Gizli duyğu
Marslılar dad
bilmirdi, onların eşitmə qabiliyyəti də pis idi, lakin
onların özlərinə məxsus gizli
bir duyğusu vardı.
Otağa Ştraus valsının
məftunedici səsləri doldu. Musiqi
Linkoln Fildsin zərif barmaqlarına itaət edə-edə gah
sürətlə yüksəlir, gah da
yavaşıyırdı. Gözləri yarımyumulu vəziyyətdə
çalırdı, kirpikləri arasından dəbdəbəli
bal zalında rəngi sürtülmüş döşəmədə
fırlana-fırlana oynayan cütlüyü demək olar ki,
açıqca görürdü...
Musiqi hər zaman onu heyrətləndirmişdi
beləcə, beynini zərif gözəlliklərlə
doldurur, onun otağını səslərin cənnət məkanına
döndərirdi. Barmaqları son dəfə klavişlərdə gəzdi,
incə bir passaja da həyat verib könülsüz susdu.
O, içini çəkib bir müddət hərəkətsiz qaldı,
sanki ölən əks-sədadan gözəlliyin son şirəsini
çəkməyə çalışırdı. Sonra
üzünü otaqdakı qonağına döndərib
ürəksiz gülümsədi.
Hart Jan da ona təbəssümlə
cavab verdi, lakin heç nə demədi. Hartda Linkolna qarşı bağlılıq vardı,
amma bir-birlərini anlamaqda çətinlik çəkirdilər.
Onlar müxtəlif dünyalara mənsub idilər, özü
də bax beləcə: Janın vətəni Marsın nəhəng
yeraltı şəhərləriydi, Filds isə Yerdə
günü-gündən şişib sürünən
Nyu-Yorkun məhsuluydu.
- Hə, Hart, necədi səninçün?
- Filds tərəddüdlə soruşdu.
Hart başını yellədi,
həmişəki kimi həssas tonla cavab verdi:
- Çox diqqətlə qulaq asdım, qətiyyətlə deyə bilərəm
ki, bu məndə pis duyğular oyatmadı. Müəyyən
ritm hiss elədim, bir qədər sakitləşdirici təsiri
də vardı. Lakin gözəlliyə gəlincə... yox,
bunu qətiyyən hiss eləmədim!
Fildsin gözləri
təəssüf ifadəsiylə
doldu, onu ağrı hissi də bürüdü. Hart onun
baxışlarını duydu, anladı, lakin Hartın gözlərində
həsəd işartılarından əsər-əlamət
belə yox idi; nəhəng, sümüklü bədəni
çətinlik çəkmədən onun üçün
çox kiçik olan kresloya yayxınmışdı; o,
heç nə olmamış kimi bir-birinin üstünə
aşırdığı ayaqlarını saymazyana yellədirdi.
Birdən Filds yerindən sıçradı, marslının qolundan
tutub royala tərəf dartdı.
- Burda otur! Bax bu stulda...
Hart etiraz etmədi, mehribanlıqla dilləndi:
- Görürəm, sən bir balaca eksperiment aparmaq istəyirsən.
- Düz tapmısan. Mən
Yerdə və Marsda yaşayanların duyğu
orqanlarının fəaliyyətindəki fərqlərdən
bəhs edən elmi tədqiqatlar oxumuşam. Lakin nədənsə,
onların mahiyyətini heç vaxt anlaya bilməmişəm.
O, əvvəlcə "Si", sonra
da eyni oktavanın "Fa" notunu bildirən klavişi
basdı, sualedici nəzərlərini Harta dikdi.
- Bu səslər arasında fərq
olsa belə, çox azdı, - Hart dedi. - Mən bu fərqi ona
görə tutdum ki, çox diqqətlə qulaq
asırdım. Başqa cür olsaydı, deyərdim ki, sən
iki eyni notun səsini çıxardın.
Yer adamı
təəccüblə başını
buladı.
- Bəs belə olanda necə? - deyə o, "Si" və
"Do" notlarını səsləndirdi.
- Bu dəfə demək olar
ki, fərqi hiss edirəm.
- Həəə, deməli,
görünür siz marslılar barədə
nə deyirlərsə, düz deyirlər. Bədbəxtlər,
təbiət sizlərə necə də pis eşitmə
qabiliyyəti verib! Nədən məhrum olduğunuzu təsəvvür
belə etməzsiniz!
Marslı inanclı adamlar kimi çiyinlərini çəkdi.
- Heç vaxt malik olmadığın şeyə görə
iztirab çəkmə!
Sonrakı qısa sükutu Hart Jan
pozdu.
- Sən anlayırsanmı ki, biz tarixin elə bir unikal dövrünü
yaşayırıq ki, ilk dəfə olaraq iki intellektual irq
bir-biriylə ünsiyyət qurub? Yer adamlarıyla marslıların
duyğu orqanlarının fəaliyyəti çox
maraqlıdır; görmürsən ki, bu özü həyatda
çoxlu yeni şey bilməyə və onlara daha geniş
aspektdən baxmağa imkan yaradır?
- Doğrudur, - Yer adamı
razılaşdı. - Amma bizim müqayisə etməkdə
daha çox üstünlüyümüz var. Duyum incəliyi
məsələsində təbiət bizə daha səxavətlidir.
