Yasəmənli yuxular

 

"...Ancaq Paraklet gələndə səni bütün həqiqətə yönəldəcək. Çünki öz-özünə danışmayacaq. O, nə eşitsə, deyəcək və gələcəkdən xəbər verəcəkdir".

 

(Yuhanna, Bab16, ayə:13)

 

Günəşin şüaları gözlərimi qızdırırdı... Nədənsə, oyanmaq istəmirdim. Yuxularıma qayıtmağı arzulayırdım. Dünyada yaşadıqlarım ürəyimə, beynimə, ruhuma ağır təsir etmişdi. Ağzıma qədər dolmuşdum. Hər an daşacaqdım. Bəzən intihar ən doğru seçimdir deyirdim. Nəsə olsa intihar edərəm deyirdim öz-özümə. Bunu belə unudulmamaq üçün etmək istəyirdim bəlkə də. Bəzən "Alacaqaranlıq"dakı kimi adrenalinli şeylər etmək keçirdi könlümdən, bəlkə də itmiş məni, görərəm deyə, yoxsa itirdiyim mənimi deməliyəm bilmirəm. İtirmək... itirə-itirə yüksəlmək, böyümək, ölmək... İtirmənin ağrısı, uzaqlaşana doğru böyüyən istəmə daha çox arzulama ehtirası... Bir vaxtlar sənin olana qarşı duyulan darıxmaq hissi...

Yasəmən ağaclarının çığırtıları ilə dolub daşan yuxularım, ağrılı röyalarım məni özünə tərəf amansızca dartırdı. Ağlar antidepresantlar, sedativ tərkibli dərmanlar qəbul edib yatmaq istəyirdim. Dünyanın, dünyamın dəyişən nizamını dərk etmirdim. Məişət qayğılarım, sosial rifahımı təmin edəcək uydurmalarımla keçən saatlarım... Hər dəfə qarşıma qoyduğum məqsədlərim, aşdığım dağlarım... Hər çatdığım məqsədin, reallaşan arzumun ardında gizlənən daxili sızıltılarım. Xoşbəxt ola bilməmələrim. Bilirdim artıq hər şey dəyişəcəkdi. Bundan sonrası bundan əvvələ qətiyyən bənzəməyəcəkdi. Yuxularımdan dünyaya uzanan körpünün üzərində dolaşan başıpozuq ruhumun rahatlığa qovuşması lazım idi. Ya o tərəflik, ya da bu tərəflik olmalı idim. Bilirdim ki, hər gün dəyişirəm. Texnologiyanın hər zərrəmə hakim olduğu dünyada mən sentimental abdal kimi dolanırdım. Tutmuşdum yuxularımın gümüşü kəndirindən, sürünürdüm daxilimdəki boşluğu dolduracaq ümidin arxasına.

İnsan kimdi? Mən kiməm? Bir gün insan dərk edəcəkdi əslində nə üçün dünyaya göndərildiyini... Dünya ilğımvari ekzotikası ilə ruhumuzu əsirlərdir özünə əsir edir. Keçici gözəlliklərə aludə ruhumuz xəstələnib. Süstləşib ruhumuz. Gözlərimiz çuxurunda böyüyüb. Rəngimiz avazıyıb. Dizlərimiz taqətdən düşüb. Qulaqlarımızın biri durmadan cingildəyir. Biri bizi çağırır... Tanrımı? Bubulularmı? Şeytanmı? Xaronmu?

Xaronu da bezdirmişdi bəlkə də Tanrı...

Tanrı kifayət qədər hakimiyyət sürməyibmi? Sıra bizdə idi bəlkə də. Boşunamı yaradılmışıq? Doğulub, yetkinləşib, yeyib, sekslə məşğul olub, çoxalmaq və ölmək üçünmü?

Tanrı ilə yeni bir oyun başladılmışdı. Bunu insanlar yox, Bubulular həyata keçirirdilər. İnsanın sevdiyi hər şeyi, bütün gözəllikləri yavaş-yavaş yox edərək həm də. Tanrılogiya elə bu idimi? Tanrı da yaratdığı ən gözəl, ən məsum şeyləri bu cür məhv etmirdimi? Bir körpənin canına susamırmı? Ya da körpəni əfv etdikdə anasını ağuşuna dartmırmı?

