Yağışın
yağmadığı zaman ilin hansı fəslidir? Eluca Atalının “Ənqa
quşu” romanına resenziya.
Dəyərli
yazarımız Eluca Atalının Ənqa quşu romanı
yenicə işıq üzü görmüşdür. Bu roman Azərbaycan
və ümümtürk ədəbiyyatına böyük
tövhədir. Yazar özü əsərini
uşaq və gənclər ədəbiyyatı adlandırsa
da sanıram bu romanın hər sətiri böyük ideologiya
və fəlsəfə daşıdığı
üçün onu yetkinlər daha çox anlar və bir
başqa mənada zövq alarlar. Kitabı
oxuduqca ona mütləq resenziya yazmağı
düşündüm, resenziyamı yazdıqca isə ona
hansı başlığı verim deyə götür qoy
etdim, çünki “Ənqa quşu” bir rəmzi addır.
İlk öncə öz mübadiləmdə “Yalnız ruhani
olan əbədi yaşayır”, “Özünü yaratma hünəri”,
“Genetik yaddaşımız”, “Yolumuz öz içimizdən
başlayır”, “Azad məkanda duracaq olmaz”, “Analar hər
şeyi görürlər!” , “Sən əlçatmaza
aşiqsən” və “Yağışın
yağmadığı zaman ilin hansı fəslidir?“
başlıqları arasında qalsamda sonunda sonuncu alternativ
üzərində dayanmağı qərar verdim.
Yazarın “Yağışın
yağmadığı zaman ilin hansı fəslidir? “ sualı mənim vücudumu titrətdi. Sizin
heç bu sual ətrafında
düşündüyünüz oldumu? Bu
sualın cavabı varmı? Zənn etmirəm
ki, coğrafiya müəllimlərimiz bizə bu sualın
cavabını verə bilsinlər. Eluca
Atalı roman boyunca oxucunu düşündürür və ən
əsası bizə kimliyimizi, xalqımızın genetik
yaddaşını xatırladır və böyük mənəviyyatla
yaşamağa, ruhunu təmiz və sarsılmaz saxlamağa
çağırır. Yuxarıda
sadaladığım başlıq alternativləri isə əslində
əsərin alt mövzularıdır. Əsərdə
gedən qımızı xətt öz kimliyini tanıyıb,
xalqının istiqlalı, azadlığı və
istiqbalı uğrunda birləşmək ideologiyasıdır.
Bunun üçün isə heç bir fəsli və ya hava
durumunu gözləmək gərəkməz! Hər bir
soydaşımız hər daim bu müqəddəs amal
uğrunda nə isə etməlidir! Əsərin
qəhrəmanı bala quşun səmada böyük qara
buludlara rast gəldiyi səhnədə onun “hiss etdiyi
işıq zərrəsi ona yolu tutub qabağa getmək
üçün işarə verirdi” deməsi ilə yazar
oxucunun bu qənaətə gəlməsini sağlayır.
İnsan hər daim özünü inkişaf etdirməli, maneələri
aşmalı, öz halal əməyi ilə hörmət
qazanmalı, özünə, ailəsinə, ölkəsinə,
bəşəriyyətə xeyirli tövfəsini verməlidir
və insanlığı beləliklə əbədi
üstün mənəvi varlıq olaraq
yaşatmalıdır!
Əsərdə
quşların obrazlarını və onların xarakterlərini
yaratmaqla yazar əslində müxtəlif insan tiplərini
nümayiş etdirir və zənnimcə hətta bəzən
müxtəlif xalqları ifşa edir. Quşun dili ilə
“Kim bu uzun yolu gedib o Ənqa quşu ilə görüşərsə,
o zaman o da əbədiyyətə qovuşa bilər. Uzun
yolu tutub uçan quşlardan kimisinin yolda inamı, kimisinin də
iradəsi tükənir, mənəviyyatı korlar öz səfər
yoldaşlarını tutub yeyirlər: Bayquş gecə
qaranlığında Yarasanı, Qartal Çalıquşunu,
Kərkəz Göyərçini və s. təbii təlabatına,
qarnının diqtəsinə görə parçalayıb
yeyir. Əbədiyyətə qovuşmaqdan
ötrü ruhun təmiz olmalıdır” deyən yazar zənnimcə
əslində Azərbaycan xalqının uzun illərdir getdiyi
çətin amma çox şərəfli yolu nəzərdə
tutur. Bu yol parçalanmış Azərbaycanın birləşməsi
və bütövləşməsi yoludur! Əsərdə
bala quş Başarının “hiss etdiyi işıq zərrəsi”
məcazi yolla milli iradəsi güclü olan
soydaşlarımızın Bütöv Azərbaycana gedən
yolda işıq görməsidir və onların bu yola qəti
inamla və böyük iradə ilə getməklə bu yolun
həm mümkün həm mütləq olması fəlsəfəsidr.
