Azərbaycanın Güneyində müasir
ədəbi proses
Qurultayqabağı
məruzə
Güney Azərbaycan ədəbiyyatının
inkişafının qarşısında duran problemlər
Kimsəyə
gizlin deyildir ki, Qarabağda apardığımız haqlı və
müzəffər savaşımız tarixi torpaqlarımızın
işğaldan azad edilməsi ilə bərabər, dünya azərbaycanlılarının
həmrəyliyini də bir daha dünyaya sübut etdi.
Dünyada yaşayan 60 milyondan artıq
soydaşımızın torpaq, bayraq, müqəddəs vətən
və sədd, əlbəttə ki, dünya Azərbaycanlılarının
Ali Baş Komandanı İlham
Əliyevin ətrafında birləşməsi ədəbiyyat
camiəsi üçün də ciddi mesajlar vermiş oldu. Azərbaycan
xalqı bütövdürsə, şanlı Azərbaycan
dövləti dünyada yaşayan 60 milyondan artıq azərbaycanlının
vahid dövlətidirsə o zaman onun ədəbiyyatına olan
münasibət də bütöv olmalıdır. Cənubi azərbaycanlıların
Azərbaycan dövlətinə olan münasibəti birmənalıdır.
Cənublular Azərbaycan dövlətini öz dövlətləri,
bayrağını öz bayraqları və Müzəffər
Ali Baş Komandanı da öz prezidentləri bilir, fədakar əsgər
kimi bu dəyərləri qorumaq üçün hazır
olduqlarını hər daim bəyan edirlər. Bu, dəyişməz
bir faktdır ki, iki yüz il əvvəl müxtəlif siyasi
oyunlarla parçalanan Azərbaycan xalqı bu gün qüdrətli,
vahid və həmrəy bir xalqa çevrilmişdir ki, onun
ürəyində və dilində səslənən nəğmə
yalnız və yalnız bütövlük nəğməsidir.
Bu həqiqətləri nəzərə alaraq Müstəqil
Azərbaycanın müxtəlif rəsmi və qeyri-rəsmi
strukturlarında Güney Azərbaycanlıların rəsmi
şəkildə təmsil olunması günün zərurətinə
çevrilmişdir. Doğrudur, Azərbaycan Yazıçılar
Birliyində fəaliyyət göstərən Cənubi Azərbaycan
Ədəbiyyatı Komissiyası illərdir ki, öz töhfəsini
verməkdədir. Bununla paralel olaraq AMEA-nın Cənubi Azərbaycan
şöbəsi və digər elm sahələrində də
müəyyən elmi tədqiqat fəaliyyətlərini
müşahidə edirik, amma həqiqət budur ki,
görülən işlər Azərbaycanın Güneyində
yaranan ədəbiyyat və sürətlə Azərbaycan
dövlətinin siyasətinə uyğun olaraq dəyişən
və inkişaf edən Cənubi Azərbaycan cəmiyyəti
qarşısında qətiyyən
kafi deyildir. Müstəqil Azərbaycana meyil edən milyonlarla
Azərbaycan sevdalı cənublu ziyalıların səsinə
səs vermək və həmrəyliyimizin bir daha təsdiq
edilməsi məqsədilə ictimai-siyasi və ədəbi-mədəni
mühitimizdə onlara rəsmi status və səlahiyyətlərin
verilməsi olduqca vacib və əhəmiyyətlidir. Unutmayaq ki,
Azərbaycan xalqı və dövlətinin düşmənləri
dayanmadan müxtəlif formalarda öz düşmənliklərinə
davam edirlər. Öz tarixi və mədəni kökündən
xəbərsiz olan milyonlarla soydaşımıza vaxtında dəstək
ola bilməsək gün gələr düşmən
ideologiyasının qurbanına çevrilərək
özü də bilmədən dövləti Azərbaycanın
əleyhinə düşmən aləti kimi istifadə edilə
bilər.
1979-cu
ilin fevralında İranda baş verən inqilabı, adətən,
bənzərsiz keyfiyyətləri ilə xarakterizə etsələr
də, Azərbaycan xalqı üçün o qədər də
ürəkaçan nəticələri olmadı. Müəyyən
dindar kəsim və siyasilərin ədəbiyyatında bir
qayda olaraq onun ünvanına antiimperialist, antimonarxiya sifətlərini
işlətsələr də, zaman ötdükcə
İnqilabın özü xalqları fars basqısı
altında birləşdirən və xalqları müxtəlif
yollarla assimilyasiyaya məruz qoyan bir cərəyana
çevrildi. Bu inqilabda fəhlə də, kəndli də,
qadın da, tələbə də, sənətkar da, ruhani də,
milli burjuaziya da, hətta sonradan ona arxa çevirən
böyük sərmayədarlar, iri topaq sahibləri də
iştirak etsələr də, müəyyən bir qrupun əlinə
keçən bu inqilab xalqın olmasa da, onun ünvanı tarixə
Xalq İnqilabı kimi daxil oldu.
İnqilabın
ilk illərində xalqın içərisində
keçmiş Şah irtica dövrünün sona
çatdığını düşünüb müəyyən
azadlıqların olacağı ümidi ilə yeni ədəbi
mühitin ana dilli nümunələri, aşağıda
adları göstərilən qəzet və jurnalların
yaranması oldu: "Ulduz", "Yoldaş",
"Koroğlu", "İşıq", "Çənlibel",
"Qardaşlıq", "Molla Nəsrəddin",
"Azadlıq", "Odlar yurdu", "Varlıq",
"Dədə Qorqud", "İnqilab yolunda",
"Ülkər", "Yaşmaq", "Yapraq",
"Günəş" və sairə.
Diqqət
etdikdə bu mətbu orqanların sadəcə adları belə
onların hədəf və ideya istiqamətləri barədə
yetərincə təsəvvür yaradır.
Doğrudur,
bu bahar müjdəçilərinin çoxu elə
doğrudan da, bir novruzgülü ömrü qədər
yaşadı. Lakin əsas cəhət onları doğuran
ictimai-siyasi və ədəbi zəminin mahiyyəti idi.
