Xocalıdan sonra
Xocalıdan sonra
Gecələr gecə olmadı,
Qaranlıq zindan oldu.
Xocalıdan sonra
Çox
qar yağdı,
Heç birində əylənə
bilmədik ürəyimizcə.
Yağan
hər qar yağışı
Xocalını xatırlatdı.
Orda öldürülən uşaqların
qanıyla qarışıb
Göylərə qayıdan qardı
Təzədən başımıza yağırdı
sanki...
Körpə balam,
Təkcə qocaları,
Uşaqları,
Qadınları,
Kişiləri öldürmədilər -
İnsanlığa inamımızı öldürdülər
Sabaha,
Hər şeyin yaxşı olacağına inamımızı
güllələdilər...
Özümüzə inamımızı
vurdular,
Sən baxma televizora,
Üzünü o yana çevir.
Qorxulu şeylər göstərirlər
Xocalını göstərirlər.
Xocalıdan sonra
Xəbər gəldi ki,
Mingəçevir SES-ni partladacaqlar,
Su basacaq kəndimizi
"görəsən, tez xəbər tutarıqmı
Qaçıra bilərikmi arvad-uşağı
ölümün pəncəsindən?!"
Eşitmişdim atam əmimlə
dərdləşəndə
Qorxudan ürəyimi yeyirdim
Gizlicə hamama keçib
Balaca vannada üzməyi öyrənirdim
Hələ də öyrənə
bilməmişəm...
Sən baxma televizora,
Üzünü o yana çevir.
Qorxulu
şeylər göstərirlər
Yenə Xocalını göstərirlər.
Xocalıdan sonra
Dayımı gördüm televizorda.
Həyatında ilk və son dəfə
televizora düşmüşdü
Sevincini
kəndə telefon açıb anama uçurtmuşdu:
"bacı, baxarsız
ha, məni televizora çəkiblər
Şəhidlər Xiyabanında"
Uşaq
ağlımla sevinmişdim,
Özümü indi də bağışlamıram.
Sən baxma televizora,
Körpə bala,
Sən oyuncağınla oyna
İnamla
böyü
Televizorda
gördüklərin səni
qorxutmasın
Xocalıda insanlar insanları
öldürmədi ki...
Heç
adam da
adamı öldürərmi?!
Sənin
kimi mənə
də
Öyrədilən ilk kəlmədi
"cızza!"
Yəni, "əlin yanar, toxunma!"
Ürəyim od tutub yanır, balaca
Sən baxma televizora...
Üzünü o yana çevir,
Cızza!!!
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.6.