"Nə bəxtiyardır sülh carçılarına!

Çünki onlar Tanrının oğulları adlanacaqlar".

Maqdalalı Məryəmlə tər içindən sevişdikdən sonramı söyləmişdi bunu İsa?.. Niyə katoliklər sevilməyə layiqli nəzəriyyəsini fahişə və həyat yoldaşı kimi iki koteqoriyaya bölürdülər. Biri xəyanət, digəri sədaqət, biri zəfər digəri məğlubiyyətmi?

Yuxuma girirdi hər gün İsa... Elə hey Çobanla danışırdılar...Ortaq yol yox idi... Mən idimmi meraca gedən, yoxsa İsa idimi mənə gələn?

"İsa: "Tanrı təkdir!".

Çoban: "Ah, bəli, əgər Tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün".

Yuxularımla beynimə bir nəqqaş ustalığı ilə işlənən kodlar məni zəhərləyirdimi?

Bubulularla keçirdiyim ekzotik dəqiqələr (yaxud saatlar) məni tanımadığım, iyini, dadını, əhval-ruhiyyəsini bilmədiyim bir boyutamı aparırdı?

Kim idi bu Bubulular?

Bubu planetin sakinləri idilərmi?

Yoxsa bir yığın mutantmı? Yoxsa bir beyin ilğımı, halüsinasiyamı... Çox gerçək idi yaşadıqlarım. Bunu hiss edirdim. "Paskalın qumarı"ı nəzəriyyəsini tətbiq edəcəyəm yuxularıma... Nəzəriyyəyə görə Allaha inanmaq inanmamaqdan daha sərfəlidir. Allah həqiqətən var olsa, sonsuz mükafatlar qazanacaq, mövcud olmadığı təqdirdə isə heç bir itkimiz olmayacaq. Real dünyadan qopuşlar yaşayırdım. Daxilən mənəviyyata, gözəlliyə olan meylim və həm də Tanrıya içimdəki qırğınlığım, qəzəbim... Yeni Tanrımı yaradılacaqdı? Tanrını insanmı yaradacaqdır? Bu dəfə oyun tərsinəmi olacaqdı?

Tanrımı insanı yaratdı, insanmı Tanrını?

Bubulular hansı idi? Tanrımı, insanmı, mutantmı?

Mən kim idim? Niyə mən? Mən də Xaron idimmi? Ruhların keçidində dayanan bədbəxt Xaronmu?

Yox, mən icra edə bilməzdim bu amansız vəzifəni... Xəyallarım var mənim... Doğrudan, hardadı indi onlar? Niyə artıq xəyal qura bilmirəm. Xəyal qurduğum hər şeyə axtarış çubuğu ilə asanca çatmırammı? Nəyə lazımdı artıq xəyallar... İnsan da, Tanrı da, Bubulular da gülmürdümü xəyallara... İnsan olmaq həm də xəyal qurmaq, darıxmaq, sevmək də deyildimi? Niyə getdikcə utanırdıq hisslərimizdən?

Yoxsa texnologiyanın belə sürətli inkişafı dünyanı, mənəviyyatı, mədəniyyəti çıxmaz girdaba sürükləyir?

Yoxsa xilas, doğrudan da, yüksək elmi nailiyyətlərdə, nanotexnologiya, metatexnologiyalarla gələcəkdi?

Tanrının taxtını fəth etmək istəyənlərə ağuşunu açacaqdımı o? Qəbul edəcəkdimi məğlubiyyəti?

Yoxsa onları yenəmi cəzalandıracaqdı?

Bircə qiyamətdəmi görünəcəkdi gözlərə? Onda da ən nəhəng dağıntı üçünmü? İnsanın qiyaməti nə zaman başlayır? Bütün bunlar əslində domino təsiri deyilmi?

"Yaxın Şərqdə İslam ölkələrində ərəb baharı adlanan siyasi-ictimai hərəkatlar buna gözəl nümunədir. 2010-cu ildə Tunisdə xalq üsyanı şəklində başlayan ərəb baharı bir çox ölkədə xalqın hökumətlərə qarşı üsyanı ilə inkişaf edərək Misir, Liviya, Yəmən, Suriya kimi ölkələrə də sirayət edib".

