Fevral - bir
günü göynək ay
Cinayət
baş verəndə bu işdə kimin əlinin ola biləcəyi
adamı düşündürən məsələlərdən
biridir. Bu işdə, görəsən, kimin barmağı var? Bəzən
qanlı aksiyanın hansı siyasi, ya hərbi qruplaşma tərəfindən
həyata keçirildiyi barədə bilgi onların özləri
tərəfindən cəmiyyətə
ötürülür. Ancaq sui-qəsd və
cinayətlərin əsas xüsusiyyəti onun
üstüörtülü qalmasıdır.
Dünyada terrorizmin artmasının bir səbəbi
böyük dövlətlərin həmin terroru açıq
və gizli şəkildə dəstəkləməsidir. Odur ki,
dünyanın hər yerində dinc insanların həyatına
təhlükə həmişə var.
Qulağımızın dibində erməni terror dövlətinin
mövcudluğu, fəaliyyəti və dünyaya meydan
oxuması belə mənfur siyasətlərin nəticəsidir.
Xocalının bir gecənin içində
qanına qəltan edilməsi həmin beynəlxalq güclərin
ayır-buyur siyasətinin ən dəhşətli nümunəsi
kimi tarixin qanlı bir səhifəsi olubdur. Qətliamın soyqırımı faktı kimi dərki,
insanlıq tarixində yansıması üçün aparılan
təbliğatın bir forması Xocalıda - ümumilikdə
Qarabağda, Zəngəzurda baş verən hadisələrin
bədii aspektdə qavranılıb ictimailəşdirilməsi
ilə bağlıdır və ədəbiyyatımız bu
sahədə müəyyən işlər görür.
Bu mövzuya aid şeir, poema, nəsr əsərləri
yazılıbdır. Xalqın taleyi ilə
bağlı belə hüquqi, siyasi problemə bədii
yanaşma hər bir müəllifdən məsuliyyət tələb
edir. Bu məsuliyyətin əsas şərti
mətnin yüksək bədii keyfiyyətlə qələmə
alınmasıdır. Bu cür
ağır, həssas duruma güclü əsərlə
münasibət bildirilməlidir. Belə
yaddaqalan əsərlərdən biri Ələkbər Salahzadənin
"Xocalı xəcilləri" poemasıdır. Bu poema Azərbaycanın Milli Qəhrəmanı,
jurnalist Çingiz Mustafayevin xatirəsinə ithaf olunub. Əsərdə bəşəri cinayətlərə
dünyanın göz yumduğu, hər kəsin susduğu bir
yerdə Çingiz Mustafayev sanki başqa bir planetin adamı
kimi səciyyələnir. Qanlı fəlakətin
ixtiyarına buraxılmış şəhərin dadına tək-tənha
bir adamın yetişməsi epizodu poemanın ən tragik səhnələrindən
biridir. Hamı - yer, göy susur, bircə
Çingizin kamerası ayıq və sayıqdır,
danışır, göstərir, hadisəyə şahidlik
edir. "Sus" yox, "SOS"
olmalıdır. Fəqət, dünya
"sus"dan ibarətdir. İngiliscə
üç hərfdən ibarət bu ifadənin mənası
"bizim ruhlarımızı xilas edin" deməkdir.
"Sus" yox, "SOS"du, // SOS! SOS! // Amma Avropada, Asiyada,
Amerikada, Afrikada... // Dünya susdu".
Lirik-epik növdə yazılmış əsərin
Salahzadə üslubuna xas səs-fonem kompleksi diqqəti cəlb
edir. Mətnin akustik xarakteri sanki baş verənlərin ətrafda
- dünyada eşidilməsi istəyi ilə
bağlıdır. Poema "XX əsrin xronikası" adlı
giriş, "XXI əsrin "X" ilinin xronikası"
adlı sonluq hissədən və 26 fəsildən ibarətdir.
26 rəqəmi, yəqin ki, hadisənin baş
verdiyi tarixlə bağlıdır. Girişə
aid hissədəki bütün misralar "X" hərfi (səsi)
ilə başlayır.
Xroniki
torpaq xəstələri
Xaki
geyimli,
Xrom
çəkmələri ilə
Xışladı
xəcil-xəcil
Xışmaladı
Xocalını.
Xatın
kölgədə qaldı
Xocalıda
Xirosimanı
Xatırlatdı
hətta...
