Suzanbağı
Suzanbağı Günəşin ən ərköyün
və tərs, inadcıl övladı idi. Günəş
onu lal axan çayın dibindən tapıb üzə
çıxarmışdı, qızılı köynəyindən
keçirib öz balası eləmişdi. Suzanbağı arada günəşə
peşmançılıq yaşadırdı; tovuzquşu
hörümçəyi suzanbağının
sağına-soluna keçib onu yoldan çıxarır, ətrafında
tor hörüb onu günəşdən təcrid edirdi.
Buna suzanbağı özü rəvac verirdi.
Hörümçəyin qeyri-adi gözəlliyi
suzanbağını sehrləmişdi: hörümçək
sanki belinə rəngli kəmər qurşamışdı və
bununla da öyünürdü. O da suzanbağına
vurulmuşdu, suyun üzərində ürək formasında
görünən yamyaşıl bitkinin sinəsindəki
naxışa bənzəyən ağ
çiçəklər hörümçəyin
ağlını başından almışdı... Bu sevginin arxasında nəsə xoşagəlməz
bir niyyət gizlənirdi. Suzanbağı isə sevgisində
təmənnasız idi...
Günəş bu izdivaca heç razı deyildi. Suzanbağı
lilli suyun içindən üzə
çıxmışdı, bataqlığa müqavimət
göstərə-göstərə gözəlliyi ilə
suyun üzünə hakim olmuşdu. İndi
sanki qara dəlikdə çırpındığı
günləri büsbütün unutmuşdu. Günəşi eyninə almırdı. Tovuzquşu hörümçəyi isə bu gözəlliyi
tora salmaq istəyirdi, çünki suzanbağının cazibəsi
onun hüsnünü kölgədə qoyurdu. O öz
gözəlliyi ilə öyünə bilmirdi. Hörümçək
işini o qədər məharətlə görürdü
ki, suzanbağı ətrafında tor
hörüldüyünü hiss etmirdi.
Suzanbağı səxavətlə çiçəklərini
hörümçəyin ixtiyarına vermişdi. Hörümçək
xəbiscəsinə bu gözəlliyi buxovlayır, onu
hamıdan gizlətməyə çalışırdı.
Arada al dil ilə suzanbağının başını
qatırdı:
- Sənə
çətir hörürəm ki, günəşin istisi səni
yandırıb külə döndərməsin. Burada ikimiz asudə yaşayarıq. İstəsən, quş olarsan, quşlar kimi civildəyərsən,
mən də sənə züy tutaram. Bax,
cibimdə tütəyim də var.
Tovuzquşu hörümçəyi böyründən əcaib
bir çubuq çıxarıb suzanbağıya göstərdi. Suzanbağı
düşündü ki, axı onun səsi yoxdur, necə oxuya
bilər? Yaxınlıqdakı şam
ağacının budağında bir dələ oturmuşdu və
bu həngaməni kənardan seyr edirdi. Hörümçəyin
suzanbağıya torba tikdiyini anlayırdı və nə yolla
olur-olsun, ona mane olmaq istəyirdi. Uzun-uzadı
düşündükdən sonra qolaylanıb iri bir qozanı
hörümçəyə atdı. Qoza
hörümçəyin belindən dəydi, qəfil zərbədən
qıvrılıb böyrü üstə düşən
hörümçəyin sapları qırıldı. Dələ
sevincək əllərini bir-birinə sürtdü: "Bəs
bilmirdin ki, başqasına quyu qazan özü düşər?
Di get, ağlın başına gəlsin!".
Hörümçəyin fəryadı
suzanbağının qəlbini qana boyadı, ona necə
kömək edəcəyini bilmədiyindən yerindəcə
çırpınmağa başladı, ləçəkləri
qopub suyun üzərinə səpələndi. Şam ağacının
budaqlarından bir çığırtı qopdu:
- O səni
məhv etmək istəyir, Suzan. Onun kələklərinə
aldanma. Sənin gözəlliyin onu məhv
edir, o istəyir ki, ondan başqa gözəl olmasın. Sən ona mane olursan, başa düşürsən?
