Ramil Əhmədin "Abşeron yarım adamı"
şeirinin ekfrasistik oxunuşu
Anar
Hüseynzadənin kətan üzərində
yaratdığı sərhədsiz azadlıq - Abşeron
abstraksiyasını Ramil Əhməd eyni intonasiya, eyni ahənglə
şeirdə davam etdirir. Şair rəsmlərdə
məhz rəssamın
çəkdiklərini görməyə
və şərh etməyə çalışmır;
"Abşeron yarım
adamı" (mənə qalsa,
"yarımadamı") ekfrasis-şeiri
sərgidəki rəsmlərdən
görünən obrazların şairə özgün rəsmidir.
Son altı ildə
mütəmadi olaraq intermediallığın müxtəlif
təzahür formalarından
yazarkən fərqinə
vardım ki, Azərbaycan (eləcə də dünya) ədəbiyyatında ekfrasisin
ən çox təsviri növü yayğındır. Müstəqillik dövrü və
ondan da öncəki dönəmə
aid ədəbiyyatımızda onlarca roman, hekayə, şeir məhz təsviri ekfrasis sayəsində intermedial kontekst qazanır.
Təsviri ekfrasisinin səbəbi nədir? Nəyə görə müəllif
fotoşəklə, heykələ,
hər hansı konkret və ya xəyali rəsmə şeir (ümumiyyətlə, mətn)
yazmaq ehtiyacı duyur? Ekfrasis-şeirin məqsədi oxucu
və izləyici arasındakı sərhədi
aradan qaldırmaq, ikisini bir sənət
materialı qarşısında
birləşdirməkdir. Bu, adətən, müəllifin
hər iki sənətə olan sevgisi ilə yanaşı, verbal və vizual mətnin (ayrılıqda və bir arada) oxucuya
eyni dərəcədə
təsir göstərə
biləcəyi inamından
doğulur. R.Barta görə,
qeyri-verbal işarələr
adresata əlavə məlumat ötürərək
onun yaddaş təcrübəsini tamamlamaqla
yanaşı, həm də yeniləyir.
Kreolizə edilmiş mətnlər
ona lazım olan məlumatı sürətlə seçə
və qavraya bilən, parlaq və yaddaqalan elementlərə istinad edən oxucuya yönəlir. Ekfrasis-şeirlərdə sözün və
ya rəsmin - hansının ilkinliyə
malik olduğu, fikrimcə, müzakirə
mövzusu olmamalıdır.
Çünki önəmli olan
müəllifin onda yaranmış halı mətnləşdirə bilməsidir.
Ramil Əhmədin şeiri sərginin yaratdığı təəssüratı
xarakterə çevirir
- Abşeronun "yarımadamı"na.
Hüzndən bədənlər yoğurdu
rəssam
Meqapolisin dərviş ruhu oyandı rəsmdə.
İslandı yağışın rənginə Abşeron yarımadası,
Fatehsiz tikili kimi göründü gözümə Qız qalası.
Yalnızlığın min bir rəngi
toxundu kətanda fırçayla,
sevgiliyə gül uzadan əllərin tənhalığı göründü,
İsa
on iki həvari arasında yalqız,
Senatda Sezarı bıçaqlar təklədilər...
Sənətkar yaradarkən əgər
oxucunu\izləyicini az da olsa,
düşünürsə, qayğısı "bundan
nə başa düşəcəklər" yox, "bunda nəyi necə görəcəklər"dir. Rəsmlərin interpretatoru
- şair sərgini bir bənddə "hüzn, tənhalıq, yalnızlıq, yalqızlıq" ifadələrini
toplayacaq qədər kədərli, tablodakı
dərvişanə ruhu
öz misralarına yansıdacaq qədər asudə görür.
Şeirdə yalnız Abşeronun,
onun "yarım adamının" deyil, həmçinin rəssamın
obrazını izləyirik:
tablolar bütün detalları ilə həm də onun bu rəsmlər
vasitəsilə dünyaduyumunu
nümayiş etdirir.
"Abşeron yarım
adamı"nın sonuncu bəndindən bilirik ki, rəssam
evləri, əsasən,
qapısı açıq
təsvir edir və elə bu misralardaca o ümid qapısı bağlanır:
Rəssam,
evlərinə de ki, gözləməsinlər...
Bizi sevənlər getdilər
tərkində armudlar olan atlarla
və onlar bir də qapısı
açıq bu ev rəsmlərinə
dönməyəcəklər - gəlməyəcəklər.
Rəsmdən bədii təsvirə qədərki ekfrasistik transformasiya gerçəklik
- rəsm - bədii mətn səviyyəsində
qovuşma prosesindən
keçir. Başqa sözlə, şeir
burada və indi rəsmlərdən alınan təəssüratdan
yaransa da, həm də bu rəsmlərin çərçivəsini adlayan
yaddaşın doğurduğudur.