Bubuluların yaratdığı yeni sistem Tanrının milyonlarla əsrdir qurduğu nizamı pozacaq, dəyişdirəcək, metanəzəriyyəyə çevirib, idarə olunan edəcəkdi.

Bir növü Tanrı axır ki, etdikləri üçün cəzalandırılacaqdı. Bütün öldürülən uşaqların, ac qalan insanların, təcavüzə uğrayanların, haqqı yeyilənlərin intiqamı alnacaqdı ondan. Suallarımı yazmalı idim Tanrıya. Mən də olmalı idim onun məhkəməsində. Niyələrlə dolu sualların hədəfinə çevrilməli idi bəlkə də o böyük enerji...

Nə danışıram mən belə... Daxilimdəki böyük qaranlığı oyadırdı bu yuxular və mən hər gün bir az daha sürüklənirdim ona doğru. Yatmaq istəyirdim... Onları görmək onlarla dolanmaq, onlardan öyrənmək... Amma bircə yasəmənlərə dəyməyəydilər kaş...

Yasəmənlər mənim uşaqlığım idi... İlk şilləsini it laləsi deyilən, yanağında iri qara xal daşıyan o çöl çiçəyini dərdiyi üçün yemişdi Şəbnəm. Mən ilk dəfə onda qorxmuşdum. Gücsüz tək hiss etmişdim. Evdə danışmamışdıq bu məsələni... Zəif görünəcəkdik. Mən idim ən böyükləri. "Balıq başdan qoxar" deyəcəkdi yenidən "atalar"...

Lənətləmişdim o kişini... Həmin il ağır əzabla ölmüşdü. Sevinmişdim. Ölümə sevinmişdim. Hələ də ona nifrət edirəm bir yabanı çiçək üçün körpəyə qalxan əllərinə... Bəlkə də elə it laləsi lənətləmişdi onu... Mən inanırdım lənətlərə...

Qabil Habilin qardaşı olduğu kimi, Osirisin də düşməni və qardaşıdır. Ra ilk dəfə Misir torpağını işıqlandırandan bəri Xeyir və Şər bir-birinə meydan oxuyur.

Bir gül üçün nifaq, müharibə, nifrət yaranırdı...

Bəlkə də bütün gözəlliklərin məhvinə dair düşüncələrində haqlı idi Bubulular... Tanrı da belə etmirdimi? Mələklərin ən gözəlini lənətləmədimi? Bəs Liliti?

"Səndə heç bir təqsir yoxdu, allahlardır bunu edən.

Fəlakətli hərbə onlar göndərmişlər axeyləri".

 

***

 

Bubulular haqqında araşdırmalara başlamışdım. Yuxularıma enən bu varlıqlar Bubu planetinin sakinləri idilər. Harada idi bu planet?

Qədim kitablarda göydən enən qəribə varlıqlara tanrılar deyilirmiş. Sanskrit dilində onların əcaib gəmiləri "Vimanalar" adlanırmış. Arizona ştatının Hopi adlanan yerli əhalisi cənubdan parlaq kosmik gəmilərdə "Kaçina" adlandırdıqları insanlar tərəfindən gətirildiklərinə və "havadan idarə olunduqlarına" inanırdılar. Kaliforniyanın Paiuteləri arasında məşhur bir inanc var ki, onların torpaqları vaxtilə hava səyahəti edən "Havmusuvlar"ın vətəni olub.

Bütün bu oxuduqlarım kitabların unutduğu Bubuluların gerçək olduğuna dair məni ümidləndirməyə kifayət idi.

Bubuluların silsilə şəklində yuxularıma girməsi heç də sadə hadisə deyildi, yox, mən ağlımı qaçırmırdım. Yuxularım metagerçəkliklə real dünya arasında gümüşü körpü idi. Mən bu yuxularımda zarafatyana Gümüşlandiya adlandırdığım o bilinməzliklərlə dolu ormanlarda səyahət edərək, bubulularla fikir mübadiləsi aparırdım. Gümüşlandiyadan qayıtdıqda real dünya mənə maraqsız gəlirdi. Elm, texnika və din artıq beynimdə fərqli əks-sədalar yaradırdı.

