İlhamə İSMAYILOVA: "Mən
taleyimdə fərqli
Faiq gördüm"
Faiq İsmayılov... Yaşadığı dövrün, 90-cı illərin əvvəllərinin
çöküş ruhlu poeziya orbitində öz səsi,
simvolikası, intonasiyası ilə doğulan şairimiz.
Hansı ki, qısa ömür bioqrafiyasına
sığışan mətnləri ilə milli müstəqillik
dövrü şeirinin günümüzədək davam edən
ovqat çalarının təyin olunmasında əsas
göstəriciyə çevrilməkdədir.
Martın 2-də istedadlı
şairin 60 yaşı tamam olur. Bu münasibətlə
Faiq İsmayılovun həyat yoldaşı, Mingəçevir
Dövlət Universitetinin baş müəllimi İlhamə
xanımla müsahibəni "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
- İlhamə xanım, gəlin
söhbətə Faiqlə
tanışlığınızdan başlayaq.
- İlk öncə oxucusu olduğum dəyərli
"Ədəbiyyat qəzeti" əməkdaşlarını
və oxucularını salamlayıram. Özüm haqqında
öncə onu deyim ki, ixtisasca pedaqoq- psixoloqam və Mingəçevir
Dövlət Universitetinin baş müəllimiyəm.
1993-cü ilə qədər Mingəçevirdə pedaqoji
yönümlu ali və ya orta ixtisas məktəbi
olmadığı üçün bir müddət uşaq
bağçasında tərbiyəçi və metodist vəzifəsində
çalışmışam. Faiq bir müddət
Mingəçevir Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət
göstərib, bəzi səbəblərdən qəzetdə
jurnalist kimi fəaliyyətini davam etdirirdi. Teatrdan olan yoldaşlarla əlaqə
saxlayırdı. Onlardan biri də mənim
həm yaxın rəfiqəm, həm də yaxın qohumum
Süsənin həyat yoldaşı Tahir idi. Tahirin 2 qızı bizim bağçaya gəlirdi.
Həmin vaxtlar Tahir "Kukla teatrı"
yaratmışdı və Faiq də həmin teatr
üçün pyeslər yazırdı. Birlikdə
uşaqları götürmək üçün
bağçaya gəlmişdilər və Faiq məni orda
görmüşdü. Ailələrində
evliliklə bağlı təklifləri dəfələrlə
rədd etdiyindən bu xəbər ailəsi üçün
çox sevindirici olur. Ancaq uzun müddət
məndən razılıq ala bilmir, həftə sonu hər dəfə
kənddə bundan xəbər gözləyirlər və
qınamağa başlayırlar. Bundan sonra
dostlar, qohumlar işə qarışır. Uzun söz-söhbətlər nəhayət, xeyirlə
nəticələnir. Çox tərəddüd
edirdim. Yəqin, ixtisasımla bağlı
idi. Tanımaq istəyirdim. O vaxtlar qəzetdə
çıxan yazılarını oxudum. Yazılarında
özü vardı. Bir də dostu Azərin
bir məktubu. Bir gün əlində məktub
gördüm. Dostumdan gəlib, dedi. Etiket qaydalarına
uyğun olmasa da oxumaq istədiyimi dedim. Razılıq verməyincə,
"yəqin, keçmişinin qaranlıq səhifələri
var orda, ona görə qoymursan" dedim. Razılaşdı.
Düşündüyüm kimi məktub onu dərindən
tanımağım üçün vəsilə oldu. Niyə oxumağa vermədiyini də anladım.
Məktubda Faiqə müraciətlə çox
dəyərli fikirlər yazılmışdı. O
vaxtlar başa düşməmişdim, sonralar anladım ki,
Faiqi sağlığında dəyərləndirən Azər,
o fikirləri ilə onu yaşadıb, həyata
bağlayıb. Çünki Faiq də Azərin
səviyyəsinə bələd idi və onun fikrini
sıradan birinin fikri kimi qəbul etmirdi. Beləcə,
tanıdım və razılıq verdim. Onu
da etiraf edim ki, ilk söhbətimizdən onun təsirinə
düşdüm. Valideynlərim də
razılaşdı, çünki atam mənim özüm
haqqında qərarlarıma önəm verirdi. İnanırdı ki, səhv etmərəm.
- Qısa bir ömür, qısa bir
evlilik. Faiqdən geriyə nə qaldı?
- İl var əsrə bərabər. Bu mənim iki
illik ailə həyatıma da aiddi. Hər
günümün, bəlkə də, iki il
qədər dəyəri var. Evlilik dönəmimiz çox
ağır illərə - 1991-in aprelindən 1993-cü ilin
aprelinə təsadüf etdi. Bu illəri
xarakterizə etmək istəmirəm. İndi
fikirləşirəm ki, əslində, bizimki ailə həyatından
daha çox, istedadlı bir yazarla onun heyranının bir ortaq
məkanı paylaşması olub. O yazırdı, mən
də həvəslə onun yazılarını oxuyub fikir
bildirirdim.
