“Cəbrayıl əfsanəsi” - real hadisələrin qəhrəmanı
Tanınmış yazıçı Azad Qaradərəli qırx dörd günlük zəfər müharibəsinə
həsr etdiyi hekayələrilə yanaşı,
İkinci Qarabağ müharibəsində böyük
qəhrəmanlıq göstərib
şəhidlik zirvəsinə
ucalan Cəbrayıl Dövlətzadənin qısa
ömür yolundan bəhs edən "Cəbrayıl əfsanəsi"
sənədli romanını
oxucuların ixtiyarına
buraxdı.
Cəbrayıl Dövlətzadə ikicə
günlük döyüş
yolunda elə bir şücaət göstərdi ki, qəhrəmanlığı, qorxmazlığı
ilə Azərbaycan xalqının qəlbinə
ömürlük həkk
olundu. Bu on doqquz
yaşlı gənc əsgər necə olur ki, müharibənin
ilk başlanğıcında qorxmadan döyüşə
atılır və iki yüksək çinli zabiti (biri general olan) öz əlləriylə,
dişləriylə boğur.
Professor Rahid Ulusel
roman haqqında yazırdı:
"Cəbrayıl əfsanəsi"
başdan-başa hünər
və qəhrəmanlıq
romanıdır. Azərbaycan
Milli Ordusunun əsgəri "Azərbaycan
bayrağı" ordenli
şəhid Cəbrayıl
Dövlətzadəni prototip
kimi seçsə də, əsərində onun döyüş yolunu yaxın və uzaq tariximizin
məhz Vətən müharibəsi ilə uzlaşan, sanki onun köklərində dayanan məqam və olaylarına calayır".
Cəbrayılın qısa ömür yoluyla tanış olduqca bizə çox şeylər aydın olur. Birincisi, Cəbrayılın ailəsi
düşmən tərəfindən
işğal olunmuş
Zəngilandan idi.
Bu ailə otuz il idi ki, düşmən tapdağında qalan, ev-eşiklərindən didərgin
düşən, qohumları,
yaxınları əsir
götürülən, mənfur
ermənilər tərəfindən
işgəncələrə məruz qalan bir milyona yaxın
köçkünlərdən biri idi. Cəbrayıl didərginlik həyatı
yaşayan anasının,
nənəsinin, qohumlarının
göz yaşlarını,
doğma yurda bağlanan nisgilli baxışlarını, vətən
üçün ağı
deyib ağlayan insanların acı talelərini lap körpə
vaxtlarından izləyərdi.
Qarabağa, vətənə, yurda məhəbbəti hələ uşaqlıqdan
onun qəlbində kök salmışdı.
Elə ona görə bu vətənpərvər oğul
kiçik yaşlarından
ailəsindən gizlin
cəbhəyə gedib
düşmənlə vuruşmağa
can atardı. İkincisi, o, vətən sevgisini, torpaq təəssübkeşliyini
ailəsindən başqa,
məktəbdə ona
dərs deyən müəllimlərindən almışdı.
Digər tərəfdən,
Cəbrayıla vətən
sevgisini aşılayan
Azərbaycanın yadelli
düşmənlərinə qarşı mübarizə
aparan igidlərimizdən
danışan, vaxtilə
adlı-sanlı jurnalist
kimi fəaliyyət göstərən, Birinci Qarabağ müharibəsindən
sonra köçkünlük
həyatına başlayıb
övladlarını tum satmaqla
dolandıran Tumsatan olur. Tumsatan ona çox hadisələrdən, Azərbaycanın
tarixi keçmişindən,
rus qəsbkarlarının
Azərbaycan torpağını
işğal etməsindən,
1920-30-cu illərdə öz
haqları, azadlıqları
uğrunda mübarizə
aparan qaçaqlardan, xüsusən zəngilanlı
Qaçaq Fərzalıdan,
Bəhlul Əfəndidən,
Qaçaq Nəbidən,
onların igidliklərindən
söhbət açardı.
Tənqidçi Tehran Əlişanoğlu yazır: "Cəbrayılın
qəhrəmanlığı, düşmənlə üz-üzə,
təkbətək döyüşü
yazıçı təxəyyülünün
məhsulu deyildi. Bu igid oğul
real hadisələrin qəhrəmanıdır".
