Gülab - Hekayə.

 

Qulağı gözləmə otağından yalvarış dolu xahiş səsini çaldı. Düyməni basıb katibəsi Gülya xanımı çağırdı. Katibə xahişçini "xırmanda" qoyub özünü müdirin hüzuruna yetirdi. Müdir səs sahibi ilə maraqlandı:

 

- Ordan gələn zarıltı kimin səsidir?

 

Gülya xanım:

 

- Sona arvadın səsidir? - dedi.

 

- Yenə nə istəyir?

 

- Əvvəlki xahişini təkrarlayır. Oğlu - Birinci Qarabağ müharibəsinin qazisi Müzənpərin ürəyi xəstədir. Həkim ona gülablı çay içməyi buyurub. Haradansa eşidib ki, siz də ürəyinizə görə gülablı çay içirsiniz. Özü də keyfiyyətlisindən. Xahiş edir ki, Cəpər Cəpəroviç həmin keyfiyyətli gülabdan bir şüşə də onun oğluna - köhnə döyüşçüyə əta eləsin. Deyir, kömək əli uzatsa, Allaha da xoş gedər. Nə cavab verim?

 

Müdir bir anlığa da olsa, xadimənin xahişini götür-qoy etmədi. Mövqeyini qəti bildirdi:

 

- Belələrini yaxşı tanıyıram. Versəm, bir də gələcək. Sonra ayaq açanlar çox olacaq. Di gəl sən bunların qabağında dayan. Denən, Cəfər müəllim özü də o dediyi gülabdan axtarır. Əlaqə saxlasın, tapa bilsəm, bir şüşə oğlu üçün bağışlayaram. Vətənin bütövlüyü uğrunda çarpışanların qulluğunda durmaq bizim borcumuzdur.

 

Günlər ötür, eyni xahişin müqabilində eyni cavablar verilirdi.

 

 

 

***

 

Cəfər Cəfər oğlu Cəfərov 35 ildir ki, şəhərin gəl-götürlü idarələrindən birində müdirlik edir. Üzünə tük, əlinə diplom gələn kimi çoxsaylı işçiləri olan bir təsərrüfata rəhbərlik etməyə başladı. Biz o çoxsaylı işçilərdən beşi - müdir Cəfər Cəfərov, onun sevimli, seçimli ana-bala katibələri Nona və Gülər xanımlar, xadimə Sona arvad və onun oğlu - Birinci Qarabağ müharibəsinin qazisi Müzəffərdən söhbət açacağıq.

 

Keçən əsrin 80-ci illərindən ermənilərin torpaqlarımıza qarşı başlanan yeni işğalçılıq siyasəti beynəlmiləlçi Azərbaycanda milli hisslərin oyanmasına, önə çıxmasına şərait yaratdı. Qarışıq ailələrin nümayəndələri vaxt itirmədən yeni şəraitə uyğunlaşmağa başladılar. Cəfər Cəfərovun da katibəsi Nona xanım tezliklə Nanə xanım oldu. Nona xanımın ehtiras doğuran gərdənini yoldaş Cəfərov gözü sataşanda qırmızı parça görmüş harın öküz kimi kükrəyib özündən çıxırdı. Onu ancaq Nona xanım ram edib sakitləşdirməyi bacarırdı. Bu "xidmətinə" görə müdirdən sonra Nona xanım idarədə ikinci söz sahibi hesab edilirdi.

 