Xain, xəbis, xudbin məxluqların Xocalıda Azərbaycan
xalqına qarşı həyata keçirdiyi
ağlasığmaz qəddar cinayətlərə etiraz edilir
və bu müdhiş olayın səbəblərindən bəhs
olunur. Əsərin ideyası qlobal səciyyə
daşıyır. Müəllif
dünyanın müxtəlif yerlərində törədilən
kütləvi insan qətllərini xatırladır, 11 sentyabr
faciəsinin adını çəkir. "26 fevraldan
qupquru çıxanları görüb // Xəncərtək
qınını kəsdi // 11 sentyabra tələsdi canilər".
Bu misralarda canilərin dəqiq ünvanı
göstərilir. "Xəncərtək
qınını kəsdi" ona işarədir. Çünki "11 sentyabr" dünyanı
yönəldən dövlətlərin birində baş verir.
Xocalı soyqırımı poemanın süjet materialının
əsas hissəsini təşkil edir. Əsərdə
Qarabağ olaylarının ümumi cizgiləri fonunda regionda
baş verən hərbi-siyasi olaylara laqeydlik, dırnaqarası
vasitəçilərin və onların arxasında
duranların seyrçi mövqeyi tənqid olunur. Üzdə olan üç həmsədrin timsalında,
ATƏT-in Minsk qrupuna daxil olan üç ölkənin vasitəçilik
fəaliyyətindən belə br nəticə hasil olur. Şair məlum münaqişənin
"dondurulduğu" bu uzun illər ərzində həmsədrlərin
işinə konkret qiymət verir və Azərbaycanın
düşdüyü, düşürüldüyü durum
bermud üçbucağı ilə müqayisə edilir.
Üç
həmsədr, həmdəm sədr,
Hər
üçü də
Həm çox ayıq, həm dəm sədr.
Üçü
də bir gəlib-gedir...
Bu gəlib-gedənlər ABŞ-ın, Fransanın,
Rusiyanın təmsilçisi kimi problemin həllinə görəvləndiriliblər. Gizli eyham,
ironiya misraların alt qatına işıq salır. Bu,
diplomatiya yox, usta "rejissorun" quruluş verdiyi məzhəkədir.
Müəllif, görünür, mənfur sovet
imperiyası zamanındakı məşhur üçlükləri
yada salır, bu üçlüyü "Qərbdən Şərqə
üçlükmü bu" şəklində mənalandırır.
Repressiya illərində ev yıxmaqla məşğul
olan üçlüklərin hələ
yaşadığını, ancaq indi lokal deyil, qlobal mahiyyət
daşıdığını qeyd edir.
İşğalçıya
göz yummaqmı
Bu üçlüyün işi-gücü?
İndiyəcən
bu hər üçü
Yolmu ölçür, nə üçün?
Nə
qorxulu üçlükdü bu,
Bir qurğulu üçlükdü bu.
"Düzəldirəm", "həll edirəm"
deyə-deyə vaxtı, qərarı öz istəkləri, gəlir-çıxarları
naminə təyin edənlərin insanlıq əleyhinə
düzüb-qoşduğu planlar qorxu yaradır. Bu qurğu və
cinayətlərin üstünü açmaq ədəbiyyatın
da vəzifəsidir. Bu cür əsərlərin
realist təfəkkürə istinad etməsi vacibdir.
Ələkbər Salahzadə poemanın məzmun və forma
bitkinliyinə nail olmaq üçün daha orijinal üslub
müəyyən edir və təkcə süjetin geniş
imkanlarını deyil, ədəbi
yaradıcılığın ən sərfəli
"mikrocihazlarını" işə salır. Bu "cihazlar" nitq səslərinin emosional tərkibcə
düzgün "yığılmasından" və
frazeoloji deyimə əsaslanan semantikadan ibarətdir. Məsələn, diplomat riyakarlığı bir
yerdə bu şəkildə ifadə olunur. "Bilirlər nə var, nə yox, Onlar baxır,
görürlər, Gözlərilə özlərinin
arasına girirlər".
Bu misraların düzülüşü
ideomatik təfəkkürə əsaslanır. Riyanın pik həddi "özləri" və
"gözləri" aralığında çox aydın
müşahidə edilir. Problemə göz
yumulması çox iyrənc münasibətdir və şair
bu məsələnin üstündə xüsusi dayanır.
