Elnarə AKİMOVA:  “Hər işin başında estetik zövqü,

milli ruhu  sağlam olan insanlar dayanmalıdır”  

 

"İki sahil" qəzeti filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas, Ədəbiyyat İnstitutu "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimovadan uşaq ədəbiyyatının çağdaş durumu və problemləri mövzusunda müsahibə alıb. Həmin müsahibəni "Ədəbiyyat qəzeti" oxucularına təqdim edirik.

 

- Elnarə xanım, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdirisiniz. Zəhmət olmasa, şöbənin ərsəyə gəlmə zərurəti haqqında oxucularımızı da məlumatlandırardınız.

- Şöbəmiz 2018-ci ildə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılıb. Buna böyük ehtiyac var idi. Çünki hər il Ədəbiyyat İnstitutunda aparılan yekun müşavirələrdə bütün ədəbi növ və janrlarla ilə bağlı ayrıca məruzələr edirdik. Amma uşaq ədəbiyyatına xüsusi diqqət yetirilmirdi. Uşaq ədəbiyyatı hansısa sahənin, deyək ki, poeziya ilə bağlı edilən məruzədə poeziyanın, nəsrlə bağlı edilən məruzədə nəsrin bir hissəsi kimi hallanırdı. O da cüzi, epizodik yanaşmalarla. Bu yöndə sistemli, daha ciddi yanaşma sərgiləmək gərək idi. Axı bu sahə ayrıca fəaliyyət göstərir, uşaq şeiri, uşaq nəsri ərsəyə gətirilir. İllərdir buna ömür həsr edən insanlar var. Onların yaradıcı fəaliyyətinə elmi-nəzəri prinsiplər kontekstində diqqət ayırmaq lazım idi.

Bütün bunlar öz yerində. Digər tərəfdən, belə bir şöbəni ərsəyə gətirmək çabasını sabahlı sağlam nəslin, sağlam ədəbiyyatın qurulması yönündə atılan ən müqtədir addım saymaq olar. Siz təsəvvür edin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI Qurultayında milli ruha sahib, təməlli, sağlam əqidəli, dürüst, layiqli, dövlətinə və xalqına sədaqətli nəsil yetişdirməyi vacib məram kimi irəli sürdü. Yəni dövlət başçımız bu gün aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsini qarşıya qoyulan dövlət səviyyəli əsas problemlərdən biri olduğuna xususi vurğu saldı. Fəxr edirəm ki, belə bir missiyanın həyata keçirilməsində xidməti olanlardan biri də mənim rəhbərlik elədiyim şöbədir. Məsuliyyətimizi lazımınca dərk edirik. Müstəqillik dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı yaranmaqdadır. Bu öz yerində. Həm də unutmayaq ki, yeni nəslin yetişməsində uşaq ədəbiyyatı, uşaq musiqisi, folkloru, təsviri incəsənət əsas amillərdən biridir. Bu sahələrin hər birinin elmi müstəvidə öyrənilməsi prosesinə təkan verilməkdədir.

- Ötən müddət ərzində, yəni 2018-ci ildən bəri Uşaq ədəbiyyatı şöbəsində aparılan işlər hansı sahələri əhatə edib. Hansı nəticələr əldə edilib.

- Üç il ərzində planlaşdırdığımız işlərin bir qismini həyata keçirməyə nail olduq. Bir qismi isə pandemiya ilə əlaqədar yubanır. Məsələn, uşaq ədəbiyyatı ilə bağlı geniş beynəlxalq konfrans keçirməyi nəzərdə tutsaq da hələ ki, gerçəkləşdirə bilməmişik. Uşaq mətbuatı, uşaq nəşrlərinin vəziyyəti, tərcümələr, uşaqlar üçün yazılan əsərlərin faydalılığını müzakirə etmək baxımından belə bir konfransa böyük ehtiyac olduğunu düşünürəm.

