Jurnalistin ədəbi debütü
Jurnalistikada
böyük nüfuz sahibi Əflatun Amaşov "Ulduz"un builki ilk nömrəsində çıxan
"Qanıq, Hasan, bir də Qaragöz"ü ilə ədəbiyyata
gəldi. Və bu gəlişin həm müəllif,
həm də ədəbiyyatımız üçün
uğurlu olacağına zəmanət verən bir sıra səbəblərdən
birincisi Əflatunun ədəbi sözlə işləmək
stixiyası, yaxud mədəniyyətidir ki, özünü
indiyə qədər də çoxsaylı məqalə,
çıxış və müsahibələrində yetərincə
göstərmişdir. Romanda isə bu
istedad, təbii ki, janrın açdığı imkanın
daha geniş miqyaslarında təzahür etməklə onun təhkiyeyi-
kəlamının hansı zəngin mənbələrdən
gəldiyini də müəyyənləşdirməyə (və
beləliklə, ədəbiyyata təsadüfən gəlmədiyinə
əmin olmağa) əsas verir.
"Qanıq, Hasan, bir də Qaragöz"ün bədii
strukturu, əslində, mürəkkəb olduğu kimi,
süjeti də çoxşaxəlidir. Ancaq görmək çətin
deyil ki, bütün hadisələr sanki şüadır, bir
nöqtədən yayılır... Və bu mistik-mifoloji
nöqtəni həyat dediyimiz təzahürün istinad
nöqtəsi kimi təsəvvür (və təsvir) etməyə
çalışan yazıçı həmin təzahürün
(həyatın!), demək olar ki, bütün surətlərini
- mələkləri, insanları, cinləri, heyvanları... Qoşa Qar həndəvərində yerləşdirir.
Elə bu müqəddəs məkanın kəramətindəndir
ki, it özünün canavar, inək isə maral mənşəyinə
qayıdıb, təbiətin təkamül harmoniyası
pozulduğuna, ona aşırı istehlakçı münasibət
göstərildiyinə görə insan məhşər
ayağına çəkilir.
Əlbəttə,
Əflatunun izlədiyi ideya-estetik motivləri ədəbiyyata
keçən əsrin sonlarında onun böyük sələfləri
Çingiz Aytmatov, İsa Muğanna, Yusif Səmədoğlu,
Mövlud Süleymanlı... gətirmişlər. Ancaq mənə elə gəlir ki, "Qanıq,
Hasan, bir də Qaragöz" müəllifi sözügedən
ədəbi axtarışlar daxilində tamamilə orijinal,
özünəməxsus, eyni zamanda ona görə daha ədəbidir
ki, onun əsərində ideologiyadan asılılıq ideoloji
tendensiya yox kimidir. Əvəzində isə
insan təbiətinin, bir növ, hansısa mistik qüvvələrinin
təsiri ilə əvvəlcədən müəyyənləşdirilmiş
(və çox zaman səbəbinin daha dərin köklərdə
olduğu güman edilən) elə məqamları ön plana
çəkilir ki, onları anlamaq üçün mistisizmlə
naturalizmin mükaliməsi tələb olunur. Doğrudur,
Əflatunun təhkiyəsi etnoqrafik boyalarının zənginliyinə
görə Mövlud Süleymanlıya bənzəyir, ancaq
onun obrazları mənə o baxımdan təhkiyənin təsirindən
daha azad təsiri bağışladı ki, bu obrazlar (Hasan,
Qoja, İmamalı kişi, yaxud Qanıq, Qaragöz...) mətnə
hazır şəkildə, yəni tektoloji olaraq şərtlənmədən
müstəqil ideyalar kimi daxil edilirlər. Məsələn,
sinfi mübarizə eyforiyası ilə ağlını
itirmiş kənd camaatı hər cür güzəştə
hazır olan ("təki onu ucuz tutmasınlar, hörmətini
saxlasınlar; kolxoza da girəcəkdi, olan- olmazını da
verəcəkdi"...) İmamalı kişinin qəsdinə
elə durur, onun nəslini kəsmək üçün elə
səfərbər olur ki, bunu qəzavü qədərdən
başqa heç bir prinsiplə anlamaq olmur. Yaxud Hasanın
göz yaşlarının müşayiəti ilə
Qaragözün kəsilib satılmaq üçün
dükana göndərilməsi, hər nə qədər
"bankdan aldıqları kreditin vaxtı keçdiyindən və
Urusetdən hələ pul göndərilmədiyindən
yana" olmasıyla "izah" edilsə də, eynən
İmamalı kişinin başına gələnlərdəki
kimi, nə hadisələrin təbii axını, nə də
insan iradəsilə şərtlənməyən
olaylardır.
