Qonağam
Dünya
dərin bir dəryadır,
Toruna düşən balığam.
Yeri,
göyü də səhradır,
Yolundan keçən çarığam.
Əlimdədir
əl ağacım,
Duamdan yetə əlacım.
Məzara
gedir bir ucum,
Beşikdəki o uşağam.
Ömür
ucuzmuş, gün baha,
Gördüyümü gördüm daha.
Diş
altındadır iştaha,
Dişi ağrıyan damağam.
Hərə
öz bəxtini yeyir,
Ağız dediyini deyir.
Dünyadan umum nə xeyir?!
Yola verilən qonağam.
Əbədi bahar
Bir
zülmət içindən çıxıb günəşə,
Özümlə gətirdim dünyama səni.
Telinə
taxdığım bircə bənövşə
Əbədi bağladı yazına məni.
Sənə sarı
Elə
duyuram səni,
günəşi
kor
öz içinin nurunda görən kimi,
işığı sevən kimi.
Xoşbəxtliyin
yaşanırkən
görünməz olduğu qədər,
bilinməz olduğu qədər
bir həsrətsən.
Sevgin
yalnız
ruhumun yetişəcəyi əlçatmazlıq.
Hələ də axtarıram səni.
qəlbin
qəlbimdə var ikən
əllərini əlimdə tapmağa.
Sənə
yol gəlirəm
daha bu sənsizlikdən
qopmağa.
Qarşıla məni.
Barış
Siqar
dumanında konyak qoxulu,
pəncərələrində axşamı yuxulu
kafedə
həsrətini içdiyim,
ömrümdən belə keçdiyim
sevgim
məni
əfv edə
gözlərimin asıldığı o qapı açılarkən,
üzümə
sevdiyim
qızın gəlişindən
bir
ümid işığı saçılarkən.
Zaur ƏRMUĞAN
Ədəbiyyat qəzeti.-
2022.- 12 fevral. S. 31.