İnqilabdan
sonra ədəbi prosesin qabarıq cizgilərindən biri
poeziyanın qabaqcıl mövqedə addımlaması oldu. Təbii
ki, bu səbəbsiz deyildi. Burada şeirin çox qədim və
zəngin ənənələrə malik olması, dövrün,
zamanın, ictimai həyatın sifarişinə əks-səda
verməkdə çeviklik qabiliyyəti çox mühüm,
bəlkə də həlledici rol oynadı.
Bir də
əlbəttə, Güneyin Ustad Şəhriyar, Səhənd,
Həbib Sahir, Məmmədəli Məhzun, Haşım Tərlan,
Müzəffər Derəfşi kimi təcrübəli sənətkarları
yaratdıqları əsərləri ilə döyüşkən
və inqilabi ruhlu ədəbiyyatın bünövrə
daşını qoymuş Əlirza Nabdil (Oxtay), Mərziyə
Uskui, Səməd Behrəngi, Səhənd kimi sələflərinin
yaradıcılıq yolunu davam etdirdilər. Heydər Xətibi,
Ələkbər Həddad, Həmid Nitqi, Həsən
İldırım, Əziz Möhsünü, Abbas Bariz, Həsən
Savalan, Sönməz kimi sənət yolçuları inqilab
dövrünün mübariz və döyüşkən
poeziyasının çağırışına gur səslə
cavab verdilər. Lakin ölkədə qalib gələn xalq
inqilabı bir sıra daxili və xarici səbəblər
üzündən xalqın, xüsusilə zəhmətkeş
təbəqələrin ümidlərini, arzularını
axıradək doğrultmadı. Buna isə ədəbi proses
laqeyd qala bilməzdi. Bu həqiqət həmin dövrdə
Haşım Tərlan, Süleyman Salis, Həbib Sahir, Urmulu,
Çayoğlu, Həsən Şəqaqi, Firidun Həsari,
Behrəngdust, Məmmədəli Məhzun kimi sənətkarların
qələm məhsullarında dolğunluğu ilə
özünün bədii əksini tapdı.
Çağdaş
ədəbi prosesə xas olan ümdə cəhətlərdən
biri də poeziyada satirik meylin qüvvətlənməsi idi. Məncə,
bunu başlıca olaraq iki amil ilə izah etmək olar.
Əvvələn,
həyatın özündə satira üçün bol qida mənbələrinin
mövcudluğu, digər tərəfdən isə klassik irsə
sədaqət çox mühüm amil hesab edilməlidir.
Yaşı min illərlə hesablanan söz xəzinəsində
Sabir və Möcüz kimi korifeylər olan sənət
dünyası öz xələflərinin yaradıcılıqlarına
təsirsiz qala bilməzdi. Bircə nümunə olaraq:
Haşım
Tərlan deyir:
Qaçaqaçdır
yenə də, oğru əyanlar qaçır a...
Milləti
sağmal inək, pəxmə sayanlar qaçır a...
Maraqlıdır ki,
satirik yaradıcılıqda karikaturalara geniş meydan vermək
meyli xüsusilə güclü olmuşdur.
Gülüş hədəfinə çevrilən
mövzuların əhatə dairəsi isə çox rəngarəngdir:
imperialist soyğunçular, nəhəng dövlət
başçıları, ağır məişət şəraitinin
diktə etdiyi həqiqətlər, pul kisəsindən
asılı olan buqələmunlar, qınından
çıxıb qınını bəyənməyənlər,
xalqının milli ənənələrinə biganələr,
fars şovinistlərinin
çaldıqları havaya oynayanlar və başqaları bu
meydanın rəqqasları idi.
Müasir Güney poeziyasında oxucunu açıq
gözlə baxmağa dəvət olduqca güclüdür.
Məncə, zəmanəmizdə bəşəri əhatə
edən aləm başdan-başa səfalı mənzərələrdən,
naz-neməti aşıb-daşan bir diyardan ibarət deyildir. Hələ bu
gün də planetimizin müxtəlif guşələrində
qəfil atılan güllələrin sinələrdə
açdıqları yaraların sızıltısı
qulaqlarda həyəcan zəngi kimi səslənir.
Bəli, Cənubi Azərbaycan ədəbi prosesinin
davamçıları əllərində kəskin silah olan
söz sənətinin ən müqəddəs qayəsi bəşərin
arzularını həqiqətə çevirməkdə
yaxından iştirak etməkdədir. Bu məqsədlə
Güney poeziyasında çox qədim ənənəyə
malik olan qəzəl janrına biganə qalan qələm
sahibi tapmaq çətindir. Lakin bir həqiqətə
də göz yummaq doğru olmazdı. Qəzəlin
misralarına həyati nəfəs bəxş edən
mühit olmadan onun nikbin nəğmələr ötəcəyi
təmənnasında olmaq arzu çərçivəsini
aşa bilməzdi. Məhz buna görə də
güneyli şairlər xalqın xoşbəxt həyatının
şahidi olmaq istəyi ilə yaşamağa ciddi maraq göstərirlər:
Behruz
İmani deyir:
Gül-çiçəksiz
coşa bilməz qəzəlin çeşmələri,
Buna xatir dolanıb güllü bahar axtarıram.
Qəzəlin keçirdiyi istihalədə bir meyil də
çox qüvvətlidir. Zahirən onun ifadə vasitələrində
keçilmiş bir yolun nəfəsi duyulsa da onlar tam yeni məna
daşıyıcılarıdırlar:
Haşım
Tərlan deyir:
Bülbül
gülə, pərvanə şama, mən
yara bəndəm,
Cənnət pərisi zahidə, ruhaniyə qalsın.
Səccadəyə
üz qoysam əgər öz sənəmim var,
Ruhsuz sənəmin sevməyi bütxanəyə
qalsın.
Məncə, şair istifadə etdiyi epitetlərin dili ilə
istəyinə çox uğurla nail olmuşdur.