Güclünün gücsüzü əzməsi
üçün tarix boyu çoxlu "hiylə-fənd"
oyunlarından istifadə olunubdur. Bunu siyasətçilər
yaxşı bilirlər. Ancaq bunların
tarixin yaddaşında qalması üçün
yazıçı qələminə ehtiyac vardır. Bədii sözün çəkisi xeyli dərəcədə
ağır olmalıdır, necə deyərlər, şairin,
yazıçının sözü daşdan keçməlidir.
Ədəbiyyat özünəməxsus yol
seçir, mövzunu daha təsirli ifadələrlə,
orijinal qayda-qanunlarla şərh etməyə
çalışır. Bu sırada "barmaq",
"düyün", barmağın, əlin sahibinin kimliyini
təyin etmək üçün "kamera", "lent"
ifadələri açar söz kimi işlədilir. Çingiz və kamera ilə bağlı fəsillər
oxucuda müəyyən qədər optimizm və məmnunluq
hissi doğurur. Xocalı həqiqətlərini
Ç.Mustafayevin kamerası olmadan nə həyatda, nə
publisistikada, nə bədii mətndə ümumiləşdirmək
mümkündür. Bu kameranın sehri ilə
"barmağın" kimliyi bəlli olur.
"Çiyin qola, qol biləyə, bilək ələ, // əl
barmağa buyurur. // Barmaq da düyür, burur, // düyün
üstdən düyün vurur. // İki gözə
yığılıb // baş da baxır yuxarıdan". Bir dəstə, komanda halında işlər yerbəyer
olubdur. Üçlüklər, beşliklər...
bu cür "taleyüklü" məsələlərə
xidmət etməlidir. Daha sonrakı
misralarda işin təfsilatı, təfərrüatları
bilinir.
Əli
Çeyninin çiynində
Buş da baxır yuxarıdan.
Gözlərindən
neftli yurda
Od
seçilir, alov yağır.
Uransız
İraqda axan
Qanı Bler görmür?
Barmaqların
düydüyünü
Hələ də əllər görmür.
Süni viruslar kimi, süni konfliktlərin izi gedib
yuxarılara çıxır. Birinin əli o birinin
çiynindədir və bu əllər, çiyinlər
(Çeynilər) hər yanda, hər yerdə hazır vəziyyətdədir.
İndi sadə xalq da hansı cinayətdə kimin
barmağının ola biləcəyini
bilir. "Bir ona bax, - // oyununa bax, // cani olduğunu bilə-bilə
// canini cani saymır, // bəlkə də, canilərə //
qaynayır qanı, saymır!".
Əsərin
əvvəlki səhifələrində bu "barmaqətrafı"
dairə açılır və orada Xocalı cinayətini
"açmaq" üçün lazım olan ədəbi
və tarixi faktlar qeydə alınır. Qlobal
çevrədə cinayətləri gizlətmək, hadisələrin
izini yox etmək lazım gəlir ki, bu mənada cinayəti
ört-basdır etməkdə maraqlı olanların qələm
əhlindən qorxusu, çəkilişdən, kameradan
yayınması təbiidir. Əsərdə
"Çingiz Mustafayev" adı müqəyyəd
anlayışa çevrilir. "Çingiz"
və "Kamera" bir-birini tamamlayan bitkin obrazlardır.
Ə.Salahzadə bu əsərdə jurnalist əməyi və
məsuliyyətinin yerini və rolunu göstərməyə
nail olur. Bircə KİV nümayəndəsi
böyük bir orduya bərabərdir. Ona
görə də onların həyatı üçün təhlükə
nə qədər böyükdürsə, məkrli-məqsədli
niyyətlər də bir o qədər qorxuncdur. Bu səbəbdən:
Arxasınca
düşə-düşə
önlədilər Çingizi.
Dəni-dəni
yerə sinib
Dənlədilər
Çingizi.
Xəbərin dalınca düşənin dalınca
düşürlər, ancaq lentdən yaxa qurtarmaq
mümkünsüz. "Lentləri açılıb qıvrıldıqca
// qıvrılıb açıldıqca // səpələnib
saçıldıqca" "kol dibində gizlənənləri"
hamı görür. Şair olayn tirajlanması
baxımından bir şəxsi çox kimi, altdan-altdan iş
görənlərin miqdarını isə az
kimi nəzərə çatdırır. O, "dənlədilər
Çingizi" yazır. Çingiz həlak
olur, ancaq onun "gözü" (kamera) görməkdə,
göstərməkdə davam edir. "Kimlərinsə
gözünə // girən gözü vurdular, // Kor ilə nə
işləri, // görən gözü vurdular". Müəllif medianın gücünü başqa
güclərə qarşı qoyur, Milli Qəhrəmanlığın
media nümunəsini önə çıxarır.
