Şuşa ilinin fevral yuxusu

 

Ballada

 

Ustad Nəriman Həsənzadəyə...

 

Özüm bilmirəm, bu yuxuydu,

Ustad hüzurunda sınağa çəkən

Hansı tilsim idi, çür duyğuydu?!

...Cənnət ecazından heyrətdə ikən,

Soruşurdum: "Ustad, bura haradı?!".

Deyirdi: "Buranı sən görməmisən,

Bərpadan sonrakı yeni Şuşadı!

Var olsun əbədi yurd Xilaskarı,

Sağ olsun muğamın Himayədarı!".

...Möcüzə elə onda baş verdi,

Sirli guşə əlvan nura büründü.

Tüllər arasından zühr edib birdən

Gəlin donunda bir Mələk göründü!

Böyüdükcə Ustad gözündə heyrət,

"Sara!.. Sara!.. Sara!.." deyirdi fəqət!

Basaratım tamam bağlanmış idi,

Qalxmaq istəyirdim, qalxa bilmirdim.

Yalqız qoymaq üçün sevgililəri,

Çıxmaq istəyirdim, çıxa bilmirdim...

Əlacsız baxdıqca Ustad üzünə,

Qulaq kəsilirdim Mələk sözünə:

"Qorxma, mənəm, gəldim Şuşa ilində,

"Gözün aydın!" deyim doğma Vətənə,

"Gözün aydın!" deyim, əzizim, sənə!

Eşq olsun zəfərin hər əsgərinə!

Eşq olsun Vətənin ər Sərvərinə!

Eşq olsun dünyanın Sülh elçisinə!

...Sən həm Nərimanım, həm Vaqifimsən,

Odur ki, hər yerə salam deyərsən,

Şuşadakı Vaqif məqbərəsindən

Bakıdakı Vaqif küçəsinəcən!..

...Namərdlər birləşib tələ quranda,

Gücləri böhtana çatanda ancaq,

Demirdimmi, mərdim, sıxılma, sonda

Kimin kim olduğu bəlli olacaq?!.".

...Ən ağır illəri düşdükcə yada,

Ustad kövrəlirdi, için çəkərək...

Şairini bu cür ağladan dünya,

Çətin bağışlaya səni gələcək!..

Mələk təskin üçün sözü dəyişdi:

"- Təqdim etmirsənmi yeni şagirdi?!

- Türküstan tərəfdən bir müsafirdi,

Qarabağ haqqında, muğam üstündə

"Mələklərin eşqi"n yazan şairdi...

... inana, dana bilirəm,

Dayan, mənim qönçəm, mənim bakirəm,

Dayan, gördüyümə inanım bir az!

- Yox, göyləri əsla gözlətmək olmaz!

- Onda al məni özünlə apar,

Noolar, bu hicranın əlindən qurtar!

- Yox, yox, sən hələ çox gərəksən burda,

Sən hələ incilər saçassan yurda!..

- Harda ələ düşər bu görüş bir ?!

- Elə burda, sənin 100 illiyində!!!".

Deyib o andaca Mələk qeyb oldu,

Ustadın gözləri yenidən doldu...".

...Oyananda röya olduğun bilcək,

Yerimdən dərhal zəng üçün dikəldim.

Eşidib Ustadın səsin sevincək,

Şükürlər içində özümə gəldim!..

 

18 fevral 2022-ci il

 

Akif AZALP

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.15.