Orasını
da qeyd edim ki, Ülyai, Saplaq, Musa Herisi, Müzəffər Derəfşi,
Yusif Memari, Qaimi və digər şairlərin də qəzəllərində
bu meyil çox güclüdür.
İnqilabdan sonra poema janrına münasibət və
maraq öz təzəliyi ilə nəzəri cəlb edir. Məncə,
bu meylin güclənməsinin köklərini hər şeydən
əvvəl bədii təfəkkürün xalq həyatını
əks etdirmək səylərində axtarmaq həqiqətə
uyğun olardı. Yaranan poemalar bu
mülahizəni təsdiqləməkdən ötrü bol
material verir. Bunun üçün Həsən
Savalanın "Xan çoban və Sara", Heydər Xətibinin
"Püstə nənə", Sönməzin
"İsanın son şamı",
"Babam özü gələcək", "İtin vəfası",
İmran Səlahinin "Ağbuğ qəhrəman", Səhəndin
daha dəqiq desək epos adlandırılacaq
"Sazımın sözü" kimi poemalarını qeyd
etmək olar.
Təbii ki, poemalar üzərində geniş dayanmaq niyyətimiz
yoxdur. Bu,
müstəqil bir yazının mövzusu ola
bilər. Fəqət, bu yerdə Sönməzin "Babam
özü gələcək" poemasından üç
misranı yada salmaq istərdim:
Arxayınam,
Səttarxanın
özü bir gün
Gülüstana gələcəkdir.
Xatırladım ki, bu misralarda söhbət Təbrizin məşhur
Gülüstan bağında Sərdari Millinin şərəfinə
ucaldılmış heykəlin şovinist şah dargözləri
tərəfindən uçurulmasından gedir.
Təhlilimizin bu yerində inqilabdan sonra əzəmətli
bir abidə kimi oxucularının görüşünə gələn
"Dədəmin kitabı" epopeyasının qüdrətli
xaliqi adlandırıla biləcək Səhənd haqqında bəzi
mülahizələrimi açıqlamağı yerində
hesab edərdim.
Səhəndin yaradıcılığının ilk
dövrünə aid tədqiqatlar göstərir ki, onun 1941-ci
ildən sonra yeni vüsət kəsb edən milli qurtuluş hərəkatında
fəal iştirakı tərənnümə cəlb etdiyi həyati
gerçəkliklərin hüdudlarını xeyli genişləndirmişdir. Bu illərdə
o, həm fədakar azadlıq yolu fədaisi, həm də
odlu-alovlu şair kimi xalqın şahlıq əsarətindən
qurtuluşu uğrunda ayağa qalxan vətənpərvərlərin
sevimli şair oğluna çevrilmişdir. Zamanın
milli-demokratik ədəbiyyatın qarşısında
qoyduğu vəzifələr barədə Səhəndin
aydın cizgilərə malik olan və mütərəqqi
qüvvələr tərəfindən alqışlanan qələm
məhsulları ədəbi-estetik və siyasi baxımdan
aşağıdakı misralarda çox uğurlu şəkildə
özünün poetik ifadəsini tapmışdır:
Mən əzilmiş,
həqqi itmiş,
Varı-yoxu
əldən getmiş,
Ağır-ağır
sitəmlərə
Məruz
qalmış, əsir düşmüş,
Millətimin,
millətlərin,
İnsanların şairiyəm.
Lakin Səhəndin həyatının gənclik illəri
elə bir diyarda keçirdi ki, orada sinə dolu nəfəs
almaq da, insana layiq tərzdə yaşamaq istəyi də
şahlıq rejiminin hədələrindən kənarda
qalmırdı. Dərbarın çıxardığı
hökmün məntiqi isə belə səslənirdi:
"Sazında ya mən istədiyim havaları
çalmalısan, ya da susmalısan". Amma onun nə
sazı susdu, nə də nəğmələri lal oldu:
Dilimi kəsənlər
qaldı avara,
Hər barmağıma bir qıfıl vurdular.
Bağlı
əllərimlə, kəsik dilimlə
Mahnı da oxudum, qopuz da çaldım.
Azərbaycanda tarixən ciddi sınaqlardan çıxan
aşıq ədəbiyyatı səltənət rejiminin
süqutu ilə yeni mərhələyə qədəm qoydu. Bu onun təbiəti
ilə sıx bağlı olan bir hal idi. Xalq
yazıçısı, akademik Mirzə İbrahimovun qənaəti
belə olmuşdur:
"Qanlı
müstəbid Rza şah və onun oğlu Məhəmmədrza
şahın hakimiyyəti illərində Cənubi Azərbaycan
dilini, Azərbaycan bədii ədəbiyyatını sönməyə,
zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən
biri xalq yaradıcılığı, aşıq ədəbiyyatı,
canlı və müdrik aşıqlar olmuşlar".
Bu
dövrün aşıq şeiri nümunələrini
yaradanlar sırasında Aşıq Əlinin, Aşıq
Əşrəfin, Aşıq Həsənin, Aşıq Qəşəmin,
Aşıq Qələmrzanın, Aşıq Abbas Rəncbərin,
Aşıq Rəsul Qurbaninin sözləri və
sazlarının xüsusi çəkisi diqqəti cəlb edəcək
qədər önəmlidir.
İnqilabdan sonra yaranan nəsr əsərləri
üçün uğurlu hal mövzuların müasir həyatdan
alınmasını, cəmiyyəti düşündürən
problemlərin həll olunmasına həsr edilməsini hesab etmək
heç də mübahisəli səslənməzdi. Bu baxımdan
qüdrətli nasir və təcrübəli ədəbiyyatşünas
Gəncəli Səbahinin qələm məhsulları zəngin
həyati materiallara malikdir. Onun "Xain",
"Ovçu", "Şərəfli ölüm",
"Gül dəstəsi", "Qartal" adlı hekayələri
Güney nəsrinin ən yaxşı nümunələrindəndir.