Bilirsən, ötən ay bizim bioloqlardan biri bəyan
etmişdi ki, ümumiyyətlə, o, bir şeyi heç
cür qəbul edə bilmir: necə olur ki, sizin kimi pis
eşitmə və qavrama qabiliyyəti olan varlıqlar belə
yüksək inkişaf etmiş sivilizasiya yarada bilib?
- Hər şey nisbidir, Linkoln. Nəyimiz varsa bizim
üçün yetərlidir.
Filds qəlbində
taleyin marslılarla ədalətsiz
rəftarına acıdı.
- Hart, kaş biləydin! Kaş
biləydin ki, siz necə şeylər itirmisiz! Siz heç vaxt
günəşin qürub etməsinin, yaxud çöllərdə
güllərin necə oyandığının gözəlliyini
duya bilməzsiniz! Mavi səmanın, tarlanın
yaşıllıqlarının füsunkarlığından,
ya da sünbüllərin qızılı rənglərindən
ləzzət ala bilməzsiniz. Sizin üçün dünya
sadəcə işıq və qaranlığın kölgəsidir.
Linkoln bu sözləri deyəndə
səsi titrədi.
- Siz çiçəklərin
möhtəşəm ətrini duya, ya da
qiymətləndirə bilməzsiniz. Siz hətta sadə və
sağlam bir yeməyin dadından ləzzət almaqdan belə
məhrumsunuz. Dad, iy bilmirsiz, rəngləri belə ayıra
bilmirsiz. Sizin necə sönük bir dünyada
yaşadığınızı düşünəndə
ürəyim kədərdən sıxılır.
- Sənin sadaladığın
bütün bu şeylərin mənası
yoxdur, Linkoln! Mənə yazığın gəlməsin, mən
də sənin kimi xoşbəxtəm.
O, ayağa durdu və Yerdə onsuz gəzə bilmədiyi
çox ağır əl ağacını götürdü.
- Bizi mühakimə edib bu cür aşağılaya bilməzsiniz!
(Görünür, Fildsin sözləri Harta bərk
toxunmuşdu!) Axı biz öz irqimizin üstünlükləri
ilə lovğalanmırıq, sizin onlardan xəbəriniz belə
yoxdu!
Sonra sanki dediyi sözlərdən
çox peşman oldu, üzünü kədərlə bürüşdürüb
qapıya sari getdi. Filds bir anlıq fikrə getmişdi,
qayğılanmışdı, birdən durub qonağın
dalınca yüyürdü və onu geri qaytara bildi.
- İrqinizin üstünlükləri
deyəndə nəyi nəzərdə
tuturdun? Nə
demək istədin bununla, hə?
Marslı
üzünü çevirdi, sanki müsahibi ilə
göz-gözə gəlmək istəmirdi.
- Unut bunu, Linkoln.
Sənin qəfil sualın məni incitdi, ehtiyatsızlıq elədim,
ağzımdan söz qaçırtdım.
Filds iti baxışlarını ona
zillədi.
- Amma yalan demədin,
eləmi? Əlbəttə, sizin duyğularla bizim duyğular fərqlidir,
sizdə olan duyğulardan bizdə yoxdur, lakin bircə şeyi
anlamıram: axı nəyə görə
duyğularınızı bizdən gizlədirsiniz? Bizim
üçün sirr olan duyğunuzu gizlətməyin nə mənası
var?
- Ola bilsin, sən deyən
kimidi, bəlkə də yox... Mən bağışlanmaz bir
axmaqlıq elədim, bunu söylədim, sən də məni
sözümdən tutdun. Söz ver ki, bunlar bizim aramızda
qalacaq.
- Əlbəttə, söz verirəm! Bunu özümlə qəbrə
aparacam! Vallah, açığı, sənin bu eyhamlarından
azca da olsa bir şey anladımsa Allah mənə lənət
eləsin! De görüm, sizin o gizli duyğunuz nədir belə?
Necə olur o?
Hart Jan süstləşmişdi, çiyinlərini
çəkib dedi:
- Bunu necə izah edə bilərəm axı? Sən mənə,
misal üçün, ömründə rəng nədir bilməyən
bir varlığa, rəngin nə olduğunu anlada bilərsənmi,
ya da ona tərif verə bilərsənmi?
- Mən səndən o
duyğunun tərifini soruşmadım ki?! Sadəcə, de
görüm bu gizli duyğu hansı imkanlara malikdir, necə
işləyir, ondan necə istifadə edirsiz? Bunu de mənə,
xahiş edirəm... - Filds müsahibinin çiyinlərini
inadla sıxdı. - Sən bunu deyə bilərsən axı…
mən də söz verirəm ki, bu sirr aramızda qalacaq.
Marslı ağır-ağır nəfəs
aldı.
- Çətin bundan xeyir tapasan. Tutaq ki, sən mənə şəffaf
məhlulla dolu iki qab göstərdin, mən də dərhal
hansında zəhər olduğunu duyub desəm, bu səni qane
edəcək? Ya da tutaq ki, mənə mis məftil göstərdin,
mən də ondan cərəyən keçdiyini ya keçmədiyini
dedim... qoy lap çox zəif tok olsun, amma bunu dərhal müəyyən
edərəm. Ya da elə beş kilometr radiusda hər hansı
bir predmetin temperaturunu söyləyə bilərəm - ola
bilsin iki-üç dərəcə səhv edim... Bunları
anlayacaqsan? Ya da elə... nə isə... çox şey dedim,
deyəsən.