Amma həyata keçirilən uğurlu işlərimiz çoxdur. 2019-cu il oktyabrın 18-də Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunu keçirməyə müvəffəq olduq. Müxtəlif türk respublikalarından simpoziuma təşrif buyuran qonaqları, alim və şair, yazıçı heyətini bir məramın, bir missiyanın ətrafına cəm edərək uşaq ədəbiyyatının ortaq problemləri ətrafında müzakirə apardıq. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kiprdən və digər ölkələrdən qonaqlar qatılmışdı. Onu da deyim ki, bu əməkdaşlıq daha böyük müstəvidə davam tapmaqdadır. Bu il Bakı Beynəlxalq Kitab Sərgisində türkiyəli qonaqlarla görüş keçirib maraqlı fikir mübadilələri apardıq. Hazırda həmin sərgidə iştirak edən tanınmış türkiyəli uşaq yazarı Melike Günyüzlə bağlı nəzərdə tutulan konfransa hazırlaşırıq.

İnstitutumuzda görkəmli insanların həyat və yaradıcılığından bəhs edən "Şəxsiyyətin pasportu" seriyasından hər il müəyyən ədəbiyyat adamları ilə bağlı monoqrafiyalar hazırlanır. Keçən il bu seriyadan biz də tanınmış uşaq yazarı Xanımana Əlibəyli haqqında "Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası" kitabını meydana qoyduq ki, burada şairənin şeirləri, poemaları, dramaturgiyasının təhlili ilə yanaşı, ömür yolunun bütün əhəmiyyətli çalarlarını ehtiva etmişik.

2020-ci ildə 1 iyun "Uşaqların Beynəlxalq müdafiəsi günü" ilə əlaqədar "Ədəbiyyat qəzeti"nin bir sayını bütünlükdə "Uşaq ədəbiyyatı"na həsr etdik ki, burada əsas işi uşaq ədəbiyyatı şöbəsi gördü. Müsahibələr, reportajlar hazırladıq, təhlil yazıları ilə çıxış etdik və s. Mən həm də "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiriyəm. Qəzetin gündəmdə saxladığı əsas məfkurəvi mövzulardan biri də uşaq ədəbiyyatı məsələləridir. Redaksiyaya iki dəfə müxtəlif qonaqlar dəvət edib uşaq ədəbiyyatının problemlərini "Müzakirə saatı"ına çıxarmışıq. Türkiyədə "Cocuk və genclik edebiyatı yazarları birliği"  başkanı Bican Veysəl Yıldızı da redaksiyaya dəvət edib hər iki ölkənin uşaq ədəbiyyatı sahəsində olan problemlər ətrafında fikir mübadiləsi aparmışıq.

Bu il Azərbaycanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bizim şöbənin də verdiyi töhfə o oldu ki, Azərbaycançılıq məfkurəsini bədii mətnlər kontekstindən tədqiq predmetinə çevirdik. Şöbə olaraq, "Ayrılarmı könül candan" adlı antologiyanı hazırlayıb təqdim etdik. Burada uşaq yazarlarımızın vətənə, onun tarixi abidələrinə, məkan tərənnümünə, ana dilinə, məktəbə həsr olunan seçmə şeirləri əksini tapır.

Türkiyənin Milli Eğitim Bakanlığı, Pamukkale Universiteti ilə bağlantılarımız var. Bir neçə dəfə onlayn formada görüşlərimiz olub. Universitetin tələbələrinin belə qoşulduğu bu görüşlərdə hər iki ölkənin uşaq ədəbiyyatında oxşar ədəbi istiqamətlər, tendensiyalar müzakirə olunub. Hazırda mənim redaktorluğum ilə hazırlanan çox əhəmiyyətli bir toplu Türkiyədə öz çapını gözləyir. Yaxın vaxtlarda inşaallah, "Bengü yayınları"nda çap olunacaq. Bu kitabda son otuz ildə müstəqilliyə, istiqlal mövzusuna, zəfərimizə dair yazılmış müxtəlif janrlı ən yaxşı, seçmə uşaq ədəbiyyatı nümunələri yer alıb və düşünürəm, "Şuşa ili"nə institut olaraq ciddi töhfələrimizdən biri də bu əsər olacaq.

- Elnarə xanım, necə düşünürsünüz, hazırda Azərbaycanda uşaq kitablarının nəşri hansı səviyyədədir? Çap olunan kitablara maraq kifayət qədərdimi?