Şahlıq rejiminin miras qoyub getdiyi əzilənlər
və əzənlər dünyasının eybəcərliklərini
gün işığına çıxaran nasirlərdən
biri də qüdrətli qələm ustası Nurlandır. Onun "Səlmə
xala" adlı hekayəsi şahlıq rejimi dövründə
zəhmət adamının yaşadığı ömrü
çox real yaradan mükəmməl qələm məhsuludur.
Həmin dövrün uğurlu nəsr əsərləri
sırasında J.Əlinin "Tamah dişi", Cücə
Bağırın "Qonaq qabağına qoymalı",
Nurlanın "Çəyirtkə" adlı hekayələrini
qeyd etmək yanlış olmazdı.
Sonrakı
illərdə yaranan nəsr əsərləri vaxt keçdikcə
yazarların bu janrın təbiətinə, onun incəliklərinə
daha yaxından tanış olmalarından,
ustalıqlarını hiss ediləcək dərəcədə
artırmalarından xəbər verir. Bu iddianı təsdiq
etmək üçün M.Ocaqverdinin "Əshabi-Kəhf
yuxusu", Ə.Ağçaylının "Aydının
ölümü", Həbib Sahirin "Vaqonda", J.Əlinin
"Öldü var, döndü yoxdur" adlı hekayələrində
tutduqları yazıçı mövqeyini fəal və
uğurlu hesab etmək üçün etibarlı ədəbi-bədii
əsasların mövcudluğunu iddia etmək heç də əsassız
səslənməzdi.
Mən təhlilimin bu məqamında məzmun və janr
baxımından nəsrin müasir tələblərinə
yetərincə cavab verən hekayələrdən
İsmayıl Hadinin "Əli və Mərcan" adlı
hekayəsinin adını qeyd etməsəm olmaz.
Nəsrin atdığı möhtəşəm
addımlar Rəhim Dəqiqin "Həcər",
İsmayıl Hadinin "Laçın", Nasir Mənzurinin
"Qara çuxa" romanlarının simasında daha
aydın görünür.
Yeri gəlmişkən, bir məsələyə toxunmaq
istərdim.
Bir zaman Xalq şairi Söhrab Tahir Güney nəsrinin tədqiqi
və təhlili ilə məşğul olarkən belə bir
nikbin, eyni zamanda real mülahizə irəli
sürmüşdür: "Hansı nasir məşhur
1946-cı il hadisələrindən sonra
öz elindən-obasından, isti ana qucağından, Vətən
dedikləri müqəddəs diyardan perik salınmış
insanların sürgün və fəraq dolu həyatlarını
nəsrə gətirə bilsə, o, uğur
qazanacağından arxayın ola bilər".
Bu baxımdan yazıçı Rəhim Dəqiqin qələminin
məhsulu olan "Həcər" romanının
adını belə bəxtəvər nəsr nümunələrinin
sərlövhəsində yazmaq heç də havadan
asılı qalan bir müddəa olmazdı. Müəllif 1946-cı ildə
"21 Azər" hərəkatının və onun yetirməsi
olan Azərbaycan Milli Hökumətinin məğlubiyyətindən
sonra sürgünə göndərilən Həcərin
keçdiyi məhrumiyyət və əzablarla, bununla
yanaşı, mübarizələrlə dolu həyat yolunun
timsalında bir xalqın taleyinin çox tutarlı səhnələrini
yaratmışdır. Məncə, həmin
mövzu bu gün də çağdaş Güney ədəbi
prosesinin yaradıcılıq emalatxanalarında özünə
yetərincə yer tutmağa tam layiqdir.
Bu illərin əlamətdar yaradıcılıq hadisələrindən
biri də ədəbi tənqidə maraq və rəğbətin
artması olmuşdur. Bir sıra məlum səbəblər
üzündən təkcə Güneydə deyil, ümumiran
miqyasında türkdilli ədəbi tənqidin bəlkə də
yox dərəcəsində olması tarixi həqiqətdir.
Başqa janrlara nisbətən tənqidin öz
simasını bilməsi çox müşkül məsələdir.
Təbii ki, bu, xüsusi araşdırma tələb
edir. Çağdaş tənqidçilərimizdən
Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazi,
Nadir Əzhərini misal göstərmək olar.
İnqilabdan sonra şahlıq üsul-idarəsinin
hökmü ilə yaradılan bədnam yasaqların aradan
qalxması tənqidin uğurlu addımlar atması yolu üzərində
yaşıl işıq yandırdı. Qələm
sahibləri bu janr barədə həm öz mülahizələrini
açıqlayır, həm də onun gözə dəyən
nümunələrini yaratdılar. Bu
baxımdan Əziz Möhsünün "Ədəbi tənqid
və tənqidçi haqqında" məqaləsi
dövrün ədəbi hərəkatı üçün
çox əhəmiyyətli bir hadisə idi. Onun öz
tənqidçi karyerasını üç nəhəng
simanın - Aristotel, Xətib Təbrizi və Mirzə Fətəli
Axundov irsi üzərində formalaşdırması, təbii
ki, xüsusi maraq doğururdu.
Bu illərdə "İnqilab yolunda"
jurnalının açdığı "Müasir şairlərlə
tanış olaq" rubrikası çox çəkili elmi-əməli
əhəmiyyətə malik bir forma idi. Məmməd
Aslanın "Muradəli Qüreyşi" (Qaflantı)
adlı məqaləsi həm müasir tənqidin
simasını, həm də rubrikanın məqsəd və
qayəsini əks etdirmək baxımından diqqətəlayiqdir.
K.Qəhvəçinin bir növ satirik polemika xarakteri
daşıyan "Oruc ağa niyə Amerikanın cinayi
polisinin kitablarını çap edir?" yazısı
adından da göründüyü kimi, ciddi bir məsələyə
həsr edilmişdir.