- Elə bu? - Filds dilxor oldu.
- Bəs daha nə
eşitmək istəyirdin ki?
- Sənin sadaladıqların,
əlbəttə, faydalıdır,
axı gözəlliyin onlara nə aidiyyəti? Bəli, sizin o
qəribə duyğunuz xeyir gətirir, lakin o, ruha qida verir bəyəm?
Ya cana, qəlbə həzz verir?
Hart Jan narahat-narahat yerində
qurcalandı.
- Linkoln, vallah sən özünü axmaq yerinə qoymusan.
Bu yalnız sənin verdiyin sualın cavabıydı; axı sən
bizim gizli duyğunun imkanlarını soruşdun?! Onun əsl təbiətini
isə təsvir etməyə dəyməz. Götürək
sənin rəngləri fərqləndirmək qabiliyyətini.
Mənim anlaya biləcəyim qədər, deyə bilərəm
ki, ondakı yeganə fayda hansısa incə nüansları sənə
hiss etdirməsindədir; mənə bunlar çatmır, o
qabiliyyət məndə yoxdur! Sizin rəng dediyiniz şeyə
əsaslansaq, misal üçün, sən ani olaraq bir
neçə kimyəvi maddəni və ya cismi müəyyən
edə bilərsən, mən isə bunu kimyəvi analiz etməli
olaram. Burda gözəllik var məgər?
Filds ağzını açmaq
istəyirdi ki, Hart işarəylə onun
susmasını bildirdi, davam etdi:
- Bilirəm, yenə mənə günəşin batması və
sair kimi sarsaq şeyləri söyləyəcəksən. Sən
axı gözəl şeylər barədə nə bilirsən?
Məgər sənin cərəyanı özündən
keçirən adi mis məftilinin gözəlliyindən xəbərin
var? Məgər sən maqniti yaxınlaşdıran zaman
induksiya çarxının zərif cazibəsini görmüsən?
Sən heç ömründə Marsın portvemini eşitmisən?
Hart Janın gözləri
dumanlandı, elə bil sehrbazlar kimi beynində
nələrisə yerbəyer edirdi; Fildsin gözləri bərəlmişdi,
heyrət içindəydi. İçindəki
üstünlük duyğusu qəfil yox oldu.
- Hər irqin öz əlamətləri var, - etiraf etdi,
içindəki xırda həsəd hissini boğmağa
çalışdı. - Amma bir şeyi anlamıram: bu qabiliyyətinizi
axı niyə gizli saxlamısınız? Bu hoqqa nəyə
lazımdır? Bizim Yer sakinlərinin sizin irqdən heç
bir gizli sirri yoxdur.
- Bizi nankorluqda suçlama, - Hart bir qədər qızdı.
Marslıların etik kodekslərinə görə nankorluq ən
pis günah sayılırdı, hətta bu barədə
xırda bir eyham Hartın ehtiyatlı olmaq qabiliyyətini yox elədi.
- Biz heç vaxt heç nəyi
səbəbsiz-filansız etmirik. Biz Marslıyıq! Əlbəttə,
öz parlaq duyğumuzu da təkəbbürlü
olmağımıza görə gizlətmirik.
Yer adamı
istehzayla gülümsədi. O, hiss edirdi ki, çox
maraqlı bir şeyin izinə düşüb, bunu aşkara
çıxarmaq üçün yeganə yol Hartın zəhləsini
töküb sirri qoparmaqdır.
- Şübhəsiz, siz o
gizli duyğunu ali məqsədlərdən
ötrü yaratmısız. Siz hər zaman öz altruist hərəkətlərinizə
də bəraət qazandırırsınız. Sizin irqin qəribə
xüsusiyyətləri var.
Hart hirsli-hirsli dodaqlarını
çeynədi.
- Sənin belə deməyə haqqın yoxdu!
Bir anlıq
Fildsi bağışlamaq
istədi və susdu; lakin Fildsin istehzalı sözləri,
xüsusilə "altruist" sözü qonağı haldan
çıxartdı. Hart incidi və hirsləndi, qətiyyətlə
danışmağa başladı, səsində soyuqluq və
sərtlik vardı.
- Mən indi analoji
izah edəcəm.
Marslı yarıyumulu gözlərini
Fildsin düz üzünə
tuşladı.
- Bayaq sən dedin ki, mən demək olar ki, işıq və
qaranlığın kölgələri üstündə
yaşayıram. Sən öz dünyanı mənim
üçün təsvir etməyə
çalışırsan, o dünyanı ki, əlvanlıq və
gözəllik üstündə qurulub. Mən səni dinlədim,
lakin sənin sözlərinin heç biri mənə təsir
eləmədi. Mən heç vaxt rəng nədir bilməmişəm
və heç bilməyəcəyəm də. O şey ki sənin
deyil və ona malik deyilsən, onun üçün
ağlamağa dəyməz. Bir anlıq təsəvvür et
ki, sən rəngləri duymaq qabiliyyətini beşcə dəqiqəliyə
mənə verdin, nə olar? Birdən mən özüm də
heç yuxuda belə görmədiyim möcüzəni
beşcə dəqiqəliyə duydum, nə baş verər?