Yaxud Dilarə Əliyeva qeyd edir ki,
"ədəbiyyatda müharibə
həqiqətlərinin inikası
ilkin olaraq həm də onunla səciyyəvi oldu ki, sənədli
materiallar, gerçək
əhvalatlar əsasında
yazılmış əsərlər
bədii ümumiləşdirməni
üstələdi".
Əsərdə müəllif öz təsvirləri ilə yanaşı, qəhrəmanını
bizə yaxınlarının,
doğmalarının, onunla
ünsiyyətdə olanların
xatirələri ilə
tanıdır. Əsərin reallığı, səmimiyyəti də buradan irəli gəlir. Romanda oğlunun ölümündən
üzülən ananın,
qardaş həsrətini
çəkən bacının,
sinəsində nəvə
dağını gəzdirən
nənənin, atanın,
müəllimin, Tumsatanın
xatirələri vasitəsilə
ömrünün bahar
çağında böyük
igidlik göstərən
qəhrəmanımızın bütün məziyyətləri
açılır. Onu həm
də bir döyüşçü kimi
yetişdirən, təkbaşına,
əlində silah erməni postuna gedib, yüzlərlə ermənini məhv edən Milli Qəhrəmanımız Mübariz
İbrahimovun qorxmazlığı
oldu. Cəbrayılın
gündəliyində oxuyuruq:
"Onun etdiklərini
indiyəcən heç
kəs bacarmayıb. Özündən sayca qat-qat çox düşmənlə
vuruşmaqdan çəkinməyib"
və yaxud "Mən Mübariz İbrahimovun qəhrəmanlığını
eşidəndə istədim
ki, evdən qaçıb gedəm döyüş bölgəsinə".
Cəbrayıl Milli Qəhrəmanımız
general Polad Həşimovun
ölümünə də
dözə bilmirdi.
Qəddar, mənfur düşməndən
intiqam almaq arzusu ilə yaşayan Cəbrayılın
uşaqlığı qəm,
kədər içərisində
keçib. O, sanki birdən-birə uşaqlıqdan
adlayıb yeniyetməlik
dövrünə qədəm
qoyub.
Əsərin süjet xətti iki paralel xətt
üzrə inkişaf
edir. Zaman kontekstindən
yanaşsaq, romanda iki zaman var:
keçmiş və müasir dövr.
Müəllif Qaçaq Fərzalının,
Bəhlul Əfəndinin
obrazını təsvir
etməklə o dövrün
(1920-30-cu illər) bütün
gerçəkliklərini - keçmişdə baş
verən hadisələri,
qaçaqçılıq hərəkatını, türk
xalqının şücaətini,
ruhunu, mənəviyyatını,
qorxmazlığını, işğalçılara qarşı
mübarizəsini göstərir.
Biz əsərdə azərbaycanlılara,
müsəlman əhlinə
divan tutan rus qəsbkarlarının, eləcə
də bolşeviklərlə
daşnakların iç
üzünün, qəddarlıqlarının
şahidi oluruq. Əsəri oxuyarkən həm də Qaçaq Fərzalı, Bəhlul Əfəndi haqqında geniş məlumat əldə edirik.
Professor İsmayıl Kazımov
bu məqamla bağlı yazır:
"Azad romanda Qaçaq
Fərzalının timsalında
tarixi hərəkatı
düzgün, obyektiv təsvir edə bilmişdir. Bu hərəkat
Azərbaycanın qəhrəmanlıq
salnaməsində xüsusi
yer tutur. Həmin hərəkat
1920-30-cu illərdə sosial-siyasi
quruluşa, rus, fars işğalına,
erməni vəhşiliyinə
qarşı etiraz, üsyan olmuşdur. Yazıçının tarixi qəhrəmanı
Qaçaq Fərzalı
da həmin üsyanın
iştirakçısına çevrilmiş, sərt qayda-qanunları qəbul etməmiş, azad fikirli, mərd, mübariz vətən oğlu kimi tanınmışdır".
Müəllif bu sənədli
romanda keçmişimizin
qəhrəmanlarını yada salmaqla göstərmək
istəmişdir ki, könüllü müharibəyə
can atan, ölümündən
qorxmayan Cəbrpayıl
kimi oğullarımızın
damarlarından Qaçaq
Fərzalıların, Qaçaq
Nəbilərin qanı
axır.
