Maarifçi fəlsəfi irsin və demokratik mətbuatın görkəmli tədqiqatçısı

İzzət Rüstəmov – 90

 

Azərbaycanın elmi-mədəni və media ictimaiyyəti qocaman ziyalı və ictimai xadim, tanınmış filisof alim və milli mətbuatımızın cəfakeş tədqiqatçısı, “Şöhrət” ordenli professor İzzət Rüstəmovun anadan olmasının 90 illiyini dərin ehtiram və qədirbilənliklə qeyd edir.

 

İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx obasının Düz Rəsullu kəndində anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universite­ti tarix fakültəsinin fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirib elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1961-ci ildə “Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik, 1972-ci ildə “Azərbaycanda təbii-elmi biliyin inki­şafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə dosent və 1977-ci ildə profes­sor elmi adı almışdır.

 

Professor İzzət Rüstəmov 70 ilə yaxın əmək fəaliyyətinə məzunu olduğu ali məktəbin fəlsəfə kafedra­sında başlamış, 1984-cü ilə qədər burada çalışmışdır. Sonrakı 10 ildə Azərbaycan Dövlət Neft Akademi­yası fəlsəfə kafedrasının müdiri, Azərbaycan KPMK yanında Partiya Tarixi İnstitutu direktorunun müavi­ni olmuşdur. 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini yüksək hökumət vəzifəsində çalışmışdır. 1999–2004-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində işləmişdir. 2004-cü ildən BDU-da yeni yaradıl­mış sosiologiya kafedrasına rəhbərlik etmişdir.

 

Filosof alim və mətbuat tariximi­zin araşdırıcısı kimi İzzət Rüstəmov bir sıra beynəlxalq konfranslarda fəlsəfənin aktual mövzularına dair məruzələrlə çıxış etmişdir. 60 ildən ar­tıq müddətdə müxtəlif ali məktəblərdə on minlərlə tələbəyə dərs demişdir. Azərbaycan Milli Elmlər Akademiya­sında və Bakı Dövlət Universitetində müxtəlif şuraların üzvüdür. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvü seçilmişdir.

 

İzzət Rüstəmov 20-dən çox elmlər namizədi və 6 elmlər doktoru yetiş­dirmişdir. 10 kitab, 4 monoqrafiya, 170-ə yaxın məqalənin müəllifidir. I Qarabağ müharibəsinin igid şəhidi, Milli Qəhrəman Məzahir Rüstəmovun atası kimi fəal vətənpərvərlik işi apa­rır. Çoxillik elmi-pedaqoji və ictimai fəaliyyətinə görə “Şöhrət” ordeninə və müxtəlif təltiflərə, milli mətbuat tarixi­mizin araşdırılmasında xidmətlərinə görə fəxri “Həsən bəy Zərdabi” diplo­muna layiq görülmüşdür.

 

Böyük amallarla yaşa­yıb yetirmələrini də bir ruhda tərbiyələndirmiş İzzət müəllimin elmi-pedaqoji və ictimai fəaliyyəti özü də tədqiqat mövzusu olmuş, onun barəsində bir sıra elmi və publisistik məqalələr yazılmışdır. Bu yazıların müəllifləri bildirirlər ki, İzzət Rüstəmov, ilk növbədə, repressiya və stalinzm illərindən sonra milli ruhun yüksəlişi şəraitinin tələblərinə uy­ğun olaraq, Rusiya müstəmləkəçiliyi dövründə Azərbaycan xalqının mənəvi mədəniyyətinin 3 böyük nəhəngi olmuş Abbasqulu ağa Bakixanovun, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin elmi yaradıcılığını dərindən araşdırmışdır. Alim bununla Azərbaycanda ilk dəfə olaraq maarif­çilik fəlsəfəsini sistem halında tədqiq etmiş, onun tam elmi mənzərəsini yarada bilmişdir.

 

Milli fəlsəfi irsin ilk tədqiqatçılarından biri olaraq İzzət Rüstəmov sonrakı fəaliyyətini Azərbaycan təbiətşünaslığının inkişafının fəlsəfi problemlərinin elmi təhlilinə həsr etmişdir. O, ilk dəfə ola­raq, A.Bakixanovun “Əsrarül-mələkut” və “Kəşfül-Qəraib” əsərlərinin dərin təhlilini vermiş, bu böyük maarifçi­ni Azərbaycan oxucusuna və elmi ictimaiyyətinə görkəmli təbiətşünas alim, filosof kimi təqdim etmişdir.