- Məncə, bu gün Azərbaycanda kitab oxunmur, kitab satılmır şikayətləri uşaq ədəbiyyatına o qədər də şamil oluna bilməz. Əksinə, uşaq ədəbiyyatı nümunələrinə daha çox diqqət var. Nəşriyyatlar dünya uşaq ədəbiyyatına daha sıx müraciət edir, onların tərcüməsini, sadələşdirilmiş variantını rəngarəng dizaynlarda  hazırlayırlar. Valideynlər də hiss olunur ki, indiki informasiya bolluğunda övladlarının məlumatlı, mütaliəli böyümələrinə can atırlar. Bunu bu ilin oktyabrında Bakı Expo Mərkəzində keçirilən Beynəlxalq Kitab Sərgisi zamanı  da müşahidə elədim. İnanırsız, sərgiyə valideyn və uşaq axını nə qədər davamlı və gur idi. Baxırdılar, seçirdlər, alırdılar, uşaq yazarları ilə canlı ünsiyyət qururdular. Belə xoş mənzərə olduqca riqqət doğururdu. Deməli, Ömər Faiq Nemanzadə demiş, işığımız sönməyəcəkdir.

- Valideynlərimiz övladlarına kitab seçərkən ən çox nəyə diqqət edirlər, hansı nəşrlərə üstünlük verirlər? Bu sahənin bilicisi, tədqiqatçısı kimi fikirləriniz maraqlıdır.

- Bu bir az uşağın yaş senzinə, bir az da valideynin özünün dünyagörüş, intellektual səviyyəsinə bağlı məsələdir. Daha çox məktəbəqədər və orta məktəbin aşağı sinifləri üçün nəzərdə tutulan kitablara diqqət ayrılır. Məlumdur ki, uşaq kitabları fərqli estetik dizayn tələb edir. Burda tək sözlər deyil, şəkillər də danışmalıdır. Yaxud şriftlər oxunan, rahat biçimdə təqdim olunmalıdır. Dil və ifadə səlisliyi, təfəkkür tərzinə uyğunluq da öz yerində. Və nəhayət, mahiyyət! İdeya saflığı, məna dərinliyi.  Bax, əsas məsələ budur! Sən uşaq ədəbiyyatı deyib piştaxtaya nə qoyursan? Dünya tempi ilə ayaqlaşmaq gözoxşayan modern tərtibatlarla ölçülmür. Gərək yazar həm də ruhunu uşaq üçün maraqlı etməyi bacarsın, ona qanad verməyi, xəyal qurmağı aşılasın.

Bu gün böyüklər üçün yaranan ədəbiyyatda olduğu kimi, uşaq ədəbiyyatında da vətən, Qarabağ mövzusunda manipulyasiya hallarına az rast gəlinmir. Müəlliflər bəzən modern dizaynın içində mənasız mətni uşağa sırımağa çalışırlar. Bu da bir növ, xəyanətdir! Xalqa, onun sabahına tuşlanmış zərbədir. Bu barədə mən bir neçə dəfə geniş yazı yazıb problemi işıqlandırmışam. "Günəş", "Sehirli dünya" jurnallarında, ayrı-ayrı müəllif kitablarında nəzərəçarpan qüsurları bir neçə dəfə tənqid predmetinə çevirib məsələni aktuallandırmışam.

Nəşriyyatlar professionallarla iş görməlidir. Söz, səs, musiqi, rəsm, görüntü - kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əsər uşağa bütün duyğuları hər tərəfli yaşatmalıdır. Kitabı əlinə alıb vərəqləyən arif, diqqətli valideyn mahiyyəti də, bədii səviyyəni də tutmamış deyil. Bəzən heç vərəqləməyə belə gərək yoxdur. Məsələn, kitabın üstündə müəllif kimi Nizami Gəncəvinin adı varsa, yəni onun hansısa hekayəti uşaqlar üçün sadələşdirilib təqdim olunursa uşağa oxu üçün yararlı sayılır artıq. Çünki Nizami əxlaq, mənəviyyat mücəssəməsidir. Amma hər yazar Nizami deyil ki, bu rahatlığı sığortalasın. Yaxud ayaqüstü kitab vərəqləmək real qiymət vermək üçün kifayət edəcək amil deyil. Bu qalır artıq kitabı yazan müəllifin və onu çap edən nəşriyyatın vicdanına. Bunu dəfələrlə deyirəm, uşaq ədəbiyyatına kommersiya vasitəsi kimi baxmaq olmaz. Milli təəssübkeşlik və can yanğısı lazımdır bu sahədə.