Medianın "milli" satqınlıq nümunələri də
var. Məsələn, o vaxtın aparıcı KİV-i
haqqında belə yazır:
Bir
"Vesti" vardı bir vaxt, bir "Vesti",
ordan
bura arası min verstdi.
Oxunu
atıb yayını gizlədərdi,
çaqqalın arxasında ayını gizlədərdi.
Əsərə verilən ad - "Xocalı xəcilləri"
mətnin, poemanın ideyasının
açılmasını şərtləndirir. Yazarın qayəsincə, əsas
suç sahibləri ayrı-ayrı xalqlar deyil, xalqların,
toplumların, ölkələrin xəbəri olmadan
onların başı üzərindən iş görənlərdir.
Bədii mətndə mənəvi tələblərin
də qabardılmasına ehtiyac duyulur. İnsanı
vicdanı ilə üz-üzə qoymaq testi hər zaman gərəklidir.
Xocalı xəcilinin xəcalət təri
tökə biləcəyi barədə oxucu, görəsən,
nə düşünür?! Poemada oxuyuruq: "Gör
yer üstdə nə şax gəzir // İnsanın xəcilləri!
// İsanın xar xaçlıları, // İsanın xəcilləri".
"Xocalı xəcilləri" poeması siyasi
lirikanın ən gözəl nümunələrindən biri hesab
edilə bilər. Ölkə üçün bu qədər
aktual, ağrılı bir mövzuda yazılmış mətnin
sırf bədii-emosional biçimdə qələmə
alınması heyrət doğurur. Funksional
ədəbi dilin hər hansı digər qatqısına rast gəlinmir.
Faktların, rəqəmlərin, adların,
xüsusi seçilmiş səslərin, hərflərin
sıxlığı, fikrimcə, yeni dünyanın rəqəmsal
düşüncəyə əsaslanan ritmi ilə
bağlıdır. Məsələn,
"fevral" kəlməsi adilik çevrəsindən kənara
çıxarılır və əlbəttə, həmin
ayın ömrünün nisbətən azlığına
şair ayrıca rəng verir. "Gün sarıdan
yarımayan // fevral ən gödək aydı. // O ilin iliyində
// bir günü göynək aydı". Bir
neçə cümlədə faciədən dolayı
xalqın yaşadıqları ağrı-acıdan,
üzüntüdən bəhs edilir və həmin duyğu
"ilin iliyində göynək" kimi mənalandırılır.
Ta burada ah-uf, sızıltı səhnələri quraşdırılmır
və əvəzində müəllifin siyasi fəhmi
çalışır. "Qazı-qazı gəzsə də
// yağı // yüz illər keçə - // özünə
qəbir qazdı // o günü həmin gecə". Bəli, qisas qiyamətə
qalan deyil. Rəqəmlərin
sırası sıxlaşdıqca mövzunun
aktuallığı da, kəskinliyi də artır, tarixin hadisələri
fonunda dünya qan gölünə çevrilir.
"366" // bir ilin 366 gününü // o günün
içindəcə // tankların altda saldı". 20 noyabr,
20 yanvar, 1905, 1918 və 11 sentyabrlar... Müəllif 1989-cu ili "yağı ili" adlandırır.
İçərini qarışdıran, yeri-göyü
alt-üst edən "barmaq" əsərin son hissəsində
bir də xatırladılır. Sonda bir qədər
fantastik münasibət süjetə qarışır və
problemə "yuxarıdan baxılır". XXI əsrin
naməlum bir ilində Ayı Yerdən hədələyən
barmağın tapılıb kəsilməsi qərarına gəlinir
ki, bu "qəribə geyimli canlılar" ta göydə əmin-arxayın
ola bilsinlər. Aydan gələn
arxeoloqlar yeri qazıb barmaq arayan yerdə qəribə iy
duyurlar. "Ay aman, // neft qoxusu gəlirdi yerdən! // Bir
qata da çataçatda // barmaqlarını dişlədilər
birdən".
Dairə burada qapanır. Barmağın kimliyi və
hansı "dərin qatlara" enə biləcəyi
ehtimalları gerçəkləşir.
Zakir Məmməd
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.4-5.