Tənhalıq rəngləri
Sonet çələngi
I
Qəbrimin bir ömür uzaqlığında,
Tale yollarının alnı
qırışıb.
Ümid
nə vaxtdı ki, gözümə dəymir,
Görünür, hardasa başı qarışıb.
Ehtiyac şumlayır bəxt çöllərini,
Dövran da bir ucdan
elə dərd əkir.
Varaqlar üzümə ağ
olur daha,
Qələm də söz altdan çiynini çəkir.
Fələklər diksinir dərdə
tabımdan,
Ömrümün-günümün bəxt
kitabından,
Arzular cırılmış
varaq kimidir.
Dəydi
harayıma sükut qurşunu,
Qırılıb içimdə dözüm
qoşunu,
Ümid qana batmış bayraq kimidir.
II
Ümid
qana batmış bayraq kimidir,
Ürəyim ağrıyan yaralı əsgər.
Geri çəkilməyə yer
qalmayıbdı,
Sonuncu misradı
sonuncu səngər.
Tale göz yaşını sıxır ovcuna,
Halsız harayların köksü dağlanır.
Yuxusu qarışır xatirələrin,
Kədər dənizitək söz dalğalanır.
Acı əzabların gözləri
gülür,
Dözüm kəlməsinin qəddi
bükülür,
Ağrılar çay kimi kükrəyən yerdə.
Səbr
səbr etməyin daşını atır,
Sükutdan sükutun qulağı
batır,
Əcəl şahə qalxıb kişnəyən yerdə.
III
Əcəl şahə qalxıb
kişnəyən yerdə
Ən uca dualar urvatdan
düşər,
Əriyib
tökülər yaddaş
cığırı,
Son nəfəs qırılıb
dodaqdan düşər.
Torpağın canında tərpənər
bu dəm,
Hələ qazılmamış qəbrin
ağrısı.
Bir alın yazısı çiliklənəcək,
Nə fərqi - gündüz, ya gecə yarısı?!
Öpər göz yaşları
doğma üzləri,
Dərd
çırpar qəbrinə
nəmli sözləri:
"Burda sovxa qalan
bu ad kimindir?".
Taleyin yolları verib səs-səsə,
Əcəl qılıncını çəkib gəlirsə,
Cəsarət bir paslı yaraq kimidir.
IV
Cəsarət bir paslı yaraq kimidir,
Ürəkdə ağrının qaçır
dodağı.
Üzür qərib-qərib qan
yaddaşında,
Bir yarpaq bayatı, bir əlçim ağı.
Ya döşə altına, ya çək üstünə,
Bu misra yorğanın,
döşəyin olsun.
Tanrıyçün dinlərin bir fərqi yoxdur,
Təki dərgahına baş əyən olsun.
Ömür bir çiçəkdir
vaxtın əlində,
Taleyin köç etmiş binələrində,
Qaralmış ocaqdır olub-keçənlər.
Gözlər göz yaşına
qonubdu orda,
Vaxtın
ləpirləri donubdu
orda,
Kimin yaddaşıdır
o qarlı çöllər.
V
Kimin yaddaşıdır o qarlı
çöllər,
Orda vaxt ağlayır, zaman hönkürür.
Açıb yaxasını ağrı
yolları,
Dərd qəhqəhə çəkir,
qəm-qüssə gülür.
Gəl soyun əynindən bu nimdaş ömrü,
Daha ümid
yolu yamaq-yamaqdır.
Orda ki, arzular bələnib
qana,
Orda yaşamaq
da yaşamamaqdır.
Ora qəmin yurdu, dərdin vətəni,
Orda unudubdu Tanrı bəndəni,
Bəxt düşüb ömürdən
aralı orda.
Arzu yollarına qəm, kədər qonub,
Orda ki, azadlıq edam olunub, -
Tarix sinəsindən
yaralı orda.
VI
Tarix sinəsindən yaralı orda,
Orda azadlığın
qanı göllənib.
Dil qıfıl altına düşüb nə vaxtdı,
Söz qara geyinib, səs güllələnib.
Götür bu misranı sanc öz yaxana,
Simurq lələyidir,
gərəyin olar.
Allahın bayrağı altından
keçir,
Özündən-özünə gedən bu yollar.
Kimin ağrısını kim xəbər alıb,
Nə qədər yaşamaq həvəsin qalıb,
Ovut içindəki
xatirələri.
Dözüm göz yaşına
baş qoyub yatır,
Ora nə ün yetir, nə də əl çatır,
Azadlıq ömrümün ən qərib yeri.
VII
Azadlıq ömrümün ən
qərib yeri,
Ömrün o üzüdür, astarı
deyil.
İlahi,
verdiyin bu bəxtdir axı,
Qoca dilənçinin
paltarı deyil.
Sınır, çiliklənir addım
səslərim,
Yollar da canını tutub dişinə.
Maşallah, dərd bizi yaxşı yarıtdı,
Bəxtim,
daha qalma, çıx get işinə.
Səbrində dəfn elə bu son döyüşü,
Kimin yaddaşından qırılıb,
düşüb,
O yol can üstədir, qıvrılır orda.
Fələk sulamaqda dərd
ağacını,
Sükut
yolur orda, yolur saçını,
O kimin qəbridir, qaralır orda.
VIII
O kimin qəbridir, qaralır orda,
Tənhalıq yaylığın üstünə
sərib.
Əl açıb göylərə
bir məzar daşı,
Üstündə mamırtək sükut göyərib.
Danışma, içimdə dərd
ləpələnir,
Diksinir qəlbimin
ağrı dağları.
Köksümdə qıvrılır yetim
bir haray,
Açılır yaxası ayrılıqların.