Əflatun özünün insan (və cəmiyyət) fəlsəfəsində
o yerə gəlib çıxır ki, yer üzündə
(ümumən kainatda) bir-birinə təsir edən paralel
dünyalar mövcuddur. Həmin təsirlər bəzən o dərəcədə
həlledici olur ki, dünyalardan birinin harmoniyasına xələl
gəlir... O zaman hərcmərclik, faciələr,
insanların siniflər, tayfalar, zümrələr şəklində
üz-üzə dayanması baş verir. Və belə vəziyyətlərdə
cəmiyyət təbiətin işinə
qarışdığı kimi, təbiət də cəmiyyətin
işinə qarışır - Qanığın,
Qaragözün şəxsində heyvan özünü o dərəcədə
insan kimi aparmağa başlayır ki, bəzi insan hərəkətlərinin
heyvaniliyi heç bir şübhə doğurmur:
"Xəyalına gətirdi ki, Faxralının
ortasında adamlar onun kiminsə qabağından
qaçmasına şəbədə qoşub
gülüşürlər. Arxadan gələn adam:
-
Qolçomaq köpəkoğlu, əlimdən qaça bilməzsən,
təslim olmasan, qardaşın kimi səni də gəbərdəcəm,
- deyə var gücü ilə qışqırdı"...
Faxralının ortasında adlı- hüfuzlu İmamalı
kişini təhqir edən "kommunist Şərifov", əslində,
şeytan törəməsidir - "paralel dünya"nın "adam"ıdır, cəmiyyətin
normal hərəkətinə mane olan, təfriqə yaradan məxluqdur.
Onun on illərlə təqdir (və illərlə tənqid
olunan) sinfi mübarizə, "yeni cəmiyyət"
quruculuğu anlayışına ümumiyyətlə dəxli
yoxdur... Yazıçı açıq kontekstdə yox, məhz
əsərin ideya-estetik qayəsi ilə göstərir ki, cəmiyyətdə
harmoniya (və tərəqqinin) ifadəsi həmin cəmiyyətlə
"yaşıd olan" İmamalı kişidir... O
İmamalı kişi ki, ucuz tutulmamağın
qarşılığında nəinki var- yoxunu "yeni
hökumət"ə bağışlamağa, naqanında
saxladığı son gülləni ucuz tutulacağı
müqabilində öz başına vurmağa da hazır idi.
Ancaq həyatın gərdişi kimi "Qanıq, Hasan, bir də
Qaragöz" (ədəbiyyat!) müəllifi də
İmamalı kişinin tərəfindədir... "Bozqırı yaxına sürdü ki, Şərifovu
boğazlayıb atdan salsın. Nəfəs-
nəfəsə dəyəndə qulağının dibində
güllə səsi eşitdi. Sol çiynində hiss
etdiyi ağrı getdikcə şiddətləndi.
- Sənə
güllə də heyifdir, - deyib İmamalı kişi
belindəki xəncəri bir göz qırpımında
qınından sıyırıb Şərifovun qarnına
yeritdi...
Sonra heç nə olmayıbmış kimi atın
başını buraxdı".
İmamalı
kişi bir nəslin (cəmiyyətin!) məsuliyyətini
daşıyan ağsaqqal olaraq öz missiyasını onunla
başa çatdırır ki, sovet sərhədçilərilə
vuruşa-vuruşa öz köçünü Arpa
çayından keçirib Qarsda məskunlaşır, ölən
ölür, itən itir, qalansa qalır...