- Orta məktəb dərsliklərinə salınan uşaq şeirləri haqqında da fikir bildirmənizi istəyərdim. Yadda qalmayan, heç bir axıcılığı olmayan şeirlər hansı kriteriyalar, əsas gətirilərək dərsliklərə salınır?

- Bilirsiz, orta məktəb yalnız bilik vermir. O zövq aşılayır, dünyagörüş formalaşdırır. Bizim dərsliklərdə çox zaman şeirlər bu kriteriya ilə seçilmir. Elə hansısa əlamətdar günlə bağlı şeir olsun, versinlər. Belə deyil. O mövzuda yüz şeirin içərisindən iki elə şeiri seçib dərsliyə salmaq lazımdır ki, şagird o şeirdə həm dilin, poetik nəfəsin, həm də düşüncənin harmoniyasını görsün. Siz deyən kimi, yadda qalsın, təəssürat itməsin. Dərsliklərimizdə təssüf ki, bayağı, dərin məzmun ifadə şeirlər də yer alıb. Yaxud aşağı sinif uşaqlarına ərəb-fars izafətləri ilə zəngin şeirləri əzbərləməyi tapşırıb yorurlar, ağır təhkiyəli nəsr nümunələri ilə yükləyib ədəbiyyata dair həvəslərini öldürürlər. Əlbəttə, uğurlu faktlar da az deyil. Ən azı, müstəqillik dövrünün dərsliyi Qarabağ yaddaşının qorunması üçün ordu qədər xidmət göstərdi. O oğulları qəhrəman edən oxuduqları, öyrəndikləri oldu həm də. Biz sovet dövründə zədələnmiş zehniyyəti xalqı, milləti sevən, onun nicatını uca tutan bir təfəkkürün gücü ilə bərpa etdik. Qarabağdakı zəfərimiz bunun sübutu oldu. Buna baxmayaraq, ciddi qüsurlardan da yan keçməli deyilik. Orta məktəb dərsliklərinə hər zaman ciddi nəzarət olmalıdır. Estetik zövqü, milli ruhu sağlam olan insanlar dayanmalıdır işin başında. Uşaq ədəbiyyatı bizim məfkurə qaynağımızdır. Azərbaycançılıq ideologiyasının formalaşması birbaşa uşaq ədəbiyyatı nümayəndələrinin bu yöndə xidmətlərinə bağlıdır. İlk anadilli dərsliklər, "Vətən dili" kitabı, oxu kitabları, əlifba mübahisələri, dil mücadilələri hər biri XIX əsrin sonu XX əsrin əvvələrində yaşayan aydınlarımızın, milli münəvvərlərimizin işıqlı zəkasına, milli şüur bütövlüyünə bağlıdır. Təsəvvür edin, 1898-ci ildə hazırlanan "Vətən dili"ndən Abbas Səhhətin "Vətən" şeirinə qədər çevrələnən  estetik ərazidə milli uşaq ədəbiyyatının öz hərəkət trayektoriyası cızılırdı. O bütövlüyü, milli şüura, böyük amala xidməti, türk düşüncəsini aşılamalıyıq yeni nəslə. Tariximiz, milli qəhrəmanlarımız layiqincə tanıdılmalıdır.

- Elnarə xanım, indiki dövrün yazarları, şairləri arasında uşaq ədəbiyyatının ulduzları kimlərdir?

- Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Qəşəm İsabəyli, Qəşəm Nəcəfzadə, Mina Rəşid, İbrahim Yusifoğlu, Aygün Bünyadzadə, İnqilab İsaq, Kamil Araz, Ələsgər Əlioğlu, Nurlana İşıq. Dərsliklərdə əsasən yer alan, əlavə olaraq da kitabları oxunan, məktəblilərin tanıdığı çağdaş uşaq yazarları bunlardır. 

