"Torpaq - etibarlı dostum kimidir..."
- ətimi yesə,də sümüyüm qalar.
Hər kəs
bir bəlayla dünyadan gedir;
ömrün halalı var, namərhəmi var,
torpaq
etibarlı dostum kimidir -
"ətimi yesə də, sümüyüm
qalar".
Kimisi bəxtəvər,
kimi naçardı,
vaxt elə
tələsir, sanki sonudu!
dağlar
saxlamasa - güylər uçardı,
dağlar
kainatın bel sütunudu.
Vurdular -
sınmadım, kəsdilər - artdım,
təpiklər - bilmədim qəzəbdi, ərkdi?
Gülüb-hırıldayan
üzə qabardım,
dedilər: "qırılmaz, sümüyü bərkdi!".
Sümük
zər olardım özümə qalsa -
hər
adam bu zərlə oyuna girməz,
sərhəd dirəkləri sümükdən olsa
düşmən el-obanı zəbt edə bilməz!
Göylərin
qapqara "dəlikləri var",
özünə ruhları "dəlikdən" çəkər,
yerdəki, qəlbləri zülmət adamlar
Yurdun
şirəsini ilikdən çəkər!
Növbəylə
zühr edib, köçür adamlar,
sanki
şəlalədir, göylərdən axır,
kimisi əyilər,
kimisi sınar:
o da
sütunumuz sümüyə baxır.
Hər kəs
bir bəlayla dünyadan gedir,
vaxtın
da halalı, namərhəmi var,
torpaq -
etibarlı doğmam kimidir,
"ətimi yesə də, sümüyüm
qalar...".
10.02.2022
Gedirsənsə...
Gedirsənsə, nə cür səni saxlayım?
darıxacam, özümü də apar, get.
Dönməyinə nədən ümid bağlayım?
həsrətini ürəyimdən qopar, get.
Gecələri-gündüzlərə
qatacam,
yuxum gəlsə-səksəkəli
yatacam,
düşünmə ki, tamam itib-batacam,
qismətdirsə - həlbət biri tapar..., get.
O tərəfdə
hava soyuq, bura get,
sel
olunca gözlərimdə qora, get!
Tap həsrətin
çarəsini - sonra get;
göynəməsin qəlbimdəki qabar, get.
Ömür
dönər qaratikan bir kola,
bu
qönçələr çətin açıb gül ola,
elə
yox ol.., birdən eşqim dördnala
yollarınla köhlən kimi çapar, get.
Çiliklənsə
sevgimizin aynası,
sənə mütləq agah olar sədası,
gedirsənsə, di-ləngimə, qadası;
yazıq-yazıq nə baxırsan, nə var? - get!
aramızda bir qiyamət qopar, get...
14.02.2022
Bir vaxt
öz dərdiynən
ölərdi hər kəs...
Bilimirəm - hələ çox çəkər, ya
çəkməz?
çoxları həyatdan almaz kamını,
bir vaxt
öz dərdiynən ölərdi hər kəs,
eyni dərd
aparır indi hamını!
Xəyallar,
ümidlər dərbədər qalıb,
dost
ölüb, "Onlaynan" yola salmışıq!
hamı
eyni olub, bərabər olub -
sanki
"Kommunizmə" ayaq basmışıq.
Bilmirəm - qəzəbdən ağlayam, güləm?
süngülü bəladan qəlblər sıyrılır,
indi
üst-başından "Spirt" ətri gələn
daha təhlükəsiz
adam sayılır.
Füzuli
demişkən: "Tutmazmı ahım?",
"Korona"
üzündən nə canlar solur!
elə
alçaqlar var, aman Allahım,
dərman
alveriynən milyonçu olur!
Axır
sellər kimi matəm yaşları,
"Virus"
talayaraq dünyanı gedir;
nə
Şeytana yağan "Məkkə daşları",
nə də
"qurbanlıqlar" köməyə yetir!
Bilmirəm, hələ çox çəkər, ya
çəkməz?
çoxları həyatdan almaz kamını,
bir vaxt
adam kimi ölərdi hər kəs,
"Korona"
aparır indi hamını...
13.02.2022
Nəyim qaldı?