Birdən bu beş dəqiqəlik duyğudan sonra onu əbədi
özümdə saxlamaq istədim, onda necə? Məgər bu
beş dəqiqəlik cənnət həzzi sonrakı illərdə
bütün ömrün boyu çəkəcəyin
peşmançılıq hissinə dəyərmi?
Yaxşı olmazmı ki, elə mənə rəngdən
aldığın duyğular barədə heç vaxt
danışmayasan? Yaxşı olmazmı ki, bu həzzi duymaq
qabiliyyətiylə məni yoldan çıxartmağa
çalışmayasan?
Marslının son sözləri Fildsi həyəcanlandırdı,
gözlərini bərəldib ayağa durdu, sanki kələfin
ucunu tapmışdı.
- Demək istəyirsən ki, Yer adamı istəsə, sizin o gizli
duyğunuzu yaşaya bilər?
- Yalnız beşcə dəqiqəliyə!
Hartın
gözləri daha da dumanlandı, - və bu beş
dəqiqə ərzində yaşadığınız hiss...
O, qəflətən susdu, müsahibinə hirsli-hirsli baxdı.
- Sən lazım olduğundan da çox bildin; indi görək,
sirr saxlaya biləcəksənmi?
Hart Jan tələsik ayağa
durdu, əl ağacına ağır-ağır söykənib
axsaya-axsaya çıxıb getdi. Linkoln Filds onu saxlamağa cəhd də
eləmədi; o, fikrə getmişdi.
- Nəhəng hündür
mağaranın damı duman içində
itmişdi; bir-birindən eyni məsafədə durmuş
işıq saçan şarların şüaları duman
arasından nəhəng mağaranın damına
düşürdü. Üzünə havanın vulkanik
istisindən qızmış xəfif cərəyan toxunurdu.
Linkoln Fildsin qarşısında Marsın baş yeraltı
şəhərinin geniş prospekti uzanmışdı.
Addımlarını çətinliklə atan Filds axsaya-axsaya Hart Janın evinə
yaxınlaşdı. Ayaqqabılarının altına altı düym
qalınlığında qurğuşun pərçimlənmişdi.
Tamam xoşagəlməz bir məcburiyyət olsa da, vacib idi,
çünki Yer adamının öyrəşməmiş əzələləri
Marsın zəif cazibə qüvvəsinə tab gətirə
bilməzdi və bu, bədbəxtliyə səbəb ola bilərdi.
Marslı düz yarım ildən bəri görmədiyi dostunun gəlişinə
təəccübləndi, heç də sevinmədi. Filds bunu elə ilk
baxışdan sezdi, sadəcə içində təşəxxüslə
güldü. Nəzakət xətrinə onlar bir-birilə
salamlaşıb işarələrlə danışdılar.
Filds siqaretini külqabıya basıb söndürdü, onunla
qabaq-qabağa əyləşdi, ciddi və işgüzar tonla
dedi:
- Gəlmişəm səndən
xahiş edim ki, o dediyin beş
dəqiqə vaxtı mənə verəsən.
Mümkündü?
- Ritorik sualdı? Onun cavaba
ehtiyacı yoxdu.
Hart açaq-aşkar həqarət nümayiş
etdirdi.
Yer adamı
müsahibini sınayıcı
nəzərlərlə süzdü.
- Etiraz etmirsənsə, mən öz istəyimi bir neçə kəlmə
ilə anladım?
Qart soyuqqanlıqla
gülümsədi.
- Bu heç nəyi dəyişməyəcək.
- Hər halda, çalışaram cəhd edəm. Məsələ
bundadır ki, mən yağ-bal içində doğulub
böyümüşəm, nəticədə çox
şıltaq olmuşam. Mənimlə elə bir hal olmayıb
ki, nəsə istəyim və istədiyimə də nail
olmayım. Mənə sadəcə məlum deyil ki, həyata
keçməmiş arzu nə olan şeydir. Nə dediyimi
başa düşürsənmi?
Cavab gəlmədi, Linkoln davam etdi:
- Mən öz xoşbəxtliyimi gözəl mənzərələrdə,
gözəl sözlərdə, gözəl səslərdə
tapmışam. Gözəllik mənim kumirim olub. Bir sözlə,
mən estetik adamam.
- Çox maraqlıdır,
- Marslının daş sifəti azca da olsa yumşalmadı. -
Bütün bunların bizim işimizə nə aidiyyəti
var?
- Sən mənə gözəlliyin yeni forması barədə
söyləmişdin, yəni mənə məlum olmayan
gözəllik duyumu barədə, mən onu heç təsəvvür
də edə bilmirəm. Və mənə dedin ki, əgər
çox istəsəm, onu mənə göstərə bilərsən.
İdeya mənim xoşuma gəlir, nəinki xoşuma gəlir,
hətta məni daha çox cəlb edir. Mən onu görmək
və duymaq istəyirəm, özü də lap çox.
Dediyim kimi, mən ki bir şeyi istədim, gərək ona nail
olam, mən hər zaman yoldan çıxa bilirəm, hər
zaman nəfsimə məğlub oluram.