- Bu gün hansı tədqiqatlar aparılır Uşaq ədəbiyyatı şöbəsində? Hansı addımların atılacağı planlaşdırılır?

- Hazırda Azərbaycan uşaq ədəbiyyatı tarixi ilə bağlı fundamental bir tədqiqat üzərində tamamlanma işləri gedir. Foklordan bu günümüzədək olan dövrün uşaq ədəbiyyatını sistemli araşdırmanın predmeti eləmişik. Keçən il dediyim kimi, Xanımana Əlibəyli haqda yazmışdıq. Bu dəfə tanınmış uşaq şairi, uzun illər "Göyərçin" jurnalının baş redaktoru işləmiş Tofiq Mahmudun həyatı və yaradıcılığı seriyasından monoqrafiya üzərində çalışırıq. Bir də cari ədəbi prosesi mütəmadi izləyirik. Çap olunan yeni uşaq kitabları diqqətimizdədir. Planlaşmağa qalanda, çox arzular var. Tanınmış uşaq yazarlarımızın hər biri ilə bağlı ayrıca kitablar yazmağı düşünürük. Zəfər ilində bu mövzuda yazılan uşaq şeir və hekayələrini toplu olaraq çapına nail olmaq istəyirik. Beynəlxalq əlaqələri gücləndirmək, xüsusən qardaş Türkiyə uşaq yazarları ilə əməkdaşlıqları davam etdirməyi faydalı bilirik.

Azərbaycanda "Uşaq ədəbiyyatı ensiklopediyası"nın yaranmasına da ehtiyac hiss olunur. Şöbəmizdə isə  Uşaq ədəbiyyatı ilə bağlı yazılan sanballı elmi məqalələri kitab kimi çapa hazırlamaq niyyətindəyik. O məqalələri ki, məsələn, Belinskinin, Dobrolyubovun, Səməd Vurğunun, Məmməd Arifin, Məmməd Cəfərin, Bəkir Nəbiyevin, İmamverdi Əbilovun, Yaşar Qarayevin, İsa Həbibbəylinin mətnlərində - onlarda yalnız dövrün uşaq ədəbiyyatının mənzərəsi əyaniləşməyib, həm də uşaq ədəbiyyatına obyektiv elmi-nəzəri-metodoloji yanaşma, estetik vüsət yer alıb. Nə yazmaqla bərabər, necə yazmaq işində belə bir kitabın meydana qoyulması xüsusən, uşaq yazarları üçün gərəkli metodoloji vəsait olacaq.

- Hazırda ölkəmizdə uşaq ədəbiyyatının vəziyyəti sizi qane edirmi?

- Maraqlı uşaq ədəbiyyatı nümunələri yaranır. Amma bu nümunələrin kütləviləşməsi, ölkənin hər yerinə çatdırılması işində problem var. Vaxtilə, Həsən bəy Zərdabiyə ünvanladığı məktublarının birində Mirzə Fətəli Axundov dövrünün tələblərinə uyğun olaraq, Azərbaycanda maarif və məktəb şəbəkəsinin genişləndirilməsi və Azərbaycan xalqının savadlanmasının vacibliyindən bəhs edərkən şəhər əhalisinin deyil, ondan bir neçə dəfə çox olan kənd camaatının da təhsilə cəlb edilməsinin vacib olduğunu bildirirdi: "Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, şəhərlərdə məktəbxanalar bina edək... Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, bəs ünas və kənd əhalimiz neçə etsinlər? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, ünas tayfamız da oxumaq bilə".

İndi, əyalətlərə uşaq kitablarının çatdırılması təmin olunmalıdır ki, ölkənin hər yerində yetişən yeni nəsil mütaliəli, kitaba maraq ruhunda böyüsün. Bunun üçün kitabxanalar uşaq yazarları, nəşriyyatlarla əlaqələri gücləndirməlidir. Uşaq kitablarının düzgün təbliğatı, satış və çatdırılma mexanizmi qurulmalıdır.  Rayonlarda Uşaq kitabxanalarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə güclənməlidir.