Tariximizə baxdıqda görürük ki, bu
yolu gedən insanlarımız necə məhrumiyyətlərə,
itgilərə məruz qalmışlardır. Əsərin görümməz qəhramanı Ənqə
quşu isə anasının ona Başarı adını
verdiyi, təbiətdə mövcud olan quşların
arasında ən kiçik cismə lakin bütün
quşların arasında ən ağıllı və əzmkar,
böyük iradəyə malik olan quşdur. Bu ziddiyəti
yaratmaqla yazar demək istəyir ki, önəmli olan fiziki
cismin ölçüsü və sahib olduğumuz maddi
imkanlarımız deyil, bizi başarılı edən öz
içimizdəki daxili gücümüz və sağlam
ruhumuzdur! Başarı adlı quşun obrazı bizim xalq qəhramanlarımızın
obrazıdır, Şah İsmail Xətainin obrazıdır, Səttarxanın,
Məhəmməd Əmin Rəsulzadə və digər
cümhuriyyət qurucuları babalarımızın
obrazıdır, Pişəvəri və onun
silahdaşlarının obrazıdır, Qarabağın
işğaldan azad olunması uğrunda savaşan bütün
igidlərimizin obrazıdır! Bu insanlar xalqımıza etdiyi
xidmətləri ilə əbədi yaşardırlar! “Ənqa quşu özünü yaradanlardır,
yalnız ruhani olan əbədi yaşayır” ideyası Eluca
Atalının əsərinin özəyidir.
Əbədiyaşar obraz
yaratmaqla yanaşı yazar həm də yırtıcı xislətli,
öz çıxarları üçün
başqalarını əzib-keçən mərhəmətsiz
insanları və zənnimcə üstü örtülü
rus xalqının xislətini təsvir etmişdir. “Pişiklər
indi bədəncə cılızlaşsalar da, amma genetik
yaddaşlarında o nəhəng heyvanın ovlama vərdişini
daşıyırlar. Yəni, onlar da pələnglər
kimi sübh tezdən çöldə gəzər, dişlərinin
əzə biləcəyi heç bir canlıya rəhm etməzlər.“ Zənnimcə bu genetik
yaddaşı ilə heç bir canlıya rəhm etməyən
əsirlərdir imperialist siyasəti yürütməklə
Qafqaz xalqlarına acımayan və bu siyasətindən
heç bir zaman vaz keçməyən rus siyasi
elitasıdır. Ana quşun səsi ilə “Amma al-əlvan
rəngimizə görə bizi qəfəsə salmaqdan vaz
keçmirlər” deyən yazar məcazi mənada məharətlə
söz deyir! Ölkəmiz sərvətləri və neymətləri
ilə al-əlvandır, ona görə də bu
yırtıcı siyasət bitən deyildir.
Yazarın müxtəlif
quşların adətlərini nümayiş etdirməsinə
oxucu istər-istəməz refləktə edir, müxtəlif
insan tiplərinə assosiyasiya edir və hətta müxtəlif
xalqları da müqayisə etməyə başlayır.