- İndiki halda sən hələ bununçün yetişməmisən,
- Hart etiraz elədi. - Kal söhbətdi, lakin sənə xatırladıram
ki, məni buna məcbur edə bilməzsən. Əslində,
sənin söylədiklərin hardasa mənə təhqir kimi
görünür.
- Şadam ki, birinci sən özünü kobud apardın,
bu da mənə imkan verir ki, vicdan əzabı çəkmədən
səninlə eyni cür davranım.
Bu dəfə Hart Jan heç nə
demədi, sadəcə Yer adamına həqarətlə
baxdı.
- Tələb
edirəm ki, mənə o beş dəqiqə
vaxt verəsən, - Filds yavaşca dedi, - təşəkkür
naminə!
- Təşəkkür? - Hart dingildəndi.
Filds istehzayla
güldü.
- Hamıya məlumdur ki, özünə hörmət edən
heç bir Marslı sizdə qəbul edilmiş etik
qaydaları pozmaz. Sənin mənə təşəkkür
borcun var; çünki mən sənə kömək elədim,
Yerin ən böyük və hörmətli adamlarının
evinə getməyin mənim vasitəmlə baş tutub.
- Bilirəm! - Hart Jan acıqla cavab verdi. - Bunu
xatırlatmaq nəzakətsizlikdi.
- Axı sən mənə seçim qoymadın! Yerdə olarkən
özün etiraf elədin ki, özünü mənə
borclu hesab edirsən. İndi də tələb edirəm ki, sən
mənə həmin o borcu qaytarasan, mənə şans verəsən
ki, Marslının nə kimi duyğular
yaşadığını beşcə dəqiqəliyə mən
də yaşayım. Sən hələ də imtina etmək
fikrindəsən?
- Sən ki bilirsən,
mən imtina edə bilmirəm, - Hart qaşqabağını
sallayıb qəmləndi. - Mən ona görə razı
olmurdum ki, bunu bilmək sənə heç də yaxşı
şey vəd etmir.
Marslı ayağa durdu, əlini təntənəylə Yer adamına
uzatdı.
- Məni dalana dirədin, Linkoln. Qoy sən deyən olsun. Amma
xahişini yerinə yetirəndən sonra hesab bərabərləşir,
bununla da təşəkkür borcunu qaytarmış olacam.
Danışdıq?
- Danışdıq!
Onlar bir-birlərinin
əlini sıxdılar,
Linkoln Filds səsinin tonunu tamam dəyişib sözünə
davam elədi.
- Biz elə dost olaraq qalırıq, eləmi?
Xırda mübahisələr bizim münasibətlərimizi
korlaya bilməz, elə deyil?
- Ümid edirəm ki, elədir. Gedək. Mən səni axşam
yeməyinə dəvət edirəm. Süfrə arxasında
biz sənin alacağın o beş dəqiqənin yerini və
vaxtını təyin edərik.
- Linkoln Filds Hartın şəxsi "konsert"
otağında oturmuşdu, var gücüylə
çalışırdı ki, səbəbsiz həyəcanlardan
qurtulsun. O,
ürəyində düşünürdü ki,
özünü sanki diş həkiminin qəbul
otağındakı kimi hiss edir, çətinliklə də
olsa əsəbi gülüşünü boğmağa
çalışırdı. Artıq onuncu siqaretini çəkirdi,
iki qullabdan sonra siqareti tulladı.
- Hart, sən məsələyə
çox ciddi yanaşmısan, - dedi, - belə
hazırlıq... özü də əməlli-başlı və
ölçülü-biçili hazırlıq...
Marslı çiyinlərini çəkdi.
- Sənin cəmi beş dəqiqə
vaxtın var, buna görə də mən bütün
mümkün olan şeyləri etdim ki, onlardan maksimum fayda
götürəsən. Bir azdan sən portvemdən bir
parçaya qulaq asacaqsan, çox gözəldi, bəlkə də
simfoniyaların ən gözəli və möhtəşəmidir.
Məncə, siz onu belə adlandırırsız, hə?
İnsanın eşitmə qabiliyyəti üçün
çox gözəl bir şeydi.
- Çox gözləyəcəyik?
Suala görə bağışla, amma məchulluq əzablı
bir şeydi.
- Biz Novi Lonu gözləyirik. Portvemi o ifa edəcək.
Və mənim şəxsi həkimim Don Volu da gözləyirik.
Hər ikisi indicə gələcək.
Filds otağın
ortasındakı çox
da hündür olmayan kafedraya yaxınlaşdı, burda
qurulmuş qəribə mexanizmə maraqla baxmağa
başladı.
Mexanizmin qabağı bütünlüklə alüminium
paneldən ibarət idi, panelin üstündə yeddi qara
düyməcik görünürdü,
aşağısında isə yalnız beş iri ağ
düyməcik vardı. Mexanizmin gövdəsi açıq
idi, orda çox mürəkkəb formada dolaşmış qəşəng
nazik mis məftilləri görmək olurdu.
- Nə maraqlı şeydir! - Filds dedi.
Hart Filds kafedranın
dalından çıxıb mexanizmə
yaxınlaşdı.
- Bu çox bahalı alətdir.
O mənə on min Mars valyutasına başa gəlib.
- Necə işləyir?