Suzanbağı ərtafa boylandı və budaqda sərvaxt
oturmuş dələni gördü. İncik halda dedi:
- O
yazıq deyil? Niyə belini qırdın?
Dələ
qeyzləndi:
- Bəs
sən yazıq deyilsən? O sənin ətrafında tor qurur,
səni günəşdən, bütün dünyadan gizlətmək
istəyir. Görürsən, günəş də
səndən küsüb, daha sənin tərəfə
şüa saçmır. Sən uzun
mübarizədən sonra palçığın içindən
boy atıb suyun üzərinə çıxmısan. O
isə heç bir əziyyət çəkməyib,
işi-gücü ona-buna tor qurmaqdır. Bəs
öz əziyyətinə heyifin gəlmir? O yaxşı
dost deyil, Suzan!
Suzanbağı uzun-uzadı fikrə daldı. Sanki yuxuda idi,
dələnin sözləri onu ayıltdı. Amma ürəyində hələ də tovuzquşu
hörümçəyinə inam qalırdı. Dostunun hiyləgər təbəssümü
gözünün önünə gəldi. Hörümçək hər dəfə
suzanbağının ətrafında dolaşanda suyun
üzündə dümələnə-dümələnə
o tərəf-bu tərəfə üzən qazlar
çığırtı qoparırdılar. İndiyə qədər heç onların
hay-küyünə fikir verməmişdi. Hətta
bir dəfə qazlar hörümçəyə hücum
çəkmişdilər. Onda suzanbağı hiddətlənmişdi:
"Bir bunların harınlığına bax! Üstümüzə
xoruzlanırlar. Buna görə o,
qazları heç sevmirdi. Onlar suyun üzərində
görünəndə qaşqabağını sallayırdı.
İndi onlar qol-qabırğası
qırılmış halda bir kənarda uzanıb
qalmış hörümçəyə baxıb sevinirdilər. Suzanbağı
onlara acıqlanmaq istəsə də dələnin sözlərini
xatırlayıb fikrindən vaz keçdi.
Ana qaz
suzanbağıya tərəf üzüb nəvazişlə
dilləndi:
- Sən
dostunla düşmənini tanımırsan. Bu
ziyanəvərin səni gözü götürmür. Sənin yaraşığını, gözəlliyini
həzm edə bilmir. Ona görə də
səni aldadıb tora salmaq istəyir. Sən
də sadəlövhcəsinə ona inanırsan. O,
haqlı cəzasını alıb. Ona ürəyin
yanmasın. Bax, sənin kəmərini də
oğurlayıb, heç xəbərin olmayıb.
Suzanbağı baxdı ki, belindəki yaşıl kəməri
yoxdur, donub qaldı. Bu necə ola bilərdi? Hörümçək bunu necə etmişdi?
- O,
çoxbilmişdir. Heç Herkules İppolitdən
kəməri oğurlayanda belə cəsarətli deyildi.
Gör səni necə hipnoz edib ki, kəmərini belindən
açanda bunu hiss etməmisən, - Ana qaz canıyananlıqla
dilləndi.
- O, dərrakəli
axmaqdır. Belələrinə gicəbic deyirlər.
Ağlı müəyyən yerə qədər işləyir,
anlamır ki, Günəşin uşaqlarına qalib gəlmək
olmaz, - ata qaz müdrikcəsinə əlavə etdi.
Suzanbağı o qədər saf, təmiz qəlbli idi
ki, tovuzquşu hörümçəyinin ona xəyanət edə
biləcəyi ağlının ucundan da keçməmişdi. Bataqlıqdan
çıxan bu sular sonası öz gözəlliyinə də
laqeyd idi, əksinə, tovuzquşu hörümçəyinin
gözəlliyini ürək genişliyi ilə tərif edirdi.
