Tarix həmişə və birgə
xatırlamaqdır
Bişkek... Aytmatov forumu... zalı tərk
edən ermənilər
2009-cu il idi. Bişkekdəydim.
Beynəlxalq Çingiz Aytmatov Forumunda. Forum 24-27
fevrala, Xocalı soyqırımının baş verdiyi məşum
tarixə təsadüf edirdi. İspaniyadan
Çinə qədər onlarca ölkədən nümayəndə
heyəti gəlmişdi. O cümlədən Ermənistan
nümayəndələri də, Rusiyadan olan ermənilər də.
Tanınmış
yazıçılar, rejissorlar, jurnalistlər... Şahnazarov da orda idi. Prezident
sarayının böyük zalında 7-9 nəfərlik Rəyasət
Heyətində oturmalı oldum. Bu,
qabaqcadan nəzərdə tutulmamışdı. Azərbaycandan məndən başqa, daha 2 nəfər
vardı. Onlara təklif etdim ki, rəyasət
heyətində oturacaq nümayəndəmiz (əslində həmin
şəxs müəyyənləşmişdi də)
Xocalı soyqırımını mütləq
xatırlatsın, çünki bu çox əlverişli
imkan, uğurlu beynəlxalq platforma idi. Cavabında
unutmayacağım məyusedici sözlər eşitdim: - Sən
Allah, qanqaraçılıq salma, siyasi məclis deyil bura... Və sair və ilaxır. Sonra iş elə gətirdi,
dil baryeri səbəbindən təklif elədilər ki, mən
oturum orda. Razılaşdım, amma dedim ki, mənim
adımı yazmasalar da olar, amma qoy sənin adını
götürsünlər, bircə Azərbaycan sözü
qalsın orda, o sözün arxasında məmnuniyyətlə
oturdum. Əvvəl
Qırğızıstanın o vaxtkı Mədəniyyət
naziri çıxış etdi, sonra MDB Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru.
Daha sonra Rusiyadan bir nümayəndə, gərək
ki, "Drujba narodov" jurnalının baş redaktoru
Ebonaidze. Sonra mən. Çıxışımın
əvvəlində Xocalını xatırlatdım. Dedim
ki, işığına
yığışdığımız, Azərbaycanda bizim
öz klassiklərimiz qədər sevdiyimiz böyük
qırğız yazıçısı Aytmatovun da
bölüşdüyü humanist ideallar naminə biz bu
gün düz 17 il əvvəl - onda 2009-cu il idi - Azərbaycanda
yer üzündən silinmiş bir qəsəbəni, vəhşicəsinə
öldürülmüş yüzlərlə insanı, qoca qadın
və kişiləri, hamilə gəlinləri, uşaqları
xatırlamalı, onların ruhunu bir dəqiqə sükutla
yad etməliyik. Buna borcluyuq. Rusca
danışırdım, amma digər dillərə sinxron tərcümə
vardı. Hamı ayağa qalxdı.
Dedim ki, əlbəttə, biz indi bu hadisə səbəbiylə
toplaşmamışıq, bu hadisənin kimlərin törətdiyini
müzakirə etmək üçün
yığışmamışıq, amma siz bilirsiniz ki, Azərbaycanla
kimlərin, hansı qonşularının problemi var...
Erməni
nümayəndələrinin bəziləri mən
çıxış edən zaman, xüsusən o bir dəqiqəlik
sükut anında zalı tərk etdilər... Şahnazarov
da.
Maraqlısı
sonra baş verdi. Kofe fasiləsinə
çıxanda. 4-5 KİV nümayəndəsi, jurnalistlər
məni əhatə elədi, 17 il əvvəl
Azərbaycanda nə baş verdiyini soruşdular, təbii ki, məlumat
verdim. Axırdan-axıra çiynimə bir əl
qondu. Sarıyanız, zərif, ziyalı
bir adamdı. Aramızda belə bir dialoq oldu:
-
Utanıram soruşmağa, 17 il əvvəl
Bakıda nə baş verib? - İcazə verin
soruşum, siz kimsiniz? - Mən Rusiya Mədəniyyət
nazirinin müaviniyəm. - Hadisə
Bakıda yox, Xocalıda baş verib, Qarabağda. Xocalı adlı Azərbaycan şəhəri, qəsəbəsi
genosidə məruz qalıb. - Bunu kim
edib? - Ermənistanın qanunsuz hərbi birləşmələri,
Rusiya qoşunları, 366-cı motoatıcı alay.