Gümüşlandiya, yoxsa sən mənim beynimin içisən? Yoxsa, bütün dünyaya inad qaçıb öz beynimdə gizlənirəm... Yoxsa elə mən də Tanrıyam... Sən də mənim dünyamsan Gümüşlandiya... Səni mənmi yaratmışam... Başımı yazı masasına çırpıram. Beyimdəki Link (çip) implantını hiss edirəm. Nəsə səhv gedir silkinib özümə gəlməliyəm. Həyatım axmır.

Uçurum, bəli uçurum yaranıb hər şeylə mənim aramda...

Beynimin səssiz hayqırışları mənə deyirdi:

"Çünki röyada gördüyün uçurum, səni eylər bu feyzdən məhrum. Baş verir səndən öylə bir hərəkət ki, bütün xalq edər həman nifrət...".

Baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə insan beynində əmrləri qəbul edərək, şərh edərək və icra etməklə hökmlü olan linklər sanki qədim bir nəzəriyyənin aludəçisinə çevrilir. Özümə bütün dünyanı güldürəcəyəm, deyəsən... Mən mağaralarda gizlənib aydınlanmağı gözləyənlərə bənzəyirəm bu ruh halı ilə.

Bubulular məni keçmişə qaytarır sanki. Onların inkişaf adını verdikləri metanəzəriyyə modern elmin nəzəriyyəsi ilə üst-üstə düşmürdü. Hər şeyi sakitcə gizli-gizli edib insanlığı məhvə sürükləyən ölümbaşlarından fərqli olaraq, Bubulular dahamı qəddardırlar? Onlar bir kiralıq qatil soyuqqanlılığı ilə birbaşa üzümə qışqırırdılar lağlağılıqla gerçəkləri...

Bəlkə də Tanrılogiya elə insanlığın tək xilas yolu idi?

Tanrılogiyanı yaradanların nəzəriyyəsini qavramalı olduğumun fərqində idim. Bunun üçün Bubu əlifbasını, gizli elmləri və kodları öyrənməli idim. Ancaq Gümüşlandiyadakılar mənə nəyisə öyrətmək yerinə, insanoğlunu alçaldır və insanı vaxt itkisi hesab edirdilər.

Bəzən yaşadığım bu psixoloji təcrübələr məni vadar edirdi ki, dəli olduğuma inanım. Həmin saatlar kofein vururdum bədənimə. Bütün ağrılarımı uyuşdurub qaçırdım amansız yuxularımdan. Anlaq hissimi itirmişdim. Boyutlar və dünyalararası keçidlərdə itmişdim. Bu keçidlər yaddaşıma və psixologiyama mənfi təsir edirdi. Mən özümü idarə edə bilmirdim. Sirlər, müəmmalar, yenilikləri öyrənmə arzum məni ağuşuna çəkirdi. Kofeinli gecələrimdə özümü küçələrə atırdım. Do o gecələrimdən birinə aid idi. Sarışın bənizli Do...

Mən əslində heç vaxt belə təcrübə yaşamamışdım. Donu görər-görməz onda mənə aid bir şeylər olduğunu sezdim. Bu necə sezgi idi, məndən soruşma, əziz oxucu. Sən, oxucum heç qadağan olunmuş zonaya daxil olmusanmı?

Bax özümü elə hiss edirdim... Bütün məntiqimlə onu sevməyimin yanlış olduğunu qavrayırdım.

Tanrı ilə yeni bir oyun başladılmışdı. Bunu insanlar yox, Bubulular həyata keçirirdilər. İnsanın sevdiyi hər şeyi, bütün gözəllikləri yavaş-yavaş yox edərək həm də. Tanrılogiya elə bu idimi? Tanrı da yaratdığı ən gözəl, ən məsum şeyləri bu cür məhv etmirdimi? Bir körpənin canına susamırmı? Ya da körpəni əfv etdikdə anasını ağuşuna dartmırmı?

