Nizami davamçısı Əssar Təbrizi
Nizami
ədəbi məktəbinin ən layiqli
davamçılarından biri olan XIV əsr istedadlı Azərbaycan
şairi Əssar Təbrizi ədəbiyyat tarixində
"Mehr və Müştəri" əsəri ilə
tanınır. Bu əsərin tam və
orijinala layiq şəkildə görkəmli
alim-şairimiz, mərhum
Məmmədağa Sultanov
tərəfindən hələ
keçən əsrin
səksəninci illərində
tərcümə olunub
nəşrdən çıxması
Azərbaycan oxucusuna qiymətli bir töhfə, ədəbi-mədəni
həyatımızda isə
böyük bir hadisə oldu.
Belə ki, o zaman tərcüməçi-alimin
özü tərəfindən
və istedadlı ədəbiyyatşünas Qasım
Cahani tərəfindən
tədqiqata cəlb olunmuş bu poemanın nəşrini oxucular çox səbirsizliklə gözləyirdilər. Bu səbəbdən kütləvi
tirajla çıxan kitab olduqca tez
yayıldı və ədəbi ictimaiyyət tərəfindən müsbət
dəyərləndirildi.
Əsərin belə böyük maraqla qarşılanmasının
müxtəlif səbəbləri
var idi. İlk növbədə onu qeyd etmək lazımdır ki, iki gəncin təmənnasız dostluğundan
bəhs edən bu poema şairin
dövrünə qədər
yazılmış olan
məşhur aşiqanə
romanlara bənzəmirdi.
Şair, özünün
də qeyd etdiyi kimi, "Vis və Ramin", "Yusif və Züleyxa",
"Vamiq və Əzra", "Vərqa
və Gülşah",
"Xosrov və Şirin" kimi poemaları oxumuş, ancaq bu əsərlərdən
fərqli olaraq iki oğlanın, iki dostun səmimi
məhəbbətindən bəhs
edən bir əsər yaratmaq istəmiş, oxucuların
gəldiyi ümumi fikrə görə buna nail də olmuşdur.
İstinad etdiyi ədəbi mənbələri çox
aydın şəkildə
göstərən şair
bunların içərisində
Nizaminin yerini ən uca tutur,
onu öz ustadı hesab edir. Bu haqda əsərin
yazılma səbəbi
olan fəslində şair deyir:
Bilirəm ki, İsa dəmli
böyük şair Nizami,
Bu üslubda xətm
elədi hər sözü, hər kəlamı.
Məsnəvidə o, misilsiz incəliklər
yaratdı,
O ustadın məharəti məsnəvini ucaltdı.
O, təfəkkür meydanında
at oynadan zamanda,
Fələk özü geri qaldı şairdən bu meydanda,
Onun təbi möcüzələr
yaradarkən sahirtək,
İdrak onun qarşısında durdu təzim edərək.
Misilsizdi
xəyalının yaratdığı
hər əsər,
Allahın öz vergisiydi Nizamidə bu hünər.
Bu sənətdə bir söz varsa Nizamiyə məxsusdur,
Başqa sözlər əfsanədir,
solğun, cansız, ruhsuzdur.
O şairin hər kəlamı bir hikmətdir, mətindir,
Ona qarşı
dura bilib bir söz demək
çətindir.
Cəsarətim çatmır durum Nizamiyə
müqabil,
Buna görə ürək
edir başqa yola təmayil.
"Mehr və Müştəri" əsərinin
dünya kitab xəzinələrində əlyazma
nüsxələri çoxdur. Üç qiymətli
nüsxə də bizdə, Bakıda Əlyazmalar İnstitutunda
saxlanılır. Çox sevindirici
haldır ki, bu əsər məhz Bakı nüsxəsindən tərcümə
olunmuşdur.
