publikacii)
və "Fəsillər"
(2014, PNV Publikacii) romanının
müəllifidir. Onun
şeirləri ingilis,
çin, holland, alman, çex, ispan, italyan, yunan, bolqar, ərəb, benqal, alban, xorvat, sloven, Bosniya, türk və serb dillərinə
tərcümə olunub.
Onun şeirləri Makedoniya, Serbiya, Çexiya, İtaliya, Yunanıstan və Kolumbiyada nəşr olunan bir çox Makedoniya müasir poeziya antologiyalarında, habelə Çində işıq üzü görən bir dünya müasir poeziya antologiyasında və 7 avropalı şairin şeirlər toplusunda dərc edilib.
Tərcümə: Fərid
HÜSEYN
Ədəbiyyat qəzeti.-
2022.- 12 fevral. S. 26.