Qağayıların balıq dolu təknələrin sahilə
boşaldıldığı zaman onların üzərinə
hücum edib, balıq qapdıqları səhnəsini yaratmaqla
yazar Başarının dili ilə
düşündürücü sual qaldırır: “Bəs,
niyə özləri balıq ovlamırlar?” Bununla da yazar
hazıra ortaq olan, bəzən başqasının əldə
etdiyini mənəmsəyən insan tiplərini və ya
xalqları xatırladır. Bu səhnə Azərbaycan xalqına
aid olan torpaqları, tarixi abidələrini, mədəniyyət
və incənət əsərlərini mənimsəməyə
çalışan erməni xalqını xatırladır və
gənclərə ana quşun səsi ilə öyüd verir
ki, “Yaşamaq üçün yemini özün
qazanmalısan”. Eyni zamanda da yazar Ana quşun səsi ilə “balıqçı
təknələrindən balıq qapmaq qağayılardan
ötrü oğurluq hesab olunmur. Bu, sadəcə, nəsildən-nəsilə
ötürülmüş genetik yaddaşdır” deməsilə
uyarı verir. Yəni məcazi şəkildə yazar bildirir
ki, biz bir xalq olaraq erməni xalqına qarşı tədbirli
olmağı heç bir zaman əldən verməməliyik.
Çünki bala quşun “Olmazmı, kimsənin əməyinin
bəhrəsini mənimsəmədən yaşasınlar?
Çox sadəcə, güllərin şirəsini çəksinlər?”
sualına Ana quş belə cavab verir: “Ət yeyən
quşları bir-iki qramlıq gül şirəsi doydura bilməz.
Hər kəs öz dənliyinə görə yem gəzir.”
Bir başqa səhnədə yazar quşun “bir quş öz
geninə, nəslinə dönük çıxa bilərmi? Nəsli
üzərində qələbə çala bilərmi?”
düşüncələrini verməklə oxucunu da
düşündürür. Əlbəttə, nə bədnam
qonşumuz tiqranoid yolundan dönən deyil, nə də Azərbaycan
xalqı Babəklər, Qocaq Nəbilər, Səttarxanlar,
Mübarizlər yolundan dönəndir, çünki onlar
Başarı quşun düşündüyü kimi “Mənim
olan mənimdir, kimsəyə vermərəm. Mənim olmayanda
gözüm yoxdur” əqidəsi ilə yaşayır və fəaliyyət
edirlər.
Mənfi quş obrazları ilə
yanaşı müsbət quş obrazlarını da yaratmaqla
yazar əsərdə həyatın hər üzünü
göstərir. Qayğıkeş bildirçinin haqqında
balasına söhbət edən ana quş deyir ki, “Qonşudan
sirr gizlətmək yaxşı hal deyil.
Müşkülünüz varsa, deyin, çarəsini birgə
tapaq.” Bununla da yazar yenə də yaxşı
qonşuluğun, qohumluğun, dostluğun önəmini gənclərə
aşılayır. Zənnimcə Türkiyə dövlətinin
də Qarabağın işğalı kimi böyük
müşkülün həllində Azərbaycan dövləti
ilə birgə hərakət etməsi bildirçin quşunun
obrazında cəmləşir.
Roman öz ədəbi
üslübü, mövzu və motifləri və
aşıladığı fikirləri ilə çox qiymətli
əsərdir. Bu səbəbdən hesab edirəm ki, əsər
özəlliklə optimal bir pedaqoji vəsait olaraq orta məktəblərin
yuxarı sinif ədəbiyyat dərslərində ən
effektiv didaktik metod kimi işlənə bilər. Əsərin
yazı dili çox rahat oxunaqlı olmaqla yanaşı, həm
də Azərbaycan Türkçəsinin zəngin deyimləri
ilə, təbiət elminə aid bilgilərlə,
uşağın tərbiyəsinə aid müdrik
öyüdlərlə zəngindir. Romanda yazar həmçinin
ironiya üslübundan istifadə etdiyindən onu oxumaq əyləncəli
olur. “Yalnız həmcinsi Dağ Qartalı onu soyuq
baxışları ilə salamlayıb onun quş aləminə
yad, etikadan kənar adətinə qarşı kimsə irad
tutmağa cürət etmədi” kimi səhnələrdə