Xəbis hörümçək isə onu məhv
etmək üçün ağlında cürbəcür
planlar qururdu.
Günəş
dələyə təşəkkür etdi:
-
Çox sağ ol, dələcan. Sən mənim suzanbağımı böyük bir
fəlakətdən xilas etdin.
Dələ heç nə olmamış kimi budaqda
kürəyi üstə uzanıb əllərini
başının altına qoymuşdu.
- Bu nə
sözdür, Günəş qardaş? Buralarda
vəziyyətə mən nəzarət edirəm. Mənim icazəm olmadan kimin həddi nədir,
cızığından çıxsın? O dəqiqə
cəzalandıraram! - bunu deyib quyruğunu
yellədi.
Günəş razılıqla gülümsədi.
Bütün
keçmişi suzanbağının gözü önündən
gəlib keçdi; lilli suyun dibində gözünü
açanda dünyanın eləcə sudan
ibarət olduğunu zənn etmişdi, amma onunla birgə
doğulan instinktləri ona pıçıldayırdı ki,
sən hələ suların bətnindəsən, sənin
doğuluşun suyun üzünə çıxanda baş verəcək.
Suzanbağı su ananın bətnində
mübarizə aparmağa başladı, ətrafı
palçıq və çay daşlarıyla dolu idi, kürəyini
bu daşlardan birinə dayaq verib sürünməyə
başladı və əldə etdiyi bu kiçik uğur onu
sevindirdi. Həyat suyun üzündə
ilğım kimi sayrışırdı. Su
öz yaddaşını balasına
ötürmüşdü, bu yaddaş onun üçün
yol xəritəsi idi, sularda yaşayan bütün canlılar
bu xəritədən istifadə edirdilər. Balıqların, su ilanlarının işi asan idi,
onların həyatı suyun dərinliklərində
keçirdi, suzanbağı isə uzun bir yol qət edərək
suyu yarıb gün işığına çıxmalı
idi. Tale onun zərif çiyinlərinə
olduqca ağır yük qoymuşdu. Bu, həyatın
əlifbası idi; yaşamaq üçün mübarizə
aparmalısan, əks halda arzuların, ümidlərin suyun
dibində qalacaq. Suzanbağı bu həqiqəti
hələ suyun dibində ikən dərk etmişdi.
Gün işığıyla Ay şüası hələ
çox yuxarıda idi, yuxarı boylananda suyun səthində
arabir onların zəif nişanələrini
görürdü. Boyu onu o işığa doğru çəkirdi, nazik,
yaşıl damarlarında qanı qaynayırdı, hiss edirdi
ki, gövdəsi ətrafa şirə buraxır və bu
şirə onu suyun təzyiqindən qoruyur. Özü
də bilmədən maneəsiz boy atması üçün
müdafiə çənbəri yaradırdı.
Tovuzquşu hörümçəyi şəriksiz
gözəlliyi ilə ətrafa meydan oxuyurdu. Lakin bu gözəllik
sanki yarımçıq idi, onda nəsə
çatmırdı. Çılpaq
gövdəsi qollarını saxlamaqda aciz idi,
hörümçəyin qolları çox idi deyin, beli
ağırlığa tab gətirməyib sağa-sola əyilirdi.
Bu da onun əndişəsini
artırırdı, lakin taleyilə barışmaqdan özgə
əlacı yox idi. Hər gözəlin
bir eybi olar, deyiblər. Bu da
hörümçəyin yeganə eybi idi ki, gözəlliyinə
azca kölgə salırdı.
Suzanbağı suyun üzərində ada kimi dikələndə
tovuzquşu hörümçəyi əvvəlcə təəccüb
etdi, nə baş verdiyini anlaya bilmədi. Bitki günbəgün boy
atıb ağ çiçəklərini ətrafa
düzdükcə hörümçəyi həsəd hissi
bürüdü, anladı ki, daha heç kim ona nəzər
salmayacaq, hamı suzanbağının tamaşasına duracaq.