İnsanın
cinlə, şeytanla, mələklə... izdivacı "Dədə
Qorqud" eposundan bəri ədəbiyyatın maraq dairəsində
olmuş, ancaq bu, bir qayda olaraq, təhlükəli iz qoyan
anomaliya kimi təqdim edilmişdir... Azərbaycan eposundan
qaynaqlanan "Qanıq, Hasan, bir də Qaragöz"də də
insan ələ keçirdiyi cinlə əməlli
başlı, el adətincə toy edib evlənir:
"Toy qapısında iki mağar qurulur. Birinə
heç kimi buraxmırlar ki, qız tərəfi - cinlər
özləri şənlənsinlər. Sara
isə ağ ipəkdən hazırlanmış uzun,
qaraçılar sayaq zınqırovlu paltarı ilə hər
iki tərəfdə süzür".
Toyun səhəri günü məlum olur ki, Sara
üstünə taxılmış sancaqdan qurtulub gecə
qaçıb.
Başına hava gələn Vəli isə hər yeri gəzərək
onu axtarır... "Gecəli-
gündüzlü iri daşları təkbaşına divar
kimi düzüb, Qurd ölən Yerdən Cinli dərəyə
darvaza da qoyubmuş. Həmin darvazaya vaxtlı-vaxtında
qətran da sürtürmüş ki, Sara gəlib keçəndə
onu tuta bilsin... Vəli Saranı son dəfə
Göy Qayanın insan ayağı dəyməyən zirvəsindən
ona əl eləyən görmüşdü". Bunun səhəri günü Vəlinin meyitini
tapıb dəfn edirlər. Və çox
keçmir ki, onun qəbri üstünə bir körpə
qoyulduğu məlum olur. Vəli ilə
Saranın övladı olan həmin körpəni nənəsi
(Vəlinin anası) "Tanrı, kəramətinə
şükür! Mənə balamın amanatını
göndərdin deyib, evinə aparır... Və
"o da həddi-büluğa çatandan sonra uzun qış
gecələrinin birində evə qayıtmamışdı.
Getməmişdən deyirmiş ki, onu
sarısaç bir qız çağırır. Çox axtarmışdılarsa da, gördüm deyən
olmamışdı". İnsanlarla cinlər
arasındakı izdivacdan nə cin yarıyır, nə də
insan.
Yeri gəlmişkən, Əflatun ədəbiyyata həm
yeni bədii antroponimiya, həm də yeni bədii toponimiya gətirir
ki, bunlar bir tərəfdən qədim (və ruhi-mənəvi
aləmi son dərəcə zəngin!) Borçalı
mühitinin təsiridirsə, digər tərəfdən,
müəllifin etnoqrafik yaddaşının hər cəhətdən
mütəşəkkilliyinin faktıdır.
Əsərin oxuculara təqdim olunan birinci kitabı
Qarsdan dədə-baba yurduna gələn gənc
Güllünün hava limanında qarşılanması ilə
başlayıb Qoşa Qardakı yaylaqda Hasanla söhbəti ilə
bitir. Və
bu "söhbət" də fövqəlbəşər aləmin
maraqları hüdudunda baş verir... "Güllü
saçaqlarını çəkib getmək üzrə idi.
Mələk özünün lətif
qanadlarını Qojaya aram-aram toxundurduqca içində
baş qaldıran istilik Qojanın bədəninə
yayılırdı və o, yavaş-yavaş Hasana
dönürdü. Getdikcə mələyin səsi
Güllünün səsinə, görkəmi
Güllünün görkəminə çevrilirdi... Bu minvalla zaman öz işini görürdü,
divardan asılan VEF radiosunda verilişlər bir-birini fasiləsiz
əvəzləyirdi. Güllü də,
Hasan da gecənin əsiri olacaqdı.
Şeytanlar,
İblisin balaları, köməkçiləri kənarda
xısın-xısın güdük çəkirdilər"...
"Qanıq, Hasan, bir də
Qaragöz"ün birinci kitabı Əflatunun
yazıçı qələminin qüdrətinə heç
bir şübhə yeri qoymadığı kimi, romanın
ikinci, üçüncü... kitablarına da bəri
başdan böyük maraq yaradır.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-
2022.- 19 fevral.- S.10.