yazar etikadan uzaq davranışları ifşa edir. Əsərdə
hər yaşda oxucunun marağını çəkəcək,
zövqünü oxşuyacaq və faydalanacağı məqamlar
vardır. İbtidai məktəbin missiyası aktiv,
yaradıcı, bacarıqlı və məsuliyyətli fərdlər
və vətəndaşlar yetişdirməkdir. Eyni şəkildə,
tam orta məktəbin yuxarı siniflərdə missiyası
şagirdlərin peşə həyatında və sosial-ictimai
həyatda fəal iştirak edən və inkişaf etdirən
fərdlər kimi inkişafına kömək etməkdir. Bu məqsədlərin
hər ikisinə, eləcə də Azərbaycan dilini öyrənməyə
sinifdə bədii ədəbiyyatdan istifadə etməklə
nail olmaq olar. Bədii ədəbiyyatın fərdlərin
uğurlu inkişafında rolu, daha yaxşı fərdlər
kimi yetişməsinə təsiri barədə yetərincə
elmi tədqiqatlar vardır (Malmgren 2003; Felski 2008; Landmark & Wiklund
2012; Pettersson 2015). Bu onu göstərir ki, bədii ədəbiyyat
oxumağın ideoloji və müəyyən dərəcədə
mənəvi dəyəri var. İsveçli filoloq alim
Malmqrenin (2003) fikrincə, bədii ədəbiyyat şagirdlərin
təxəyyülünün inkişafı üçün
bir pəncərədir, bu da onların dünyanı
başqalarının nöqteyi-nəzərindən dərk
etməsini asanlaşdırmağa kömək edir. Yenə də
İsveçli alimlər Landmark və Viklundun (2012)
araşdırmasının nəticəsinə görə ədəbiyyat
bizi daha tolerant etməyə kömək edən vasitədir.
Başqalarını nə qədər çox başa
düşsən, onları mühakimə etmək bir o qədər
çətindir. Bir neçə tədqiqatçı
vurğulayır ki, bədii ədəbiyyat oxumaq fərdlərin
empatiya qabiliyyətinə müsbət təsir göstərir
(Krashen 2004; Landmark & Wiklund 2012; Nikolayeva 2014), digər
insanların həyat şəraitini başa düşməyi
artıra bilir (Malmgren 2003) və perspektivdə cəmiyyətdəki
qruplar arasında məsafələri azalda bilir (Pettersson 2015).
Əsər milli köklərə
dayansa da hər xalqın nümayəndəsi bu əsərdən
tərbiyəvi amaçla istifadə edə bilər. Necə
ki bütün dünyada Danimarkalı yazar Hans Xristian Andersin
nağılları, İsveçli yazar Astrid Lindqrenin əsərləri,
Ingilis yazar Levis Karolun əsərləri sevə-sevə oxunur,
çünki tərbiyəvi mövzular ümümbəşəridirlər.
Ənqa Quşu romanı motivləri cəhətdən Cek
Londonun köpəklərin yaşam mücadiləsindən bəhs
edən The Call of the Wild (1903) adlı məşhur
romanını, stil baxımından isə rus yazarı
İvan Krılovun fabl əsərlərini xatırladır. Bu
səbəbdən Ənqa Quşu romanı başqa dillərə,
özəlliklə ingilis dilinə tərcümə olunub
yayınlanarsa sadaladığım yazarların əsərləri
kimi uğurlu və populyar olacağına əminəm.
Çünki, yazar “Haqsızlığa göz yummaqla cinayətə
şərik oluruq” deyir və bütün bəşəriyyəti
vicdanlı olmağa səsləyir. Digər motivlərə
görə isə, “Anama oxşamağa məcburammı”
düşünən Başarı quşun Turgenevin “Atalar və
oğullar” əsərindəki kimi, evladın öz yolunu getmək
arzusu, istədiyi kimi yaşayıb, doqmatik olmamağa meyli
nihilist Arkadi Kirsanovun ruhiyyəsini xatırladır. Bir sözlə,
Ənqə Quşu romanı müxtəlif kateqoriyadan
oxucuların alqılamasına bağlı motivlərlə zəngindir.