 

İzzət Rüstəmov M.F.Axundzadə-nin elmi arxivinin dərin, əhatəli təhlilini verərək, onun öz dövründəki təbiətşünaslığın aktual problemlərinə çox yaxından tanış olan alim obrazı­nı yaratmışdır. Alim bu tədqiqatı ilə belə bir nəticəyə gəlmişdir ki, dahi Mirzə Fətəli böyük ədib, istedadlı dramaturq olmaqdan daha çox, nadir elmi düşüncəsi və fəlsəfi təfəkkürü ilə epoxasının görkəmli mütəfəkkiri olmuşdur.

 

Həsən bəy Zərdabini isə İzzət Rüstəmov sələfləri Bakıxanovdan, Axundzadədən və ümumiyyətlə Azərbaycan mədəniyyətinin bütün əvvəlki inkişaf mərhələlərindən gələn mütərəqqi ideyaların, maarifçilik fəlsəfəsinin əməlpərvər davamçısı kimi tədqiq və təqdim etmişdir. Alim Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsininin təbaət elmləri bölümünü elmi dərəcə ilə bitirən, dünya və rus elmi qaynaqlarının, elmi nailiyyətlərinin dərin bilicisi olan Həsən bəyin zəngin elmi-publisistik irsini ətraflı öyrənərək onun görkəmli bioloq, astronom, ekoloq, təbib oldu­ğunu ilk dəfə nəzəri cəhətdən sübuta yetirmişdir.

 

İzzət Rüstəmov Həsən bəy Zərdabinin elmi yaradıcılığına qiymət verərkən ilk dəfə olaraq “nəzəri maarifçilik” və “praktik maarifçilik” anlayışlarını elmi dövrəyə daxil et­mişdir. Alim Zərdabinin çoxsaylı elmi əsərlərindən əlavə, “Əkinçi” qəzetinin materiallarını da geniş araşdırmaqla milli mətbuatımızın banisinin timsa­lında anadilli jurnalistikamızın tarixi­nin tədqiq edilməsinə dəyərli töhfə vermişdir.

 

Professor İzzət Rüstəmov milli maarifçilik irsinin tədqiqini davam etdirərək XX əsrin əvvəllərində təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri haqqında da aydın təsəvvür yaratmışdır. Bu sıra­da Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq və digərlərinin təbii-elmi və fəlsəfi görüşləri konkret elmi materiallar əsasında təhlil olunmuşdur. Müəllif doktor Nərimanovun dərin fəlsəfi təfəkkürlü təbiətşünas alim, bö­yük təbib olduğunu elmi dəlillərlə göstərmişdir. Alim “Əkinçi” qəzetinin yolunu davam etdirmiş “Molla Nəsrəddin” jurnalının materiallarını da tədqiqata cəlb edərək bu iki xəlqi nəşrin ideya-nəzəri varisliyinə ilk dəfə elmi aydınlıq gətirmişdir.

 

Filisof alim Hüseyn Cavid və Məhəmməd Hadinin elmi-fəlsəfi baxışlarının təhlili əsasında onların elmi ictimaiyyətə az məlum olan bir çox yeni əsərlərini aşkara çıxarmış, onların elmi mahiyyətini şərh etmiş­dir. Bunların sırasında Cavidin dərin fəlsəfi məzmuna malik “Müharibə və ədəbiyyat” məqaləsi, 8 məqalənin toplandığı “Həsbihal” və “Peyğəmbər” əsərləri elmi təhlilə cəlb olunur. Bununla yanaşı, İzzət Rüstəmov mütəfəkkir şair Məhəmməd Hadinin “Fəlsəfənin çiçəkləri”, “Elmi-əbdanə həqiqi bir nəzər” başlıqlı məqalələr seriyasının təhlili əsasında hər iki şairi filosof ədib kimi səciyyələndirmişdir.