Vətənpərvərlər Vətəni qorumaq üçün könüllü olaraq cəbhəyə yollanırdılar. Xadimə Sona arvadın yeganə oğlu Müzəffər də bu könüllülərdən biri idi. Həyat hər yerdə bir cür dəyişirdi. Bu dəyişiklik Cəfər Cəfərovun başçılıq etdiyi idarədə də baş verirdi. Artıq işçilər sovetlərin qalığı olan yarlıqla - rəhbərə "yoldaş Cəfərov" deyə müraciət etmirdilər. Keçid dövrü kimi rəhbərə müraciət forması bir-birini əvəzləməkdə olan iki sistemin əlamətlərini özündə əks etdirirdi. Bu sahədə Nona "çətirindən" imtina etmiş Nanə xanım mühüm rol oynayırdı. Amma o, qarışıq məhsul olduğu üçün məqsədinə tam nail ola bilmirdi. Dili milli müraciətə - qrammatik qaydalara yatmırdı. O, Azərbaycan dilində danışan bütün ermənilər kimi həmişə "f" hərfini "p" hərfi kimi işlədirdi. "Cəpər Cəpəroviç, sizə limonlu çay gətirimmi?". Ehtiyac duymasa da, müdir Nanənin şirin ləhcəli pozuntusuna əsir düşür, dərhal deyirdi: "Gətir!". Zaman keçdikcə Nanə xanım tələffüzünü öz dilinə bir az da yatımlı elədi. Yəni "c" hərfinin yerinə "ç" hərfi işlətməyə başladı, - Cəfərin əvəzinə Çəpər səsləndirildi: "Çəpər Çəpəroviç, dəstəyi götürün, sizə yuxarıdan zəng edəcəklər". Rəhbər Nanə xanımın çənəsini əlləyib gülümsündü, yeni müraciətlə - Çəpər Çəpəroviçlə barışmadı: "Bundan sonra hamı mənə "Çəpər Çəpəroviç" deməyə başlayacaq. Qeyrilərinə işarə ilə anladacaqlar ki, mən idarə ilə kollektiv arasında bir çəpərə çevrilmişəm. Adımı əvvəlki kimi səsləndir: "Cəpər Cəpəroviç". Sənin dilindəki təhrif mənə ləzzət verir". Yalnız rəsmi sənədlərdə adımdan və soyadımdan ilkində olduğu kimi istifadə edilməlidir". Artıq cin şüşədən çıxmışdı. Müdirin arxasında ədalətsizliyinə etiraz edənlər astadan ona "Çəpər Çəpərov" deməklə hirslərini soyudurdular.

 

Orasını da deyim ki, tituləvəzi müraciətləri zamanın küləyi saman çöpü kimi qabağına qatıb sovururdu. "Yoldaş"dan sonra bir illiyinə rəhbərə "bəy" deyə müraciət etdilər. Daha sonra qeyri-rəsmi "müəllim", rəsmi isə "cənab" müraciətləri gündəmə gəldi.

 

Kim nə deyir desin, müdirləri qocalmağa qoymayan katibələridir. Bu işdə qarışıq məhsullar öz naz-qəmzələri, kədəri kənarda saxlamaq fəndləri, yorğanaltı "idmanları" ilə möhür sahibinin qəlbini ustalıqla fəth edirlər. Bundan sonra rəhbərlərin seyflərinin - ciblərinin açarı diz üstündə oturan gözəlçələrin əlinə keçir. Hamının babalını yumaq olmaz. İstisna hal kimi ismətli katibələrə də rast gəlinir. Belələri bizimkilərdəndir.

 

Cəfər Cəfərov rəhbər olaraq kollektivdə ictimai ədalətin pozulmasına "xüsusi diqqət" yetirənlərdəndir. Bayram günlərində lazım bilinənlər pərdə arxasında qiymətli hədiyyələrə layiq görülürlər. Öndə isə başqa mənzərə baş verir. Nanəyə sadəcə bir dəstə gül, müdirin otağını silib-təmizləyən Sona arvada isə 5-10 manat pul mükafatı, üstəlik də, bir təzə süpürgə bağışlanır. Zalda oturanlar rəhbərin qayğısını alqışlara "qərq" edirlər.

 

Bunlar o vaxt baş verirdi ki, Cəfər Cəfərov da cavan idi, Nanə xanım da. Nanə xanım hər dəfə xüsusi əda-işvə ilə Cəfər müəllimə minnətdarlıq edirdi:

 

- Cəpər Cəpəroviç, sizin sonsuz səxavətiniz sayəsində bütün dünyanı gəzdim, villam oldu, barmaqlarımı, boynumu qiymətli daş-qaşlarla bəzədiniz. Ən bahalı maşının sükanı arxasında oturdum (bəli, dili sehrli xanımlar əli möhürlülərin peysərində oturanda belə olur). Sizə can qurban eləmək azdır, az!

 

Sonra növbəti əməliyyat başlayırdı. Nanə xanımın yumulu əli Cəfər müəllimin cibinə daxil olurdu. Bunun nə demək olduğu aydın idi. Buna baxmayaraq müdir bildiyini bilməzliyə vururdu:

 

- Cibimdən nə götürürsən?

 

Nanə xanım sirayətedici işvə ilə:

 

- Götürdüyümün qalığını qaytarıram.

 

- O nədir elə?

 

- Çərəz! Qoz-pındıq ləpəsidir. Məni pağır bala bilməyin. Bu əvəzsiz nemət cavanlığını qoruyan sizin kimi vəzifəli kişilər üçündür. Ləpə erkəkliyi həmişə ayaqda saxlayır. Boş olanda ağzınıza atarsınız.