Yaxud niyə bizdə uşaq televiziya kanalı olmasın. Bu, bütün sistemdə ciddi bir rəqabət yaradardı. Tez-tez eşidirik ki, niyə müasir uşaq qəhrəmanımız yoxdur. Bəlkə problem bizim onlardan yararlana bilməməyimizdədir? Məsələn, son çap olunan əsərlərdən Sevinc Nuruqızının "Melisa" nağıl-romanının adını əminliklə çəkirəm. Haqqında yazmışam bu əsərin. Türkiyədə  qalib əsərlər sırasında oldu. Uşaqlar da sevərək oxuyur onu. Yaxud Reyhan Yusifqızının elmi-fantastik üslubda meydana çıxan "Yaşıl gözlü qız", "Zamanın əsirləri" və "Uzaq planetin sirri" trilogiyası uşaq ədəbiyyatımızda bu istiqamətdə boşluğu təmin etməklə bərabər, uşaqların maariflənməsinə, macəra axtarışlarına, yeni texnologiyalar haqqında bilgilərə sahiblənməyə pozitiv qida verən nümunələrdəndir. Zahid Xəlil klassik uşaq yazarımızdır. Onun "Dəmir Yumruq" əsəri bu yaxınlarda çap olundu və kitabın Ədəbiyyat İnstitutunda müzakirəsini də keçirdik. İkinci Qarabağ savaşının bədii salnaməsini yaradan bu əsər niyə ekran həllini tapmasın? Eləcə də digər çağdaş müəlliflərin mətnləri. Yeni dövrün tarixi,  qəhrəmanları yeni əsərlərdədi axı. Bu qəhrəmanlardan yararlanmağa, çağın müstəvisinə proyeksiyalamağa çalışsaq uşaq ədəbiyyatının inkişafında bəlli bir dinamizmə nail olarıq. Lap uşaq kanalı olmasın, yetər ki, cizgi filmləri çəkək. Nağıl qəhrəmanlarımızı, mifoloji personajları, dastanlarımızdakı obrazlar, tarixi sərkərdələrimizin obrazını gətirək bu filmlərə. Bu məsələlər aydındır ki, kolleqiallıq  tələb edir. Ekspert rəyi, birgə əməkdaşlıq belə məsələlərdə çox vacibdir. Xarici ölkələrin bu yöndə yaxşı tərəflərindən faydalanmalıyıq. Klassik musiqilərimizi, tarixi mövzuları, tanınmış şəxsiyyətlərin obrazını cizgi filmlərinə gətirməklə onların təqdim və təbliğinə daha asan yol açmış olarıq.

Yaxud digər məsələ. Tarixi mövzulara diqqət artırılmalıdır. Eləcə də dünya uşaq ədəbiyyatına maraq oyadılmalıdır. Orta məktəb dərsliklərində yer almış nümunələrdən əlavə şagirdlərə tarixi qəhrəmanlarımızla, dünya ədəbiyyatının tanınmış uşaq mətnləri ilə bağlı sinifdən xaric oxular tapşırılmalıdır. Bunun üçünsə nəşriyyatlar həmin təlabatı ödəyən kitablar qoymalıdır ortaya. Düzdü, dünya ədəbiyyatı ilə bağlı yetərincə nümunə var. Tarixi mövzularda isə bir qədər boşluq hələ də hiss olunur. Milli-mənəvi dəyərlərimizi, folklor zənginliyimizi ehtiva edən mətnlər rənagarəng estetik dizaynda, səviyyəli tərtibatda meydana qoyulmalıdır. Milli ruha bağlı, vətənpərvər nəsil yetişdirmək istəyiriksə, mütləq bu sahəni ciddi nəzarətdə saxlamalıyıq. Hər işin uğuru məsuliyyətə bağlıdır. Amma uşaq ədəbiyyatı daha böyük məsuliyyət və təəssübkeşlik tələb edən sahədir. Nə qədər əmək və sevgi qoyacağıqsa, qazancımız da ona müvafiq olacaq.

 

Söhbətləşdi: Günel Eyyubova

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 fevral.- S.6-7.