- Prinsip eynilə sizdəki piano kimidir. Yuxarıdakı düyməciklər
elektrik cərəyanını tənzimləyir - xətlərə
buraxır, ya da qapadır. Bunların köməyi ilə usta
sənətkar alətdə elektrik impulslarıyla hər
hansı mümkün səslər çıxara bilir.
Aşağıdakı pedallar cərəyanın
gücünü tənzimləyir.
Filds fikrə
getdi, sonra qarasına
bir neçə düyməni basdı. Klaviaturanın üstündəki
qalvanometrin əqrəbi yüngülcə yelləndi, lakin
daha heç nə baş vermədi və o, heç nə
hiss etmədi.
- Və elə bu? Bu alət vasitəsilə sənət əsəri
çalmaq olur?
Marslı gülümsədi.
- Bəli, çalmaq olar. Həm də ağlagəlməz
və xoşagəlməz ahənglər yaratmaq
üçün də yarayır.
O, alətin arxasına keçdi və mızıldadı: "Bax
belə lazımdı etmək!".
Barmaqlarını heyrətamiz cəldlik və dəqiqliklə
işıqsaçan düymələrin üstündə
oynatdı.
Otaqdan o biri marslının mənfur səsi gəldi, nəsə
acıqla qışqırırdı. Hart pörtmüş halda dərhal
barmaqlarını klaviaturadan çəkdi.
- Novi Londur, - Fildsə tələsik izah elədi. -
O, adətən mənim çaldığımı bəyənmir.
Filds təzə
gələn qonağı
salamlamaq üçün ayağa durdu. Təzə gələnin
beli bükük idi, görünür qocaydı, Hartdan
çox böyük görünürdü. Onun sifətində
nazik qırışlar şəbəkəsi vardı,
dodaqlarının və gözlərinin ətrafındakı
qırışlar daha sıx idi.
- Həmin o cavan Yer adamı
budur demək! - təzə gələn ingiliscə ucadan,
özü də təmiz Mars ləhcəsində dilləndi.
- Mən sizin tədbirsiz qərarınızı bəyənmirəm,
lakin yaxşı başa düşürəm ki, siz bizimlə
bərabər portvemdən zövq almaq istəyirsiz. Heyif ki, bu
duyğunu yaşamaq və tanımaq üçün sizə
cəmi beşcə dəqiqə vaxt verilib! Kim ki bu
duyğudan məhrumdur, həyatın əsl ləzzətini
yaşamır!
Hart Jan güldü.
- O şişirdir, Linkoln. Novi
Lon Marsın ən yaxşı virtuoz musiqiçilərindən
biridir və düşünür ki, portvemin gözəlliyindən
duyulan ləzzəti həyatdan aldığı ləzzətə
dəyişənlərin hamısı əbədi lənətlənə
bilər.
O, qocanı mehribanlıqla qucaqladı.
- Cavanlıqda mənim müəllimim olub, - dedi, - və Lon cərəyan
birləşmələrinin düzgün alınması əsaslarını
mənim başıma salmaq üçün az
vaxt sərf etməyib.
- Hamısı da boş yerə! Yaramazın biri! - deyə qoca
Marslı dişlərini qıcırdatdı. - Mən girəndə
sənin çaldığını eşitdim, dəhşətdi,
bu nə çalmaqdı?! Sən hələ də fortqass birləşmələrini
düzgün uzlaşdırmağı öyrənməmisən!
Sən öz çalmağınla böyük Bar Daninin ruhunu
təhqir edirsən! Mənim tələbəm! Ayıb olsun da
mənim başıma!
İçəri üçüncü dəvət
olunan Don Vol girməsəydi Lon hələ
qarğışlarını davam edəcəkdi; qonaq gələn
kimi Lon coşqun monoloqunu kəsdi. Hart buna sevindi və həkimi
salamlamaq üçün tələsik irəli yeridi.
- Hər şey hazırdı? - deyə Hart həkimdən
soruşdu.
- Hə, - Vol
mızıldandı, - və deməliyəm ki, bu tamam
maraqsız bir eksperimentdir; hamımız nəticəsini
qabacadan bilirik.
Nəhayət, həkim Yerdən gəlmiş adamı həqarətli
baxışlarıyla süzdü.
- Öz arzusuyla üzərində təcrübə
aparılacaq adam budur?
Linkoln Filds donmuş halda
başını tərpətdi, qəflətən
boğazı qurudu. Qorxa-qorxa həkimin hərəkətlərini izlədi;
həkim xırda çantasından şəffaf məhlullu
şüşə və şpris çıxaranda Filds lap
qorxdu.
- Neyləmək istəyirsiz?
- deyə Yer sakini ucadan soruşdu.
- Sadəcə iynə vuracaq, - Hart onu sakitləşdirdi. - Bir
anlıq işdi. Bilirsən də, incəsənətin bu
növünü qavramaq üçün imkan verən gizli
hiss orqanları beyin yarımkürəciklərinin
qabığındakı müəyyən hüceyrələrdir.
Onlar hormonun təsirindən "ayılırlar", bax bu
hormonu indi sənə yeridəcək. Biz onu süni olaraq
sintez etməyi öyrənmişik və bunu marslıların
müalicəsində istifadə edirik, yəni kor doğulan
marslıların müalicəsində...