Qarşımdakı
adam, adını unutmuşam, ağappaq
ağarmışdı, bir neçə dəfə udqunandan
sonra dedi:
- Mən
həm öz adımdan, həm də Rusiya hökuməti
adından sizdən də, Azərbaycan xalqından da üzr
istəyirəm. Bu dəhşətdir. Bu hadisə haqqında daha ətraflı öyrənmək
istəyirəm.
Ona saytlarda necə, nə cür axtarış verməyin
yollarını izah etdim.
"Ermənilər sizdən nə istəyirlər?" - deyə
soruşdu.
"Parisi"
- dedim.
Xatırladığım 2 hadisə isə Serbiyada
baş verib. Belqradda. Dünya Ədiblərinin
Beynəlxalq görüşündə, şeir
festivalında. Həmkarım Elxan Zalla
qatılmışdıq o tədbirə. Fransadan
bir şair vardı. Deyəsən, Sen-Simon
idi adı. Arada indi də facebookda da
görürəm. Adam ilk gündən
sağa gedirdi, gözünü məndən
ayırmırdı, sola gedirdi, gözümün içinə
baxırdı. Doğrusu, əvvəl-əvvəl
heç nə başa düşmürdüm. Sonra xəfifcə çiyin vurdu mənə. Çaşdım. Gözüm
asma çantasına sataşdı, "Qarabağ Ədəbiyyat
Festivalı" sözləri yazılmışdı üzərində.
İngiliscə. Çantasına
o biri tərəfdən baxdım bir müddət sonra. "Qədim Efiopiya əlifbasında" yəqin
ki, eyni sözlər yazılmışdı. Anladım ki, bu fransız ermənilərin
Qarabağda təşkil etdiyi tədbirdə iştirak edib, onları
sevir, indi isə bunu kobud şəkildə və nədənsə,
məhz mənim diqqətimə çatdırmaq istəyir.
Tədbirin ikinci, ya üçüncü günü
ayrıldıq Elxan Zalla, proqrama görə o, başqa şəhər
və qəsəbələrə, mən də başqa yerə
gedəsi oldum, hətta nəzərdə tutulan bir
görüşdə iştirak etmədən Belqrada
qayıtdım.
O vaxtlarda
çomaq-keçi məsəli yenə həmin
fransızın qaşındığını gördüm.
Səbrini imtahan eləmək üçün həmin
gün tam laqeyd bir davranış göstərməyə
başladım fransıza. Hətta gün ərzində
onun da bulunduğu çevrəyə yaxınlaşır, hamıyla
bilərəkdən ucadan danışır, söhbətləşir
və onu isə heç görmürmüş kimi
davrandım. Sabahı gün səhər
yeməyi vaxtı mənə yaxınlaşdı, səbri
büsbütün tükənmişdi, tərcüməçi
Çislovla bərabər idik. Salamsız-kalamsız
soruşdu ki, siz ermənilərdən nə istəyirsiniz.
Dedim, suala ancaq bir şərtlə cavab verə
bilərəm. Dedi ki, nə şərtdi elə. Dedim, sual düz qoyulmalıdır. Soruşdu ki, necə düz? Dedim,
tərsinə. Bir az fikrə getdi və
soruşdu:
- Demək
istəyirsiniz ki, ermənilər sizdən nəsə istəyir?
- Bəli,
- dedim.
-
Yaxşı, ermənilər sizdən nə istəyirlər?
- soruşdu.
- Parisi, -
dedim və əlavə elədim ki, verib-verməməklə
bağlı qərara gəlməmişik hələ. Sonrakı günlərdə o fransız bir dəfə
də olsun mənimlə üz-üzə gəlmədi.
Elə
Belqradda olduğumuz o günlərdə, lap sonuncu gün, hətta
Bakıya uçmağımıza 6-7 saat qalmış gecə
başqa bir hadisə baş verdi. Səfər zamanı yoldaşlıq elədiyimiz
tanınmış rus şairi Sergey Qlovyuk bizə olan hörmətini
daha qabarıq göstərmək və sanki borclu qalmamaq
üçün bizi Belqraddakı Rus Mədəniyyət Mərkəzinə
- "Russkiy Dom"a dəvət etdi. Bildirdi
ki, oranın rəhbəri, həm də əski dostu Mixail
Denisov istefada olan xüsusi xidmət generalı olmaqla bərabər
(bəlkə də polkovnikdi, şairlər şişirtməyə
meyillidirlər), həm də bir zamanlar prezident Yeltsinin köməkçisi
olub. Nə isə... Denisov bizi yüksək
səviyyədə qarşıladı. Xalis
rus məclisi quruldu. Mən içmirdim,
Denisovla daha çox Ermənistan-Azərbaycan münasibətlərindən
danışırdıq. Qlovyuk da, Denisov da
Azərbaycanın Rusiya üçün, xüsusən,
iqtisadi cəhətdən daha ciddi tərəfdaş olduğundan
danışırdılar. Nə bilim, bəlkə
də bizə xoş gəlsin deyə belə deyirdilər.