 

Bu hərəkətdən xoşhal olan müdir onun cibinə ləpə ötürənin pəmbə əlindən öpüb gülümsünürdü:

 

- Ay səni, şeytan!..

 

Səyahətlər zamanı məclislər meysiz-məzəsiz olmazdı. Cəfər müəllim içkiyə həddi qorumaqla meyil edənlərdən idi. O, spirtli içkilər arasında tündlük dərəcəsi az olan şəraba üstünlük verirdi. Çappa stəkanla dalbadal araq gillədən Qurbanəli bəyin (Mirzə Cəlilin obrazı) nəvəsi olsa da, həmişə araqdan yan dururdu. Nanə xanım da ona şərab içməyi məsləhət görürdü. Təcrübədən bilirdi ki, araqlayan kişilər qadınların yatağında artıq yükə çevrilirlər. Bəli, o vaxtlar cənab Cəfər Cəfərovun vücudundan elə bir şikayəti yox idi. Ona görə də gülab əvəzinə, şərab içirdi. Hələ üzüm suyundan gül suyuna xeyli yol vardı...

 

Müdirlər qocaldıqca "məhəbbət meşəsində" cavan əlikləri ovlamağa meyilli olurlar. Anası ölmüş Nanə xanım təcrübəsindən yaxşı bilirdi ki, igidin atı, müdirin katibəsi həmişə oynaq, çaparaq olmalıdır. Zaman ötdükcə hiss edirdi ki, daha əvvəlki təravətdə deyil. Müdirin cib-seyfini əldə saxlamağın xatirinə könüllü olaraq məşuqəlik missiyasını sütül, məhəbbət meydançasında təzəcə rəqsə başlayan qızı Gülya xanıma güzəştə getdi. Özü isə yana çəkilib məsləhətçi-məşqçi rolu ilə kifayətləndi:

 

- Cəpər Cəpəroviç, mən yaxşı bilirəm ki, rəhbərlər yaşa dolduqca məhəbbət menyusunu dəyişməyə ehtiyac duyurlar. Etiraz etsəniz də, bu yerdəyişməni özüm həll edəcəyəm. Sizə könül qulluğu ilə bağlı səlahiyyətlərimi qızım Gülyaya transfer edəcəyəm. O, yeniyetmədir. Sizi məndən də yaxşı əyləndirəcəkdir. Qoy bir az da ərimin üzünə gün doğsun.

 

Təklif Cəfər Cəfərovun ürəyindən xəbər vermişdi. İstədi saxta etirazda bulunsun. Nanə xanım etiraza imkan vermədi. Bundan sonra yaşlı müdirin qəlbinə sütül Gülya xanım hakim oldu. Müdirin tarlasını necə şumlamaq işinin məşqçiliyini anası - anaş məşuqə öz üzərinə götürdü.

 

Tezliklə yaşlı müdir Gülya xanıma bağlanaraq yeni məhəbbət macəralarına start verdi. Ancaq yaş da öz sözünü deməkdəydi. Günlərin birində yaşlı müdir özünü gücə saldı. Ürəyi yeni sınaqlara dözmədi, çat verdi. Həkimin məsləhətilə ilk müalicə tədbiri olaraq şərabı gülabla əvəzlədi. Yəni Gülya xanımın gül əllərindən gülablı çay alıb bala-bala nuş eləməyə keçdi.

 

- Gülya xanım, çay gətir.

 

- Baş üstə. Gülab da əlavə edimmi?

 

- Əlbəttə. Sən zəhər də qatsan, o çayı içməkdən mən imtina etmərəm. Ancaq hələlik gülablı çay gətir.

 

Xadimə Sona arvad da sözünə son vermirdi. Əziz balası, Birinci Qarabağ müharibəsinin qazisi Müzəffər də ürək xəstəliyinə mübtəla olmuşdu. Həkim ona da gülablı çay içməyi məsləhət bilmişdi. Ancaq gülab keyfiyyətli olmalıydı. Onun da yerini müdir Cəfər Cəfərov bilirdi. Haradansa bu keyfiyyətli gülabdan gətizdirib nuş edirdi. Yoxsa Gülya adlı ağır dəyirman daşını sinəsində necə oynada bilərdi?!