Geri
baxdım, doldu gözlər -
soruşmayın: "nəyim qaldı?"
hayıf
sizə, ötən illər;
sizlərdə gəncliyim qaldı.
Çəkinmədən
heç nəyindən,
keçdim vaxtın ələyindən,
yüyrükdəki bələyimdə
körpə nadincliyim qaldı.
Doymaq
olmur vaxtın, nədən
ədasından, hikkəsindən?
mənə "Sevgi çesməsindən"
"behiştar" içdiyim qaldı.
Qara qanlar
damarlardan
axıb
olar saç qaraldan,
cəzam:
qəlpi-yaxşılardan
gec
görüb seçdiyim qaldı.
Daha
ömrüm son baharda,
ərşə çıxmış röyalarda,
sarı
saçlı tayalarda
çöllərdən biçdiyim qaldı.
Əqidəmdən
dönməz oldum,
kül
tutsam da, sönməz oldum,
geri
baxdım, gözüm doldu,
qarşıda heç nəyim qaldı...
14.02.2022
Əlində
qalmışam sərsəm dövranın...
Gülüm,
tanıyarsan məni külümdən,
tüstülər içində haçansa görsən?
Yansaq
ayrı-ayrı; bir ocaqda sən,
başqa
birində mən - dözə bilərsən?
Neylərsən
puç olmuş arzularında,
xəzələ dönəndə ilk baharında?
sən
- soyuq həsrətin qalın torunda,
bir
qaçaq sevginin tilovunda mən.
Dərdlər danışdırıb?! yenə
lalmısan?
mən
öldüm; qaldınsa, nə cür qalmısan?!
sən
özgə bir oxdan şikar olmusan,
izi
itirilmiş eşq ovunda mən.
Bəxtin
üstündəki qıfıl kilidli,
dünya
əzəl gündən gəlim-gedimli,
qaçan da, qovan da Tanrıya bəlli;
qovan da
mən oldum, qovulan da mən.
Güvənib
gücünə dava-dərmanın,
əlində qalmışam sərsəm dövranın,
ömürlər alveri edin dünyanın
vaxtdan
borc etdiyi girovunda mən...
14.02.2022
Özümlə
qanlı-bıçağam
Ömür
əlimdə bir tiyə,
özümlə qanlı-bıçağam,
sığışmazam yerə, göyə -
özüm-özümdən qaçağam.
Küt
bilib - sıxılma, ürək,
ölüm gəlib itildəcək,
bu tiyəni
görənədək
elə
bilirdim - qoçağam!
Halal
ömür bitən yerdə -
qönçə tutar, göyərər də,
belə
getsə... nə göylərdə,
nə
yerlərdə qalacağam.
İçimdə
şöhrətəm, şanam,
savaşanam, vuruşanam,
bir xəbərdən
pərişanam;
eşitmişdim - "solacağam".
Göylərə
səsləyir ölüm,
geri
çəkir düzüm, çölüm,
girov
ömrü nə cür bölüm?
Pir olmasam
da, Ocağam!
Vətənim
dirəyim olsun,
halal
duz-çörəyim olsun,
yetər
ki, dəyərim olsun;
harda
olsa - alacağam!
12.02.2022
Zarafatyana
Etmərəm
bilsəm ki, xətrinə dəyər,
lətifə danışım - get zarafatnan,
həddini keçəndə dostluğu əyər,
aram sərin
olub şit zarafatnan.
Qulağı
hər səsə itin şeşədi,
tulada
buyrulmaq qan vərdişidi,
zarafat
eləmək quyruq işidi -
gördünmü hürəndə it zarafatnan?
İsmətli
zarafat bakirə qızdı,
ağzına sahib ol beyin ki, qızdı!
"Diploma"
nə var ki, yağlı kağızdı;
alim də
olunar küt zarafatnan!
Hərdən
bilməmişəm kim olub döyən,
üstümə qıcanıb haqqımı yeyən,
o qədər
müştəbeh, özündən deyən
axırda
qovulub lüt zarafatnan.
Səndən
gör nələri yayıbdı elə,
yadı
yaxın qoyma evə bir belə!
namərdin etdiyi günahı belə
bacarsan
üstündən et zarafatnan.