Qəfil (ərəb əsilli fransızdilli)
Belçika şairi Moris Karemin bir şeiri yadıma
düşdü, söhbəti dəyişib şeiri oxudum,
rusca oxuduğum şeirin sonuncu misrası beləydi: "İ
poçuvstvueş, çto pesn tvoya falşiva". Yəni:
"və hiss edəcəksən ki, oxuduğun nəğmə
saxtadır". Şeir bitəndən sonra dedim ki, cənab
Denisov, haqlısınız, Ermənistanla müqayisədə
bizim sizlərə verə biləcəyimiz sıfırla on
kimi bir şeydir. Bunu özünüz deyirsiniz.
Bəs onda nəyə görə qondarma erməni
soyqırımının 100 illiyini burada, "Russkiy Dom"da
təntənə ilə qeyd etmək istəyirsiniz?
İçəri girəndə elanı gördüm, gələn
il üçün
planlaşdırırsınız. Onu da
gördüm ki, Mərkəzinizdə ermənilərə yer
də veribsiniz. Sözüm tapança
kimi partladı. Qəfil
çıxışdan sarsılan cənab Denisov çekist
kimi, söhbəti ayrı axara yönəltməyə
çalışdı, hətta kürəkəninin Azərbaycandan
olduğunu, udin olduğunu söylədi. Və
ayrılanda Rusiyanın "xüsusi xidmət generalı"
ünvanıma difiramb oxumağa başlayanda sözünü
kəsdim, minnətdarlıq edib söylədim ki, cənab
Denisov, siz hər halda gözlənilən erməni tədbirini
təxirə salın, bizim səfirliklə dostluq edin, biz azərbaycanlılar
dostluğu yüksək dəyərləndiririk...
...Sizi
bilmirəm, amma mən Puşkinin, Tolstoyun, Brodskinin dilində
danışıram.
2018-ci il idi. Həmidə xanımla
Polşada idik. Qdanskda. Avropa
Azadlıq Şairi Beynəlxalq Şeir Müsabiqəsinin son tədbirlərində.
Tərcüməçi İlahə xanım da
bizimlə idi. Moldovadan yaxın
tanıdığım şair Dumitru Qrudu da. İlk gündən bizimlə birgə əyləşir
və söhbətləşirdik. İkinci günün
səhər yeməyi vaxtı iki nəfərin bizim masaya
doğru yaxınlaşdığını gördüm:
qadının erməni olduğunu o saat anladım. Sonra başa düşəcəkdim ki, bu müsabiqəyə
Ermənistandan qatılan şairədir, Tatev Çaakyan.
Yaxınlaşdı, ingilis dilində salam
verdi, özünü və kişini təqdim elədi. Üzünü mənə tutub
danışırdı. Dedi ki, Azərbaycana hörmətlə
yanaşır, məni tanıyır, Qafqazın
tanınmış şairlərindən biri kimi, dedi ki, biz
dost olmalıyıq və sair və ilaxır. Başqa xoş
sözlər də dedi. Nəisə, mən də
Həmidə xanımı və Dumitrunu təqdim elədim,
İlahə xanım otağında idi, hələ
aşağı düşməmişdi. Məlum oldu ki,
yanındakı kişi polyakdır, onun əridir.
Polyakın gözlərində qəribə bir
qorxu vardı. Eyni qorxu, Saxarovun da gözlərində
vardı, bunu Yelena Bonner ilə bərabər olduqları bir
çox şəkillərdən sezmək olardı.
Ona rus dilində ölkəmin ünvanına və şəxsimə
söylədiyi xoş sözlər üçün təşəkkür
etdim və təbii ki, nəzakət xatirinə öz
masamızda çay içmək üçün əyləşə
biləcəklərini söylədim. Oturdular və elə ilk başdaca
qadın rusca dedi:
- Biz
axı niyə Putinin dilində danışmalıyıq? -
Gözləmədiyim halda dostum Dumitru Qrudu da təsdiqləyici
şəkildə: - Hə də, niyə axı, - dedi.