 

Veteran döyüşçü günü-gündən ananın gözləri qarşısında əriyirdi. Ana ürəyi buna necə dözsün... Əlacı kəsildiyindən o, Gülya xanıma yalvarırdı:

 

- Gülya xanım, mənim balam da ürəyindən əziyyət çəkir. Həkim ona da gülablı çay içməyi məsləhət görüb. Cəbhəyə könüllü yollanmaqla anası ölmüş balam Müzəffər bu müəssisənin adını ucalara yüksəldib. İndi necə ola bilər ki, müdirimiz ona bir şüşə gülab qıymasın?! Bəs fədakarlığın, Vətənə xidmətin qiyməti necə verilməlidir? Çəpər müəllim, bağışlayın, Cəfər müəllim heç savab qazanmaq fikrində deyil? Hər necə olsa, sizi eşidər. Mənim dilimdən xahiş edin ki, o içdiyi gülabdan bir şüşə də mənim döyüşçü oğluma bağışlasın. Bəlkə, düşəri oldu...

 

Gülya xanım guya Sona arvadın halına acıdı:

 

- Yanınıza gələndə Müzənpəri görmüşəm. Yaxşı oğlana oxşayır. Başıaşağıdır. Onun üçün Cəpər Cəpəroviçə ağız açmağa dəyər. Bilirsiniz ki, müdirimiz qayğıkeş rəhbərdir. Yəqin, xahişinizi nəzərə alar.

 

Gülya xanım kiminlə necə rəftar eləməyi incəliyinə qədər mənimsəmişdi. Bu təcrübəsindən qabaqlarının qulluqçusu olan Sona arvada qarşı da məharətlə istifadə edirdi. Qızmış aslana bənzəyən cənab Cəfərovu sakitləşdirən bir araçının əlində yazıq, mağmın bir süpürgəçi nədir ki...

 

- Narahat olmayın, Sona xala, imkan düşən kimi xahişinizi Cəpər Cəpəroviçə çatdıracağam. Bilirsiniz ki, o, nə qədər mülayim, ürəyiyumşaq adamdır. Mümkün olanı eləyəcəkdir. Bir də ki, o da  ürəyindən əziyyət çəkir. Təkcə qazimiz Müzənpərin yox, onun da gülaba ehtiyacı var. O, şəfaverici gül suyundan əldə eləyəndə sizi də yaddan çıxarmaz.

 

Gülya xanım anasından daha müasir, daha şirindil olmağa çalışırdı. O, narazı adamların qəzəbini şirin dilinin sehri ilə elə qəbul otağındaca tərksilah edirdi. Çapan atı bircə yerdə axsayırdı. Bu qarışıq məhsul da anası kimi özündən asılı olmayaraq tələffüz zamanı "f" hərfinin yerinə "p" hərfini bənd edirdi. Bu da onun hansı zatdan gəldiyinin xəbərçisi idi.

 

Növbəti qarşılaşmanın sədasını müdir eşitdi. Xahişçi Sona arvadı yenidən yola saldıqdan sonra katibə müdirin çağırışına getdi. Qaş-qabağını tökən müdir narazı haldı dilləndi:

 

- Yenə odur?

 

- Bəli.

 

- İndi nə istəyir?

 

- Əvvəlki xahişini təkrar edir. Oğlu Müzənpər də ürək xəstəsidir. Siz içən gülabdan bir şüşə də ona bağışlamanızı xahiş edir. Cəpər Cəpəroviç, bəlkə, bu dəfə onun xahişini nəzərə alasınız. Bir şüşə gülab nə böyük mətahdır ki... Ehtiyacı olan işçinizə əl uzatmaq sizin alicənablığınızın sübutu olar. Elə bilin ki, bu xahişi mən edirəm. Axı siz heç vaxt mənim bir sözümü iki eləməmisiniz. Necə ki, mən də heç vaxt sizin bir sözünüzü iki etməmişəm.

 

Müdir bu dəfə sevimlisinə, ağzının saqqızını məharətlə oğurlayana etirazını bildirdi:

 

- Sən bunları yaxşı tanımırsan. Elə ki, bir xahişinə əməl elədin, sabah başqa bir xahiş üçün qapını kəsəcək. Qarabağ qazisi olmaq nə böyük şeymiş. Heç şəhid anaları belə sifət göstərmirlər. Müzəffər gərək mən içən gülabdan içə? Satışda o qədər gülab var ki... Getsin alsın də. Lap pulunu mən verərəm.

 

Dəyirmanın alt daşı rəhbərini rəhmə gətirmək istədi:

 

- O bilir ki, siz hansı gülabdan istifadə edirsiniz. Siz istifadə etdiyiniz gülab ölünü dirildir. Cəpər Cəpəroviç...

 

Müdirin gen səbri daraldı:

 

- Allah bu şirin dili sizə nəyə görə verib? Xahişə gələni rədd eləmə, qovma, şirin dilini işə salıb bilinməz aylara, illərə vəd ver. Axırda şikayətçi ayaq döyməkdən, dil açmaqdan bezib könüllü olaraq çıxıb gedəcəkdir.