"Sən bütün bu incəliklərə qarşı həssas bir oxucusan, yazıçının niyyətini havada tutursan, gözündən heç nə qaçmır. Amma bəlli bir xəyal qırıqlığı da yaşayırsan, indi sən tam mövzuyla maraqlanmaq istədiyində yazıçı özünü çağdaş ədəbiyyat hünərlərindən birini sərgiləmək məcburiyyətində hiss edir və bir hissəni olduğu kimi təkrarlayır"...

Arabir düymələnən ipək qara köynəyinin altına uzanan boyunbağıdan gözümü çəkə bilmirdim. Boyunbağı, görəsən, halından məmnun idimi?

Bilirəm, əziz oxucu, istəyirsən Doya toxunum... Mənim də könlümdən əslində elə bu keçir...

Donun körpücük sümükləri bütün gün çöldə olurdu. Məncə, o özünü tanıyırdı, bu halıyla necə də, əsrarəngiz idi ilahi... Bunun fərqində idi. Mən ona baxanda oğrun-oğrun gülümsəyirdi. Ancaq bu baxışlarım uzun çəkmirdi. Çəkə də bilməzdi... Bu Reyə xəyanət olardı... Bunu üçümüz də istəməzdik.

Sən, oxucu, hələ Reni tanımırsan, "o da kimdir" - sualını eşidər kimi oluram. Öncəki səhifəyə qayıtma, əziz oxucu, Re ilə bağlı hər şey az sonra danışılacaq. Beynin qarışmasın... səbr et...

Link (çip) implantını hiss edirəm. Nəsə səhv gedir silkinib özümə gəlməliyəm.

Üçümüzün vəhdəti bu anlayışı qadağan zona elan edirdi... Bəs ayrı-ayrı? Fikrimcə, hamımız bunu arzulamırdıqmı?

Do ilə tanışlığım günün ən yorğun saatlarında, 18:00-19:00 arasında baş vermişdi. "Dostoyevski kitab kafe"yə tez-tez gedirdim. Məqsədim heç də çox vaxt kitab oxumaq olmasa da. Mən bura daha çox dərvişanə inzivalar üçün gedirdim. Yuxarıda dedim axı, bu ruh halımla ancaq onu etməyə həvəsim olurdu. Bu inzivalarımda qəhvə qabımda kamuflyaj etdiyim qırmızı şərabım mənə yoldaşlıq edirdi. Hər şeydən qopmağın nəzəriyyəsini yaşamaq, hiss etmək istəyirdim. Bura sakitlik idi... Özümü Norveçdə dolğun dənli taxıl tarlasında uzanmış, Khamsin küləyini saçlarımda hiss edirmiş kimi olurdum.

Harada qalmışdım, kitab üçün az insan səfərbər olurdu. Görünür, oxumaq heç kimə artıq lazım deyildi. Çiplər hər şeyi həll edirdi. Belə kafelər tamamilə nostalgiya hisslərini cəmiyyətə aşılamaq üçün yaradılmışdı. Bir növü muzeysayağı idi... Kitablar qorunmaya alınmışdı. Kitabları təhqir edənlər Cinayət Məcəlləsinin 666-cı maddəsinə əsasən 6 ay azadlıqdan məhrum edilirdi. Pul ilə kompensasiya etmək isə mükün deyildi. Ancaq keçmiş OY ölkəsi olsaydı, bəlkə də, bu mümkün olardı. Kitab oxumaqla bağlı aksiyalar keçirilirdi. İldə 5 kitab oxuyan insana metatexnologiyanın ən son naliyyətlərindən biri hədiyyə olunurdu. Həmin insanı isə süni intelektlər imtahan edirdilər. O, 5 kitab əzbər bilməli idi.

Bla, bla, bla...

Qayıdaq inzivamıza arada qəhvəni götürüb Bakıdakı Heydər Əliyev Center adlanan əsrarəngiz tikilinin yaşıl çəmənlərinə sərələnib gün batımını izləyirəm. Bu mənə coşqu verir, yəni hüzur və labüd bitişə inamı təlqin edir, bir növü sonun əslində qorxulu yox, romantik olduğu ideyasını.