Tənqid və ədəbiyyatşünaslıqla əlaqədar
bir məsələni də xatırlatmaq istəyirəm. Bu da tənqidin müasir tələblərə
nə səviyyədə cavab verməsi ilə tanış
olmaq üçün nəşr edilən kitablara yazılan
müqəddimələrdir. Şair, yazıçı, ədəbiyyatşünas,
elmlər doktoru Ələkbər Turabinin görkəmli tədqiqatçı
Alavın "Ədəbi-tənqidi araşdırmalar"
adlı kitabına yazdığı müqəddimədə
oxuyuruq:
"Əgər Nəimilər, Nəsimilər,
Füzulilər, Sabirlər, Möcüzlər, Şəhriyarlar
yaratdıqları əbədi ömürlü əsərləri
ilə ədəbiyyatın mənəvi və mədəni
atası olduqlarını göstərdilərsə, son iyirmi
ildə yaranan əsərlərin müəllifləri öz sələflərinin
ləyaqətli övladları olduqlarını sübut etdilər".
Alavın
özü isə yeni yaranan ədəbi məhsullara tənqidi
münasibətindən bəhs edərkən yazır:
"Daha şairin "Morği-dil"i, "Zülfü-pərişan"
da aşiyan salmır. Bəlkə şairin
ürək quşu Vətən bağında
gül-çiçəkli, meyvəli, barlı ağaclara
qonur və onların budaqlarında yuvalanır. Şair daha "Cahi-zənəxdan"
dustağı yox, el qayğısının əsiri olur.
Xəyali dilbərin xumar gözləri, nazlı
baxışları şairin canını almır və
şair əlçatmaz röyalara, xülyalara dalmır".
Xatırlatmaq
olar ki, müəllifin həmin kitabına daxil olan
yazılarında - Barış, Eldar Muğanlı, Süleyman
Salis, Nigar Xiyavi, Muradəli Qaflantı, Əlirza Miyanalı və
başqalarının yaradıcılıqlarına həsr
etdiyi məqalələrində tənqidin ədəbi
yaradıcılığa yeni münasibətinin nəfəsi
aydın duyulmaqdadır.
Bu
janrın çətin və əzablı yollarında
Əziz Möhsüni, Aslan Ağçaylı, Bəhram,
Elçin, Həsən Mirzai, Həmid Telimxanlı, Babək
kimi qələm sahiblərinin inamlı
addımlamalarını qeyd etmək heç də
mübaliğə kimi səslənməzdi.
Ədəbi-tənqidi yazılarda ara-sıra səhnə
əsərlərinə, ümumiyyətlə, teatrla
bağlı problemlərə də toxunulur. Bu baxımdan
artist və rejissor Həsən Mirazi ilə aparılan
müsahibədə çox ağrılı məsələlərdən
söz açılır. O, haqlı olaraq səhnə əsərlərinin
olmamasından, artist və rejissorların
qıtlığından, texniki personajların
çatışmazlığından
narahatlığını bildirir. Azərbaycan
Milli Hökuməti dövründə teatr sahəsində
qazanılan tarixi nailiyyətlərin şah mütləqiyyəti
tərəfindən məhv edilməsindən, artistlərin pərakəndə
salınmalarından ürək ağrısı ilə
söz açır.
İslam inqilabından sonra ədəbi
yaradıcılıq aləminə bir sıra qadın yazarlar
gəldilər. Mərhum Rza Qəffari toplayıb nəşr
etdirdiyi "Azərbaycanın xanım şairləri"
adlı kitabı Güneyli-Quzeyli Azərbaycanın qadın
yazarlarını əhatə edir.
Hər
şeydən əvvəl tərtibçinin yazdığı
müqəddimə özünün mənalı mülahizələri,
müəllifin mövzu ilə dərindən tanış
olması və başlıcası vətənin qadın qələm
sahiblərinə dərin məhəbbəti nəzəri cəlb
edir. O yazır:
"Azərbaycanın xanım şairləri"
adında hazırlanıb əlinizdə olan bu kitab qadın
şairlərimizdən örnək kimi göstərilən və
onların əlimizə çatana qədər bir hissəsini
tanıtdırmağa çalışmaq üçün
kiçik bir addım sayıla bilər. Təəssüf
ki, keçmişdə dil və ədəbiyyatımızın
kinəli düşmənlərinin təhlükəli faciələr
və ağır sıxıntılar yaşaması sonucunda təzkirə
yazanlar, ümumiyyətlə, türkcə yazan şairlərin
bir çoxu unudulmuşdur. Adları
çəkilənlərin də həyat və
yaradıcılıqlarına etinasız qalıb, beləliklə,
bu dəyərli əsərlərin itib batmasında mənfi təsir
buraxıb, onların qorunmamasına və zamanın
zavalına gəlməsinə yardım etmişlər. Buna görə də Azərbaycanın xanım
şairlərinin yaşayışları və
yaradıcılıqları haqqında gərəkli bilgi ilə
onları tanıtdıra bilən kamil bir təzkirənin yeri
hələ də boş qalmaqdadır".
Tərtibatçı və müqəddimənin müəllifi
haqlı olaraq heç bir ayrı-seçkilik və məhdudiyyət
qoymadan topladığı şeirlərin müəlliflərinin
Güneyə ya Quzeyə mənsub olmalarını nəzərə
almadan məqsədəuyğun hesab etdiyi əsərlərə
və müəlliflərə yer vermək yolunu
seçmişdir. Məncə, bu, zamanın, xalqın
taleyinin hökmüdür. Bir səmanın
havasını udan, bir Vətən ananın südünü əmən,
bir Vətənin çörəyini yeyən övladlar
arasında ayrı-seçkilik sərhədi yaratmaq artıq
tarixin oxuyub rədd etdiyi səhifələrinə
çevrilmişdir.