 

Milli fəlsəfi irsin ardıcıl tədqiqatçısı olaraq İzzət Rüstəmov vaxtilə “Əkinçi”də başlanmış “Elmi-əbdan və elmi-ədyan” mübahisəsinin XX əsrin əvvələrində “Bizə hansı elmlər lazımdır?” sualı ilə davam etdirilməsini də ilk dəfə ətraflı təhlil etmişdir. Qeyd edildiyi kimi, XIX–XX əsrlər milli fəlsəfi irsimizin elmi-nəzəri problemlərini müvafiq elmi əsərlərlə yanaşı, milli ədəbiyyat və mətbuat materiallarına istinad etməklə araşdırmış filosof öz tədqiqatlarında “Əkinçi”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “İqbal”, “Tərəqqi”, “Füyuzat”, “Dəbistan”, “Şəlalə”, “Kas­pi” kimi qəzet və jurnalların fəaliyyəti və hədəfləri barədə də geniş elmi təsəvvür yarada bilmişdir.

 

Professor İzzət Rüstəmovun elmi yaradıcılığı təkcə fəlsəfi fikir tarixi ilə məhdudlaşmamışdır. Onun yaradıcılı­ğında dialektika və idrak nəzəriyyəsi, məntiq, etika, estetika məsələlərinin təhlili geniş yer tutur. Filosof alim ümummilli lider Heydər Əliyevin elmi və fəlsəfi düşüncələrinin təhlil olundu­ğu “Gələcəyə istiqamətlənmiş böyük siyasət”, “Heydər Əliyevin ideya-nəzəri irsi Bakı Dövlət Universitetində dərindən öyrənilir”, “Bakı Dövlət Uni­versiteti və Azərbaycanda milli ideolo­giyanın formalaşmasında humanitar elmlərin rolu” kimi elmi məqalələrində çağdaş fəlsəfə elmi və cəmiyyətin tərəqqisi məsələləri araşdırılmışdır.

 

İzzət Rüstəmov Azərbaycan fəlsəfəsində “Fəlsəfi tənqid”in əsasını qoymuş və fəlsəfi ədəbiyyatın təhlilinə həsr olunmuş xeyli sayda məqalələri ilə bu anlayışı populyarlaşdırmış­dır. Professor İzzət Rüstəmovun rəhbərliyi, müəllifliyi və elmi redaktor­luğu ilə ilk dəfə Azərbaycanda monu­mental “Ensiklopedik fəlsəfə lüğəti” yaradılmışdır. İzzət müəllim fəlsəfi və ictimai-siyasi profilli ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi ilə də ardıcıl məşğul olmuşdur. Onun “Azərbaycanda təbii-elmi biliyin inki­şafının fəlsəfi problemləri” monoqra­fiyası və akademik Firudin Köçərli ilə həmmüəllif olduğu “N.Q.Çernışevski və Azərbaycanda ictimai fikir” kitabı ABŞ Konqresi kitabxanasının katalo­quna daxil edilmişdir.

 

Ulu öndər Heydər Əliyevin mötəbər təqdimatı ilə 5 il Baş nazirin müavini işləmiş İzzət Rüstəmov müstəqil dövlətin ən ağrılı problemlərindən olan qaçqın-köçkün­lük məsələləri ilə Qarabağ savaşında övlad qurban vermiş ata kimi böyük məsuliyyətlə məşğul olmuşdur. O, Romada, Nyu-Yorkda, Londonda, Belçikada, Cenevrədə, Kuveytdə, Sudanda, Tehranda, Təbrizdə və s. yerlərdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə, BMT-nin müşavirələrində Azərbaycanı uğurla təmsil etmiş, ölkəmizin müxtəlif nümayəndə heyətlərinə rəhbərlik etmişdir.

 

Qocaman filosof, fədakar mətbuat tədqiqatçısı, bir neçə nəsil ziyalının müəllimi, gözəl insan və fəal vətəndaş olan İzzət Rüstəmovu ömrünün onun­cu onilliyinə yetişməsi münasibətilə qəzetimizin oxucuları adından səmimi təbrik edir, yubiliyar alimə bundan sonrakı həyatında gümrahlıq və yeni uğurlar arzulayırıq.

 

Tahir AYDINOĞLU

 

Ədəbutyyat qəzeti.- 2022.- 19 fevral.- S.23