Qırx dörd günlük müharibə oğullarımızı
saf-çürük elədi. Loru dildə
desək, xəlbirdən
keçirtdi. Vətənini, torpağını sevən
igidlərimiz o qısa
vaxt ərzində öz qəhrəmanlıqlarıyla,
əməlləriylə tanındılar.
Cəbrayıl da öz şücaəti
ilə əsərlərin
canlı, real qəhrəmanına
çevrildi.
Tehran Əlişanoğlu Zəfər
müharibəsinə həsr
etdiyi məqaləsində
roman haqqında təəssüratını
belə səciyyələndirir:
"Vətən müharibəsi
ədəbiyyatımıza qəhrəmanlar gətirir.
İkinci Qarabağ müharibəsində
Azad Qaradərəli qəhrəmanını
tapdı. Bu müharibədə düşmənlə
təkbətək vuruşan,
əlbəyaxa olan Cəbrayılı oxucuya tanıtdı. Müharibənin ilk başlanğıcında az
zaman ərzində əfsanəvi əməli
ilə hamını heyrətləndirən Cəbrayıl
Dövlətzadədən, onun hünər və qorxmazlığından
yazdı" ("Ədəbiyyat
qəzeti", 9 oktyabr,
2021-ci il).
Müəllif Cəbrayılı hərtərəfli
fiziki gücü, hünəriylə yanaşı,
onun daxili duyğularını, iç
dünyasını, qəlbinin
kövrəkliyini, mərhəmətini
də verməyə çalışmışdır. Qızğın döyüş vaxtı
Cəbrayılın güllə
altında çabalayan
bir heyvanı xilas etmə səhnəsi çox təsirlidir.
Gənc tədqiqatçı Türkan
Mehdiyeva bu əsər haqqında yazarkən romanı suriyalı yazıçı
Ğadət Əl-Səmanın
"Beyrut kabusları"
romanı ilə müqayisə edir. Hər
iki əsərdə baş verən duyğusal detaldan misal gətirir.
Suriyalı yazıçının
əsərində işğal
altında olan şəhərdə bir qadın özü aclıq keçirsə də, heyvanat mağazasında yalnız,
ac qalan heyvanları fikirləşir.
"Cəbrayıl əfsanəsi"ndə
isə Cəbrayılın
döyüşün qızğın
vaxtında həyatını
təhlükəyə ataraq
düşmən mərmisinin
altında özünə
yer axtaran, xilas olmağa çalışan dovşanı
ölümdən qurtarır.
Cəbrayılın döyüşə atıldığı
və həlak olduğu anlarının təsviri isə olduqca təsirlidir. Heyvanlara qarşı mərhəmətli olan Cəbrayılın düşmənə
nifrəti sonsuz idi. Müharibənin ilk günündə ermənilərin əllərinə
keçirtdikləri postu
almaq üçün
döyüşə atılan
Cəbrayıl güllə
yarası alana qədər vuruşur. Gülləsi qurtardığı
üçün cibində
gəzdirdiyi xəncərə
əl atır və yaralı-yaralı əllərini erməni generalının boğazına
keçirir. "Belə
sürətli hücum,
düşməni bir an içərisində məhv etmək, müharibənin ilk günlərində Cəbrayıl
kimi igidlərin sayəsində olmuşdur"
(Polkovnik Ələkbərov).
Romanı ürək
ağrısız, həyəcansız
oxumaq olmur. Cəbrayıl kimi gənc döyüşçünün
qəhrəmancasına vaxtsız
ölümü hamımızı
sarsıtdı. Ancaq vətən yolunda canından keçən oğullar əslində ölmür, əbədi yaşayırlar.
Azad Qaradərəli
də bu dəyərli əsərini
yazaraq Milli Qəhrəmanımız Cəbrayıl
kimi igid döyüşçümüzün obrazını inandırıcı
boyalarla, təsirli faktlarla oxuculara bir daha sevdirdi.
Mənzər
Niyarlı
Ədəbiyyat
qəzeti.- 2022.- 19 fevral.- S.21.