Son illərin çağdaş ədəbiyyatı
etiraz və üsyan ruhuna söykənərək, çox
ciddi və maraqlı şair və yazarlar ortaya
çıxartdı. Güneydə gedən milli hərəkat onların
yazılarında tam hiss olunur. Eyni zamanda milli hərəkatla
birgə, ədəbiyyatımız da günü-gündən
irəliləyir və milli-mənəvi dəyərlərimizə
söykənərək böyük bir milli dalğa
yaradır. Bu dalğanın nəticəsi
də bütöv Azərbaycan ədəbiyyatının
yaranması və sonda da bütöv Azərbaycanın
yaranmasına səbəb olacaqdır. Son
on ildə milli kimliyə, tarixinə, ədəbiyyatına
qayıdış hərəkatının güclənməsi
ilə yanaşı, oyanan gənc şair və
yazarlarımız onillərlə görülməyən və
müharibələrlə cəmiyyətin sükut
dövrünü demək olar ki, aradan qaldırdılar.
Güney Azərbaycan ədəbiyyatı,
şeir, nəsr, tənqid və tədqiq sahəsində
böyük nailiyyətlər əldə etdi və edir.
Onlardan bəzilərinin adlarını çəkib,
nümunələr gətirməyə çalışacam.
İsmayıl
Ülkər deyir:
Torpağıma
göz dikənlərə
Üstündə
də olmasa
Altında yer verərik.
Biz
Türkük axı,
Biz qonaq
sevərik!
Bu milli ruhu daşıyan sözlər qədim bir kök
və mədəniyyəti daşıyan millətin nümayəndəsinə
məxsusdur. Torpaq uğrunda döyüşmək və eyni
zamanda milli adət-ənənəni etiraz ruhuna qatmaq,
yalnız Güney Azərbaycanda yaşayan və əsrlər
boyu müharibə və müqavimət şəraitində
olan insanın dilinə gələ bilər.
Məhəmməd
Nəvin (Baraz) deyir ki:
Qabar-qabar
ayağımda gülüm, tikan dadı var
Və başmağım dolusu, laxta-laxta qan dadı var.
Məgər
alaxlamamışdıq bu hərzə otları biz,
Nə oldu, tarlamızın buğdasında xan dadı
var?
Göründüyü kimi, xalq inqilabı deyilən
İran inqilabı millətin həqiqi və milli tələbatını
gerçəkləşdirə bilməmişdi. Elə ona
görə də şair uzun bir tarixi yola işarə edərək
başmağı qana dolur və həyat buğdasından getməyən
diktaturanın dadından şikayət edir.
Aydın
Araz deyir:
Mənə
sevirəm dediyini dana bilməzsən,
Telefonlarımızı
izləyən kişi
Şahiddir
buna!
Şair sıxıntı və onun yaratdığı məhdud
sevişmələri bu şəkildə göstərməyə
çalışır. Güneyin çağdaş ədəbiyyatında
bu cür ifadələrə çox rast gəlmək olar.
Sıxıntılı və paradoks dolu həyatın
səmərəsi elə bu acı və eyni zamanda yeni
düşüncəli şeirlərin yaranmasıdır.
Səid
Muğanlı deyir:
Qucağın
əmniyyətdir,
Gözlərin
terrorist!
Yəni Güney ədəbiyyatında sevginin dadı
Quzeydən fərqli olaraq acıdır. Şair
sevgilinin qucağında olarkən terror və təhlükəni
düşünür. Sevgilinin gözləri
ictimaiyyətin acı həqiqətlərinin
güzgüsünə çevrilərək şairə qorxu
və təhlükə mesajı göndərir.
Duman
Ərdəm deyir:
Gözəl-gözəl qızcığazları sevməyə
nə var?
Oğulsan,
Bulvardakı
fahişəyə vurul!
Göründüyü kimi, hətta sevginin növünə
də etiraz var. Şair asan sevgini istəmir. Çətin
yaşayıb deyə, sevginin də çətin olmasını
tələb edir. Əslində, Güney Azərbaycan
hal-hazırda bizim gənclərimizin döyüş
meydanına çevrilib. Məncə, elə
güclü ədəbi proseslər belə çətin
mühitdə formalaşıb, yaranıb, ortaya
çıxır.
Nigar
Xiyavi deyir:
Yerin yaman
boşdur,
boşanmışam öz səbtimin əlilə
boşqab-qazanlardan
və
yaxınlaşmışam sətirlərin başına.
İndi
başara bilirsən, buyur, başla məni,
başla
qazanmağa məni, sevgi boş söz deyil...
Güney Azərbaycanda müasir qadın şeirinin
öndə gedənlərindən biri də, şübhəsiz
ki, Nigar Xiyavidir. Nigarın şeirlərinin ən müsbət
cəhəti də onun şablon və adi həyata, siyasi
sıxıntılara, vətənə və vətənsizliyə
olan etiraz dolu mövqeyidir. Güney Azərbaycanın
müasir qadın şeirinə baxdıqda, onların orada gedən
milli azadlıq hərəkatına verdiyi fikir dəstəyi
aydın görünür. Ancaq bu dəstək
yalnız Vətəni tərifləmək və onun
başına dolanmaq deyil, bəlkə tənqid və təhlil
baxımından inkişaf etməkdədir. Bu etiraz ev mühitində olan ailə
sıxıntılarından başlayır və rasizmin
başımıza gətirdiyi faciəyə etirazla da davam
edir.
Məlihə
Əzizpur deyir:
Bütün
kəpənəkləri pay verirsən mənə
və nədənsə,
uçuşa həvəslənirəm
günəşə doğru...
Bu günəş Güneyin azadlığı, kəpənəklər
ümid mənbəyi və uçuşlar da indiki milli hərəkatın
bağımsızlığa doğru etdiyi fəaliyyət
kimi təhlil olunur. Əslində, Güney ədəbiyyatının
özəlliklərindən biri də onun dərin və fəlsəfi
olmasıdır. Şair azadlığı
şablon və çeynənmiş formada yox, bəlkə
günəşə doğru hərəkət etməsi ilə
göstərməyə cəhd edir və bu cəhd də
uğurlu alınır.
Ziba Kərbasi
deyir:
Da gəlmə!
Ceyran,
naqqışlı gedən yollar
Cızıx-cızıxdır o taydan bu taya.
Ayağımın
izini tutub gəlsəydin,
Tutuşardıq,
Tox zəmanənin
qoynunda qucaqlaşardıq...