Odumu
söndürsən, qor et Sən məni,
zirvəmdən endirsən qar et Sən məni,
Tanrım,
nə zamansa kar etsən məni,
sağır da eləsən et zarafatnan!
Haçansa
bu gidi, bu canıyanmış
deyəcək: "Bir Vahid Əziz də varmış!"
Lap qoca dünyadan məzəynən yapış.
oğulsan torpaqda yat zarafatnan...
Ölüm
bir anlıq iş deyil...
Nə çaşdırıb - düşüb tərsə?
bu, Fələklik
gərdiş deyil!
qan
tökməknən düzəlmirsə,
demək
- "qurbanlıq" iş deyil.
Dost bəlama
gözün yumur,
öz
itim üstümə cumur,
ya
"İbadət" qəbul olmur,
ya da
"Quranlıq" iş deyil.
Özgələr
almaz qadamı,
can
gedir... bezib odamı?
düzdə qalan "düz adamı" -
gəzmə, buralıq iş deyil!
Nə qədər hirsimi əzim?
nə qədər
sərgardan gəzim?
təqsirkar bizik, əzizim,
bunlar
dövranlıq iş deyil.
Dilə
tutub "Bilicini",
gördüm bəxtimin içini;
əlidolu görüb məni,
dedi -
"Qaranlıq iş deyil".
Bəxtlə
xataymış oynamaq,
alışıb, coşub-çağlamaq,
baxıb
- çəkindi diş, damaq;
dişim
- dünyalıq diş deyil.
Bir
müqəddəs ağlamaxda,
o biri
öldü çarmıxda,
Əzrayılım
vurnuxmaxda -
ölüm bir anlıq iş deyil...
25.09.2020
Qorxuram...
Həyatın
yolları eniş-yoxuşdu;
"ho-hodan"
qorxuram,"toşdan" qorxuram,
payızın gəlməsi bağbana xoşdu,
əynim
nazik olur - qışdan qorxuram.
Hərdən,
vaxt canıma bir qada salar,
dövran
çoxlarını it-bata salar,
qapım
açıq qalsa - it yada salar,
get-gedə azalan huşdan qorxuram.
Maral, gendə
dolan, kəmənd atan çox,
hər
şey bazarlanar; alıb-satan çox,
arabir
yan keçər - sürüşkəndi ox;
yuvasız quş kimi daşdan qorxuram.
Deyirlər
- "bələkdə yaman kürmüşəm",
həyatda gah gülüb, gah hönkürmüşəm,
o qədər
səbəbsiz qapaz görmüşəm,
nəvələr, zəkalı başdan qorxuram.
Biçinçi,
elə biç - gül ağlamasın,
ocaq, elə
soyut - kül ağlamasın,
məni
dəfn edəndə el ağlamasın,
Vətənin
gözündə yaşdan qorxuram!
Tikanlar
gül açıb, gülüm tərk olub,
çox
şey, Vahid Əziz, mənə görk olub,
gözlərim tox qalıb, dizim bərk olub -
vaxtın
gətirdiyi "boşdan" qorxuram...
20.10.2021
Nə ehtiyac var?
Yeni adətindir ürək qoparmaq?
düşünmə - hər dərdə, gülüm,əlac
var!
hirsini
soyutmur budağı qırmaq,
qamqalaq
etməyə nə ehtiyac var?
O qədər
çinarlar çıxmadı yaza,
alov sinə
gərdi qışa, ayaza,
"əlvida" - deyərək
ayrılırıqsa,
tərgidib getməyə nə ehtiyac var?
Budaq
sızıltısı - qopduğu yerdə,
kəpənək xoşbəxtdi qonduğu yerdə,
şoran
göz yaşları hopduğu yerdə
yenidən bitməyə nə ehtiyac var?
Hər kəs
bir tərəfə dərdlərnən varıb,
qənimət bilərək - eşqi aparıb,
qəlbdəki Tanrını yaddan çıxarıb,
qisməti güdməyə nə ehtiyac var?
Səndə
xisləti var mehin, küləyin,
bilinməz yalanın, əyrin, gerçəyin,
üstündə, eşqindən solan çiçəyin,
bülbültək ötməyə nə ehtiyac var...