- O! Deməli,
Yer sakinlərində də bu cür hüceyrələr var?
- Hə, var, lakin
sizdə onlar inkişafdan qalıblar. Konsentratlı hormonal zərdablar
onları oyadacaq, yalnız beş dəqiqəliyə. Bu
yüngül yükləmədən sonra onlar öz həyat
qabiliyyətlərini bütünlüklə bitirəcək,
bir daha heç bir şəraitdə diriltmək mümkün
olmayacaq onları.
Don Vol son hazırlıq
prosedurunu bitirib Fildsə yaxınlaşdı. Filds bir kəlmə demədən
sağ qolunu çirmələyib ona uzatdı. İynə dərinin
altına girdi. Prosedur bitəndən sonra Yer adamı bir-iki
saniyə gözlədi, sonra qeyri-ixtiyari güldü.
- Heç nə hiss etmirəm!
- On dəqiqə ərzində
heç nə hiss etməyəcəksən! - Hart dilləndi.
- Bir az vaxt keçsin. Otur və rahatlan. Novi Lon Bara Damnanın
"Səhrada kanallar"ını ifa edir, mənim sevdiyim
portvemdir. Hormon təsir etməyə başlayanda sən də
elə kompozisiyanın apofeozunu duyacaqsan.
Püşk atılandan sonra heç nəyi dəyişmək
mümkün deyil; Filds daş kimi sakit olmuşdu. Novi Lon dəli kimi
çalırdı, Yer adamının sağ tərəfində
duran Hart da artıq uymuş, ətraf aləmdən təcrid
olunmuşdu. Hətta hər xırda şey üstündə
danışmağı xoşlayan vasvası və
müşkülpəsənd həkim də susmuş,
yumşalmışdı.
Filds bığaltı
gülümsəyirdi. Marslılar nəyəsə
diqqətlə qulaq asırdılar, lakin Filds heç nə
eşitmirdi, otaqda səs yox idi; demək olar ki, heç
baxmağa da bir şey yox idi. "Bəlkə... birdən...
Yox, yox, boş şeydi, mümkün deyil! Ancaq hər halda...
bəlkə elə məni ələ salırlar? Sadəcə
barmaqlarına doladılar, hə?".
Filds əsəbi-əsəbi
üzülürdü, bu
fikirləri başından çıxarmağa
çalışdı.
Dəqiqələr ötürdü. Novi Lonun barmaqları klaviaturanın
üstündə uçurdu. Hart Janın sifəti heyrətdən
işıq saçırdı.
Birdən Filds Linkoln gözlərini
sürətlə qırpmağa başladı. Bir anlıq ona elə gəldi
ki, musiqiçini və onun alətini rəngbərəng
tüstü dumanı bürüdü. Rəngləri
ayırd edə bilmirdi, amma onlar əlvan tüstü dumanı
içində dalğalanırdılar. Əlvan duman getdikcə
yuxarılara və ətrafa yayılırdı; otaq
yavaş-yavaş bir-birindən fərqli rənglərlə
dolurdu. Sonra digər fonlar peyda oldu, sonra da ayrı, müxtəlif
kölgələr və fonlar yarandı... Bu fonlar
yırğalanır, burulur, yayılır, dolanır,
oynayır, bir-birinə qarışır, sanki işıq
sürətiylə dəyişirdilər, lakin yenə
görürdü ki, əvvəlki kimi qalırlar. Yer
adamının gözlərinə görünən
işıldayan parlaq rənglər mürəkkəb
naxışlar əmələ gətirir, sonra solur, daha sonra
isə səssiz-səssiz çırpınır, kaskad kimi
partlayıb səpələnirdilər.
Eyni zamanda ona elə gəlirdi ki,
otağa səs dolur, xəfif xışıltılar
eşidir, onlar getdikcə çoxalır, təntənəli,
qulaqbatırıcı səslərlə əvəz olunur, gah
uçur, hoppanır, gah da susurdular. Fildsə elə gəldi ki, musiqini
böyük bir orkestr ifa edir, orda bütün nəfəsli
musiqi alətləri, həm də fleyta və kontrabas var; hər
alətin öz səsini eşidirdi, bu səslər heyrətamiz
dərəcədə dəqiqliklə qulaqlarına dəyirdi.
Daha sonra qoxular duymağa başladı. Əvvəlcə
yüngül, qoxusunu təyin edə bilmədiyi iylər peyda
oldu, sonra bu qoxular sürətlə artdı, budur artıq otaq
saysız-hesabsız rənglərin ətriylə dolub.
Çox zərif və xoşagələn ətirlər
bir-birini əvəz edir, özü də
ardıcıllıqla, sanki heyrətedici xəfif bir yel əsir.
Lakin bunlar hələ heç nə idi, Filds bunu hiss eləmişdi;
nədənsə, ona elə gəldi ki, bütün bunlar -
gördükləri, eşitdikləri, duyduqları təkmil
illüziyadan başqa bir şey deyil, beyin tərəfindən
tələm-tələsik yaradılıb; bunlar yeni idrakı
köhnə, adi vasitələrlə izah etmək deməkdi. Rənglər,
səslər və qoxular yavaş-yavaş bir-birinə
qarışıb əridi. Beyin yavaş-yavaş baş verənlərə
alışırdı və görünür, o,
yavaş-yavaş anlayırdı ki, keçmiş təcrübəylə
heç bir əlaqəsi olmayan tamam yeni duyğular
yaşayır.