Deyirsiz Faiqdən sonra nə qaldı. Çox
şey. İlk öncə deyim çox
gözəl xatirələr, dəyərli dostlar. Onun incəsənətin müxtəlif sahələri
üzrə verdiyi biliklər. Bir
universitetin verə bilməyəcəyi elmi səviyyə.
Uşaqlıqdan anam bizdə mütaliə vərdişi
yaradıb, ədəbiyyatı çox sevirəm. Faiq mənə teatrı, rejissor, aktyor sənətini
sevdirdi. Kitabları oxuduqdan sonra müzakirə
edirdik. Yadımdadır, "Qətl
günü" əsərini onun təhlilindən sonra dərindən
başa düşmüşdüm. Kinoteatrların
fəaliyyəti zəifləmişdi o dönəmlər.
Birlikdə yalnız "Qəzəlxan"
filminə baxdıq. Baş rolun -
Əliağa Vahid rolunun ifaçısı Loğman Kərimovun
rolunu çox bəyənmişdi.
- Faiq İsmayılov bənzərsiz
bir şair olduğunun fərqində idimi, sizcə? Yoxsa yazmaq onun üçün sadəcə həyat
tərzinə çevrilmişdi?
- Fərqində
idi. Bu əminliyi dostu Azər Turan
yaratmışdı onda. Yadımdadır,
Azər məktublarında yazırdı ki, sən dahisən,
gələn yüzilin şairisən. Bu
kimi sözlər. O məktublar hələ də durur.
Az
yazırdı. Özü də qeyd edirdi ki,
şeir, sənət düşündürməlidir. Az sözlə çox fikir ifadə etmək
lazımdır. Ona görə qısa şeirlər
yazmağa üstünlük verirdi. Faiqin
özünün də sevdiyi, hörmət etdiyim şairlərdən
biri onu tanınmış iki şairlə müqayisə edir və
qeyd edir ki, əlbəttə, Faiq onlar deyil. Bu müqayisə çox təsir etdi mənə.
Faiq, doğrudan da, bənzərsizdir.
Mən
yaradıcı adamları iki qrupa bölürəm: bəxti gətirənlər
və talesizlər. Faiqi talesiz
adlandırmıram. Düzdür, az
yaşadı, amma onu yaşadacaq şeirlər qaldı
özündən sonra. Bu da hər şairə
nəsib olan tale deyil.
- Faiq İsmayılovla ədəbi
mühitin münasibəti necə oldu, yaxud indi necədi? Sizcə, ona layiq olduğu dəyəri verə bildilərmi?
- Faiq
dünyasını dəyişəndən sonra onun əlyazmaları
ilə baş-başa qaldım. Mənim
üçün çox çətin idi. Mən Faiqin simasında həm də yaxın dostumu,
sevimli şairimi, müəllimimi itirmişdim. O vaxtlar həm
də çox gənc idim. 25 yaşım
vardı. Bir müddət günümü
yalnız əlyazmaların arasında keçirtdim. Bəzi yazılarını topladım.
Bütün iş düşdü Azər Turanın
çiyinlərinə. Şeirlərinin də
bir qismi onda idi. Bu gün ədəbi
mühitdə Faiqin tanınmasında Azərin rolu var.
Açığı, hec kəsin etməyəcəyi işləri
gördü. Öz kitablarının əvəzinə
Faiqin kitablarını nəşr etdirdi. Unudulmağa
qoymadı Faiqi. Haqqında "Ölüm
süvarisi" adlı kitab yazdı. Ən sanballı
fikir adamları - Xalq yazıçısı Anar, Ramiz
Rövşən, Adil Mirseyid, Rüstəm Kamal, Elnarə
Akimova, İradə Musayeva, Mətanət Vahid Faiq haqqında məqalələr
yazdılar. Şeirləri və bütün bu
yazılar "İynə boyu böyük dünya"
kitabında toplandı. Ülvi Babasoy Faiq haqqında
"Doğumun unuduluşu" adlı çox gözəl
kitab yazdı və Azər o kitaba da nəfəs verdi. İndi də ara-sıra
yazılar çap olunur. Faiq haqqında
yazanlardan, onun haqqında dəyərli fikirlər söyləyənlərdən
Allah razı olsun. Çünki bunları
edəcək və edə biləcək varisi yoxdu Faiqin.
Çox az yaşadı. Sevinirəm
ki, onun haqqında azlar - sanballı fikir adamları yazıb.
- Faiqdən yazanlar onun
poeziyasındakı çöküş ruhunu, dekadans əhvalı
daim önə çəkirlər, nə idi onun şeirlərindəki
qara ovqatın səbəbi? Nələrin
acısını çəkirdi şair?