"Bizi sevənlər
getdilər" ifadəsi
altşüurdakı ağrıdan
doğulanın, "...və
onlar bir də qapısı açıq bu ev rəsmlərinə dönməyəcəklər - gəlməyəcəklər" ümidsizliyinin rəsmidir.
İzləyici\müəllifin yaddaşında
yer etmiş Abşeronun tənha, kədərli, qaranlıq obrazının yenidən canlanması üçün
bu rəsmlər
trigger rolunu oynayır.
Ekfrasis-şeirin oxu prosesində sözlə rəsm bir-birini illüstrə etmir, bunlar artıq
bir bütündür
- mətn vizual və verbal səviyyədə
şüuraltıya eyni
zamanda təsir göstərir. Buradakı montaj effektinə
görə, nəyinsə
haqqındakı şeir
həmin o anlayışı
aratdırır. Hələ şeir
rəsm və ya bütöv bir sərgi haqqındadırsa, oxucu dərhal mətnin vizual tamamlanmasının qayğısına qalır.
Abstrakt rəsmlər onu oxumağa\görməyə
deyil, izləyici fantaziyasına hesablanır.
Ekfrasis oxucusunun qarşısında
bu rəsmlərin tablosu yox, şeir
müəllifi - interpretatorun
o rəsmlərdə gördüyü
və təqdim etdiyi canlanır. Beləcə,
oxucu bu zəncirə dördüncü
müstəqil halqa kimi daxil olur.
Əsasən, mifoloji mətnlərə söykənən rəsmlərdən
gördüyünə "Abşeron yarım adamı" müəllifi
öz boyasını əlavə edir. Kətan üzərindəki
obrazlar, rəssamın
iradəsindən asılı
deyilmişlər kimi,
canlanıb hərəsi
öz yoluna üz tutur. Bədii mətndə onlara rəsm əsərindəkindən
fərqli - yepyeni bir tale cızılır.
Şeirin 2 və 3-cü bəndlərini
rəsmlərdən tamamən
müstəqil mətn
kimi alqılaya bilərdik, sonda müəllif yenə rəssama müraciət etməsəydi. Bununla bədii
mətnin konturlarının
rəsmlər\sərgi
boyu cızıldığına
daha bir vurğu edilir.
Troyalı Arqonavtların dördə
böldüyü qayıq,
tərkində armud dolu səbətlər olan atlar, almasız
nağıldan qaçmaq,
almalı nağıla
düşmək və
cənnətdən qovulmaq
arzusu... şeirdə təzad kimi görünən xeyli belə arzu və istək sərgidəki rəsmlərin
danışdığı ilə yanaşı, həm də və daha çox susduğudur.
Rəsmlərin susduğunu
nəql edən şair labirintin Minotavrı kimi əsir olan Abşeron yarımadamının
İkar(us)
qanadlarını taxıb
ətalətdən çıxıb
getmək - çərçivəni
dağıtmaq, sevgiyə\sevgiliyə, azadlığa
qovuşmaq arzusunu sözə çevirir:
Yolların falına baxdı
qoca şaman
və bu uzun yolların alın yazısında
ikicə söz oxundu: "Çıxıb
getmək".
Çıxıb getmək bu almasız
nağılın yarımadasından
tərkində armudlar olan atlarla...
Çıxıb getmək bu almasız
nağılın yarımadasından
çərçivəyə sığmayan
İkarus qanadlarla.
Çıxıb getmək, o yerə
ki, yolumuzu gözləyir
bir qadın, səbətində almalarla...
Almanı
dişləyib qovulmaq
arzusu var canımda
Abşeron cənnətindən, Abşeron
təkliyindən.
Ekfrasis-şeir, bir növ, rəssamla
şairin dialoqu kimi ərsəyə gəlir. Burada Abşerona ikili
baxış var - rəssamın və ekfrasis müəllifinin rakursundan. "Abşeron yarım adamı" şeiri bir sərginin motivləri üzərində
uydurulmuş nağıldır.
Ramil Əhmədin sərgiyə
ithaf haqqındakı qeydi olmasa, oxucu
bu şeiri, sadəcə, Abşeronun sözlə rəsmi kimi qəbullanacaq. Bu baxımdan şeir
konkret rəsmlərə\sərgiyə bağlı
olduğu qədər
həm də ondan ayrı - oxucuya öz sərgisini təsəvvür
etmək imkanı yaradan müstəqil mətndir. Ekfrasisin imkanları oxucunu
iki sənətin qovuşuğunda daha geniş üfüqlər
boyu xəyal qurmağa sövq edir. Burada ekfrasis bədii
dünyagörüş modeli
olaraq, yaradıcılığın
təbiətini, funksiyasını,
mexanizmləri və konsepsiyasını üzə
çıxarmaq imkanındadır.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.7.