"Dostoyevski"də də həmin transda idim... Beynimin gözəl vaxtıdır, gözlərimi yağışın dığırlandığı şüşələrə dikib, bomboz London küçəsinə baxıram. Bu meditasiyadır, bunu tez-tez təkrarlayıram.

Özümü kulinariyaya aid jurnal səhifələrinin üzərində bardaş qurub aclıqdan içini-içalatını yeyən, tir-tir titrəyən evsiz kimi hiss edirəm. Hamsunvari hiss edirəm...

"Skamyada oturub bütün bunları götür-qoy edir, kədərlənirəm. Öz-özümdən iyrənirəm; hətta əllərim də mənə iyrənc görünür. Bu arıq, heç nəyə yaramayan zəif əllər qanımı tamamilə qaraldırdı; mən çöp kimi arıq barmaqlarıma baxaraq əsəbiləşir, sısqa bədənimə nifrət edirdim".

Elə bu vaxt ovuclarını kitab kafenin pəncərəsinə toxundurub, şüşəni təmizləyərək içərini görməyə çalışan sonradan adının Do olduğunu öyrənəcəyim şəxslə qarşılaşıram. Bilmirəm niyə, amma şüşəyə yaxınlaşıb gözlərini gözümə sıxıram. Sonu bilinməyən baş döndürücü Amazon meşələrində Forest Qampvari qaçışlarda tapıram özümü. Diksinib kənara çəkilirəm. Sürətlə oturacağıma qayıdıram. Şərabdan keyləşmiş tənha dodaqlarımı çeynəyirəm... Qapıya yaxın yerləşdirilən balaca zənglərlə dolu Dreamcatcherin səsi və ürəyimin eşidilməyən tiq-taqları kafenin divarlarında əks səda verir... Budur Do qarşımdadır. Lənət şeytana... onu çılpaq təsəvvür edirəm...

Nə tez deyib bağırma, əziz oxucum.. Yox, səni inandırım ki, bu tensəlliyin aludəçisi olduğum üçün deyil, tamamilə Donun geyimlərinin islaq olmasından yaranan və onun xəstələnə biləcəyi qorxusu və narahatlığından doğan istək idi... Bəli, məncə, bu belədir...

Ancaq sevgi və qayğıya layiq idi bu yaradılış. Di gəl ki, beynim mənə bağırırdı: "Nə qədər uca və uca görünsə də, sevgi tamamilə cinsi ehtirasdan qaynaqlanır"...

Üst-başından payızın kəskin toxunuşları hiss olunurdu. Nədənsə, ona toxunmaq keçirdi içimdən. Yox, bu sadəcə içimdən keçmirdi, bunu bütün varlığımla arzulayırdım. Ayağa durub yavaşca ona yaxınlaşdım. Özümü tanıtdım. Adını xəbər aldım.

- Do... dedi.

- Salam, Do. Xoş gəldin dünyama - dedim.

Sakitcə "nə baş verir" təbəssümü ilə üzümə baxdı. Yavaşca belindən tuturam. Qucağıma dartıram. Qırmızı divana əyləşirik. Do qucağımdadır. Heç bir çırpınış göstərmədən islaq saçlarını çiynimə söykəyir. Sevgi ən böyük ehtiyacdır. Nəfəsi çiynimə dəyir. Onu hiss edirəm... O da məni... Beləcə otururuq.

Bəli, saatlarla onunla bu şəkildə qucaqlaşmışdıq. Bütün arzuları, cazibəni bir quru qucaqlamaya qurban vermişdik. İkimiz də sadəcə danışırdıq. Uzun illəri dinlənilməmişliyinin acığını çıxırdıq elə bil. Do mənə ağır həyatından, məsuliyyətlərindən və əsrarəngiz Redən danışarkən, mənim mövzum daha çox Bubulular, Gümüşlandiya idi. Şərab qoxulu nəfəsimə etibar edərək sarsaqladığımı düşündüyündən əmin idim. Olsun... Belə xoş idi... İnsan zəif, səviyyəsiz, lazımsız deyil. Bubulular da, Şopenhauer də səhv edirdilər. İnsan istəsə qalib gələr... Gələcək də... İnsan iradəsi bütün sıradanlıqları məğlub etmək gücündədir.

 

Nargis

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 fevral.- S. 14-15.