12.06.2021
Bilsəydim
- bu qədər
sevəcəm səni...
Gəzirım
ormanı, çölü, çəməni,
çiçəyim, ömrünə qayıtmaq
üçün,
bilsəydim - bu qədər sevəcəm səni -
ölərdim, canımı qurtarmaq üçün.
Keçər
xəyalında gecəm, səhərim,
qəlb
deyil - yaşadan xatirələrim,
tapsaydım, dünyanı yük eləyərdim
səni
də üstündə aparmaq üçün.
Hər kəs
bir istəklə çiçəyi dərib,
oxşayıb, soldurub, sovqat göndərib,
saçlarım illərdən möhlət gözləyib,
eşqinlə qocalıb ağarmaq üçün.
Qıfıl
bağlamışam şirin dilimə,
açarı - əmanət gözəl sevgimə,
eşqin
qandal vurdu şuluq əlimə -
uzanmaz
başqa gül qoparmaq üçün.
Çəmənə
gəldim ki, vəslinə yetəm,
ətrinə uyuyub, yanında bitəm,
çiçəyim, gəldim ki, bəxtəvər edəm;
düşünmə, gəlmişəm yalvarmaq
üçün!
Gəzirəm
ormanı, çölü, çəməni;
imanı
yanmışlar biçdi gülşəni,
bilsəydim bu qədər sevəcəm səni,
ölərdim - canımı qurtarmaq üçün...
12.06.2021
Olur...
İnsan
qınasa da bəxti nə qədər
tale qismətinə
dözməli olur,
itirsə,
qədrini bilənə qədər,
yar-yarı ömürlük gəzməli olur.
Baxıb
arxasınca ötən illərin,
yanıb
alovunda xatirələrin,
soyuqdan
üşüyən qızılgüllərin
ətirli
yaxası büzməli olur.
Keçər
qayğılarda solan ömür-gün,
açılmaz Fələyin saldığı düyün,
sevən
ürəyini gizlətmək üçün
gözəllər - gözünü süzməli olur.
Yenidən
dünyaya varid olasan,
ötən həyatından hesab alasan,
hayıf
ki, çox zaman biçarə insan
əllərin ümiddən üzməli olur.
Xeyli
günlərimi çətin unudam,
bir
azın yaşadım bəxtəvər, xürrəm,
adamlar
tanıdım, biryolluq adam,
salamı-kalamı kəsməli olur!
Bəxt
küsər - üzünə əyri baxanda,
qan
düşər haqsızlıq başa çıxanda,
insanı
ucaldan, yerə soxan da
özünün niyyəti, əməli olur...
21.11.2021
Çiçəyə
məktub...
Arabir
özümə gəlir heyifim,
ömür köçüb gedir sərgardan, səfil,
düzünü axtarsan, çiçəyim, kefim -
pis
deyil, sən deyən - yaxşı da deyil.
Tövşüyə-tövşüyə
çəkib yükümü
özüm öz içimdə qurtdalanıram,
dostluğa inanan çobanlar kimi,
quzunun xəbərin
qurddan alıram.
Axtarsan -
indi də uğurlarım var,
Amma
keçmişlərin odunu vermir,
təqaüd, yardımlar, xırda-xuruşlar,
gözəl "qonorarın" dadını vermir!
Çiçəyim,
indi də yazıram hərdən,
misram
var - sabaha "Biletim" olur,
nədən söz açsam da, məhəbbətimdən
yazdığım çox zaman "Şah beytim" olur.
Get-gedə
daralır kitabın yeri,
şuluq
eləyənlər dərsdən qovulmur,
dövran
belədir ki, Haqqın şairi
"Gerçəyi" gəzməkdən
yalançı olur.
Kimimiz
narazı, kimimiz incik,
sevgidə vurulan qalxıb-dikəlmir,
mən
bilən burdakı "Ayrıseçkilik"
daha
Göydəkinin xoşuna gəlmir.
Özüm
öz içimdə qurdalanıram,
çalışıb-vuruşur qəhrəman Qələm,
çomağı əlimdən yerə qoymuram -
vaxtın qurdlarına yaxşı bələdəm..
Vahid Əziz
Ədəbiyyat qəzeti.- 2022.- 19
fevral.- S.4-5.