Dedim ki,
sizi bilmirəm, amma mən Puşkinin, Tolstoyun, Brodskinin dilində
danışıram. Hesab edirəm ki,
imkanları böyük və gözəl bir dildir. Və burda polyakcadan başqa, hansı dildə
danışsaq yad dil sayılacaq. Araya
çökən sükutu uzatmağın mənası yoxdu.
- Tərcüməçi
ilə işləməliyəm, bizi üzrlü sayın, -
deyib Həmidə xanımla masadan qalxdıq.
Dostluqdan və komplimentlərdən bolluca istifadə edən
erməninin özünü faş eləməsi
üçün 3 gün bəs elədi. "Şekspir"
teatrında Avropa Azadlıq Şairi Beynəlxalq Şeir
Müsabiqəsində iştirakçı şairlərin
şeirlərindən ibarət
teatrallaşdırılmış səhnələr göstərilirdi.
Tatevin şeiri oxunanda
diksindim, əvvəl "İŞİD", sonra "Həmas",
sonra isə "Əliyev" sözlərini eşitdim.
Az keçmədən səslənən mətni
əldə etdik və tərcüməçi İlahə Kərimova
vasitəsilə məzmunu dəqiqləşdirdik. Poeziya olmaqdan yüz verst uzaq, şüarvari populist bir
mətndi. Tamaşa bitən kimi Qdansk şəhərinin
merinə (meriya tədbirin əsas təşkilatçısı
idi) yaxınlaşdım, özümü təqdim etdim və
ondan bunun niyə baş verdiyini, terror təşkilatları ilə
ölkəmizi, dövlət başçımızı, bir
sıraya qoyan belə bir mətnin necə seçilə biləcəyini,
meriyanın bu layihəni nə üçün maliyyələşdirdiyini
soruşdum, hətta heç vaxt özümə icazə vermədiyim
həyəcan və əsəblə. Mer
özünü itirmişdi, üzr istəyir, bundan xəbərsiz
olduğunu və yaradıcı insanların fəaliyyətinə
qarışmadığını söyləyirdi. Mən bunun Azərbaycana qarşı sabotaj
olduğunu, meriyanın buna görə cavabdehlik
daşıdığını təkrar qeyd elədim. Və tələb etdim ki, Meriya mədəniyyət
idarəsinin rəhbəri, festivalın direktoru,
teatrallaşdırılmış səhnənin rejissoru,
müsabiqə münsiflərinin sədri toplaşsınlar.
Gecə 12-yə işləyir. Baş verənlərin nə demək olduğunu
polyaklara izah edirəm. Rejissor və
ssenarist özlərini itiriblər. Erməni
müəllif qeybə çəkilib. Arqumentlərə
cavab yoxdur. Yalnız "bizi
bağışlayın, biz bilmirdik, səhv etmişik, bu, bilərəkdən
olmayıb" kimi cümlələr söyləyirlər.
Son sözüm belə oldu ki, əgər bu
doğrudan da bilməyərəkdən baş veribsə, onda
mənə söz verməlisiniz ki, burada baş verənlərin
nə videoyazısı, nə audioversiyası, nə də
reportaj xarakterli hər hansı informasiya Polşa resurslarında
heç vaxt yer almayacaq. Əks təqdirdə,
bu məsələnin nə qədər böyük səhv
olduğunu başqa üsullarla anlayacaqlar, festival da nüfuzdan
düşəcək. Qdansk Mədəniyyət
İnstitutunun (yəni idarəsinin) müdiri söz verdi ki, belə bir şey olmayacaq. Mən sonradan tələbimi yazılı da göndərdim
onlara.
Bir il sonra idi gərək ki, o meri
seçkiqabağı görüşlərin birində qətlə
yetirdilər. Vecsiz və təəssüf
doğuran bir ölümdü.
Erməni
şairə isə 44 günlük savaş vaxtı fb üzərindən
şəxsən mənə qarşı təxribat etməyə
çalışsa da, bu işlərin sonu "dibsiz erməni
kədəri"nin məlum və dərinləşən
zarıltısı ilə bitdi.
Kölgə... və qəhvə ətri...
İranın məşhur "Çeşmə" nəşriyyatı
Saleh Səccadinin tərcüməsində şeirlər
kitabımı nəşr etmişdi. Mustafa Məsturun təşəbbüsü
və redaktorluğu ilə. Tehrandakı
"Şəhri-Kitab"ın təşkilatçılığı
ilə 2019-cu ilin fevralında təqdimat mərasimi gerçəkləşdi
və mən də həmin tədbirdə iştirak etdim.