Romanın “İlk Cəhd” adlı
bölümündə yazar ana quşun öz balasının
ilk uçmaq cəhdini görəndə ona “Afərin,
oğlum! Sənin ilk uçuşun hünərdir!” deməyini
və balasına hər zaman ürək-dirək verməklə
yanaşı həm də ehtiyatlı olmağı, öz təcrübəsini
paylaşaraq onu yırtıcı quşlardan və heyvanlardan
qorumağı, təbiətin yağışından, küləyindən
və s. sərt hallarından qorumağa
çalışması əslində valideynlərin, özəlliklə
anaların evladın tərbiyəsində önəmli rol
oynamasını vurğulayır. Ana Quş balasının
başarısını görüb ona Başarı adı
verməklə onunla təkçə öyünmür, ona həm
də həyatın acı reallıqlarına da hazır
olmağı öyrədir. Zənnimcə bu müdrik valideyn
obrazıdır. Ana quş balasına “Oğlum, yaşamaq
üçün gərək həyatın bütün
üzünü tanıyasan!” deyir. Başarının “analar hər
şeyi görürlər!” düşünməsi isə
Eluca Atalının insan anasının
böyüklüyünü, fədakarlığını
göstərməsinin, ANALIĞA sevgisinin təcəssümüdür
və həmin duyğuları və inancı gənclərə
aşılamaq məramının bariz nümunəsidir. Eyni
zamanda ana quşun ağzından çıxan “bilməzsən”
kəlməsi bala quş Başarının “yuvanın
divarlarına dəyib əks-səda verdi. Səs əvvəlki
tonda yox, alçaq, öləzimiş şəkildə yuva
divarından qayıdıb onun beyninə dolurdu.” Bu fikirləri
verməklə yazar demək istəyir ki, evladlarınıza
BİLMƏZSƏN deməklə onlarda özgüvəni
qırırsınız, onların psixolojisinə zərbə
vurmuş olursunuz!
Ənqə quşu həm də ona
görə müdrik əsərdir ki, burada yazar hər bir
varlığın fitrətinə inancını
nümayış etdirir. “Uçmaq vərdişi qazanmaq biz
quşların fitrətində var”, “Fitrətdə olanı
aşkarlamaqla istədiyinə nail olarsan!” deməklə yazar gəncləri
əzmkar, çalışqan olmağa, özünə güvənməyə
çağırır. Bu səbəbdən əsər
böyük pedaqoji əhəmiyyət daşıyır. Yazar
Ana quşun səsi ilə deyir: “Bir var alın yazısı,
bir də var əlinlə yazdıqların. Yəni, iradənlə,
qətiyyətinlə, əzminlə, istəyinlə əldə
etdiklərin, qazandıqların. Və bu ikincilər səni taleyini
yenidən yazmağa, dəyişməyə, başqa səmtə
yönləndirməyə, səni özün kimi var
olmağa kömək edir.” Əsər oxucunu “çətin məqamdan
necə çıxacaqdı, təcrübəsi, yoxsa
ağlı ilə?” kimi düşünməyə vadar edər
suallarla zəngindir. Bu üzdən də əsərin insan
psixolojinə müsbət etgisi və əsərin mənəvi
mahiyyəti böyükdür. Ana quşun “lakin yüksəkliyə
təsadüfi düşən bir varlıq deyil” cavabı
bunun isbatıdır.
Əsərdə rəğbətimi
qazanan məqamlardan biri də Başarı quşun “azad və
geniş səmanın hansı tərəfində qərar
tutacağı” düşüncə oldu. Zaman-zaman hər
birimiz bu qoca ümmanlıqda harada qərar
tutacağımız barədə düşüncələrə
dalırıq. Həyatımız boyunca müxtəlif yerlərə
baş vurmuş ola bilərik, amma ən huzurlu yeri yənə
doğulub böyüdümüz yurdda görürük.
Ruhumuzun oraya aid olduğunun zamanla daha yaxşı fərqinə
varırıq. “Azad məkanda duracaq olmaz…. öz könlünə,
öz ruhuna görə hərənin bir duracağı,
bağlandığı yer var”deyən quşun dili ilə
mübahisə edən yazar sonunda göstərir ki, son
duracağımız, ruhumuzun aid olduğu və əqidəmizə
görə haqq etdiyimiz yerdir.
Səadət Kərimi
Ədəbiyyat qəzeti.-
2022.- 19 fevral.- S.18-19.