- Faiqdən
yazanların hər birinə minnətdaram. Ancaq
razılaşmadığım bəzi məqamlar var. Faiqin
şairliyinin onun taleyi ilə çox da əlaqəsi yoxdur.
Faiq necə tale yaşamasına baxmayaraq, nə güldən,
nə bülbüldən yaza bilməzdi. Yəni o ovqatın
şairi deyildi. Faiqin az öncə qeyd etdiyim kimi, şeirlə
bağlı öz kriteriyaları var idi. Az sözlə
çox fikir ifadə etmək, kədərdən yazmaq,
düşündürmək. Bu, bir az da Faiqin şair kimi
formalaşdığı dövrün özünün gərginliyi
ilə bağlı məsələdir. Faiq əslində
çox işıqlı adam idi. Uşaqları çox
sevirdi. Uşaq şeirləri yazırdı, çox yüksək
yumor hissinə malik idi, siyasi lətifələr
yazırdı.
Qaldı sualın 2-ci hissəsinə, yəni nəyin
acısını çəkirdi?
Faiq əqidəli bir şəxsiyyət idi. Dediyim kimi, bizim evliliyimiz
çox ağır illərə - 1991-in aprelindən
1993-cü ilin aprelinə qədər çəkdi.
Ömrünün sonlarında isə Faiq demək olar ki,
şeir yazmırdı. Dəfələrlə
döyüş zonasına, əsgərlərlə
görüşə getmişdi. Bir neçə dəfə
maşınları atəşə məruz
qalmışdı. Yalnız qayıdandan sonra bilirdim ki, cəbhədən
gəlir. Bir dəfə dedi ki, şəhid olmaq istəyirəm.
Düşünmədən dedim: bəs mən? Məni
heçmi düşünmürsən? Cavab qısa oldu -
öncə Vətəndir. Mingəçevirdə Şəhidlər
xiyabanının salınması onun adı ilə
bağlıdır. İlk şəhidləri qəbiristanlıqda
dəfn edirdilər. Qəzetdə məsələ qaldırdı.
O vaxt mübahisə doğuran məsələyə
aydınlıq gətirdi. Deyirdi ki, şəhidin məqamı
ucadı, onları gözdən, könüldən uzaqda dəfn
etmək olmaz. Bu gün nə qədər and içsək də,
beş il, on il sonra mərasimdən mərasimə yad edəcəyik.
İlk kitabı da şəhidlər haqqında məlumat
kitabı oldu.
Siqnal nüsxəsini son nəfəsində əlinə
aldı. O dönəmdə bu, respublikada nəşr edilən
ilk şəhidlər kitabı idi. Qəzetdə
hər şəhid haqqında rekviyem dərc edirdi. Soruşdum, bəs niyə məlumat kitabı?
Dedi ki, kimsə kömək etmək istəyərsə,
ünvan və məlumatı olsun.
Faiqdən mənə qalan bir də psixoloji travmalar oldu. Düzdür, indi
düşünürəm ki, o ağrılar mənə
hardasa yaxşı mənada təsir göstərdi. İndi
İkinci Vətən müharibəsi
iştirakçılarına, şəhid ailələrinə
imkanım çatdığı qədər psixoloji dəstək
oluram. Çünki onları daha dərindən başa
düşürəm. Şəhidlər xiyabanına gedəndə
"mən burda fərqli hisslər keçirirəm" deyən
Faiqi indi daha yaxşı anlayıram. Bir də şəhid
balalarına yaxınlaşıb, başlarına sığal
çəkəndə başa düşürəm Faiqi.
- Hansı şeiri onun özünü
daha yaxşı ifadə edir?
- Adətən
Faiqdən yazanlar onun "Yağma qar", yaxud "Fağir
oğlanlara" şeirində şairin öz obrazını
yaratdığı fikrini səsləndirirlər. Mənsə
deyirəm heç biri. Onun yaradıcılığına və
həyatına bələd olan biri kimi bunu əminliklə
deyirəm. Mən taleyimdə fərqli Faiq gördüm.
"Daşa da kəpənək kimi qonmaq istəyirəm mən",
yaxud "yarpaqlar hamısı / ürək şəklində.
/ Saralmış ürəklər, / Solmuş ürəklər
/ Son dəfə xırıldar / əgər tapdasan. / Alım
ayağımı çiyinlərimə!" kimi misraları
Faiqin xarakterini, içindəki mərhəmət hissini daha
yaxşı ifadə edir.
Sonda Faiqə həmişə qəzetinizdə səhifələr
ayırdığınız, unutmadığınız və
unutdurmadığınız üçün dərin minnətdarlığımı
bildirirəm.
Söhbətləşdi: Cəmilə
SEYİD
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.8-9.