Ünvansız məktubdu tənhalar,
təklər,
Dərdi
yelpikləyir acı küləklər,
Can verir ocağım, qaralır közüm.
Bu son harayımdı, bu son ünümdü,
Bu gün əcəlimlə görüş günümdü,
Gəl, öpüm
gözündən, qaratel
sözüm.
IX
Gəl,
öpüm gözündən,
qaratel sözüm,
Nəfəsi tükənib son nəfəsimin.
Daha qapısını döymək
vaxtıdı,
Səsimin içində qalan səsimin.
Üşüyər torpaqda tənha məzarım,
Üstünə nə oğul, nə qız gələcək.
Qərib
küləklərin dodaqlarında,
Qəmli misralarım yalqız gələcək.
Ölüm qayasına çırp
son harayı,
Bir də geri axmaz
bu ömür çayı,
Daha nəyə
gərək bu səbr, dözüm.
Mən bəxt didərgini, tale yorğunu,
Sındır gözlərimdə bu
daş yuxunu, -
Yox səndən
doğması, yox, canım-gözüm.
X
Yox səndən doğması,
yox, canım-gözüm,
Kimə ismarlayım bu son nəğməni.
Gəl bük xatirəmi qara dəsmala,
Üstündə bir misra ağla
sən məni.
Çırpıb qanadını uçdu
günlərim,
İndi əllərimdə bir lələk qalıb.
Mən çıxıb gedirəm,
özünü qoru,
Apara bilmədim,
kor fələk qalıb.
Bu ömür olmadı, bir sürgün oldu,
Qara gecələr də qaragün oldu,
Axı nə yatdım ki, nə yuxu görüm.
Qəflə-qatarını çəkdim bu köçün,
Yaşayammadığım o günlər üçün,
Baş qoyum dizinə bir az hönkürüm.
XI
Baş qoyum dizinə bir az hönkürüm,
Analı günlərim ovutsun məni.
Bir ovuc laylanın qonağı olum,
Sonra lap
Tanrı da unutsun məni.
Payız
qoxusuna bələnib ömür,
Canımın yaşamaq iştahı küsüb.
Xatirə
dərzləri tayalanıbdı,
Ağılar dil açıb, nəğmələr susub.
Çıxsın köynəyindən saz yavaş-yavaş,
Bu gün dərdlərimin
toyudu, qardaş.
Niyə barmaqların üşüyür,
ozan?
Mənim ocağımı əcəl
qalayıb.
Alnıma
yazmağa bir şey qalmayıb,
Çırpır qələmini yerə bəxt yazan.
XII
Çırpır qələmini yerə
bəxt yazan,
Qaçırdıb bir ömrün qafiyəsini.
İkicə dərs aldım
qoca dünyadan;
Yaşamaq dərsini, ölüm dərsini.
Qan-tər içindədi keçdiyim
bu yol,
Mən yolu keçmədim, yol məni keçdi.
Ürəyim susuzdu səhralar
kimi,
Gözüm, göz yaşımı sən niyə içdin.
Süzmüşəm ruhuma son həyəcanı,
Dərdimin toyundan gəlirəm,
canım,
Soruşma sən belə harda "vurmusan".
Yalandı, demə ki, üzünü gördü,
Mənim
ki, bəxtimin gözləri kordu,
Gözümün önündə niyə durmusan?
XIII
Gözümün önündə niyə
durmusan,
Gözlərim açıqdı, gəl,
keç içəri.
Dayan, ayağından çırpsana,
zalım,
Hara aparırsan bu
küçələri.
Baxdıqca hey sənə gözlərim
azır,
Qərib bir küçəsən
bu əyin-başla.
Mənim
incitdiyim sözlər
qoy qalıb
Mənim incitdiyim sözü bağışla.
Bağışla vaxtımın vaxtsız
qonağı,
Gözümdü ömrümün görüş
otağı,
Üstünə tökülən yaşı
sil görüm.
Haqqı
yox incitsin daha kimsəni,
Qorxma, tənhalığı üşütməz
səni,
Bir az taleyimə
yaxın gəl görüm.
XIV
Bir az taleyimə
yaxın gəl görüm,
Qoy həsrət yolları üşüsün bir az.
Oxşa
saçlarını xatirələrin,
Səsimə, sözümə gün
düşsün bir az.
Duz səp yarasına bu ömür-günün,
Bəxtin tamı-dadı çoxdan
qaçıbdı.
Gör necə başını itirib dərdim,
Sənə dilənçitək ovcun
açıbdı.
Kövrək xatirələr durub
sıraya,
Səni
and verirəm bu son misraya,
Enmə arzuların ucalığından.
Əlvida, son misra, sonuncu beyt.
Tənha
yelkən kimi ağarır ümid,
Qəbrimin bir ömür uzaqlığında.
XV
Qəbrimin bir ömür uzaqlığında,
Ümid qana batmış bayraq kimidir.
Əcəl şahə qalxıb
kişnəyən yerdə,
Cəsarət bir paslı yaraq kimidir.
Kimin yaddaşıdır o qarlı
çöllər,
Tarix sinəsindən
yaralı orda.
Azadlıq ömrümün ən
qərib yeri, -
O kimin qəbridir qaralır orda.
Gəl öpüm gözündən,
qaratel sözüm,
Yox səndən doğması,
yox, canım-gözüm,
Baş qoyum dizinə bir az hönkürüm.
Çırpır qələmini yerə
bəxt yazan,
Gözümün önündə niyə
durmusan,
Bir az taleyimə
yaxın gəl görüm.
1998
Balayar SADİQ
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.14.