 

Gülya xanım nataraz söhbətdən sonra anasının açdığı cığırı addımlamağa girişdi. Hirslənmiş aslanı vaxtında ram etmək lazımıydı. Bu dəfə də həmin hal təkrar olundu. O, yumulu əlini Cəfər müəllimin cibinə daxil etdi. Bunun nə demək olduğu aydın idi. Buna baxmayaraq müdir bildiyini bilməzliyə vurdu:

 

- Cibimdən nə götürürsən?

 

Gülya xanım sirayətedici işvə ilə:

 

- Götürdüyümün qalığını qaytarıram.

 

- O nədir elə?

 

- Çərəz! Qoz-pındıq ləpəsidir. Məni pağır bala bilməyin. Bu əvəzsiz nemət cavanlığını qoruyan sizin kimi vəzifəli kişilər üçündür. Ləpə erkəkliyi həmişə ayaqda saxlayır. Boş olanda ağzınıza atarsınız.

 

Katibəsinin hərəkətindən xoşhal olan müdir onun cibinə ləpə ötürənin pənbə əlindən öpüb gülümsündü:

 

- Ay səni, şeytan!..

 

 

 

***

 

Sona arvad hansı səbəbdənsə işə gəlməmiş, müdirin otağını silə bilməmişdi. Müdir maraqlandı, səhih məlumat verən olmadı. Ertəsi gün insan tıxacı səbəbindən maşınların hərəkəti dayanmışdı. Ölü düşmüşdü. Adamlar kiminsə dəfnində iştirak edirdilər. Cənazə irəlidə, insan axını arxada... Görəsən, dünyasını dəyişən kimdir? Bu izdihamlı cənazə kimə məxsusdur? Çox çəkmədən sirr açıldı. Sən demə, dünyasını dəyişən Sona arvadın oğlu, Birinci Qarabağ müharibəsinin qazisi Müzəffər imiş. İzdiham Şəhidlər xiyabanına sarı yönlənmişdi.

 

Bunu bilən cənab Cəfər Cəfərov tez seyfini açıb oradan bir neçə gülab şüşəsi çıxardı və xidməti maşınına oturub özünü dəfn mərasiminə çatdırmağa can atdı.

 

...Matəm mitinqində Müzəffərin silahdaşları, əlaqədar təşkilatların nümayəndələri, yaxın adamları mərhumun şücaəti, vətən qarşısında xidmətləri barədə xoş sözlər söyləyir, sonda Sona arvada üz tutub deyirdilər: "Fəxr edə bilərsiniz ki, belə oğulun anasısınız. Qarşınızda baş əyirik!".

 

Bu arada cənab Cəfər Cəfərov özünü igidin məzarına yetirdi. Əlindəki gülab şüşələrinin ağzını açıb, qəbri gül suyuna qərq elədi:

 

- Şəfa tapmaq üçün həkim ona gülab qəbul etməyi məsləhət bilmişdi. Mən də eyni xəstəliyə mübtəla olduğum üçün gülab sifariş etmişdim. Təəssüf ki, qazimiz dünyasını dəyişməyə tələsdi. Tələsməsəydi, mən tərəfdən dərmanını bulacaq, indi bizimlə birlikdə həyatda olacaqdı. Nə etmək olar... Ancaq təsəllimiz var: İndicə əldə elədiyim gülabları ürək xəstəliyindən əziyyət çəkən qazimizin məzarına səpirəm. Yeri cənnətlik olsun. Sona xanım, (ilk dəfə idi ki, müdir işçisinə sayqı ilə "xanım" deyirdi) belə oğul böyütdüyünüz üçün üzünüz ağ olsun. Hamımızın anası olan ananın üzünə mənim kabinetimin qapısı həmişə açıqdır. Sizin qulluğunuzda durmaq mənə ancaq şərəf gətirər.

 

Sona arvadın kar olmuş qulaqları bu inanılmaz sözləri həmişə qapısından boş vədlərlə qayıdan müdiri Cəfər Cəfərovdan eşidirdi.

 

Kimsə onu yaxından tanımaq üçün astadan soruşdu:

 

- Bu alicənab zat kimdir?

 

Cavab haçalandı:

 

- Kim üçün Cəfər;

 

- Kim üçün Cəpər;

 

- Kim üçünsə Çəpər...

 

Qərib MEHDİ

 

Ədəbiyyat qəzeti.- 2022.-19 fevral.- S.24.