Əsərin yazıldığı gündən bu qədər geniş şöhrət qazanmasına,
hələ orta əsrlərdə bir neçə dəfə türk dilinə tərcümə olunmasına,
onun təsiri ilə "Humay və Humayun", "Novruz və Gül", "Cəmşid
və Xurşid",
"Fəraqnamə", "Şah və Dərviş", "Sərv
və Gül",
"Mahmud və Ayaz"
kimi mənzum dastanların qələmə
alınmasına səbəb
nə idi və bunu necə
izah etmək olar? Əlbəttə ki, böyük
sənətkarlıqla yazılmış
bu əsərdə irəli sürülən
mütərəqqi, humanist ideallarla, öz dövrünün ictimai-siyasi
mənzərəsini çox
gözəl verən şairin xeyrin şərə, işığın
qaranlığa, düzlüyün
yalana, ədalətin zülmə qələbəsini
özünəməxsus ustalıqla
qələmə alması
ilə. Bütün
bunlara nail olmaqda şairin Azərbaycan şifahi xalq ədəbiyyatından bəhrələnməsi
göz qabağındadır
və bu bağlılıq özünü
əsər boyu hiss etdirir. Çox maraqlıdır ki, bu təsir qarşılıqlı
olduğundan sonralar
"Mehr və Müştəri" adlı
dastan da xalq arasında geniş yayılmış, onun məzmunu nəsrlə maraqlı nağıllar kimi yazıya köçürülmüşdür.
Orta əsr Şərq klassiklərindən Əbdürrəhman
Cami kimi böyük bir şair və ədəbiyyatşünas "Mehr və Müştəri"
poemasını oxuyub demişdir: "Bu şəxs
təbrizlilərin üzünü
ağartmışdır. Bu
bəhrdə, bu gözəllikdə əsər
yaratmaq hər kəsin işi deyildir".
Həqiqətən, əsər çox maraqlı konfliktlər üzərində qurulmuş
mürəkkəb və
ziddiyyətli süjet
xəttinə malikdir. Şair Orta
əsr elmləri çərçivəsində çox dərin və əhatəli bilik nümayiş etdirir. Əsərdə
iştirak edən surətlərin demək olar ki, hamısının
Günəş sistemi,
bürclər və ulduzları təmsil etməsi və Mehrin başqa surətlər içərisində
mərkəz mövqe
tutması Günəşin
mərkəz olduğunu
təsdiq edən heliosentrik sistem nəzəriyyəsini tədqiqatçıların
da təsdiq etdiyi kimi ədəbi vasitələrlə göstərmək
deməkdir. Nə qədər də
maraqlı bir faktdır ki, məşhur polyak alimi Kopernik bu fikrə "Mehr və Müştəri"
poeması qələmə
alınandan iki əsr sonra gəlmişdir.
Əsərdə yadda qalan qadın surətləri var. Onlar öz təmiz
əxlaqları, ismət
və ləyaqətləri,
mehribanlıqları və
xeyirxahlıqları ilə
diqqəti cəlb edir, oxucuda hüsn-rəğbət
doğurur.
Gözəl təbiət təsvirlərinin
rəngarəngliyi, Orta
əsr məişət,
toy mərasimlərinin canlı
təsviri də, biz deyərdik ki, əsərin oxunaqlığını
qat-qat artırır.
Dahi Nizaminin "Xosrov və Şirin" poemasının bəhrində
üç bölümlü
qısa həzəc bəhrində yazılmış
bu əsərin müasir Azərbaycan oxucusunu nəzərə alaraq on beş
hecalı heca vəznində tərcümə
olunması orijinalın
bədii ruhunu, sənətkarlıq xüsusiyyətlərini
saxlamağa tam imkan vermiş və demək olar ki, tərcüməçi
öz istəyinə
nail ola bilmişdir.
Əlbəttə, qısa bir yazıda
bu əsər haqqında ətraflı söz demək çətindir. Belə əsərlər haqqında
yazılan böyük
monoqrafiyalar da bəzən
əsərin tərənnüm
etdiyi ideya və ideyaları oxucuya tam çatdırmaqda
vasitə ola
bilmir. Əsərin məzmun və
bədiiliyini bütün
çalarları ilə
dərk etmək üçün onu oxumaq lazımdır.
Yalnız oxumaq! Necə ki, şair
özü öz kitabı haqqında deyir:
Diqqət
ilə, yorulmadan aç oxu bu
kitabı,
Sən burada tapacaqsan hər suala cavabı.
Əkrəm BAĞIROV
Ədəbiyyat qəzeti.-
2022.-19 fevral.- S.9.