Güneyli yazarların ayaq izləri onları Vətənin
quzeyinə və parçalanmış Vətənimizin hər
bir guşəsinə aparıb çıxarır. Ziba Kərbasi
deyir ki, əgər mənimlə, yəni Güneylə bir
yolda olsanız və ayaqlarının izi ilə yerisəniz,
bütün fərqlərə baxmayaraq tutuşarıq. Bizim milli varlıqlarımızla toxlanan imperiyalara
baxmayaraq, qovuşub-qucaqlaşıb birləşərik.
Belə incə və siyasi məqamlara Güney ədəbiyyatında
çox rast gəlmək olar.
Rəsul
Yunan deyir:
Fransa
gözəlləri,
İngilis
gözəlləri,
Hamısı
bir yana
Sən
bir yana...
Onlar məni
yalnız şeirə yetirirlər,
Yalnız musiqiyə.
Ancaq sən
məni evimə qaytarırsan!
Səni
düşünəndə
Yağış
Türk dilində yağır!
Mövlana demişkən, hər şey öz
kökünə qayıdır. Sevindirici haldır ki,
Güney Azərbaycanda, hətta, sevgi də insanı öz
kökünə qaytarmaq üçün bir bəhanəyə
çevrilir. Şairi evinə, yəni
öz milli kimlik və milli dəyərlərinə tərəf
yönəldir. Şair yalnız şeir və
musiqini düşünmür, bəlkə onları
özünü tanımaq və milli oyanış hərəkatının
yolunda bir bəhanə bilir. Başqa
sözlə desək, hər şey yarı yox, Vətəni
xatırladır. Şair Sönməzin şeirinin bir
hissəsi burada lap yerinə düşərdi:
Bir
göyərçin kimi dənsizləmişəm,
Bülbüləm,
Bağda
çəmənsizləmişəm,
Öz diyarımda vətənsizləmişəm.
Əlbəttə ki, Vətənin varlığı
yalnız daşda və torpaqda deyil, bəlkə bir millətin
özünü tanımasında məna olunur. Ancaq hal-hazırda Güney
Azərbaycanımızda fars rasizminin siyasəti
nəticəsində soydaşlarımızın öz dilində
yazıb-oxumasına və öz milli kimliklərini
tanımasına qadağa qoyulub. Belə olan təqdirdə,
təbiidir ki, həmin millət öz diyarında vətənsizləşir
və hər şeydə Vətən iyini axtarır.
Elə
ona görə də bir çox fars dilində
yazan soydaşımız öz kökünə qayıdıb
və Türkün şirin və fəlsəfi dilində
yazmağa başlayıb, bir çox dəyərli əsərlər
ortaya qoyublar. Onlardan Rəsul Yunan, Ziba Kərbasi, Rza Bərahani,
Saleh Səccadi və bir çox yazarları misal göstərmək
olar.
Onu da qeyd edim ki, mühacirət və sürgündə
yaşayan güneyli yazarlarımız da Güney ədəbiyyatının
inkişafında önəmli rol oynamışdılar. Mühacirətin
yaratdığı özünəməxsus duyğular
özünəməxsus da şair və yazarlar ortaya
çıxartdı. Qürbət hissi
duyan hər bir güneyli onu keçmişində
yaşadığı sıxıntılarla bir yerə qoyanda
acı və eyni halda mənalı bir məcun ortaya
çıxarırdı. Sanki problemlərə
uzaqdan baxdıqda onları daha aydın görüb, həllini
də asan görmək olur. Şair
artıq vətənində yaşadığı
sıxıntıları, qürbətin zahiri
azadlığı və eyni zamanda yaratdığı tənhalığı
ilə dəyişib. Onun
yazdıqlarında Vətənində olan dustaq qorxusu və
sıxıntısı boşluqların yaratdığı
sıxıntı ilə yerini dəyişir. Ancaq bunu da qeyd edim ki, mühacirətdə yaşayan
yazarlarımızın yazılarında fikir
aydınlığı və fikir rahatlığı daha
çox gözə dəyir. Yəni
öz fikirlərini ifadə etməkdə çətinlik
çəkmir. Bəlkə bu da onların
yaşadığı mühitlərin onlara bəxş etdiyi
nisbi azadlıqdan irəli gəlir.
Balaş
Azəroğlu deyir:
Yer
günəşin başına dolanan kimi
Vəhdət nöqtəsini aradıq, gəzdik.
Uşaq
atasına inanan kimi
İnanıb ayrılıq dərdinə dözdük.
Mən də Balaş Azəroğluya qatılıb deyirəm
ki, ayrılıq dərdinə inanıb
dözmüşük. Bütün
qaranlıqların sonu işıqlıqdır. İnanıram ki, bir gün bu ayrılığı
Güneyimizin azadlığı ilə dəyişəcəyik
və bu ayrılıq parçalanmış millətimizin
yaddaşında yalnız bir xatirə olaraq qalacaq.
Prof. Səbri-Təbrizi
deyir:
Vətənimi,
Dilimi,
Millətimi
sevirəmsə, varam!
Əgər
azadamsa,
Deməli,
varam!
Doğrudur,
əgər azadlıq vardırsa, deməli, varlıq da var! Ancaq bu azadlıq hal-hazırda Güney Azərbaycanımızda
yoxdur. Ona görə də qırx milyona
yaxın soydaşımız demək olar ki, yoxdular.
Varlıqları milli azadlıqlarından, özləri isə
fars faşizminin dar ağaclarından
asılıdır. Millət öz milli kimliyini,
milli simvollarını, milli adət-ənənəsini, həqiqi
yazılmış tarixini bilmirsə və yalnız dini dəyərlər
əsasında idarə olunursa, deməli, o millət yoxdur.
Söhrab
Tahir deyir:
Mənim
qollarımı iynə-sap edin,
Tikin
Astaranı biri-birinə!