Suzanbağı yaşıl gözəlliyi ilə
suyun üzünü bəzəməkdə idi. Onun paxıllıqdan, kindən və dünyanın
bu kimi xəbis işlərindən xəbəri yox idi.
O, dünyanın gözəlliyini bir az da
artırmaq istəyirdi.
Suzanbağı dünyaya gözünü açanda ilk
dəfə Günəşi gördü. Günəş onu
salamladı:
-
Dünyaya xoş gəldin, sular sonası!
Bu söz ona xoş gəldi, canına qəribə bir
istilik yayıldı. Günəşə gülümsədi.
- Mən
sənin atanam, Su isə anandır, sən bizim sevimli
övladımızsan, - Günəş nəvazişlə
dilləndi.
Onun Günəş kimi güclü, Su kimi təmiz
anası vardı, suzanbağı valideynləri ilə
qürur duydu.
Günəş onu o biri övladlarından daha çox
istəyirdi, çünki çiçəklər torpaqda
bitmişdi, suzanbağı isə Sudan olan övladı idi,
çətinliklə doğulmuşdu və gözəlliyi də
hamıdan artıq idi.
Tovuzquşu
hörümçəyi uzun-uzadı düşündükdən
sonra suzanbağı ilə dost olmaq qərarına gəldi. Məqsədini yalnız bu yolla həyata keçirə
bilərdi. Suzanbağı böyründə
qəribə bir məxluq görüb sevindi, sadəlövhcəsinə
ona mehribanlıq göstərdi. Hörümçək
şirin dilini işə salıb onu söhbətə çəkdi
və beləcə, dostlaşdılar. Suzanbağı: -
Sən yanımda olanda darıxmıram, - dedi.
Hörümçək bu sözdən məmnun oldu. Onun
suzanbağının rəngli kəmərinə gözü
düşmüşdü, onu necə oğurlamağın
yolları haqda düşünüb-daşınırdı.
Bir gün gecə yarıdan keçəndə
suzanbağı şirin yuxuda ikən onun kəmərini
oğurlayıb belinə taxdı. Suyun
güzgüsündə bir xeyli özünü süzdü.
Özündənrazı halda gülümsədi.
Bu kəmər hörümçəyin gözəlliyini birə
beş artırdı. Ay bu oğurluğa
şahid oldu.
Suzanbağı
öz gözəlliyinə arxayın idi deyin, heç belindəki
kəmərin yoxa çıxmasını da duymadı. Amma
tovuzquşu hörümçəyinin bir az
da gözəlləşdiyinin fərqinə vardı,
düşündü ki, vaxt keçdikcə təbiət onun
da hüsnünü cilalayır. Amma şam
ağacındakı dələ, suzanbağının dövrəsində
halay vuran qazlar, göydəki Günəş və Ay hər
şeydən xəbərdar idilər.
Suzanbağının xəyalları suya
düşmüşdü, özünü aldanmış,
kimsəsiz hiss edirdi. Günəş atalıq qayğısını ondan əsirgəmədi,
şüa əlləriylə başına sığal
çəkdi:
-
Heç o xəbis, özündənmüştəbeh
hörümçəyə görə bu qədər qəm
çəkməyə dəyərmi? O səni bizdən
ayırmışdı, sənin gözəlliyini qarət etmək
istəyirdi. Dələnin fərasətinə əhsən! O
ziyanvericinin cəzasını verdi.
Ətrafına boylan, gör sənin nə qədər
qardaş-bacıların var!
Suzanbağı başını qaldırıb
çəmənliyə sarı boylandı, rəngbərəng
çiçəklər ona əl yelləyirdi...
Kənan
Hacı
Ədəbiyyat
qəzeti.- 2022.- 19 fevral.- S.13.