Vətən həsrəti ilə çırpınan misralar, yaxud qəlbinin sağalmayan yerindən vurulan şair –

 

 "Alazan Baycan.  Əsərləri" kitabı haqqında

 

 

 

Azərbaycan ədəbi xəzinəsinin bir parçası olan mühacirət ədəbiyyatının, onun yaradıcılarının həyat və fəaliyyətinin müasir tələblər səviyyəsində tədqiqi, elmi-nəzəri baxımdan dəyərləndirilməsi müstəqillik dövrü ədəbiyyatşünaslığının təqdirəlayiq və əlamətdar hadisəsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci ildə istiqlal şairi Almas İldırımın anadan olmasının 100, 2013-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun 150, 2014-cü ildə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150, 2015-ci ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncamları ədəbi-mədəni irsə, milli sərvətlərə, istiqlal mücadiləsi tarixinə, onun bayraqdarlarına ehtiramla yanaşmağın, onların ideallarını yaşatmağın bariz nümunəsi və sahə üzrə tədqiqatların daha səmərəli həyata keçirilməsinə mühüm mənəvi dəstəkdir.

 

2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradıldıqdan sonra mühacirət ədəbiyyatının tədqiqi yeni mərhələyə qədəm qoydu: məhz bundan sonra İnstitutun təşkilatçılığı ilə "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirildi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2016-cı ildən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar seriyasının nəşrinə başladı, mühacirət irsi ilə bağlı ölkə və beynəlxalq miqyaslı simpozium, mədəni-kütləvi tədbirlər təşkil olundu və s. 2016-cı ildə "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr", 2018-ci ildə "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri", 2019-cu ildə "Səlim Rəfiq Rəfioğlu. Füzuli" və 2020-ci ildə "Teymur Atəşli. "Seçilmiş əsərləri" nəşr edilmişdir. Bu günlərdə isə "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar seriyasının növbəti cildi - "Alazan Baycan. Əsərləri" (Bakı: Elm və təhsil, 2021, 268 səh.) işıq üzü görmüşdür. Seriyanın V cildi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 iyun 2021-ci il tarixli qərarı, İnstitutun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilmişdir. Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Alazan Baycanın şeirləri, poemaları, alman poeziyasından etdiyi tərcümələr və məktublarından örnəklərin toplandığı kitabın tərtibçisi Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru Nikpur Cabbarlı əsərə sanballı öz söz və "Qeydlər" yazmışdır.

 

Alazan Baycan (Hacı Həsənzadə - 12 may 1913, Qazax - 9 noyabr 1989, Frayburq, Almaniya) Qazaxda ibtidai məktəbi, 1929-cu ildə isə Müəllimlər Seminariyasını bitirdikdən sonra Balakəndə bir il müəllimlik edir. Daha sonra - 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Tələbələr arasında "antisovet, millətçi ünsür" kimi tanınmağa başlayan H.Həsənzadənin ölkəni tərk etməkdən başqa çarəsi qalmır və o, 1933-cü ildə təhsilini yarımçıq buraxıb, İrana, oradan da Türkiyəyə keçir. İstanbul Universitetinin Tibb fakültəsində ali təhsilə yiyələnən (1934-1939) A.Baycan əvvəlcə Gülhanə Tətbiqi Məktəb və Klinikasında, daha sonra Gəmlik Hərbi Xəstəxanasında çalışır. 1942-ci ildə dostu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə naziri işləmiş, qatı antisovet düşüncələri ilə tanınan, istiqlal mücahidi Fuad Əbdüləli oğlu Əmircanla (1911, Şəki - 1995, Bonn, Almaniya) birgə Almaniyaya gedir, Frayburq şəhərində məskunlaşır, ömrünün sonuna qədər həkim kimi fəaliyyət göstərir.

 

N.Cabbarlı kitabın ön sözündə A.Baycanın uşaq vaxtlarından şeir yazmağa başladığını, altmış ildən artıq bir müddətdə poeziya sahəsində qələmini sınadığını, ömrünün son illərində iki şeir kitabını - "Könül sazından" (1983) və "Dağ çiçəkləri" (1987) Ankarada Azərbaycan Kültür Dərnəyi Yayınları seriyasında nəşr etdirdiyini vurğulayır və haqlı olaraq yazır: "Bu kitablarda toplanan şeirlərin say etibarilə şairin poetik irsinin hansı qismini təşkil etdiyini hələ ki söyləyə bilmirik, fəqət bu şeirlər A.Baycan poeziyasının leytmotivi barədə aydın və dolğun təsəvvür yaradır. Hər bir mühacir azərbaycanlı şair kimi, A.Baycan poeziyasının da ana mövzusu Azərbaycandır, vətən məhəbbəti, yurd həsrətidir". Doğrudan da, Alazan Baycanın şeirləri mövzu, məzmun baxımından nə qədər rəngarəng və çoxşaxəli olsa da, onun yaradıcılığının aparıcı mövzusu Vətənlə bağlıdır. Şairin qələmində Vətən mücərrəd anlayış deyil, adı, ünvanı, soydaşları, dağı, dərəsi, çayı, bulağı, tarixi, mədəniyyəti, mənəviyyatı olan müqəddəs məkandır. Düşmən işğalında inləyən Vətənin dərdi ilə baş-başa qalan, odlanan, yanan şair hər kəsdən şikayətlidir, heç kim onun dərdinə şərik olmur, dərdini "Söyləsəm, daha yaxşı dağlardakı daşa, mən" deyərək fəryad edir. A.Baycan Vətənə laqeyd dostları, onu yüngül əyləncəyə dəyişənləri tənbeh, tənqid edir, qınayır:

 

 

 

Kimi asdı türklüyü bir gözəlin telindən,

 

Kimi içdi şərabı düşmən qədəhlərindən,

 

Kimi vurdu qəlbimi sağalmayan yerindən,

 

Baxmaq istəməm daha nə gözə, nə qaşa mən.

 

 

 

Dostlara

 

 

 

Alazan Baycanın ictimai-siyasi lirikasının əsas tənqid hədəfi rus işğalı, ruslaşdırma siyasəti, fars şovinizmi, eyni zamanda onlara köləlik edən milli satqınlardır. "Könül sazından", "Ana dili", "Dilican yollarında", "Vallis dağlarında", "Ruslaşma", "Bilməcə" adlı şeirlərində, "Azərbaycan satqınlarına", "Bitdili iman", "Qızıl şeytan" poemalarında rus və fars rejimlərinin xalqımıza, onun milli, mənəvi dəyərlərinə, dilinə düşmən münasibəti də şairin tənqid hədəflərinə çevrilir. A.Baycan "Azərbaycan satqınlarına" poemasında xalqın əsirlikdən xilas olacağına ümid edir:

 

 

 

Milyonlarla türk, azəri,

 

Rusun, farsın əsirləri,

 

Qıracaqdır zəncirləri,

 

Nə mutludur azadlıqdan

 

Ümid duyan haqlı insan.

 

O, eyni zamanda amansız bir qəzəblə milli satqınlara xitab edir ki, sən Vətəni satanda sevindin, zülmə, haqsızlığa etiraz etmədin, dirəniş göstərənlərə qarşı çıxdın, indi çıx məzardan və sümürülən Azərbaycanın halına bax! Şair boş vədlərə inananları və xəyallara dalanları, xainləri, yaltaqları, "düşmənə inanıb, quzeydən işıq arayan"ları, "yadlara ümid bağlayanları", Vətənin mənafeyini farsa, rusa satanları layiq olduqları sözlərlə lənətləyir, soydaşlarını mübarizəyə, müqavimət göstərməyə, onları fars, rus təsirindən xilas olmağa səsləyir:

 

 

 

Satılmışlar dersə, hər şeyə "bəli",

 

Əlifbanı dəyişdir, "yox" de, "olmaz" de,

 

Nədən dəyişmədi gürcü, erməni?

 

"Uydurma əlifba bizə uymaz" de.

 

 

 

A.Baycan da mühacir yazarların hamısı kimi Azərbaycanın istiqlala qovuşacağına inanır, ümid edir və poemanı da nikbin notlarla bitirir:

 

 

 

Ümid bağla özgürlüyə,

 

Sömürgənlik bitər, bəklə!

 

Ey türk yurdu Azərbaycan,

 

Qurtulursun bir gün, inan!

 

 

 

Mahiyyət etibarilə xalqımızın milli-mənəvi dəyərlərinə rus işğalı və ruslaşdırma qədər zərərli, ondan heç də geri qalmayan fars şovinizmi də istiqlal sevdalısı şairin kövrək qəlbini yaralayır, onu hiddətləndirir. O, "Dilin qurusun" adlı şeirində yad dildə danışanları

 

 

 

Satma qardaşını yada!

 

O beyinsiz farslara!

 

 

 

- deyə ana dilinə doğma münasibət bəsləməyə səsləyir.

 

İstər klassik, istərsə də çağdaş ədiblərimizin yaradıclığında ana dili problemi həmişə həssas mövzulardan olmuşdur. Mühacir şair A.Baycanın poeziyasında da doğma dilə tükənməz məhəbbət dərhal gözə çarpır. O, bəzən müdrik filosof kimi "Heç olurmu dilsiz vətən?" deyə dərin düşüncələrə dalır, bəzən el ağsaqqalı kimi "Satma öz dilini yada!", "Balaların dil açanda, dili yad dili olmasın!" - deyə soydaşlarına nəsihət edir, bəzən ana dilini şirin sözlərlə vəsf edir: "Tatlı dildir türkün dili, Qulaqlara o sevimli", "Dilin, dodaqların şirin", bəzən də qəlbinin sızıltısını misralara çevirir: "Yad əlindən dərdim çox, Dilim bağlı, səsim yox", "Bağrımı dağladılar, Dilimi bağladılar". 76 illik həyatının 50 ilini qürbətdə keçirən A.Baycan doğma dilə məhəbbətini aşağıdakı misralarla gözəl izhar edir:

 

 

 

Ana dilin türk dilidir,

 

Ərdəmlidir, sevimlidir.