Hormonun təsiri
güclənirdi və
Filds bir anın içində qəflətən hansı
duyğu yaşadığını anladı. Filds onu görmədi,
eşitmədi, qoxusunu, dadını bilmədi, heç hiss də
etmədi. Lakin onun nə demək olduğunu anladı; heyrətamiz
yaşantını təsvir etmək üçün
heç cür söz tapa bilmədi, daha sonra anladı ki,
insanın dilində bunu ifadə edən uyğun sözlər
yoxdu. Filds yavaş-yavaş dərk elədi ki, onda baş verən
dəyişiklikləri və yaşantıları təsvir
etmək də mümkün deyil.
Hər halda, o,
marslı sənətinin mahiyyətini
anladı.
Bu sənət onun
beynini elə silkələdi ki, əvvəllər
ona məlum olmayan ən gözəl duyğulardan həzz
almağa qədər apardı, onu dərkolunmaz ilahi bir
gözəllik anlarını yaşamağa giriftar elədi. O, nəsə əbədi və
sonsuz bir aləmin içinə düşmüşdü. Bu,
səs deyildi, görüntü də deyildi, tamam ayrı bir
şey idi. Bu nəsə elə bir şey idi ki, ona harda və
kiminlə olduğunu unutdurmuşdu.
Bu, cürbəcür, çeşidli rənglərinə
görə nəsə sonsuz, sərhədsiz bir aləm idi; hər
dəfə o sehrli duyğunun dalğası gələndə
onun bütün vücudu daha zərif, daha gözəl və
heyrətamiz hisslərlə dolurdu. Lakin sonra Filds bu duyğu aləminin
qəflətən pozulduğunu hiss elədi. Əvvəlcə
çox zəif xışıltı gəldi, sanki o sonsuz və
məsum gözəlliyin dərisinə xırda bir cırmaq
atdılar, həmin cırmaq yeri yavaş-yavaş
budaqlandı, uzandı və genişləndi. Və qəflətən
hiss etdi ki, o möcüzəli aləm səssizcə
parçalanıb yox oldu.
Linkoln Filds özünü itirdi,
yerindəcə donub qaldı, özünə gələndə
yenə həmin o konsert otağını gördü. Cəld yerindən
sıçradı, özünü Harta sarı atıb onun
qolundan tutdu, bərkdən silkələməyə
başladı.
- Hart, o niyə dayandı? Niyə çalmır? Ona
de ki, davam eləsin! Tez ol, de!
Hart təəccüblə Yer
adamına baxdı, sanki onu
anlamırdı, təəssüflə dedi:
- Linkoln, o çalır,
dayanmayıb!
Yer adamı
çaşqın və
anlaşılmaz baxışlarını ona zilləmişdi,
elə bil heç nə görmürdü. Novi Lonun barmaqları isə
klaviaturada hələ də ildrım sürətilə gəzişirdi,
onun üzündə hələ də ifaçı
coşqusu vardı. Həqiqət çətinliklə də
olsa, Yer adamının beynində canlandı, anlaqsız
baxışlarına dəhşətli işartılar qondu. Filds qırıq-qırıq kədərli səslər
çıxararaq oturdu, sifətini əlləri arasında gizlətdi.
Beş dəqiqə bitmişdi!
Onu geri qaytarmaq olmazdı!
Hart Jan həqarətlə gülümsəyirdi.
- Bir an öncə mənim
sənə yazığım gəlirdi, Linkoln! Amma indi mən
şadam, çox şadam ki, hər şey beləcə bitdi.
Bunu sən məcbur elədin, buna məni sən vadar etdin!
Ümid edirəm ki, sən də mənim kimi bu ləzzətli
duyğunu yaşadın! Sən indi ömrünün sonuna
kimi bu beş dəqiqəni yadda saxlayacaqsan!
Hartın səsi fışıldadı.
- Sən bu beş dəqiqəni unutmayacaqsan! Və
biləcəksən ki, nə itirmisən, biləcəksən
ki, o itirdiyin beş dəqiqənin ləzzətini bundan sonra
heç vaxt bir də duymayacaqsan! Sən korsan, Linkoln, kor!
Yer adamının
üzündə iztirablı
ifadə vardı, elə bil ağrılara dözürdü,
qımışdı. Bu diş ağrısına dözən adamın əzabını
xatırladırdı. Lakin ona bir qədər soyuqqanlı
görünmək üçün güc və iradə
lazım idi. Filds danışmağa cürət etmədi,
qorxdu ki, səsi çıxmasın. O, ürəksiz
addımlarla qapıya sarı yeridi, kandara qədər
başını dik tutub otaqdan çıxdı. Lakin Fildsin
qulaqlarında hələ də o fışıltılı,
acı və sərt səslər cingildəyirdi: "Linkoln,
sən bura normal adam kimi gəlmişdin, lakin kor kimi gedirsən!
Kor kimi! Kor kimi!".
Ayzek Azimov
İngiliscədən tərcümə: Kamran NƏZİRLİ
Ədəbiyyat qəzeti.-
2022.- 12 fevral. S. 28-30.