Düşünürəm, təqdimat mərasiminin
Xocalı soyqırımı ərəfəsinə
salınması təsadüf deyildi. Əvvəl
tarixi dəyişməyi düşünmüşdümsə
də, sonra fikirləşmişdim ki, Xocalını
xatırlamağın bu imkanını da dəyərləndirməliyəm.
Elə də olmuşdu. Girişdəcə Xocalını,
şəhidlərimizi xatırlamışdım. Sonra da Tehrandakı səfirliyimizin o günlərdə
təşkil etdiyi, Xocalı soyqırımı ilə
bağlı düzənlənən sərgiyə dəvət
etmişdim iştirakçıları. Və yalnız
bundan sonra başlamışdı ədəbiyyat söhbətləri...
Amma zaldaykən bir görüntü də diqqətimi
çəkmişdi. Qara plaşlı (örtüklümü deyim,
plaşlımı deyim, doğrusu, bilmirəm) bir adam vardı arxa cərgədə.
Plaşının yaxalığa bitişik papağı da
vardı üçbucaq formasında, orta əsr fransız cəlladlarının
"uniformasına" oxşayırdı, fikrimcə, erməni
kilsəsinin nümayəndəsi idi; yeri gəlmişkən,
geyimi eynən erməni katalikosunun geyimiydi elə bil. Özü də elə oturmuşdu ki,
üzünü görmək olmurdu. Fikrimcə, bu adam Tehrandakı böyük erməni dini mərkəzinin,
kilsəsinin nümayəndəsi idi. Səssiz gəldi,
dinlədi, kölgə kimi çəkilib getdi.
Bu qənaətə niyə gəlmişdim? Bir gün əvvəl səfərim
boyu mənə yoldaşlıq edən həmkarımız Səid
Muğanlı ilə yerləşdiyim "Hoveyze" otelinin ətraf
küçələrini, eləcə də Firdovsi
meydanına düşən mərkəzi yerləri gəzəndə
iki şey diqqətimi xüsusən çəkmişdi.
Böyük əraziləri tutan xeyli erməni kilsəsi
varmış Tehranda - onların heç biri əsla
"sıradan" dini mərkəzə
oxşamırdı... Hə, bax, kilsələr
məni düşündürmüş, "çayxor"
olsam da küçəboyu gəzərkən tez-tez hiss etdiyim
qəhvə ətri məni ovsunlamışdı.
Biz Səidlə o gün və sonrakı günlərdə
piyada çox gəzmişdik. Hər dəfə də
kilsələri düşünmüş, qoxunu hiss eləmişdim.
O gəzintilərin sonuncusunda Səid heç vaxt
unutmayacağım sözləri demişdi: - Mən iyirmi ildi
ki, Tehrandayam. Bu küçələrdən
tez-tez keçirəm. Hər dəfə də bu ətri
hiss edirəm. Amma bir dəfə də olsun bu qəhvəxanalara
girib qəhvə içmirəm.
- Niyə?
- deyə təəccüblə
soruşanda, "ermənilərindi bu qəhvəxanalar" -
deyə cavab vermişdi.
***
Hər fevralda Xocalını xatırlayırdıq. Bundan sonra da
xatırlayacağıq. Amma ikinci ildi ki, bir az başqa cür. Əslində,
bu 30 ildə ilin elə ayı, elə günü olmadı ki,
Xocalını unudaq. Amma fevral Xocalı qətliamını
unutmadığımızın, birgə
xatırladığımızın ayıdır. Tarix də - elə birgə və həmişə
xatırlamaqdır.
Rus telekanalları lap bu günlərdəki ruslara
qarşı törədilmiş hansısa soyqırımdan
danışırdı, mən isə əvvəl
Xocalını, sonra isə Pasternakın "Fevral. Mürəkkəbi
götür, ağla!" şeirini (əslində "...Qələmi
götür, ağla!" kimi tərcümə eləmək
daha düz olardı) düşünürdüm. Həmin
şeirin bir yerində Pasternak deyir ki, bir araba tut, kirayələ,
6 qriven ver və təkərlərin səsi,
cırıltısı altında leysanın göz
yaşları və mürəkkəbdən daha
şıdırğı yağdığı yerə get... Qriven Ukraynanın milli pul vahididir. Amansız istəklərə və bölgülərdə
qurban edilən gözəl Ukraynanın.
Belə... bəzi olanları xatırladım... bir hissəsini
daha əvvəl də nağıl etdiyim hadisələri.
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.2-3.