 

Oğuz dilli Azərbaycan,

 

Dilin gözəl rusdan, farsdan.

 

 

 

Ana dili

 

Yaxud

 

 

 

Ad arasan, çoxdur, yad adı alma,

 

Ovlar, yevlər gülünc, onlar bizə yad,

 

Ana dilin gözəl, ondan ayrılma,

 

Balaş, Gülüş, Yaşar nə gözəl bir ad.

 

 

 

Ruslaşma

 

 

 

A.Baycan poeziyası başdan-başa Vətənə məhəbbətlə süslənmişdir. O, Almaniyada çaylara baxır, Kürü, Arazı görür, dağlara, dərələrə tamaşa edir, gözünün önünə Dilcan gəlir, gölləri seyr edir, Göygölü görür. "Qara ormanlarda" şeiri yazın gəlişinin, təbiətin oyanışının təsviri ilə başlayır. Ormanlarda quşlar cəh-cəh vurur, çaylar şırıltı ilə axır, çiçəklər gözoxşayır. Şairsə kədərlidir, Vətənin acı yurdu onun qəlbini göynədir, yad ellərdə "bir dərd bilən axtarsa da, tapmır, "neyləyim, nə deyim yad ellərinə deyib köks ötürür. Tamaşa etdiyi göl ona doğma yurdu xatırlatsa da, ürəyi açılmır, çünki "Orda göz yaşı var, burda əyləncə". Şair şeirini göz yaşlı misralarla bitirir:

 

 

 

Ən böyük qayğı,

 

Doğma torpağı,

 

Özgür görmədən

 

Ayrılmaq acı.

 

 

 

"İsveçrədə Göygöl", " Vallis dağlarında", "Şinkar çayı", "Könül sazından", "Yurd özləmi", "Aşığın dərdi" və digər şeirlərində də şair eyni hissi, duyğunu bölüşür.

 

Mühacir şairin dostlarına ithaf etdiyi, yaxud Azərbaycanın ünlü xadimlərinə həsr etdiyi şeirlər də onun Vətənə, onun övladlarına qırılmaz tellərlə bağlı olduğunu göstərir. Məhəmməd Əmin Rəsulzadəyə (Məhəmməd Əmin Rəsulzadənin əziz ruhuna), Mirzə Ələkbər Sabirə (Mirzə Ələkbər Sabiri anarkən), Səməd Vurğuna (Səməd Vurğunun eşqi), Əhməd Cavada (Göygöl), Mirvarid Dilbaziyə (Könül sazından III), Qulu Xəlilova (Atam və mən), Abbas Zamanova (Könül sazından V), Nəbi Xəzriyə (Könül sazından IV), Fuad Əmircana (1941 oktyabr, İstanbul. Taksim; Gəl) ithaf və ya həsr etdiyi şeirlər A.Baycanın əqidə və dünyagörüşü barədə də zəngin təəssürat yaradır.

 

Mühacirət ədəbi irsində erməni xisləti, tarixi cinayətləri ilə bağlı çox sayda publisistik nümunələr var. Poeziyada isə bunu A.Baycan demək olar ki, təkbaşına öz öhdəsinə götürmüşdür. Şairin Vətənə olan məhəbbəti ona uzanan düşmən əlini və dilini sanki qılınc kimi kəsir. Mənfur erməni portreti onun misralarında "dönük, işğalçı", "türkü, müsəlmanı kəsən", "çarın Qafqaza uzanmış əli", "Qafqazın qorxunc kurnazı", "alış-verişdə şeytan", "Moskvanın çirkin uşağı", "qıyıcı, türk qanı tökən", "qanlar axıdan", "rusların azğın uşağı", "kommunist çətəsi", "odlu yurdun ünlü cəlladı" kimi bənzətmələrlə cızılır. Ermənilərin himayədarı Rusiyanın Qafqazda yeritdiyi antiAzərbaycan siyasəti ifşa edən şair Allaha üz tutur:

 

 

 

Sürgünə göndərir azəriləri,

 

Onların yerinə gəlir erməni,

 

Onlar Qarabağda, hər yerdə şimdi,

 

Ey Mövla, bizlərə sən yardım eylə!

 

 

 

Köylülər Bitdilidə

 

 

 

"A.Baycan. Əsərləri" kitabına şairin Hötedən, Nitsşedən tərcümə etdiyi əsərlər, eyni zamanda prof.Abbas Zamanovla yazışmaları da daxil edilmişdir. Şairin Vətənində nəşr edilən ilk kitabı ədəbi-elmi ictimaiyyətdə, geniş oxucu kütləsində də böyük maraq doğuracaq, A.Baycanın, bütövlükdə Azərbaycan mühacirət ədəbiyyatı problemlərinin daha əhatəli tədqiqinə yardım edəcəkdir.

 

 

 

Abid TAHİRLİ

Ədəbiyyat qəzeti.- 2022.- 19 fevral.- S.20-21