Bu növ təfəkkür yalnız Güneydə
olmayan bir şairin dilinə gələ bilər. Yəni həsrətin
və qüssənin nə qədər rəngi azdırsa, o qədər
də fikirlərin rahat və depressiyadan uzaq söylənməsi
güclüdür. Vətəndə
yazılan şeirlərdə əgər etiraz vardırsa,
qürbətdə yazılan şeirlərdə bir o qədər
də püxtəlik var.
Məruzəmin
bu hissəsində Güney Azərbaycanın
çağdaş şairlərindən misal gətirmək
istəyirəm: Rəsul Yunan, İsmayıl Ülkər, Nigar
Xiyavi, Kiyan Xiyav, Nadir İlahi, Barışmaz, Sönməz,
Huşəng Cəfəri, Hadi Qaraçay, Heydər Bəyat,
Nadir Əzhəri, Vali Gözətən, Bəhruz Sədiq,
Süleymanoğlu, Nasir Mirqati, Məsud İslami, Səid
Muğanlı, qəzəl şairi Baraz, Vədud Dusti, Duman
Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə
Purhəsən, Ramin Cəhangirzadə, Fərzad Leysi, Rza Ehsani,
Elşən Böyükvənd, İsa Zeyni, Rüqəyyə
Səfəri, İlqar Müəzzinzadə, Zaman Paşazadə,
Həsən Səfəri, Elvar Qulivənd, Rüqəyyə Kəbiri,
Ülkər Ucqar, Türkan Urmulu, Xosrov Barışan, Murtuza Səlmani,
Bəhmən Ərk, Saleh Səccadi, Muğanoğlu, Məhəmməd
Azərşin, Lalə Cəvanşir, Ziba Kərbasi, Vəhid
Tələt, Solmaz Məhəmməd Rzai, Qadir Cəfəri,
Ayman Quluzadə, Bəxtiyar Muğanoğlu və b.
Nəsr
sahəsində isə Nasir Mənzuri, Nasir Merqati, Rəsul
Yunan, Əli Əbbasi, Həmid Arğış, Məhəmməd
Sübhdel, Rza Kazimi, Atilla İskəndani, Hamid Əhmədi,
Güntay Gənçalp, Mahmud Məhdəvi, Valeh Şiri,
Rüqəyyə Kəbiri, Həsən Səfəri və
bir çox gənc yazarımız da bu siyahıya daxildir.
Tənqid sahəsində Eyvaz Taha ("Dil
varlığın evidir"), Cəfər Bozorgəmin
("Çağdaş ədəbiyyatın tənqidi"),
Nadir Əzhəri (Məqalələr), Hümmət Şəhbazi
("Müasir ədəbiyyat tənqidi") kitablarında
müasir ədəbiyyatımızın durumunu təhlil edərək,
onun güclü və ya zəif tərəflərini göstərməyə
çalışmışdılar.
Eyni zamanda qeyd etməliyəm ki, bütün dövrlərdə
olduğu kimi Güney ədəbi prosesinin inkişafında,
yayılmasında Quzey Azərbaycan yazarlarının da
böyük xidmətləri olmuşdur. Belə ki, son
dövrlərdə Güney ədəbi prosesinin izlərini
adlarını çəkdiyimiz əsərlərdə də
görürük. Onlardan Teymur Əhmədov, Sabir Nəbioğlu,
Əkrəm Rəhimli, Elman Quliyev, Pərvanə Məmmədli,
Esmira Fuad, İslam Qəribli, Almaz Əliqızı və digər
görkəmli ədəbiyyatşünaslıq mütəxəssislərinin
əsərləri təqdirəlayiqdir. Onu da qeyd etməliyəm
ki, ayrı-ayrı yazarların kitab şəklində nəşrləri
ilə yanaşı, çağdaş şair və
yazarların əsərlərindən nümunələr
burada "Azərbaycan", "Ulduz", "Güneyin Səsi"
və "Bakı-Təbriz" dərgilərində
çap olunmuşdur. Əslində mən ədəbi
və mədəni sahədə yaradıcı insanları Azərbaycanın
Güney və Quzeyinə bölmək də istəmirəm.
Çünki xalqın ruhunu, adət-ənənəsini
heç bir sərhədlə ayırmaq olmur. Ona görə də Azərbaycan
Yazıçılar Birliyini Cənubi Azərbaycan
Komissiyasının birbaşa iştirakı və təşəbbüsü
ilə bu tayda yaşayıb-yaradan yazarlarımızın əsərləri
o tayda da dərc və nəşr olunmuşdur. Buna misal
olaraq böyük
Xalq şairi Bəxtiyar Vahabzadə, Anar, Fikrət
Qoca, Söhrab Tahir, Balaş Azəroğlu, Ramiz Rövşən,
Nüsrət Kəsəmənli, Şahmar Əkbərzadə,
Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Bəhmən
Vətənoğlu, Zəlimxan Yaqub, Musa Yaqub, Kamal Abdulla,
Əjdər Ol, Səyyad Aran, Afaq Məsud, Əli Kərim,
Əlisəmid Kür və bir çox gənc şair və
yazarların əsərləri həm fars, həm də Azərbaycan
türkcəsində o taylı oxucularımıza təqdim
olunmuşdur.
Göründüyü kimi, mən bu təqdimimdə
inqilabdan sonra ədəbi prosesin yalnız bəzi elmi-ədəbi
əsərləri barədə söz açdım. Şübhəsiz,
bu deyilənlər dövrün ədəbi hərəkatı
barədə müəyyən təsəvvür yaradır.
Bu okean haqqında tələb olunan səviyyədə
bəhs etmək üçün isə dövrün ədəbi
prosesi ilə əlaqədar axtarış və tədqiqatlar
ardıcıl şəkildə davam etdirilməlidir.
Sonda, Azərbaycan Yazıçılar Birliyinə
Güney Azərbaycan üçün bu imkanı
yaratdığına görə təşəkkür və
minnətdarlığımı bildirir, ümid edirəm ki, Azərbaycanın
Güneyi uğrunda görülən ədəbi işlərimiz
günü-gündən çox və səmərəli
olacaqdır.
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.10-12.